writer1

Aqşin Yenisey

Məqalə sayı

80
clock09:01 calendar-gray 31 Dekabr 2020 view-gray1444 dəfə oxunub
view-gray1444 dəfə oxunub

Peşəkarlıq, yoxsa qəhrəmanlıq?

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarnı təqdim edir.

Növbəti yazı: Peşəkarlıq, yoxsa qəhrəmanlıq?

Bu, XX əsrin sualı idi, biz XXI əsrdə cavab verməli olacağıq və gələcəyimiz bu suala verdiyimiz cavabdan asılı olacaq.

Tər, yoxsa qan?

“Olum və ölüm” məsələsinin bu dəfə dialektik yox, praktik qoyuluşu.

Şinelindən çıxdığımız keçmiş ittifaqın həm doğuşu, həm ömrü, həm də ölümü qanla reallaşdı deyə qəhrəmanlıq ruhu bu illər ərzində hər sahədə peşəkarlığı sıxışdırdı və bu ideoloji miras bu gün də post-sovet ölkələrində tüğyan etməkdə.

Dörd illik Ankara həyatımda burada müxtəlif sahələr üzrə peşəkarlaşmış azərbaycanlılardan ən çox eşitdiyim sual bu oldu:

“Mən qayıdıb Azərbaycanda kiminlə işləyəcəyəm, haradan tapacağam o peşəkarı? Peşəkar üçün öz peşəkarlığını reallaşdıra biləcəyi mühit lazımdır”.

Vətəndəki azərbaycanlılar isə məndən ən çox bu suala cavab verməyimi istədilər:

“Anadolu türkləri ilə aramızda hansı fərqlər var?”

Azərbaycanda, demək olar ki, hamı peşəkarlardan fədakarlıq gözləyir. Bu, heç vaxt olmayacaq. Çünki modern təhsil və təlim sistemlərində fədakarlıq anlayışına yer yoxdur. İstisnalara isə yalnız ümid etmək olar.

Qaldı Anadolu türkləri ilə aramızda olan əsas fərqə, deyim ki, bu fərq Anadolu türklərinin modern çağın peşəkarlaşma, professionallaşma kimi əsas prinsiplərini bizdən fərqli olaraq daha dərindən mənimsəmələridir ki, bunun da əsas səbəbi Türkiyənin əvvəlcə işə gecikən fəhləni güllələyəcək dərəcədə disiplinli olan Almaniya, daha sonra isə fordizm intibahının vətəni olan ABŞ kimi iki ölkə ilə uzun illər müttəfiq olmasıdır. Xüsusilə hərbi, tibbi sahədə uzmanlaşma Türkiyədə peşəkarlıq fəlsəfəsini yuxarıdan aşağı bütün sahələrə yayıb.

Türkiyə Birinci Dünya müharibəsindən sonra “qan, yoxsa tər” məsələsində tərə üstünlük verdi.

Ruslar modernizmlə İkinci Dünya müharibəsində tökdükləri qanla tanış oldular. Qanları bahasına ələ keçirdikləri Almaniyadan hazır zavodları, fabriklərı, avadanlıqları söküb Rusiyaya gətirdilər.

Modernizmin “skeleti” gəldi, “ruhu” orda qaldı. Üstəgəl, İkinci Dünya müharibəsindəki qələbəsi keçmiş ittifaqda insanın ağlına deyil, qanına güvən yaratdı ki, bu da “təri” gözdən saldı.

Peşəkar alman mühəndislər tər töküb “Sturmgewehr” avtomatını, “U-Boot” sualtı qayıqlarını, “V-2” raketlərini yaratmışdılar, qəhrəman ruslar isə, sadəcə, onlara baxıb “Kalaşnikov” avtomatını, öz sualtı qayıqlarını, “Vostok” raketini quraşdırdılar. Bu modern texnologiyanın “professional təri” ayrı ölkədə axmışdı.

Ona görə də ruslar indiyədək İkinci Dünya müharibəsindən qalma alman texnologiyasını modernizasiya etməklə məşğuldurlar. Və Stalindən sonra bu ölkə heç bir sahədə heç bir yeniliyə imza atmayıb. “T-72” tankını “T-90” edib, vəssalam.

Həm də ölkənin daxili rifahı üçün deyil, xarici imici üçün.

İngilis alimi Giddens iddia edir ki, digərlərinin sübut etməyə çalışdığı kimi modern dövr başa çatmayıb və postmodernizm deyə yeni bir dövr-filan yoxdur. Postmodernizm, sadəcə, modernizmin özünə tənqidi baxışıdır. İnkişaf etmək istəyən ölkələr, cəmiyyətlər hələ uzun illər modernizmin prinsiplərindən bərk-bərk yapışmağa məhkumdurlar.

Giddensə görə, modern cəmiyyətlər ənənəvi cəmiyyətlərdən fərqli olaraq, hər şeydən əvvəl davamlı olaraq dəyişməyə məhkumdurlar. Dinamiklik modernizmin vacib şərtidir. Modernizmin əsas prinsiplərindən biri sürəkli olaraq özünü yeniləmədir ki, biz belə bir istəyi və ehtiyacı özümüz kimi ənənəvi qanunlarla yaşayan ölkələrdə müşahidə etmirik. Hətta dəyişiklik fikri bizi vahimələndirir. Çünki gələcək haqqında hesablanmış nəticələrə söykənən təsəvvürlərimiz yoxdur.

Amma 44 günlük savaşda orduda yenilənmənin nə demək olduğunu hamımız gördük. Təhsildə, səhiyyədə niyə ciddi uğurumuz yoxdur? Çünki mövcud bazanı qoruyub saxlamaq istəyirik. Fədakar müəllimlərə, fədakar həkimlərə ümid edirik. Fədakarlıq artıq xilas, inkişaf yolu deyil. Hər hansı bir sahədə sistem özü peşəkar prinsiplər üzərində qurulmasa, ayrı-ayrı fərdlərin fədakarlığı bihudədir.

Bəzən Yaponiyanı, Sinqapuru, Cənubi Koreyanı Şərqin inkişafı kimi bizə sırımaq istəyənlərlə rastlaşırıq. Halbuki tarixin bir az əvvəlindən, bir az ortasından, bir az da axırından oxuyan hər kəs bilir ki, Yaponiyada, Sinqapurda, Cənubi Koreyada inkişafa nail olan Şərq düşüncəsi deyil, Şərqə transfer edilmiş Qərb düşüncəsidir.

Şərqlinin beynində, ümumiyyətlə, gələcək anlayışı yoxdur, əbədiyyət anlayışı var.

Amerikalılar İkinci Dünya müharibəsindən sonra Yaponiyada yerli feodalizm təcrübələrini gəlmə fordizm təcrübələri ilə əvəz etdilər deyə Şərqin qıyıqgözlü ABŞ-ı yarandı.

Yaxud, Sinqapur təhsil sistemində amerikalı alim Hovard Hardnerin yaratdığı “Hardner modeli”ni əsas götürməsəydi, çox güman, Sinqapur gəncləri hələ də yeməyi sağ, yoxsa sol əllə yeməyin fəziləti haqqında bir-birini qıracaqdılar (Sinqapurda milli inanca görə, sağ əl müqəddəs, sol əl mürtəd sayılır. Bizdə bu məsələ, deyəsən, ayaqyoluda aktualdır).

Modernizm nə üçün özü-özünü yeniləməyə məhkumdur? Entoni Giddensə görə, modernizmin əsas prinsiplərindən biri zaman və məkan ayırılmasıdır.

Modernist özünü məkana deyil, zamana hesablamış adamdır. Bu gün insanın dünyadakı dəyərini hansı məkanda deyil, hansı zamanda yaşadığı müəyyən edir. Ətrafınıza baxın, görün nə qədər, VII, IX, XVI əsrdə yaşayan insan görəcəksiniz.

Biz zamanı ələ keçirməsəydik, məkanı - Qarabağı geri ala bilməyəcəkdik. “Ohanyan səddi” məkana hesablanmışdı, zamana deyil. Prustun sözləri ilə desək, “ələ keçirilmiş zaman” 44 günə ədəbi kimi görünən məkanı darmadağın etdi. Təsadüfi deyil ki, Giddens modernizmi həm də “juggernaut”, yəni əzici mexanizm adlandırır.

Yaponlar, Cənubi Koreyalılar, Sinqapurlular Qərbin köməkliyi ilə zamanlarını dəyişdilər. Eyni şeyi IX-X əsrlərdə Kordobada müsəlmanları oxuyan avropalılar da etmişdi. Modernizm zamanla yarışmaqdır. Giddens bir ölkənin, bir cəmiyyətin bu yarışı qazanması üçün peşəkarlara, uzmanlara ehtiyacı olduğunu söyləyir ki, bu cür peşəkarların yetişməsi üçün həmin ölkənin, cəmiyyətin, ölkə, cəmiyyət olaraq modernizmin sosial fəlsəfəsini mənimsəməsi lazımdır.

Bir Əhməd Ağaoğlu ilə bahar olmaz. Modern cəmiyyətdə yetişib gələr, biz ondan iki dənə cin adı soruşub, yazığı içki düşkününə, Kefli İsgəndərə çevirərik.

Gallery

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
20:00 21 Yanvar 2021
Tarix Muzeyinə direktor təyin edildi
18:59 21 Yanvar 2021
"Netflix"in abunəçilərinin sayı rekord həddə çatdı
18:15 21 Yanvar 2021
Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
17:39 21 Yanvar 2021
Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...
17:19 21 Yanvar 2021
"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
16:38 21 Yanvar 2021
Makgregor Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
16:23 21 Yanvar 2021
Tanınmış müğənni şəhid baş leytenanta mahnı həsr etdi - Video
15:40 21 Yanvar 2021
Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021
Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
13:41 21 Yanvar 2021
Əsgər payına göz dikənlər
13:17 21 Yanvar 2021
Moskvada teatr və kinoteatrlar açılır
12:43 21 Yanvar 2021
O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı – Kinomuzun “Göygöz kosa”sı
12:07 21 Yanvar 2021
Qar yağır - Günün şeiri
11:34 21 Yanvar 2021
21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?
11:03 21 Yanvar 2021
Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto
10:34 21 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ-dakı sərgisi beynəlxalq mətbuatda
10:14 21 Yanvar 2021
Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021