Xəlil Rza Ulutürk onun üçün ağız açmışdı...

Xəlil Rza Ulutürk onun üçün ağız açmışdı...
25 dekabr 2020
# 16:01

Kulis.az Üzeyir Əlizadənin “Can dolu ah” yazısını təqdim edir.

Əlizadə Nuri institutun axırıncı kursunda oxuyarkən dərslərə müntəzəm gəlmədiyinə görə dil-ədəbiyyat müəllimi Tağı Xalisbəyli ona imtahandan qiymət yazmır. İmtahandan kəsilməmək üçün kimə tapşırtsa da , müəllim heç kimi eşitmir. Axırda ona bildirilər ki, Tağı müəllim yalnız Xəlil Rzanı eşidər. Əlizadə isə Xəlil Rzanı yaxından tanımadığından şəhərin güman gələn yerlərində onu soraqlamağa başlayır.

Fikirli-fikirli fəvvarələr bağının yanından keçəndə təsadüfən görür ki, bağdakı çayçıların birində adamlar Xəlil Rzanın başına toplaşıb, vətən, millət, azadlıq barədə alovlu çıxışlarına qulaq asırlar. Təbii , Əlizadə bu fürsəti əldən vermir və yaxınlaşaraq Xəlil Rzanın lap yaxınlığındakı stulların birində oturur. Xəlil bəy çıxışını bitirəndən sonra başına toplaşan və əksəriyyətini tanımadığı gənclərlə ünsiyyətə keçir, qayğılarını dinləyir. Növbə Əlizadəyə gələndə özünü şair kimi təqdim edərək, Tağı müəllimlə olan əhvalatı danışıb, kömək istəyir. Xəlil Rza deyir:

- Şeirlərindən birini oxu, bəyənsəm, tapşıracam.

Əlizadə sevincək halda şeir yazdıgı vərəqlərinin hamısını Xəlil Rzaya uzadır. O isə vərəqlərdən yalnız birini götürüb bu şeiri özünəməxsus şəkildə ucadan oxuyur:

Bəxtəvər başına, Sarmaşıq gülü,
Mənim həsədimtək həsəd olmadı,-
O evi hər yandan qucaqladın sən,
Mənə bir qızı da qismət olmadı...

Və çantasından qələm-kağaz götürərək bu sözləri yazır: "Tağı, bu oğlana qiymət yaz, gələcəyin şairidir ”.

Həmin vərəqə yazılmış bir cumlə Əlizadəni institutdan qovulma təhlükəsindən xilas edir.

Əlizadə Nuri doğurdan da şeirləriylə o cümlənin keşiyində durmağı bacardı...

Nuri xalq deyimlərini, el məsəllərini dəbə uyğun yeni aranjemanda şeirə gətirməklə yanaşı, həm də tələffüzü lirikanı pozan sözləri belə misralarında cilalaya bilir. Aşağıdakı misrada istifadə olunan “qəsdən” sözü kimi:

Sənin ad gününə qəsdən gecikdim
Mən səni biraz da cavan saxladım

Hansısa münasibətlər qarşılığında özünə mədhiyyələr yazdırmaqdan zövq alan və dilimizə qabarıq şəkildə ərəb-fars sözlərini yamaq kimi sırımaq istəyən bəzi “şairlərdən” fərqli olaraq , Əlizadə Nurinin şeir dili yad sözlərə pəhrizdədir. Bu mənada ona milli şair də demək olar.

O , hər zaman sürpriz deyimləriylə oxucusunun zövqünə bəzək vurmaqla imzasını sevdirməyi bacarır. Oxucunu yormur, təngənəfəs etmir, “ sözümü sonda çatdıraram ” demədən hər bəndində belə mənalı sonluqla çıxış etməyi bacarır. İstənilən bəndlə nəzmini tamamlarsa da, onun şeir adli mənasına xələl gətirməz. Poetik gedişatdakı qeyri-satandart sonluqlar oxucunu heyrətləndirməyə bilmir:

Hər axşam yandırır ayı-ulduzu,-
Tanrı səhər yığır ay-ulduz külü.

Kəlamlar onun misralarında məna donunu dəyişərək poetikləşdikcə heyranlıq təbəssümü doğur dodaqda. Bu sevinc təbəssümü olmadığından könüllə dodaq arasında deyil, idrakla dodaq arasındakı əlaqəni ifadə edir:

Sən bir əruz şeiri kimisən,qız
Bütün ölçülərin yerində...
Seir qız, səni belə “ yazan”
Hansı qələmmiş?
Sənin o nar çiçəyi dodaqların
Nə gözəl qafiyələnmiş?!

Onun seirlərində dəyişikliyə məruz qalan deyimlər həyatılik formasını itirmir, misralara tamamilə yeni mənalar gətirir :

Nə yaxşı unuda bilmədim səni,-
Nə yaxşı , durmadım sözümün üstə..

Hadisələri cilovlamağı bacarır, nəzarətdən çıxmağa qoymur, misralarını bəzən oxucusuyla baş -başa qoyub gözdən itsə də, gözlənilməz məqamda yenidən meydanda görünməyi bacarır:

Toz basıb qapımın dəstəyini də,
Daha bundan belə döyəsi kimdir?!
Mən kimə bu tozdan şikayət edim,
İlahi, bu tozun yiyəsi kimdir?

Oxucuların indiyədək vərdiş etmədiyi fikirlərin, sözlərin poetik yerdəyişiməsi onun şeirlərini daim müşaiyət edir. Sevgi romantikasının qüruru fədakar bənzətmələrlə simvollaşır. Sevgi kədərini oxucu qənşərinə boynubükük , yazıq görkəmdə çıxarmağı xoşlamır:

Əl qoy əlim üstə, cığal –çəkəndi,
Biraz uzun çəksin,- bu hal çəkəndi..
Mənim ki, əllərim sığal çəkəndi,-
Nə olsun , itibdir darağın , xanım

Su olub adana qonaq olaram,
Ay olub odana , qonaq olaram,
Min il də ədana qonaq olaram,-
Yorulan deyil bu qonağın, xanım...

Əlizadə Nuri bəzən poeziyada obyektiv qanunauyğunluqları kənara qoyur, inkarın inkar tərəflərini də inkar edir. Lazım gələndə şeirlərini hərəkət istiqaməti birtərəfli olan yolun əks istiqamətində də ustalıqla idarə edərək mənzil başına - oxucu qəlbinə çatdıra bilir. Torbada eyni rəngli şarların olmasına baxmayaraq , çıxma ehtimalı sıfıra bərabər, tamamilə başqa rəngdə olan şarın gözlənilmədən çıxarılması kimi...

Antonimləri, əzəli və əbədi küsülü olan münaqişəli fikirləri , mənaları, deyimləri şeiriyyatında görüşdürərək, barışdırmağı da bacarır .

Bir sirr də açım: onun oxucunu qısamüddətli hipnozetmə xüsusiyyəti də var. Bəzən də misralarında intihar cəhdi edərək ölüm adlı kabusun mənasına meydan oxuyur.

Misralarin, bəndlərin bir-biriləri uzərindəki ağalığına şərait yaratmır. Özündən razı olmasa da , özündən razı misralarını yaxşı tanıyır.

Bir yaz yağışından ölə bilərəm,
Bir quş qarğışından ölə bilərəm,
Bir qız baxışından ölə bilərəm,-
Ancaq qorxuram ki, bir təhər çıxar.

Onun poeziyasına kədər şivənçiliyi yaddır, əksinə, şeirlərində kədərin dərd-qəm adlı sinonimlərinə “ toy ” tutur.

Mən özgə bir qəmə nişanlanmışam,-
Səni də özgə bir dərdlə görüblər.

Ayrlığın , intizarın acısını deyil , təsəllisini təqdim edir oxucusuna . Sözlə ünvan, ünvanla söz sevdirir...

Girə bilmirəm canıma,-
Yoxlaya bilmirəm səni...
...məzar üstə gül kimisən,-
Qoxlaya bilmirəm səni

Onun şeirləri bir qaya altından süzülüb gələn bulaq suyu kimi sərinləşdirici , ətirli dağ çiçəyitək sakitləşdiricidir. Şeirləri doyumlu olsa da, doymaq olmur şeirlərindən:

Dayazda nə varsa , dərinə gətir,
Günəşə istidir, - sərinə gətir...
Mənim də adımı dilinə gətir,-
Qaytarma dilinin ucundan məni...

Əlizadə misralardan şeir, şeirlərdən könüllərdə yuva qurdu...

Sözün dodaqlarda qaldı ,- bəsindi
Nəğməni quşlarda aldı , bəsindi
Bir tənha söyüdün altı bəsindi,
Sən evi neynirsən, evi tikilmiş..?
Və:
Sənin min könüldə yuvan qurulub
Sən evi neynirsən, evi tikilmiş ?!

Meyvənin dadını ağacından, balın dadını arısından daha yaxşı bilən biri kimi deyirəm: şeirlərin dadlıdır, şair...

Bəli, sən sabahların da şairisən!

Gallery

# 1795 dəfə oxunub

Oxşar xəbərlər

# # #