Ölüm ehtirası və seksuallıq - Təbrizdən Qismət haqqında yazırlar...

Ölüm ehtirası və seksuallıq - Təbrizdən Qismət haqqında yazırlar...
21 dekabr 2020
# 12:14

Kulis.az "Sözün güneyi" layihəsindən təbrizli yazar Nadir Əzhərinin "Qismət Rüstəmov şeiri və dörd ünsür" yazısını təqdim edir.

(“Qaston Baçelard” üslubunda ədəbi tənqid)

Bu yazıda Qismət Rüstəmovun “Qumru əlifbası” adlı şeir kitabını Qaston Baçelard ədəbi tənqid üslubunda təhlil etməyə çalışacam.

Bacçelarda görə mətnin oxumağında iki istiqamət var, biri hadisələrin, digəri təxəyyülün istiqamətidir, ədəbi tənqidin məqsədi hadisələrin doğulduğu yer olan xəyal növünü bilməkdir.

Başdan xatırlatmaq istəyirəm ki, ədəbi tənqiddə “kompleks” anlayışı xəstəlik demək deyil və xüsusən də bu məqalədə şairin hisslərini yaradan daxili motivasiya və təkanlarını ifadə etmək üçün istifadə edilir.

Qaston Baçelard kimdir və nə deyir?

Qaston Baçelard 1884-cü ildə Fransada anadan olub və 1964-cü ildə orada vəfat edib. O, bir epistemoloq, tənqidçi, filosof və Fransanın ilk sturukturistlərindən biri idi. Baçelard ədəbi və bədii obrazların təhlili və şərhinə əsaslanan yeni bir metod qurdu.

O, Şeir və elm fəlsəfəsi sahəsinə əhəmiyyətli bir töhfə verib və illərin keçməsi onun nəzəriyyələrinin əhəmiyyətini azaltmayıb. Bir sözlə, Qaston Baçelard üslubunda ədəbi tənqidin məqsədi əsərdə elmlə psixologiya və təxəyyülün yaxınlaşmasını tapmaqdır.

Baçelard şairin maddi təxəyyülünün və şüuraltı ilə əlaqəsinin mühüm rol oynadığına inanırdı. Ona görə şairlərin xəyalları nəhayət dörd element, od, külək, su və torpaq şəklində maddi hala gətirilir və ya şairlərin təsəvvürləri aşkar və gizli mənaları olan mifik nümunələr şəklində təzahür edir.

Şairlərin təsəvvürləri ədəbi rolu qəbul etmək və oxucu hisslərini oyatmaq üçün İkili obrazlarla meydana çıxır. Maddi təxəyyülün təhlili və bu ikiliklərin təfsiri mətni açır. Qaston Baçelard ədəbi tənqid metodunun bu mərhələlərə işarə etdiyini söyləmək olar:

- İstehsal təxəyyülü (Bu aspektin tədqiqi, maddə, hərəkət və yuxu şəkilləri kimi dörd ünsürlə əlaqəli şəkillər kimi təsəvvür formalarının analizini əhatə edir.)

- Maddi və çoxaltmaq təxəyyülü (Metafora, bənzətmə və ...)

- Dialektik ikililiklər (Hər güclü ədəbi əsər sonda bu dialektik ikililiyi ifşa edir)

Hər bir görüntünün orijinal ikililiyi canlandırılmalı və həqiqət və batil nəhayət bir araya gələ bilməsi üçün bu ikiliklərin hər birində yaranan sürprizlər ortaya qoyulmalıdır.

Bilirik ki, psixoanalitiklərə görə təmtəraq və özünü inkar dialektikası yazmağın köküdür. Baçelarda görə bitki və canlıların böyüməsi üçün suya, torpağa, havaya və istiyə ehtiyac olduğu kimi, ədəbi obrazlar da nəticədə suyun, atəşin, külək və torpağın dörd ünsüründən biri ilə əlaqəlidir. Baçelard deyir ki, hər sənətkar əsərlərini öz içindəki komplekslərilə və bu dörd element (su, od, külək və torpaq) şəklində ifadə edir və insanın bir kompleksi yoxdursa, dəyərli şeir söyləyə bilməyəcəyini və yaradıcı bir sənət əsəri yarada bilməyəcəyinə inanır.

Bu şüuraltı meyllər, yəni seçilmiş materialın qiymətləndirilməsi və üzərində çəkilən görüntülərin qurulması psixoloji dolaşıqlıqlardır. Şairin psixoloji kompleksini bilməklə onu daha yaxşı başa düşə bilərik. Qeyd etmək lazımdır ki, Baçelard şəkillərin kompleksləri yenidən kəşf etdiyini və onları ifşa etdiyinə inanır; Yəni, Qustav Junq və Freyd düşüncəsini tamamilə geri çevirir!

Ayrıca, bəzi cəhətlərdən onun nəzəriyyələri Junq və Husserlin nəzəriyyələrinə yaxınlaşır. Bu məqalənin əhatə dairəsi Baçelardın fikirlərini daha da izah etmək üçün kifayət deyil, ancaq düşünürəm ki, onun ədəbi tənqid metodunun ümumi məqsədini və perspektivini izah edə bildim.

Niyə “Qumru əlifbası”nı tənqid etmək üçün “Qaston Baçelard” metodunu seçdim?

Bu kitabı bir neçə dəfə diqqətlə oxudum və bir neçə məqamı anladım. Qəribə bir məsələ var idi. Qorxu, narahatlıq, ayrılıq və kədər anlayışı və atmosferi ilə birlikdə hər yerdə bir su elementinin olduğunu gördüm!

"Su" həyat və təravətin simvoludur; Bəs niyə şair "su", "yağış", "dəniz" və bu kimi şeylərdən bəhs edərkən onun kənarında kiməsə və ya nəyəsə görə üzüntülü bir hadisə ya duyğu var?!

Başqa sözlə, nə üçün Qismətin şeirində "su" sözü və onun törəmələri mövcud olduqda, narahat edən bir mövzunu da izah edir?!

Bu təsadüfdür? Yox. Burada Qaston Baçelardin ədəbi tənqid metodunu xatırladım.

Baçelarda görə, belə hallar təsadüfi deyil, şairin və şüuraltında mövcud olan məqamlarla əlaqəlidir, su isə həmişə təmizliyin təzahürü deyil.

Təhlil

İki sorğuya cavab axtarıram:

1. Şair təsəvvürü şeirini ifadə etmək üçün kökdə hansı dörd ünsürü seçir və şüuraltındakı bu elementlərin sirri nədir?

2. “Qumru əlifbası” şairinin təxəyyülünü hansı komplekslər daha artıq hərəkətə gətirir? Onda hansi ikiliklər vuruşur?

Yuxarıdakı iki suallara cavab vermək üçün “Qumru əlifbası” şeir kitabındakı bütün şeirləri araşdırdım və mövzunun və ya sözlərin su, od, külək və torpaqla əlaqəli olduğu yerləri habelə su, od, külək və torpaq elementərin hər birinin birləşməsini də ayırdım. Onu da izah edim ki, “Qumru əlifbası”ndakı şeirlər şairin əvvəlki şeir kitablarından seçilmiş olan şeirlərdir və bu baxımdan araşdırmamızı tamamlayır.

Qismət Rüstəmov şeirində od elementi

Qaston Baçelard inanır ki, ədəbi obrazlardakı bütün elementlərin sağ qalması üçün bir az atəşə ehtiyac var. Baçelarda görə atəş, insan ağlının düşündüyü ilk şey və ilk fenomendir.

Bilirik ki, Ziqmund Freyd hər insanda (yalnız şair və yazıçılarda deyil) fərqli komplekslər kəşf edib. Qaston Baçelard kitablarında başqa komplekslikləri də aşkar etmişdir. Bu kompleksliklər ədəbi əsərlərdə su, od, külək və torpaq anlayışlarının istifadəsində tanınır. Baçelard baxımından atəşin, məsələn, təmizlənə bilən, cinsiləşdirilən, xəyali və atəşli su (şərab) kimi növləri vardır. Bu komplekslərin adlarını burada qeyd edəcəyəm və “Qumru əlifbası” kitabındakı şeirlər ilə əlaqəli olan kompleksləri göstərəcəyəm.

1. “Prometey” kompleksi (od oğrusu): Prometey kompleksi qazanılmış od qorxusudur. Valideyn əmrlərinə tabe olmamaq deməkdir. Prometey kompleksi əslində ata qədər bilmək istəyidir.

2. “Empedokl” Kompleksi (Etna dağında intihar): Bu kompleks həm od sevgisi, həm də od qorxusu olduğundan həyat və ölüm ehtirası kimi yozulur.

Empedokl özünü vulkanik bir dağa atan ilk filosofdur. Empedokl əfsanəsi, ölməyəcəyini və ölümsüz qalacağını düşünərək Etna dağı kraterinə tullanmaqdır.

3. Novalis kompleksi (ideal və cinsi əlaqə): Bu, ideal bir atəşin yanında cinsi bir atəş kimi yozulur.

Novalis (1772-1801) romantik üslubun qabaqcıllarından biri idi. O, mistik mahiyyətə sahib olan və sirr axtaran alman şairidi. O, Baçelardın təhlilində mükəmməl bir seksuallıq və idealizmin nümunəsi sayılır. Şeirinin cinsi cəhəti səthi deyil və estetikanın dərin təbəqələri ilə əlaqələndirilir.

Baçelard Novalisin şeirlərini araşdırır. O, deyir ki, Novalis kompleksi, iki nəfərin bir-birinə bəxş etdiyi istiliki tələb etməkdir. Bu impuls başlanğıcda tarixdən əvvəlki atəş fəthini bərpa edir və canlandırır. Baçelarda görə atəşdən danışan şair əslində özündən danışır. Atəş üzərində düşünmək şairə qalxma və şaquli güc verir. “Böyümə və dözüm gücünü aşılayan bir növ daxili transsendensiya.”

İndi Qismət Rüstəmovun şeirlərindəki od elementini təhlil edəcəyəm.

Atəşlə əlaqəli anlayışlar (Baçelard baxımından) Rüstəmovun şeirində əsas element deyil. Bu açıqlamanın səbəbi məqalənin davamında, xüsusən də "su" və "külək" hissələrində tam aydınlaşacaqdır.

  1. “Sevginin gözləri Vanqa” şeirinin bu sətirində “işıq düşər doqquzun eyvanındakı siqaret közündən” “Novalis” kompleksi var. (Atəş və həsrət)

Bir binanın beşinci mərtəbəsində yaşayan bir qız hər səhər əks binanın 9-cu mərtəbəsinə baxır. Evli bir kişi orada siqaret çəkir və deyəsən qız bu adama aşiq olub. Bu şeirin sonunda kişi arvadına deyir ki, bu qız hər səhər bizim binaya baxıb domuxur, bu qız kordur?!

Bu sətirdə “işıq düşər doqquzun eyvanındakı siqaret közündən” bir həsrət mühitində atəş elementi ilə qarşılaşırıq.

Bu şeir şairin şüuraltında “Navalis” kompleksində kök salıb. Şeirdə beşinci mərtəbədən doqquzuncu mərtəbəyə baxma şəklində Novalis atəş varlığına əlavə olaraq insan yaxınlığına və uca bir ideala sahib olma ehtiyacı da özünü göstərir. (Əvvəlcə bu şərhlər yöndəmsiz görünəcək, ancaq yalnız bu məqaləni oxumaqla bu şərhlərin əsas prinsiplərinin doğru olduğunu başa düşəcəksiniz.)

  1. “Klassika məşqləri – I” şeirində də “Novalis” kompleksini görürük. Baçelard demişkən bu, iki nəfərin bir-birinə bəxş etdiyi istiliki tələb etməkdir və tarixdən əvvəlki atəş fəthini bərpa edir və canlandırır. Bu klassik şeirdə şair sevgisi üçün köhnə bir sehrdən də istifadə edir (Atəş və həsrət)

“…Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli¬gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...”

  1. “Divar” şeirində Daxili atəş və həsrətdə “Novalis” kompleksini görürük. (Atəş və həsrət)

“…Səni gecələrin zülməti çəkər,
Dodağın bir öpüş həsrəti çəkər,
Yanar dodağında bir dodaq yeri…”

  1. “Alman hesabı” şeirində “Novalis” kompleksini görürük (burada fikrimin bir az klişe görünməsinə baxmayaraq.) (Atəş və həsrət)

“…yanında “Sən məni başa düşməzsən” qızartması

istəmişdim…”

  1. “Gecənin melanxoliyası” şeirində “Empedokl” kompleksi var. (Atəş və qorxu - arzu)

“…Qadın şamda bişirir baxışlarını...
Qaranlıq melodiyasının zilində
susur iki nəfər.
Sonra kişi darıxmağını çəkib bitirir
qadın yandırıb qurtarır şamda baxışlarını...
Əriyir divarda
stoldakı şamın kölgəsi
azalan şam kölgəsi boyunca uzanır gecə...
Kişi alışqanı oynadır yenə,
qadın baxışlarını atır şamın içinə
və beləcə,
gecə nəqarətlənir”.

Bu şeirin kökündə və atmosferinin dərinliyində ölümün qaçılmazlığı qadına həm işıqlandıran, həm də şamı ölümə aparan bir atəşi hiss etdirir və şamın içərisində qadının yanmış baxışları bəlkə də yaşamaq üçün arzu və ölümdən olan qorxunu göstərir! Bu görüntünün də kökündə yaşamaq istəyi və ölüm qorxusu paralel gedir. Bu Empedokl kompleksi deməkdir. (Təbii ki, bu vəziyyəti tam başa düşmək üçün hər şeirin hamısı oxunmalıdır amma burada yazdığım sətirlərdən də Baçelardın atəş anlayışının əhval-ruhiyyəsini böyük ölçüdə tətbiq edə bilərsiniz.)

  1. “Fişəngli gecələrdə” şeirində də Empedokl kompleksi var. (Atəş və qorxu)

“...Səma alışıb yanır, uşaqların gözləri böyüyür.
Bayram tədbirləri davam edəcək.
London taksiləri müştəri güdür.
Deyəsən gecə uzun çəkəcək.”

Fişənglərinə baxmayaraq, şair gecənin uzun olacağına inanır və insanların səmanı unutduğunu düşünür və əslində obyektdəki atəşfəşanlıq anlayışında və şairin bu şeirdəki sönük ruhu ilə bir növ ziddiyyət var.

Atəş bölməsində oxuduğunuz hər şeyin xülasəsi;

Bu şeir kitabında od bu mövzularla əlaqəlidir:

(Atəş və həsrət)- (Atəş və həsrət)- (Atəş və həsrət)- (Atəş və həsrət)- (Atəş və qorxu - arzu)- (Atəş və qorxu).

Bu şeir kitabında atəş elementinin istifadəsində demək olar ki, dörd Novalis kompleksi və iki Empedokl Kompleksi var. Empedokl kompleksi Baçelard baxımından şüuraltında idealizm və romantizm arzusu və meyli deməkdir.

Qismətin bu kitabında Baçelardın təsvir etdiyi üç növ od və kompleksdən Novalis kompleksi daha çox məna daşıyır, ancaq bu şairin poeziyasındakı digər elementləri araşdırmalıyıq və hələ nəticə çıxartmağın zamanı deyil. Bu yazının davamında Rüstəmovun şeirlərində od elementinin əsas və dominant element olmadığını görəcəyik.

Qismət Rüstəmov şeirində su elementi

Baçelard deyir “Suyun əsas xüsusiyyəti analıqdır, təbiət ana və qadının simvolu kimidir”.

Baçelarda görə, "su" həm ölüm, həm də həyatla əlaqəlidir. Onun fikrincə, xəyaldakı "su" əvvəlində aydın olsa da, tədricən qaralır və əzabın qaranlığını oyadır. Xəyali dünyanı tənqid etməsində durğun və dayaz sular ölüm və məhv olmağı göstərir. Axar su həyatı təmsil edir. Dərin su zənginliyi göstərir.

Baçelarda görə suyun maddi xəyalları, təmiz su, axan su və bahar suyu şəkilləri ilə ifadə edildikdə, yalnız elementin səthindədir. Bu vəziyyətdə materialı dərindən öyrənmək üçün bir fürsət yoxdur. Axan və şəffaf suyun şəkilləri həmişə adi və sadə məcazlarda yerləşdirilir. Bu məcazlar oxucunu düşündürmür. Suyun belə sadə, ilkin görüntüləri torpaq və atəş kimi elementlər tərəfindən məhv edilir.

Suyun elementi üzərində daha dərindən əks olunmağa səbəb olan, yalnız dərin və qaranlıq sulardakı görüntülərdir.

Baçelarda görə şeirdəki “su” obrazı üç növ kompleksi aşkar edə bilər:

  1. Ofeliya kompleksi:

“Ofeliya” “Hamlet”in nişanlısı idi. Ofeliya atası nişanlısı tərəfindən öldürüldükdən sonra özünü çaya ataraq intihar etdi.

“Ofeliya kompleksi Qaston Baçelard tərəfindən qadınlıq və boğulma arasındakı əlaqələrə istinad etmək üçün istifadə etdiyi termindir”.

Diqqət yetirin ki, bu qadınlıq müxtəlif formalarda ola bilər, boğulmaq və ölmək isə ayrılma, itirmə və qaçma şəklində ola bilər.

  1. Nausicaa kompleksi:

Nausicaa Kral Alcinoosun qızı idi. Homerin yazdığına görə, Nausicaa Ulyssesə kömək etdi, sonra ona aşiq oldu və evlilik təklifi etdi, lakin Ulysses bir arvadı olduğunu və vətəninə dönmək istədiyini söylədi. Baçelarda görə su obrazının mədəni kompleksi Nausicaa kompleksidir.

  1. Xerxes kompleksi:

Xerxes firtinalı dənizin çırpılmasını əmr etdi. Baçelard metodunda dənizin döyüşə çağırıla biləcəyi şəkildə təsəvvür edilməsinə Xerxes kompleksi deyilir. Bəzən bir dağ zirvəsini fəth etmək kimi digər formalarda təbiətə qarşı mübarizə də Xerxes kompleksinin bir hissəsi kimi qəbul edilir.

Qismət Rüstəmov şeirlərindəki su obrazı ilə bağlı əvvəlcə iki vacib məqamı qeyd etməliyəm:

A) Qismət şeirlərinin əksəriyyətində sudan (və ya digər təbii və qeyri-təbii su formalarından) istifadə edildiyi yerdə şeirin mövzusu kədər, tərəddüd, təəssüf və mənfi məqamlardır. (Çox az hallar istisna olmaqla)

B) “Qumru əlifbası” kitabında su sözünün və buna bənzər halların işlənməsi digər üç ünsürdən (od, külək və torpaqdan) çoxdur.

Tənqidlərimi sənədləşdirmək üçün kitabdaki su ilə əlaqəli sətirləri sadalamalıyam, amma qısalıq üçün yalnız su olan sətirlərə istinad edəcəyəm. (Maraqlananlar, bütün bu bölümdəki şeirlərə yəni suyun sözünün və ya mənasının mövcud olduğu şeirləriə istinad edərrək şeirlərin bütününə və atmosferinə daha çox diqqət yetirə bilərlər.)

Bu şeirləri oxuduqda su və buna bənzər hallar (dəniz, yağış, çeşmə və s.) konsepsiyası şeirin digər anlayışları baxımından əksər hallarda qadınlıq / sevgi / ölüm haqqında mənfi və ya müsbət hisslərin simvolu ola bilər.

  1. “Kino-seans” şeirində parkın açılış mərasimində və dostların təşviqi ilə sudan istifadə olunur, eyni zamanda, şair bir-birimizə yaxşı münasibət bəslədiyimiz günlərə həsrətdir (su və həsrət):

“…Kəsib dünənlərin kinolentindən
mehriban olduğumuz günləri
məchul sabahlara
montaj etmək arzusu yandırır içimi.
Fəvvarəli parkların açılışında əl çalan dostlar
çox görüblər qırmızı lentlərin kəsilməsini…”

  1. “Alman hesabı” şeirində: sevgilidən ayrılan randevuda Araz kafesində oturublar və bunda bilərək ayrılıq mənasını daşıyan bir növ paronomaziya var. (su və ayrılıq):

“…O gün idi, hə, o gün,
13ü cüməyə düşmüşdü,
“araz” kafesində ayrılmaq üçün görüşürdük…”

  1. “Bir nəfər az” şeirində su elementinin bir forması yalnızlıq anlayışı və hissi ilə əlaqəli olaraq istifadə olunur (su və tənhalıq):

“Çanaq antennaları
göylərin sonsuzluğuna
qulaq kimi şəklənmiş
binaların sakinləri
çay içir, qab yuyur, nərd oynayır.
Mənsə yenə sıxıntıya məğlub oluram,
çünki yenə hücumda Dərd oynayır,
çünki yenə bir nəfər azlıqdayam...”

  1. “Başlamaq” şeirində Bu sətirlər su timsalında ölüm və həyat anlayışının çox sadə bir nümunəsidir (su və qaçış):

“gözlərin dənizlərlə əkiz...
Dəniz gözlüm, səndə doğuldum
bürcüm balıqlar.
Tez-tez qaçdım bu şəhərdən
vannalarda kağız gəmilərlə,
içində “getmək” sözü olan şeirlərlə qaçdım...”

  1. “Kibrit çöpləri” şerində (su və ayrlıq):

“…Sağollaşırlar,
dodaqlardan dalğalı bir təbəssüm keçir.
Qadın nöqtəli addımlarla uzaqlaşıb gedir, dayanmır...
Kişi siqaret istəyir, amma ha çalışır,
islanmış kibrit çöpləri yanmır ki, yanmır...”

  1. “Axtarış” şeirində sanki balıqlar bürcündən olan şair sevgilisinin gözündə doğulmaq istəyir. Buradakı suyun görüntüsü yenidən eşqlə doğulmaq istəyi və əslində sevgilisini itirmək qorxusudur. (su və axtarış):

“...Mən səni sevdim,
çünki bezmişəm ürəyin
həbs¬müvəqqəti imkan tədbirlərindən...
Çünki küçələrin adamsız vaxtı
ulduzları parıldadana,
fikrimizi quş kimi qanadlı qılana,
həmişə olacaq olana inanıram.
Çünki sənin gözlərin dənizdir,
çünki mən balıqlar bürcündə çırpınıram”

7. “Parisin Yelenaya dedikləri” şeirində (Su və uyğunsuzluq)

“Ömür axır su kimi, arzu qoyuruq dəmə...
Özü özünə çökən boz dumanam, Yelena.
Dünya dolub-boşalan bir qədəhmiş sən demə,
Mən isə yaşamağa narkomanam, Yelena...”

8. “Parisin Yelenaya dedikləri” şeirində şairin şüuraltısı, burada sevgi ilə təzahür edən suyun həyatverici təbiətindən zövq almaq, ancaq suyun ölümcül təbiətindən xilas olmaq niyyətindədir. Baçelarda görə, hər şairdə dialektik ikilik var və hər bir şairdəki bu vacib ikilik yaxşılıq və pislik, ölüm və həyat və ... kimi müxtəlif anlayışlarla əlaqəli ola bilər. (su və ölüm – həyat):

“...Mənim adım cücərsin qoy sənin dodağlarında ,
adıma kölgələnim, sevinim, qürurlanım.
Bu yaralı gəminin qaranlıq otağında,
Baxışında yuyunub, səsində qurulanım...”

  1. “Klassika məşqləri – III” şeirində yağışla ayrılıq anlayışını, dənizlə sevgilinin göz yaşlarını ifadə edir (su və ayrılıq):

“…Yadındamı köhnə ev, otaqları darısqal,
Dodağım cavab idi, bədənin sorğu-sual,
Getməyə tələsirdin, deyirdim ki, getmə, qal,
Yağışla ödəmişdin onda vida borcunu,
Dənizə döndərmişdin köynəyinin ucunu...”

  1. “Qumru əlifbası - II” şeirində (su və şairin qızı və qumruların sevinci):

“…Qumruların Dəfnədən dən gözləyən çağında,
Ata-bala gəzişirdik yenə Cavid bağında.
Yerdən göyə bəstələnən fəvvarənin suları,
Yaman məsud eləyirdi Dəfnəni, qumruları...”

Yuxarıdakı şeir su və xoşbəxtlik anlayışının əl-ələ verdiyi az şerlərdən biridir. (Burada da xoşbəxtlik birbaşa şairə aid deyil.)

  1. “Dəfnənin gülüşü – III” şeirində əvvəlki şeirdə bir çeşmə və təmiz su ilə qarşılaşdıq. Xatırlayırsınızsa dedim ki, Baçelarda görə şairlər işıqlı su haqqında danışdıqdan sonra qaranlıq və dərin sulara gedirlər. Qaranlıq və dərin su şəkilləri şüuraltı ilə daha yaxından əlaqəlidir.

Bu şeirdə də şair əvvəlki şeirini “çeşmə” obrazından “qara sular” obrazına qədər davam etdirir. (su və qaranlıq)

“...Bax, onda, dünyanın bütün mayakları
zülmətdə üzən gəmilərə göz vurur, işıq salır...”

  1. “Şənbə günü saat 12-də” şeirində (su və güllə)

“...Yağış şəhəri gülləboran edir.
Çətirli bir adam gedir
nazim Hikmət küçəsiylə üzü aşağı...”

  1. “Bağışlanma” şeirində (su və zülmət, kədər):

Mən tütünlər çəkib şərablar içmiş,
dənizlərdə günəşlər batırmış adamam;
Özündən yaxşı heç kim aldatmır adamı...

  1. “Təsəlli” şeirində şair şeiri oxuyanı ümid etməyə təşviq etsə də, su anlayışı problemə səbəb olan şey kimi istifadə olunur. (su və problem)

“...Bilirəm, o bahalı qırmızı don gözəldir,
o telefon, o maşın sənin olsa, yaxşı olardı, bilirəm,
sürüşüb yıxılsan da, qarı sev, islansan da yağışı,...”

  1. “Təsəlli” şeirində su ağlamağı gizlətmək üçün bir vasitə olaraq istifadə olunur (Su və ağlamaq):

“Ən adi şeylərdən danış,
məsələn, dişini fırçalamaqdan,
evdən çıxanda qayıdıb qapını,
ütünü bir də yoxlamaqdan,
hamamda suyu açıb ağlamaqdan...”

  1. “Aydınlıq” şeirində hər şeyin yağışla yaxşı olacağı arzu edilir, halbuki bu anda şair üçün belə deyil və yağış bu anda müsbət bir rol oynamır. (su və gözləntilərin qarşılanmaması)

“...Bir gün hamımıza elə gəlsin ki,
Yağışlar yağırsa hər şey düzələr...”

  1. “Darıx-an-tik”şeirində suyun şəklində müsbət və mənfi duyğuların birləşməsi var. Tam bir “Ofeliya kompleksi”. (Su və müsbət və mənfi halların birlikləri):

“...Bu kömürgözlü gecə borc kimi ağır
küçəyə yağış yağır.
Binalar yuyunur, ağaclar su içir.
adamın ağlından min fikir keçir...
Saat üç tamam.
qonşunu oyadıb soruşmaq istəyir adam:
bəlkə, bir az hənirtiniz ola?...”

  1. “Yataqxana alliterasiyası” şeirində (su və narahatlıq):

“...Gurultudan göylərin pərdəsi parçalandı.
Köhnə körpü yavaşca yırğalandı.
Körpə kirpi kimi büzüşdü Bakı!
Dəlisov dənizin
dizinin
dibində
ağ-ağ qağayılar çığırdı,
dağ kimi dalğalar çağladı.
Bir cüt cığara ağardı
qaçqın qadının qapısında…”

  1. “Oxucu” şeirində şair bilavasitə və maraqla su və suyun dərinliyinə girməyin haqqında düşünür və onu çox dərəcədə imkansız hesab edir. Bu şeirdə, (Baçelard nöqteyi-nəzərindən baxsaq) deməli, əslində şairin şüuraltında sevgi / ölüm / qadınlıq sirrini kəşf etmək mümkünsüz hesab olunur. Bu bir aydin Ofeliya kompleksidir. (Su, maraq və kəşf olunmayan bir şey):

“...Şezlonqda uzanıb düşünürəm:
heç kim dənizi içib qurtara bilməz!
Bunu hamı bilir –
suya ayağını salan da,
sinəsinə qədər girən də,
baş vurub üzən də,
ağız büzən də.
Bir də var dalğıclar,
gözlərində şnorkel ağırlığı,
çiyinlərində oksigen balonu,
dərinliyə can atan mirvari ovçuları.
Qumlar qızıb, günəş formadadı.
Sözləri qoyub qaçsaq,
düşmən əlinə keçəcəklər.
Yeyilib sahilə atılmış qarpız dilimləri
elə bil fikrimi oxuyurlar,
gülüş smaylikinə oxşamağa başlayırlar.”

20. “Köçərilər üçün blitz” şeirində dəniz miqrasiyası (su və itgi):

“…Qanadları bulud yüklü quşların qürbətə köçü başlayıb.
Qanadları avar quşlar dənizləri göydən üzüb gedirlər. …”

  1. “Ehtimal olunan oxucuya” şeirində yenə də su bu şairin şeirində ağlamağı gizlətmək üçün bir vasitə kimi istifadə olunur (su və ağlamaq və gizlətmək)

“…Boylan öz sağ¬soluna, ötəri, gözucu,
Kimsə varmı¬yoxmu dəqiqləşdir, yoxla,
hamamda suyu aç, doyunca ağla,
Təzələn, durulan, yenidən başla,
köhnə həqiqəti xatırla:
günəş hər gün doğur, sən günəşə oxşa…”

“Qumru əlifbası” kitabında su ilə əlaqəli şəkillərin dolayı yolla mənfi mənada işlədildiyi başqa şeirlərdə də var. Məqaləni qısa tutmaq üçün yalnız o şeirlərin adlarını çəkəcəyəm: “unutmaq, tərgitmək və öldürmək - sən demə...- uçurum - bağ”.

Bu kitabda olduqca aydın olan şey, 21 vəziyyətdə "su" anlayışının birbaşa xüsusi anlayışlarla əlaqəli olmasıdır. On doqquzunun narahatlıq, kədər və narazılıq cəhətləri var. Biri kəşfə maraq və kəşfin mümkünsüzlüyü ilə əlaqədardır və yalnız biri xoşbəxtliklə bağlıdır.

Su bölməsində oxuduğunuz hər şeyin xülasəsi:

Bu şeir kitabında su bu mövzularla əlaqəlidir:

(su və həsrət) - (su və ayrılıq) - (su və tənhalıq) - (su və qaçış) - (su və ayrlıq) - (su və axtarış) - (Su və uyğunsuzluq)- (su və ölüm, hayat)- (su və ayrılıq)- (su və balaca qızının və quşların sevinci)- (su və qaranlıq)- (su və güllə)- (su və zülmət, kədər)- (su və problem)- (Su və ağlamaq)- (su və gözləntilərin qarşılanmaması)- (Su və müsbət və mənfi halların birlikləri)- (su və narahatlıq)- (Su, maraq və kəşf olunmayan bir şey)- (su və itgi)- (su və ağlamaq və gizlətmək).

Bu yazıda “Ofeliya kompleksi” Qaston Baçelard tərəfindən qadınlıq (sevgi) və boğulma (ölüm) arasındakı əlaqələrə istinad etmək üçün istifadə etdiyi termindir. Digər tərəfdən su həm həyatın, həm də ölümün simvoludur.

Burada bunların biri ya hamısı (qadın/sevgi/ölüm) bu şairi şüuraltı şəkildə cəlb edən və onu incidən, onu tətikləyən əsas anlayışlardan biri kimi görünür.

İndi bu şairin şüuraltına xas olan dialektikanı anlamaq üçün onu hər şeydən daha çox xoşbəxt edən konsepsiyanı bilməliyik.

Digər iki ünsürün, yəni torpaq və küləkin vəziyyətini də bu şairin poeziyasında araşdırmalıyıq.

Ardı var...

# 8972 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #