news-inner
clock07:00 calendar-gray 21 Dekabr 2020 view-gray9965 dəfə oxunub
view-gray9965 dəfə oxunub

Əməkdar artist: “Gərək Alim Qasımov tamam yaddan çıxsın” – Müsahibə

Kulis.az-ın “Ulduzlu çərşənbə” rubrikasının qonağı Əməkdar artist Elnur Zeynalovdur.

- Elnur, pandemiya dövrü yaradıcı insanlara, xüsusilə musiqiçilərə təsir etdi. Bir ildir toylar tədbirlər təxirə salınıb. Bu müddətdə sən nə işlə məşğul oldun, necə yola verirsən karantini?

- Mənim üçün o qədər də çətin keçmir. Çünki mənim həm də dövlət işim var. Musiqi məktəbində dərs deyirəm. Maaş alıram. Karantin müddətində demək olar ki, boş oturmuram. İki yeni mahnı yazdırmışam. İmkan daxilində evdən çıxmamağa çalışıram. Məşqlərimi evdə edirəm. Təbii ki, uşaqların əlindən imkan olanda (gülür).

- Bir ara haqqında xəbərlər yayıldı ki, Dövlət Yol Polisində vəzifəyə təyin olunmusan. Nə məsələ idi?

- Elə bir söhbət yayıldı. Səhər durub saytlara baxanda özüm də təəccüb içində qaldım. Telefonum susmadı. Amma tamamilə əsassız məlumat idi. Elə bir vəzifəyə Elnur Zeynalov adlı başqa bir şəxs təyin olunmuşdu. Jurnalistlərimiz zəng edib təsdiqlətməyə əriniblər, götürüb birbaşa xəbər ediblər.

- “Qarabağ şikəstəsi”nin sözlərini dəyişib başqa cür ifa etdin. Bu fikir necə yarandı?

- Nə zaman idi fikrimdə dolanırdı. O, içimdəki vətən harayı idi. Hər kəs “Qarabağ şikəstəsi”ni bu cür oxuyur:



Əzizinəm, Qarabağ

Şəki, Şirvan, Qarabağ

Aləm cənnətə dönsə

Yaddan çıxmaz Qarabağ



Mən isə belə oxudum:



Aləm cənnətə döndü

Viran qaldı Qarabağ



Bilirsən ki, mən mütəmadi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa ölkələrində keçirilən tədbirlərdə iştirak edirdim. Bu sözlərlə dünyaya erməni vandallarının Qarabağda törətdiyi vəhşiliyi çatdırmağa çalışdım. Çünki bu, bizim həqiqətimizdir. Baxın, doğurdan da ermənilər Qarabağın şəhərlərini, kəndlərini viran qoyub. Daş-daş üstündə qalmayıb. Ağdamda, Füzulidə, Cəbrayılda tarixi abidələrimiz məhv edilib.

- Ağdamdan köçkün düşəndə neçə yaşın var idi, necə xatırlayırsan o illəri?

- Ağdam işğal olunanda 11 yaşım var idi. Bilirsən, mən Ağdamın Güllücə kəndində anadan olmuşam. Oralarda az yaşamağıma baxmayaraq, hər gün kəndimiz, dostlarım, qonşularım, sinif yoldaşlarım üçün darıxırdım. O yerlərlə bağlı xatirələrim kifayət qədərdir. Bu saat getsəm kəndimizdə evimizin yerini gözüyumulu taparam.

- 27 illik həsrəti necə yaşadın? O dağıntıları görəndə hansı hissləri keçirtdin?

- O dağıntılar bizim xatirələrimiz idi həm də. Az-çox bilirdim, peyk xəritəsində baxmışdım. Amma bu dərəcədə təsəvvür etmirdim. Təbii ki, çox pis təsir etdi. İnsan həm də xatirələrlə var olan bir varlıqdır. Bir insanın doğulduğu torpaqdan, alışdığı yerlərdən qopması çox ağrılı prosesdir. Xatirələr də pərən- pərən düşür. Biz evimizdən çıxanda çox şey götürə bilmədik. Demək olar, əyin paltarımızdan başqa heç nəyimizi çıxartmaq imkanımız olmadı. Düşün, sevdiyin, alışdığın nə varsa hamısını görməmək üzrə tərk edib gedirsən. Oyuncaqların, sevdiyin əşyalar ardında qalır. Uzun illər evimizdə toxunduğum hər əşya üçün darıxırdım. Ən çox da sim arabam üçün... Lap burnumun ucu göynəyirdi. Bir uşaq üçün bundan ağır psixoloji zərbə ola bilməz.

- Gözünü yumanda ən çox xatirinə gələn nə idi?

- Kəndimiz başdan ayağa yaşıllıq idi. Yaz-yay aylarında xüsusilə gözəl olurdu. Gözümü yumanda ətrini hiss edirdim o otların. Xəyalən gedib gəzirdim Güllücəni. Kəndimizdə musiqi məktəbi var idi. İlk musiqi təhsilimi orda almışam. Uşaqlığımın ən şıltaq vaxtlarını orda yaşamışam. Bir xatirəm var. Həyətimizdən kəsib artezian üçün yer vermişdik. Kənd camaatı hər gün gəlib ordan su götürürdü. Kəndin ən gözəl-göyçək qızları da gələr, saatlarla artezianın başında söhbət edərdilər. Kəndin cavan oğlanları o qızlara görə gəlib ordan ya keçər, ya kənarda durub baxardı. Biz də həyətimizdən, barının başından cibimizə doldurduğumuz çınqıllarla onları daş-qalaq edərdik ki, qızlara baxmasınlar. Onlar da pərt olardı. Bu, bizə ləzzət eləyirdi. Bir də heç vaxt yadımdan çıxmayan, Ağdamda sonuncu dəfə “İmarət” stadionunda “Qarabağ” klubunun oyunun izləməyimdir.

- Dörd-beş ay bundan əvvəl desəydilər, 44 günə Qarabağ işğaldan azad olunacaq, inanardın?

- Bu 27 ildə ümidimi bir gün də itirmədim. Xatırlayırsansa, hər işğal günündə Ağdama aid nə isə oxuyurdum. Bu il içimdən gəlmədi. Mənə şeirlər təqdim edirdilər mahnı bəstələmək üçün, imtina etdim. Dedim, daha bəsdir. Ağdama aid heç nə oxumayacam. Sanki hiss etmişdim ki, növbəti il Ağdam üçün ağı deməyəcəyik. Aprel döyüşlərindən sonra içimdə ümid daha da artmışdı. Amma yenə də 44 günə Ağdama qayıdacağımıza inanmazdım. Çünki ermənilər Ağdam üçün 4 il vuruşmuşdular.

- Ağdamın xəbərini necə qarşıladın?

- Düzdü, həmin an bir donuqluq yaşadım, amma sonra sevincimdən ağladım. Bir gözüm vətənimin azadlığına gülürdü, bir gözüm şəhidlərimizə ağlayırdı. Çatdırıb zənglərə cavab verə bilmirdim. Heç Əməkdar artist adı alanda bu qədər təbrik gəlməmişdi mənə.

- Elnur, iş həyatın Bakıdadır. Özünə burda bir düzən qurmusan. Ağdama qayıtmaq, orda yaşamaq planın varmı?

- Ağdamla bağlı arzularım var. Birmənalı olaraq elə olacaq. Tezliklə torpaqlarımız minalardan təmizlənsin, infrastruktur qurulsun, köçüb doğma kəndimizdə yaşayacam. Fəaliyyətimi orda davam etdirəcəm.

- Bu müharibədə çox maraqlı kadrlar çıxdı ortaya. Müharibənin içərisində incəsənət nümunələri gördük, gözəl avazlı əsgərlər gördük. Sən qulaq asırdın?

- Bizim xalqımız istedadlı xalqdır. Müharibə boyu cəbhədən yayılan videolar isə bir başqa idi. O gözəl səsli, istedadlı əsgərlər məni heyran edirdi. Amma hamının olduğu kimi mənim də içimi ən çox parçalayan Xudayar Yusifzadənin ifası oldu. Allah o nur üzlü şəhidimizə rəhmət eləsin. Heyif o gəncdən, heyf o istedaddan. Xudayar səsi ilə, qəhrəmanlığı ilə əfsanəyə çevrildi. Mən paylaşım da etdim sosial şəbəkədə və qeyd etdim ki, bundan belə Azərbaycanda, Qarabağ torpağında qurulacaq toy-bayram məclisləri Xudayarın bu ifası ilə açılsın. Bu mahnı Xudayar qardaşımızın adı ilə tarixə düşdü. Bu mahnını ondan yaxşı heç kim oxuya bilməz. Mən də uzun illər əvvəl ifa etmişəm bu mahnını. Amma Xudayarın ifasına qulaq asandan sonra gördüm, mənim ifam onun ifasından çox-çox zəif alınıb.

- Elnur, Opera və Balet Teatrının solistisən. Bu teatrın ətrafında dedi-qodular səngimək bilmir. Ora necə gedib çıxdın?

- Məni ora birinci istedadım aparıb çıxartdı. Amma vasitəçi də oldu. Bunu dana bilmərəm. Bu vasitəçi bizim dəyərli ustadımız, Xalq artisti Mənsum İbrahimov idi. Təbii ki, birdən-birə əsas rollar oynamadım orda. Əvvəlcə Məcnunun atasını oynadım. Bu gün Allahıma şükür edirəm ki, nə yaxşı ilk günlər mənə kiçik rollar verilib. Birbaşa baş rol versəydilər, inan, öhdəsindən gəlməzdim. Həm səsim tam formada deyildi, həm də səhnə təcrübəm yox idi. Özümü biabır edərdim (gülür).

- Həmyaşıdın İlkinə Əhmədova birbaşa Məcnun rolu verilmişdi. Bu, səndə qısqanclıq oyandırmadı?

- Qəti. Bilirdim ki, gec-tez mən də Məcnunu oynayacam. Hazırlaşmaq lazım idi. Bişmək lazım idi.

- Hər sahədə rəqabət var, sənət aləmində daha qabarıqdır. Amma xanəndələr şou adamlarından fərqli olaraq bu konfliktləri bir az qapalı yaşayır. Yoluna daş qoyanlar olubmu?

- Danmayacam, olub, yenə də olur, bəlkə də ömür boyu olacaq. Kimliyini bilmirəm, heç maraqlanmıram da. Amma hərdən deyirəm, nə yaxşı o adamlar var. Olmasaydı mübarizə olmazdı, mübarizəsiz də həyat maraqsız olardı.

- Evində qız uşağı böyüyür. Qızının gələcəyi ilə bağlı hansı narahatlığın var?

- Həm qızımın, həm oğlumun gələcəyi ilə bağlı narahatlığım var. Cəmiyyət fərqlidir, bir qədər də çətindir. Ümumiyyətlə, insan valideyn olanda həyata tamamilə fərqli gözlə baxır. Qızımın birinci növbədə təhsilli, dünyagörüşlü olmasını istəyirəm. Ömrüm yetən qədər buna çalışacam. Bu dövrdə ancaq savadla, dünyagörüşü ilə ayaqda qalmaq mümkündür.

- Qadınlarla bağlı həmkarlarının bəzilərinin fikirləri ürəkaçan deyil. Despot, şiddətə təşviq çıxışları ilə gündəmə gələnlər olur. Sənin qadınlarla bağlı düşüncələrin necədir?

- İnan mənə, qadın haqqında “asaram-kəsərəm” deyən kişilər evdə qadınlarından xəbərsiz nəfəs ala bilməyən insanlardır. Belə adamları zəka qüsurlu hesab edirəm. Oxuyan, savadı olan adam heç vaxt belə sözlər danışmır. Mən o düşüncədə on beş-iyirmi il bundan əvvəl olmuşam. Ərgənlik yaşlarımda. Dünyagörüşümün olmadığı vaxtlarda elə bilirdim, qadını alıb gətirib evə qoydun, vəssalam, bununla da bitdi hər şey. Qadının vəzifəsi yemək bişirmək, evdə oturmaqdır. Hətta köhnə tanışlarımla illər sonra bir masa arxasında oturub bu mövzularda müzakirə edəndə dəhşətə gəlirəm ki, mən necə bu insanlarla oturub-durmuşam.

- Mütaliə edirsən?

- Yalan deyərəm. Daha çox şeiriyyatla maraqlanıram. Mahirə Nağıqızının çox maraqlı və yaxşı şeirləri var. Onun “Sən olaydın” şeirinə bir mahnı da bəstələmişəm. Çalışıram muğamlarımızı ifa edəndə yeni qəzəllərə müraciət edim.

Xanəndəni təzə mahnı, təzə söz təzə saxlayır. Bu da artıq sənin öz yolun deməkdir. Daha çox Əliğa Vahidin qəzəllərinə üstünlük verirəm. Çünki sadədir və xalq daha tez başa düşür. Dinləyici kitabdan, təhsildən o qədər uzaqdır ki, Nəsimini, Füzulini anlaya bilmir. Elə adam var pulu da var, imkanı da, amma savadı, zövqü yoxdur. Pullu adamların əksəriyyəti zövqsüzdür. Hərdən məclislərdə rast gəlirəm. Öz-özümə deyirəm, ay allah, buna bu qədər pul vermisən, nə olardı bir az da zövq verərdin, musiqi duyumu verərdin. Elə adamları pul verib gətirirlər ki, məclislərinə, adam məəttəl qalır.

- Amma o pul verib gətirdikləri adamlar bu gün səndən daha məşhurdur.

- Əvvəllər də belə olub. Böyük sənətkarlarımızdan soruş, deyəcəklər. “Ördəyim, qazım olaydın” oxuyan adam bu gün Xalq artistidir. Ara müğənniləri hər dövrdə olub, amma onların da yenə bir qanacağı olub. Ən azından, az da olsa səsləri olub. Bu gün xalqın ulduz etdiyi ifaçıların 90 faizinin - yolu qoyuram bir kənara, heç səsləri yoxdur.

- Elnur irad tutduğun həmkarların olurmu?

- Çalışıram, səsimi çıxartmayım. Çünki indi hamı nevrozdur, bir söz deyirsən, üstündən üç gün keçməmiş, səhərin alaqaranlığında zəng vurub deyir, o gün sən mənə filan sözü dedin, onu niyə dedin? Bir də görürsən səndən gen gəzir ki, xətrimə dəymisən. Tənqidə dözüm yoxdur heç kimdə.

- Sənin necə, tənqidə dözümün var?

- Baxır kim tənqid edir.

- Ən çox nəyini tənqid edirlər?

- Deyirlər, üzərində işləmirsən. Halbuki, məndən çox üzərində işləyən xanəndə yoxdur. İndi bilmirəm onlar məndən nə istəyirlər, mən onlara onu verə bilmirəm, amma boş oturmuram.

- Bəlkə, səndən improvizə, yenilik istəyirlər.

- Muğam elə janrdır ki, orda yenilik etmək olmur. Muğamın bir yolu var. İmprovizəni Alim Qasımov elədi, möhürü vurub durdu qıraqda. Ondan sonra daha nə edəsən? Gərək Alim Qasımov yaddan çıxsın, əlli il də vaxt keçsin, ondan sonra kimsə gəlsin, nəsə etsin.

- Azərbaycanın ən koloritli sənətkarlarından birinin, Arif Babayevin tələbəsi olmusan. Arifin tələbəsi olmağın asan və çətin tərəfləri nədir?

- Arif müəllim yumor hissi çox yüksək olan insandır. Onun tələbəsi olmaq həm çətindir, həm asan. Əsəbləşməyini görməyi heç kimə arzu etmirəm (gülür). Bir dəfə mənə möhkəm əsəbləşib. Onda da haqlı idi. Efirdə mahnısını oxuyub başqa adamın adını çəkmişdim. Bir dəfə də toydan gəlmişəm, möhkəm yorğunam. Arif müəllimin də dərsi saat 11-də başlayır. Hələ görməmişlik edib axşama da toy danışmışam. Başdan-ayağa toyu oxumalıyam. Götürdüm, Arif müəllimə zəng vurdum, dəsmalı da dəstəyə tutdum. Dedim, müəllim, bərk xəstələnmişəm, gələ bilmirəm dərsə. Mən nə bilim Arif müəllim bu yolları çoxdan keçib. Təmkinini pozmadan mənə qayıtdı ki, a bala o dəsmalın birini də qoy! Allaha and olsun, bir anlıq elə bildim kişi bizdədir.

- Deyirlər, Arif müəllim əldən bərk adamdı bir az.

- Vallah, ən doğrusunu Arif müəllimin müasirləri bilər (gülür). Amma şəxsən mən özümə qarşı hiss etməmişəm. Hətta dəfələrlə borca pul almışam. Bir dəfə yadıma gəlir, Tərtərə tədbirə gedirdik. Tərtərlə Bərdənin arasında “Soyuq bulaq” deyilən bir yer var. Yolda dedi, sür ora. Onu da qeyd edim ki, o bulaq camaat yurdundan didərgin düşəndən sonra çıxıb. Dedim, a kişi, istidir, gecədir, qoy çıxaq gedək yolumuza. İnad elədi, sürdürdü maşını ora. Maşında dörd nəfər idik. Oturub orda yedik-içdik. Durdum, hesabı ödəyim, dedilər Arif müəllim dəyib. Mənə əl tutub həmişə. Allah can sağlığı versin sənətkara. Təkrarolunmazdır.

Foto: İlkin Nəbiyev



news-inner-user
Günel Musa

116 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi
12:30 04 Avqust 2021
Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz
12:03 04 Avqust 2021
Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
11:12 04 Avqust 2021
Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır
10:47 04 Avqust 2021
Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”
10:03 04 Avqust 2021
İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub
09:37 04 Avqust 2021
Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər
09:01 04 Avqust 2021
Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021