Fahişələrin arasında

Fahişələrin arasında
19 dekabr 2012
# 08:15

Dostumuz Kənan Hacının təzəcə çap olunmuş “Atamın sevgilisi” kitabını isti-isti oxudum və təəssüratım soyumamış bəzi düşüncələrimi qələmə aldım.

Kənan qəribə adamdı. Bakı həyatının dibini onun qədər yaşayan və bilən ikinci bir yazar tanımıram. Həm də Kənanın bir üstünlüyü var ki, yaşadıqlarını, gördüklərini asanlıqla, utanıb-çəkinmədən qələmə ala bilir. Məncə bu çox önəmli faktdır. Həyatda çox sakit, beş sözün birini danışan Kənan Hacı yazılarında “çox danışmağa” meyllidir. O, hər şeydən yazır, yaza bilir. Nəsrin və publisistikanın qara fəhləliyi bu çətin həyat sürən insanın boyuna biçilib elə bil. O da barışıb taleyi ilə... Şikayət eləmir, mübarizəni xoşlamır. Amma etiraflarını oxucusuna hədiyyə etməyi sevir.

Onunla ən yaxın münasibəti olan insanlar belə, Kənanın həyatını onun danışdıqlarından daha çox, yazdıqlarından öyrənə bilər.

“Atamın sevgilisi” də bu qəbildəndir.

Real, ağrılı, çətinliklərlə dolu kiçik şəhər adamının iddiasız həyatı...

Kitab müəllifin atası ilə bağlı xatirəsi ilə başlayır və atasına həsr etdiyi balaca hekayə ilə sona çatır. Oxucu bu mətnlərin qısa olmasına təəssüf edir, maraqlı müşahidələrin, təsvirlərin bir az da davam etməsini arzulayır. Ancaq müəllif nədənsə bu mövzuda xəsisdir. Hətta o qədər ki, 4-5 səhifə ilə kifayətlənməli olur.

Roman kimi təqdim etdiyi “Çəhrayı qan” da xəsisliklə qələmə alınıb. Yazıçı, necə deyərlər, “qələmin başını buraxmayıb”. Sanki harasa tələsir, sanki kimsə qovalayır onu. “Çəhrayı qan” bayaq dediyimiz qəhrəmanın həyatın dibindəki ömrünün, belə demək mümkünsə, fahişələr səhifəsinə güzgü tutur. Dadlı-duzlu, oxunaqlı bir dillə... Qara pul kimi ovucdan-ovuca atılan gənc qadınların gözəlliyi də, faciəsi də, qoca fahişələrin ürək ağrıdan təsviri də kifayət qədər ustalıqla qələmə alınıb.

Bütün yüksəkliklərdən yuvarlanan insanlar həyatın dibində asanlıqla tapışır və dostlaşırlar. Yazıçısı da, ticarətçisi də, fahişəsi də! Bəs biri-birini sevmək necə? Kənan Hacının təqdimatında bu da mümkündür. Niyə də olmasın?! Amma təbii ki, bu sevgilərin sonu yoxdur. Ancaq fahişəxanadan Qarabağdakı səngərə qədər 180 dərəcə yol dəyişdirmək mümkündür.

“Çəhrayı qan”da fahişəxana bir dayanacaqdır. Atasız doğulan qadınların gəlib bir müddət nəfəs dərdiyi və buradan ya Dubaya, ya Pakistana, ya da Qarabağ döyüşlərinə yollandığı bir dayanacaq.

Amma əsərin sonu bir az uğursuzdur məncə. Mətnin həcmi kiçik olduğundan ziddiyyətlər həllini tapmayıb və əsər tələsik publisistik qələmlə yekunlaşdırılıb.

Kitab təhlil etməkdən xoşum gəlmir. Mən sadəcə təqdim və tövsiyə edirəm. İnanın, Kənan Hacının həyatın dibindəki ən sarsıdıcı və utanılası mənzərələri çəkinmədən qələmə alması sizə də xoş gələcək. Üstəlik kitabda “Bir çimdik xəyanət” kimi yüksək zövqlə yazılmış hekayələr də var.

# 6292 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #