news-inner
clock17:10 calendar-gray 03 Noyabr 2020 view-gray1063 dəfə oxunub
view-gray1063 dəfə oxunub

Təmənnasız dərzilik edən Lənkəran sakini: “Tikdiyim bayraqları Şuşadan asacaqlar!”

Kulis.az Günel Mehrinin “Müharibə sevdası” yazısını təqdim edir.

Lənkəranın qoynunda hər gecə mışıl-mışıl uyuyan, hər sabah Günəşə ümidlə boylanan şipşirin bir talış kəndi xəyal edin. Adı: Kərgalan.

Sonra arabir öz dillərində şirin-şirin danışan talış xalaları, dayıları, babaları, nənələri düşünün. Hamısının gözləri yolda, qulaqları səsdədir. Müharibədən xoş müjdə gözləyən kim, ön cəbhədəki əzizindən bir cümləlik xəbər uman kim.

İlk baxışdan nə adıyla diqqət çəkir, nə görünüşüylə. Yolları çınqıllı, tozlu, ağacları sapsarı limonlu, feyxoalı, balacaları yeməli, ahılları nurani, qapıları, eyvanları üçrəngli bayraqlı.

Diqqət etdikcə bayrağa bürünmüş bir kənd görürəm. Sağa baxıram bayraq, sola baxıram bayraq. Külək əsdikcə kəndin o başında da, bu başında da, dükanda, maşında da müxtəlif ölçülü bayraqlar yellənir.

Diqqətimi çəkir bu bayraq sevgisi və bayraqlı evlərdən bunun səbəbini öyrənə-öyrənə az gedirəm, üz gedirəm, gəlib hara çıxsam yaxşıdır? Bapbalaca bir dərzi dükanına.

Bu balaca dərzi dükanında ürəyi geniş biri var: Mehman dərzi. Üzügülər, sakit təbiətli, mehriban bir insan. Hər gün velosipedinə minib limonlu-əzgilli həyətindən balaca dükanına yol alır. Və dükanına girər-girməz tikiş maşınının səsi eşidilir.

Bayraq tikir Mehman dərzi!

Düz bir aydır!

Özü də cəbhə üçün, əsgərlər üçün.

Pulsuz-parasız.

Səmanın mavisini, günəşin alına, onu da çəmənin yaşılına qatır, üstünə də qayçıyla kəsdiyi bəmbəyaz bir ay, bir də ulduz bənd edir.

Olur Vətən!

Olur Azərbaycan!

Olur bayraq!

Sonra bu bayraqları qonşu kənddən-kəsəkdən bayraq sorağıyla gələn uşaqlar, gənclər sevinə-sevinə götürüb evlərinə, maşınlarına sancırlar.

Mehman dərzinin cəbhədə döyüşən oğluna duaçı olurlar:

“Allah oddan-alovdan qorusun! Sağ-salamat dönsün evinə!”

Mehman dərzi özü də, ömür-gün yoldaşı da hər axşam, hər səhər əlini göylərə açıb eyni duaları edir. Ön cəbhədə düşmənlə göz-gözə vuruşan bircə oğlu üçün, Azərbaycan əsgəri, Azərbaycan ordusu üçün, Qarabağ üçün...

Bəlkə, kimsə deyər, bayraq tikməyə nə var? Parçadır da. Qoyub kənarlarını tikirsən, olur bayraq. Amma tikmək var tikmək var!

Nə dediyimi duymaq üçün gərək ərinməyib Kərgalana yol alasınız. O bayraqları tikərkən Mehman kişinin şövqünü görəsiniz, gözlərindəki həvəsin işığını hiss edəsiniz.

Məncə, Mehman dərzi o bayraqlara öz sevgisini də büküb paylayır və asıldığı yerlərdə üçrəngli bayraq sevgi saçır.

Bu sevginin adı Vətəndir!

Söhbət eləyə-eləyə Mehman dərzinin yanına düşüb cənnət kimi həyətinə gəlirəm. Ağacdan öz əllərimlə dərdiyim limonla çay içirik. Mehman dərzi, yoldaşı Şölə xanım və mən təmiz havadan uda-uda qarşı-qarşıya oturmuşuq.

Bu sadə, qonaqpərvər insanlar cəbhədən danışır və mən başa düşürəm ki, müharibə qəhrəmanları təkcə ön cəbhədə yaranmır. Arxa cəbhənin də öz qəhrəmanları var.

Yeganə oğlu Orxanı Vətən müharibəsinə yollayıb cəbhə üçün pulsuz bayraq tikir:

- Qələbədə mənim də bir az payım olsun – deyir.

Lənkəran, Masallı, Lerik camaatını pay verdiyi bayraqlarla şad edən Mehman dayı üçün Qarabağ həm də Lənkərandır.

Mehman dayı da qarabağlıdır.

İndi heç vaxt olmadığı qədər yumruq misalı birləşib bu xalq. Bütün çətinliklərə, gərginliklərə rəğmən pozitivdir, nikbindir, qələbə sevdalıdır.

İllərlə Vətən müharibəsini için-için gözləyib.

Tək elə buna görə qələbə onun halal haqqıdır!

Mehman dayının gözləri yol çəkir. Elə bilirəm, fikrən Qarabağa gedib. Səngərə - oğunun yanına:

- Tikdiyim bayraqların Şuşada dalğalanacağı günə lap az qalıb Xankəndindən də asılacaq bu bayraqlar. Oğlum qələbə müjdəsi ilə qayıdanda bu həyətdə onu bayraqla qarşılayacam.

Bir də deyir, siz də duaçı olun oğluma. Bunu qəribə pıçıltıyla deyir. Elə bil, səsli düşünür həmin an. Və mən üzümü mas-mavi səmaya əsgərimiz üçün dua edirəm: Tanrı səni qorusun, Orxan! Salamat qayıt. Bu həyətdə toyun çalınsın. Mən də əlimdə xonça Mehman dayıyla Şölə xanıma gözaydınlığı verim!

...Lənkəranın qoynunda hər gecə mışıl-mışıl uyuyan, hər sabah Günəşə ümidlə boylanan şipşirin bir talış kəndi xəyal edirəm. Adı: Kərgalan. İndi ordakı həyətlərində Mehman dərziylə Şölə xanım limonlu çaydan qurtumlaya-qurtumlaya cəbhədən müjdəli xəbər gözləyir...

news-inner-user

17158 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020
Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri
16:50 01 Dekabr 2020
Sevgi məktublarını xanımından gizləyən Məmməd Araz - Maraqlı faktlar
16:00 01 Dekabr 2020
"Babamın məzarına çiçək gətirəcəm ordan" - Laçınlı məşhurlar danışır...
15:09 01 Dekabr 2020
Sovet dövründə poeziya evinə çevrilmiş məscidimiz - Mamayı
14:28 01 Dekabr 2020
Laçında bərpa ediləcək abidələrin sayı açıqlandı
13:49 01 Dekabr 2020
ƏSA Teatrı qələbə münasibətilə sosial çarx hazırladı - Video
13:12 01 Dekabr 2020
Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
12:34 01 Dekabr 2020
Qarabağa böyük köç başlanmışdı – Azər Qaraçənlidən möhtəşəm qayıdış hekayəsi
12:11 01 Dekabr 2020
"Naoborot qızışıyoruz” - Müharibə vaxtı yaranan məşhur ifadələr
11:27 01 Dekabr 2020
Xalq artisti vəfat etdi
10:48 01 Dekabr 2020
Gənc şair Azərbaycanı Makedoniyada təmsil edəcək
10:17 01 Dekabr 2020
Arif Babayev koronavirusa yoluxdu
09:46 01 Dekabr 2020
Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020