writer1

Sərdar Amin

Məqalə sayı

79
clock14:32 calendar-gray 18 Sentyabr 2020 view-gray5612 dəfə oxunub
view-gray5612 dəfə oxunub

“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü

Bu ifadəni hamımız eşidirik, filan bölgənin, rayonun adamları çox yaxşıdır, bir-birinin tərəfini tutur, biri vəzifəyə gələn kimi, digərləri üçün şərait yaradır. Təəssüf ki, bu mağaradanqalma ideya bu gün də dəyər kimi bəh-bəhlə sığallanır. Sadə əks arqument: axı bu regional tərəfbazlıq sayəsində digər regionlardan olan yüzlərlə savadlı insan kənarda qalır! İnsanı doğulduğu coğrafiyaya, qohumluq əlaqələrinə görə irəli çəkmək arxaik düşüncədir. Ancaq comərdlik bu düşüncəni təkcə özümüzə qarşı olanda yox, özümüzə sərf edəndə də deşifrə etməkdir.

“Avroviziya” mahnı müsabiqəsində hər dəfə bizim Türkiyəyə, Türkiyənin bizə 12 xal (maksimum) verməsi məni narahat edib, axı bu mahnı müsabiqəsidir, burada dəyər musiqiyə, mədəniyyətə verilməlidir, dostluğa, qardaşlığa yox.

Elə müstəvilər var ki, orada qardaşlıq, qohumluq məsələlərini hörmətli bir müstəvidə saxlayıb soyuq başla qərar vermək lazımdır. Azərbaycanın mental dəyərləri ilə yanaşsaq da, heç kəs öz ailəsini, yoldaşını, uşağını, qardaşına qurban vermir. Bu əski türk təfəkkürünə də ziddir. Qardaş dış məsələlərində əfzəldir, iç işləri sənin məhrəmindir, sənə məxsusdur.

“Neftçi-Qalatasaray” oyunu ərəfəsində və oyundan sonra əksər azərbaycanlıların dilinə gətirdiyi “Qalatasarayın qələbəsi bizim qələbəmizidir” ifadəsi az əvvəlki prinsiplərə ziddir və əslində hər bir azərbaycanlını narahat etməlidir. Bu düşüncə təkcə idman müstəvisində mövcud olsaydı, sonu əyləncəyə gəlib çıxan futbolu qardaşlıq fonunda görməzdən gələrdik. Təəssüf ki, “Neftçi-Qalatasaray” oyunu ilə bir daha körüklənən bu problem daha ağrılı məqamlara işarə vurur. Milli-mənəvi məsələlər heç bir dəyər, hadisə önündə sarsılmalı deyil!

Təbii, “Qalatasaray” dünyanın başqa hansı komandası ilə qarşılaşsaydı, biz “Qalatasaray”a azarkeşlik edəcəkdik. Bu məqama yuxarıdakı arqumentlə qarşı gəlmək bəlkə də yersizdir. Çünki əksər vətəndaşlarımız göz açıb “Qalatasaray”ı, “Fənərbaxça”nı, “Beşiktaş”ı görüb, türk idman şərhçiləri və türk futbolçular bu ölkənin futboluna qarşı içimizdə özəl bir sevgi yaradıb. Amma “Qalatasaray”ın qarşısındakı bizə daha doğma olan “Neftçi”dirsə, bu zaman “Qalatasaray” birmənalı olaraq ikinci planda qalmalı idi. Söhbət fanatiklərdən getmir, elə adamlar var ki, onlar evlərini də satıb "Qalatasaray"a dəstək olar.

Amma 2020-ci ildə “Qalatasaray”ın “Neftçi” üzərində qələbəsini Azərbaycanın qələbəsi kimi görənlər məni bir vətəndaş, qələm əhli kimi narahat edir.

Axı biz qalib gəlmədik!

Qalib Türkiyənin “Qalatasaray” futbol komandası oldu, uduzan Azərbaycanın “Neftçi” komandası. Nəticədə mərhələni “Qalatasaray” adladı;

bu, Türkiyənin idman sektorunun bir az da inkişafı deməkdir,

bu, Azərbaycanda “Neftçi” yox, “Qalatasaray” azarkeşlərinin bir az da artması deməkdir,

bu, daha bir Azərbaycan bayrağının Avropa arenalarından əskilməsi deməkdir,

bu, 83 yaşlı komandamızın bir az da geriləməsi deməkdir,

bu, Sovet dönəmində uduzmağına görə atalarımızın, babalarımızın infarkt keçirdiyi bir komandanın məğlubiyyəti deməkdir,

bu, içimizdəki futbol ümidinin bir az da qırılması deməkdir.

Niyə biz özümüzə lazımsız təsəllilər, psevdosevdalar uydururuq?

Axı biz məğlub olduq!

Niyə məğlubiyyətimizə don geyindirmək vərdişi qazanırıq? Məğlub ölkənin kişiləri ola bilərik, amma içimizdə bununla barışmalı deyilik. Məğlubiyyətlərə don geyindirmək isə köləliyi könül xoşluğu ilə qəbul etməkdir.

Təəssüf ki, cəmiyyətdə müstəmləkə təfəkküründən qalma stereotiplər hökm sürməkdədir, hələ də toplum böyük qardaş, söykənəcək, arxa axtarışını davam etdirir.

Niyə bir əsr əvvəl elan olunan müstəqilliyimizi qürurla yaşamayaq?!

Axı çağdaş dünya artıq çoxdandır odlu-alovlu müharibələri soyuq müharibələrlə, top-tüfəngi sözlə, ideologiya ilə dəyişib, artıq ölkələrin öz sözünü demək üçün əhali sayı, ərazisi rol oynamır, ağılla inkişaf funksionaldır. Əks halda ərazisi və əhalisi Azərbaycandan demək olar iki dəfə az olan İsveçrə dünyaya hökm oxumazdı.

Söykənmək ehtiyacını daha ciddi dəyərlərlə əvəzləməyin vaxtı çoxdan çatmayıbmı?

Türkiyə ilə dinimiz, dilimiz birdir, qonşu dövlətik, həm dövlət, həm xalq olaraq bir sıra məsələlərdə sıx əməkdaşlığımız var, siyasi, iqtisadi, ideoloji məsələlərdə yollarımız kəsişir.

Nə gözəl!

Məsələn, könül istərdi bu yaxınlığın avantajını təkcə pafoslu çıxışlarda, dastanlarda deyil, təcrübə mübadiləsində də görək, Türkiyənin son illər inkişaf etmiş kino, serial, reklam, tibb, təhsil və digər sahələrində peşəkarlaşmış iş adamları (öz təbirlərincə desək, uzmanları) nəhayət, təkcə pul qazanmaq naminə deyil, qarşılıqlı faydalı əməkdaşlıq naminə, dövlət xətti ilə Azərbaycana ezam oluna, Azərbaycandan tələbələr, gənc kadrlar Türkiyədə qeyd olunan sektorlara göndərilə və uzun illər səslənməkdə qalan pafoslu qardaşlıq ideyaları səsdən, sözdən, əmələ keçə.

Könül istərdi ki, Türkiyədə “Azərbaycan” adı gələndə insanların dilinə “kardeş ülke” ifadəsindən sonra “Petrol ülkesi” sözləri gəlməyə!

Təbii, bu yöndə bir çox işlər görülüb və görülməkdədir, lakin XXI əsr pafos yox, əməl əsrdir. Deyilən şüarlar, səslənən fikirlər real qaynaqlarla birləşməlidir.

Azərbaycan müstəqil dövlətdir. Bu ifadənin dəyərini təpədən dırnağa qədər hiss etməliyik. Hər birimiz dövlətimizin simasıyıq. Biz özümüzü nə qədər müstəqil sayırıqsa, dövlət də bir o qədər şux durur! Öz milli potensialımız başqa heç bir dəyərə tay tutulmamalıdır.

Unutmayaq, elə dəyərlər var, onları tərəziyə qoyduqda qarşı gözə nə qoysan yüngül gələr, elə dəyərlər də var, onları ümumiyyətlə tərəziyə qoymaq olmaz.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020
Qarabağa savaşa gələn Anna Akopyana bir-iki məsləhət
13:03 27 Oktyabr 2020
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
12:10 27 Oktyabr 2020
Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı
11:30 27 Oktyabr 2020
Dostum koronavirusa necə yoluxdu? - Ayxan Ayvaz yazır
10:49 27 Oktyabr 2020
Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
10:20 27 Oktyabr 2020
Şeytanın saçından bərk yapış - Yeni hekayə
09:00 27 Oktyabr 2020
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020
Tanınmış rejissorun kitabı ilk dəfə Azərbaycan dilində
16:11 26 Oktyabr 2020
Gilasdan da yeyin, cənab Makron – Sərdar Amin yazır...
15:30 26 Oktyabr 2020