writer1

Seymur Baycan

Məqalə sayı

113
clock21:00 calendar-gray 07 Sentyabr 2020 view-gray2168 dəfə oxunub
view-gray2168 dəfə oxunub

İtlər, adamlar və ölüm

…İnsan həyatda tez-tez yaxşı adamlarla rastlaşır, lakin çox təəssüf ki, bu görüşlərdən xatirədən başqa heç nə qalmır. Bəzən görürsən elə olur ki, üfüqdən durna qatarı keçir, zəif əsən külək onların şikayətli və qəmli qaqqıltısını gətirir, lakin bir dəqiqədən sonra mavi səmanın uzaqlarına nə qədər acgozlüklə baxsan da, orda heç bir nöqtə də görmürsən, heç bir səs-səmir eşitmirsən. Adamlar da belə olur, görürsən ki, təsadüf etdiyin adamların sifəti və danışığı sizin keçmiş həyatınızda itib-batır və kiçik bir xatirədən başqa onlardan heç bir iz qalmır.

İvan Alekseyiç bahar fəslinin əvvəlindən N qəzasında yaşayırdı və demək olar ki, hər gün Kuznetsovgilə gəlib-gedirdi. O, bu gülər üzlü qocaya, onun qızına, qulluqçularına, öz qohumlarına olduğu kimi öyrəşmişdi, bu evi, səliqəli eyvanı, həyətdəki xiyabanın döngələrini, mətbəxin və hamamın üzərinə əyilmiş ağacların uzaqdan görünən kölgələrini bütün incəliklərinə qədər tədqiq edib öyrənmişdi, lakin indicə o, bu qapıdan çıxan kimi bütün bunların hamısı bir xatirəyə çevriləcək və onun üçün öz real mənasını həmişəlik itirəcəkdir, sonra bir-iki il də keçəcək və bu əziz, mehriban surətlər xəyalın yaratdığı uydurma və əfsanələr kimi onun hafizəsindən həmişəlik silinib gedəcəkdir.

A. P. Çexov
“Veroçka” hekayəsindən

2019-cu ilin yay aylarında, gün batandan sonra, İsani stansiyasının (Tiflisdə metro stansiyası – red.) lap yaxınlığındakı balaca parka, daha konkret desəm, balacaboy, gövdəsi yoğun, qoca tut ağacının altındakı skamyanın ətrafına bir dəstə adam yığışıb səhərə qədər araq, çaxır, pivə içirdilər. Həftədə bir-iki dəfə mən də dəstəyə qoşulurdum.

Ötən əsrin təlatümlü doxsanıncı illərində müvazinətlərini itirmiş, bir daha heç cür özlərinə gələ bilməmiş, hər şeyi öz adıyla çağırsaq, təmiz əyyaşa çevrilmiş adamlardan ibarət bu dəstədə özümü çox rahat hiss edirdim, onların rəngarəng söhbətlərinə maraqla qulaq asırdım. Qəribədir, bu adamlar qətiyyən söyüşlə danışmırdılar və nə qədər içsələr də dava-dalaş salmırdılar, bir-birlərinə qarşı kifayət qədər ədəblə davranırdılar. Onların söyüşlə danışdıqlarını, dava-dalaş saldıqlarını, bir-birlərinə qarşı kobudluq etdiklərini bir dəfə də olsun görmədim. Söyüşlə danışmamaları, nə qədər içsələr də dava-dalaş salmamaları, bir-birlərinə qarşı ədəblə davranmaqları onu göstərirdi ki, əyyaşlıq bu adamların təbiətindən, tənbəlliyindən irəli gəlmirdi, əyyaşlıq onların könüllü seçimi deyildi. Əsla haqq qazandırmasam da, ədalət naminə mütləq qeyd etməliyəm ki, sovet höküməti dağılandan sonra yeni qayda-qanunların, hər şeyin alt-üst olmasının, hər şeyin dəyişməsinın nəticəsinda yaranmış həyatın sərt dönüşləri qarşısındakı acizlik sadəcə onları əyyaşa çevirmişdi.

Dəstədən iki adam xüsusən yadımda qalıb.

Birinci adam Rusiyada yeddi ilmi, yoxsa səkkiz ilmi həbsxanada yatıb. Bu adam doxsanıncı illərdə pul qazanmaq üçün çoxları kimi gedib Rusiyaya. Orada dəri gödəkcə alveri ilə məşğul imiş. Dediyinə görə də pis qazanmırmış. Hər şey qaydasındaymış. Sonra günlərin bir günü nəsə axmaq hadisə baş verib, tutub bunu basıblar həbsxanaya. Həbsxanadan çıxdıqdan sonra neçə dəfə təzə həyata başlamaq istəyib, amma heç nə alınmayıb. O, İsa peyğəmbəri çox sevirdi, rus ədəbiyyatını dərindən bilirdi. Keşişlərə, kilsəyə nifrət edirdi. Mən İsa peyğəmbər haqqında danışanda bu adam haldan-hala düşürdü. İsa peyğəmbər haqqında danışanda arada qəddarlıq eləyib kədərin dozasını lap artırırdım və etiraf edim ki, danışdıqlarımın təsirindən adamın haldan-hala düşməsindən bir az həzz alırdım. Ona rus dilində “Quqark” hədiyyə etmişdim. Adam mənim üçün qiymətli olan bütün məqamların demək olar ki, hamısın tutmuşdu. Xüsusən bir səhnə adamı dəhşət təsirləndirmişdi…

Bizi, yəni uşaqları hava yaxşı olanda müəllimələr bağçanın həyətinə çıxarırdı. Məllimələr bağçanın həyətində, cır ərik ağacının altında söhbət edirdilər, biz isə özümüz üçün müxtəlif oyunlar oynayırdıq. Bəzən hasara dırmaşıb yoldan ötənlərə baxırdıq. Bağça köhnə klubun qarşısında yerləşirdi. Bağçayla klubun arasından enli yol keçirdi. Klubun həyətindəki çayxanaya əsasən manıslar, pensiyaya çıxmış müəllimlər yığışırdı. Toy etməyə hazırlaşan adamlar bu çayxanaya gələrək manıslarla sövdələşirdilər.

Bir gün hasara dırmaşıb yoldan ötənlərə baxanda əmim oğlunun yolun qarşı tərəfində səkiylə addımladığını gördüm. Həyacanlandım. Necə həyəcanlandımsa bərkdən çığıraraq əmim oğlunu çağırdım. O, səsimi eşitdi, çevrildi, məni gördü, əlini yellədi, yoluna davam etdi. Əmim oğlunu cəmisi dörd-beş saatdan sonra görəcəkdim. Biz eyni küçədə yaşayırdıq. Onun üçün darıxmaqdan söhbət belə gedə bilməzdi. Lakin bağçanın hasarından əmim oğlunu görməyim, onu çağırmağım, onun səsimi eşidərək geriyə çevrilməsi, əlini yelləməsi, yoluna davam etməsi nədənsə məni dəhşətli dərəcədə kədərləndirdi. Üstündən uzun illər keçməsinə, bu uzun illər ərzində həyatımda irili-xırdalı yüzlərlə, minlərlə hadisələr baş verməsinə baxmayaraq hələ də o səhnəni xatırlayanda tüklərim biz-biz durur və dəqiq bilirəm ki, indidən belə min il yaşasam da o səhnə yaddaşımdan silinməyəcək. Niyə? Bunu bilmirəm. Həyatımda heç bir rol oynamamış, amma yaddaşıma əbədi həkk olunmuş belə səhnələr mənim üçün çox qiymətlidir. Bu kimi səhnələrlə hansısa əsərdə qarşılaşanda, səhnənin havası rəsmən məni dəli edir, yaddaşım kəskin qıcıqlanır, istər-istəməz, özümdən asılı olmadan başı-ayağı, əvvəli-axırı olmayan bir səhnəni xatırlayıram, bütün vücudumu ifadəedilməz, dözülməz bir kədər bürüyür, oxumağı dayandırıram, kitabın arasına qələm qoyub, siqaret yandırıram, toxtamaq üçün sonra da çay içirəm.

Yox, hal-hazırda burda hər hansı şəxsi sirri, sirli bir səhnəni yazmaqdan söhbət getmir. Hər hansı şəxsi sirri açmaq, yazmaq daha asandır. Burada o səhnələrdən söhbət gedir ki, çox şəxsidir, əvvəli-axırı, başı-ayağı yoxdur, həyatında zərrə qədər də rol oynamasa da, həyatında zərrə qədər dəyişikliyə səbəb olmasa da, yaddaşına əbədi həkk olunub. Onları yazmaq, ifadə etmək, bədii həllini vermək, ümumiləşdirmək, havasını, enerjisini oxucuya ötürmək olduqca çətindir. Həyatında heç bir rol oynamayan, yaddaşına əbədi həkk olunmuş səhnələri ağ kağıza köçürəndə səhnə özündə daşıdığı enerjinin ən azı yetmiş faizini itirir.

1

Əyyaşlar dəstəsindən yadımda xüsusən qalmış ikinci adam sovet zamanında hansısa zavodda çilingər işləyirmiş. Sovet hökuməti dağılandan sonra məlum hadisələr nəticəsində zavod bağlanıb, adam qalıb işsiz. Arvadından boşanıb. Arvad nə hoqqa çıxarıbsa evi bunun əlindən alıb, dalına bir təpik vurub, atıb bayıra. Adam dolanmaq üçün Türkiyəyə fındıq yığmağa gedib. Orada da sənədlərini itirib. Qərəz, adamın başına çox hadisələr gəlib, nəhayət əyyaşa çevrilib.

O, məni görəndə həmişə deyərdi: “Hə, sən də qoşuldun bitmiş adamların dəstəsinə”. Bu adam köynəyinin döş cibindən iri dişli, taxta daraq çıxarıb tez-tez saçını darayır, başına elə hey ləyaqətli, bayramsayağı görkəm verməyə çalışırdı. Onun səliqə ilə daranmış saçları kirli, yağlı köynəyi, qırış-qırış, ləkəli şalvarı, dabanı yeyilmiş ayaqqabısı, ümumən cındırından cin hürkən görkəmi ilə tam bir ziddiyət təşkil edirdi. Ələyi ələnib, xəlbiri göydə fırlanan bu adamın cibində daraq gəzdirmək, saçını daramaq nəyinə lazım idi? Lap tutaq ki, onun saçı ideal vəziyyətdə oldu, bu nəyi dəyişəcək? O, hər dəfə saçını asta-asta, ləzzətlə darayıb başına ləyaqətli, bayramsayağı görkəm verməyə çalışanda mən keçmişdə, uşaqlıqda gördüyüm kişiləri xatırlayırdım. Mən uşaq olan vaxtlarda kişilərin hamısı, hətta başında iki-üç tük qalanlar belə ciblərində daraq gəzdirirdilər. Müəllimlər, ustalar, sürücülər, mühasiblər, kolxoz sədrləri, mühəndislər, mağaza müdürləri, zavod direktorları, partiya işçiləri, arvaddan qorxan, arvaddan qorxmayan, fərasətli, fərasətsiz… Bir sözlə, hamı.

Dəqiq yadımdadır, bizim məktəbdə bir qoca kimya müəllimi vardı. Təsəvvür edin, adam məktəbdəki uşaqların hamısının atasına, anasına, əmisinə, dayısına, xalasına, bibisinə, yalan olmasın bəzilərinin hətta nənəsinə, babasına dərs demişdi. Çox sərt müəllim idi. Dərsində milçək uçanda vızıltısı eşidilirdi. Qız, oğlan demirdi, şuluqluq edən, dərs oxumayan uşaqları zoğal çubuğuyla yaman döyürdü. Ondan evdə şikayət etmək tam faydasız bir iş idi. Şikayət edənlər böyüklərdən belə bir cavab eşidirdilər: “Cəmil müəllim boş yerə adam döyməz, yəqin nəsə qələt eləmisən”. Yəni, biz vaxtında döyülmüşüksə, siz də döyülməlisiniz, bizdən artıq deyilsiniz. Bu qoca kimya müəlliminin başında iki-üç tük qalmışdı. O, bu iki-üç tükü uzadıb başının ortasına dolayardı. Uşaqları döyəndə, ya da nəsə bir sərt hərəkət edəndə başına doladığı bu iki-üç tük açılır, düz dirsəyinə qədər sallanırdı. Bax, həmin qoca kimya müəllimi də qara pencəyinin döş cibində daima daraq gəzdirərdi. Daraq, bir də mənfur, adamı vahimələndirən qırmızı qələmin başı qara pencəyinin döş cibindən hardasa iki santımetr bayıra çıxardı.

İndi deyəsən üstündə daraq gəzdirən kişilərin sayı kəskin şəkildə azalıb. Görəsən bu nə ilə əlaqədardır? Səbəb nədir? Yəqin ki, saç daramağa kişilər daha ehtiyac görmürlər. Bilmirəm, başqa səbəb də ola bilər…

***

Əyyaşlar dəstəsinə qoşulmağım çox sadə bir şəkildə baş vermişdi. Bir gün metrodan çıxıb evə tərəf gedəndə mənə bir adam yaxınlaşıb pul istədi:

– Xeyir ola, mən sənə niyə pul verməliyəm?

O, tut ağacının altındakı adamları göstərib dedi:

– Biz, içmək istəyirik.

Belə açıq danışmağı çox xoşuma gəldi. Əgər başqa bir səbəb deyib pul istəsəydi onu kobudluqla başımdan rədd edəcəkdim.

– Burda gözləyin, indi gəlirəm.

Yolun qarşı tərəfinə keçib 24 saat işləyən marketə girdim. Adıma layiq bazarlıq edib parka qayıtdım və beləliklə dəstəyə qoşuldum.

Bu il yay aylarında əyyaşlar dəstəsini heç görmədim. Onların yoxa çıxması mənə çox qəribə gəlirdi. Düşünürdüm ki, yəqin özlərinə təzə məkan tapıblar, hardasa başqa yerdə yığışırlar. Dörd gün əvvəl parkda dəstə üzvlərindən biri ilə qarşılaşdım. Soruşdum hardasınız, niyə görünmürsünüz? Dedi hamı ölüb, təkcə mən qalmışam. Məlum oldu ki, dəstə üzvlərindən biri gedib monastra, monastrdan onu qovublar, sonra Samqori bazarı tərəfdə maşın vurub onu öldürüb. Biri hamamda yıxılıb, başı unitaza dəyib. Birinin ürəyi dayanıb…

Əyyaşlar dəstəsinin sonuncu mogikanı hamının necə, hansı vəziyyətdə ölməsini bir-bir sadalayıb, daha sonra da həyatın faniliyi, hamının sonunun torpaq olması haqqında yığcam, qədim bir əhvalat danışdı. O, gedib hardasa oturub içməyi, ölənlərin ruhunu yad etməyi təklif etdi. Çox mədəni surətdə təklifdən imtina etdim. Gün hələ yarı olmamışdı. Bilirdim ki, içməyə başlasam özümü saxlaya bilməyəcəm, azı gecəyə qədər məclis davam edəcək, sonra da azı bir gün canımla əlləşəcəm. Əvvəllər nə qədər içirdimsə vecimə olmurdu. Uzağı səhəri gün yüngülvarı başağrısı hiss edirdim. Daha əvvəlki sağlamlıqdan əsər-əlamət qalmayıb. İndi bir balaca normanı keçəndə sabahı gün canımı qoymağa yer tapmıram. İştahasızlıq, ürək döyüntüsü, halsızlıq, qaramat fikirlər məni əldən salır. Çox içən günün səhərisi özümə nifrət edirəm. Deyirəm kaş zamanı geri qaytarmaq mümkün olaydı, bax filan yerdə dayanardım, ondan artıq içməzdim.

Sonuncu mogikan vidalaşıb metroya tərəf getdi, mən isə ən yaxınlıqdakı skamyaya çöküb, həyat, ölüm, insan taleyi barəsində düşüncələrə qərq oldum. Adamlar var idi, indi yoxdurlar. Onlar doğulanda ataları, anaları seviniblər. Bu adamlar bağçaya, məktəbə, əsgərliyə gediblər, evləniblər, həyatları alınmayıb, əyyaşa çevriliblər, indi də hamısı ölüb. Hər şey bu qədər sadə. Hər şey bu qədər bayağı. Məgər onlar belə urvatsız formada ölmək üçün dünyaya gəlmişdilər? Bəli, belə görünür, ancaq urvatsız bir şəkildə ölməkdən ötürü… Bu acı, dözülməz dərəcədə cansıxıcı nəticəni həzm etməyin yalnız bir çarəsi var. Bu qənaətə gəlməliyik ki, madam dünyada milyardlarla insan yaşayır, deməli, kimlərsə mütləq urvatsız bir formada dünyanı tərk etməlidir. Hamı təntənəli şəkildə ölə bilməz.

Hava o qədər sakit, o qədər təmiz idi ki, ən yüksəklikdə uçuşan quşların dimdiyi belə görünürdü. Skamyanın yaxınlığındakı zibil qabının altına “Fanta” butulkası atılmışdı. Butulkanın ətrafında gombul arılar uçuşurdu. “Fanta” butulkasının ətrafında uçuşan gombul arılara baxanda həyatımın ən rahat günlərindən birini xatırladım.

Bir şənbə günü şəhərdə gəzərkən uşaqlıq dostumla qarşılaşdım. Uşaqlıq dostum deyəndə bir az təntənəli səslənir, əslində biz ayrı-ayrı məktəblərdə oxuyurduq, sadəcə ortaq bir neçə tanışımız vardı. Buna baxmayaraq qarşılaşmağımıza hədsiz dərəcə sevindik, aramızda qısa vaxtda səmimi, təmiz dostluq münasibəti yarandı. Belə təmiz, səmimi dostluq münasibəti daha çox yeniyetməlik, ilkin gənclik illərində olur. Yaşlandıqca məişət prblemləri, ailə-uşaq, müxtəlif tələbatlar, ehtiyaclar adamın əxlaqın pozur. Əlbəttə hamıya aid etmək olmaz, amma ümumən vəziyyət təəssüf ki, bu cürdür.

Uşaqlıq dostum tək deyildi. Yanında daha iki nəfər vardı. Dedilər ki, hospitala yaralı gətirmişik, sabah mütləq batalyona qayıtmalıyıq. Həmin gün xüsusi, əlahiddə heç nə baş vermədi, amma biz özümüzü çox xoşbəxt, rahat hiss edirdik. Yadımdadır ki, bulvarda fırlandıq, o vaxtların bəsit, indiki uşaqların heç birinin haqlı olaraq maraq göstərməyəcəyi, hətta gülüb lağa qoyacağı kobud oyun avtomatlarında əyləndik, “Araz” kinoteatrında ulduz muharibələrindən bəhs edən filmə baxdıq, Əzim Əzimzadənin heykəlinin yaxınlığında yerləşən kafedə toyuq sousu yeyib, gilas mürəbbəsi ilə çay içdik. Bir neçə dəfə patrul bizi saxlayıb sənədlərimizi yoxladı. Sənədlərimiz qaydasında idi. Gecəni Səməd Vuğun parkındakı skamyaların üstündə keçirdik. Səhər mən hərbi məktəbə getdim, onlar da batalyona, yəni döyüş zonasına qayıtdılar. Vəssəlam. Başqa heç nə yadımda qalmayıb, amma həmin günün rahatlığı, təmizliyi, enerjisi, özümüzü necə xoşbəxt hiss etməyimiz çox canlı bir şəkildə xatirimdədər. Həmin günün üstündən iki-üç ay keçəndən sonra uşaqlıq dostumun döyüşdə yaralandığını, hospitalda öldüyünü tam təsadüfən eşitdim. Yalnız indi başa düşürəm ki, o bədbəxt heç böyüməmişdi, əsil uşaq idi. Bulvarda “Dəniz döyüşü” oyun avtomatında gəmi vuranda lap balaca uşaq kimi sevinirdi. Bunları həm də ona görə yazıram ki, sağ qalanlar imkan düşdükcə başqalarına ölənlər haqqında danışmalıdırlar.

***

Skamyada oturub “Fanta” butulkasının ətrafında uçuşan gombul arılara baxa-baxa həyat, ölüm, insan taleyi barəsində kifayət qədər düşündüm. Artıq ayağa qalxmaq lazim idi. Qolumu qaldırıb yastı saatıma baxdım. Ayağa qalxmaq üçün gücümü səfərbər eləməyə hazırlaşdığım vaxt bir də gördüm dostluq etdiyim küçə itlərindən biri axsaya-axsaya mənə tərəf gəlir. İt gəlib düz qarşımda dayandı. Altdan yuxarı məzlum-məzlum mənə baxdı. Baxışları ilə məndən imdad, kömək istəyirdi. Onun çənəsindən qan axırdı. Ya boğuşmuşdu, ya da maşın vurmuşdu. Bu itin xətrini çox istəyirəm. Həddən ziyadə gözütox itdir. Sümük paylayanda heç vaxt dava-dalaş salmaz, sakitcə dayanıb öz növbəsini gözləyər, heç vaxt qolunun zoruna salıb özündən zəif itin sümüyünü əlindən almaz. Neçə dəfə bu iti sınamışam. Dəfələrlə sümük paylayanda onun payını ən sonda vermişəm. Yənə də dava salmayıb, özündən zəif itin sümüyünü əlindən almayıb, sakitcə növbəsin gözləyib. Gəlin razılaşaq ki, istər insan olsun, istərsə də it, gözütoxluq hər bir canlı üçün çox yüksək kefiyyətdir.

Elə bilməyin bu it qorxaq itdir. Yox, heç də qorxaq zad deyil. Bir dəfə başqa bir it dəstəsi bunun olduğu it dəstəsinə hücum etdi. İtlərin hamısı yad dəstənin hücumundan qorxub qaçdı, qıraqda dayanıb hürüşdülər, təkbaşına bu dayandı onların qabağında. Yəni sözümün canı ondan ibarətdir ki, gücü var, cəsarətlidir, istəsə özündən zəif itlərin sümüyünü əlindən alar, dava-dalaş salar, növbəni pozar. Amma gücündən istifadə edib özündən zəif itin sümüyün əlindən almır, oturub ona nə vaxt sümük verəcəyimi səbrlə gözləyir. Adi küçə itidir. Bağça, məktəb, parta, yazı taxtası, təlim-tərbiyə, müəllim, universitet, tarix, ədəbiyyat, fəlsəfəyə aid kitablar görməyib, di gəl sən bu itdəki mərifətə, qanacağa, gözütoxluğa bir bax. Hə, deməli, şəraitdən asılı olaraq artıb və azalsa da bəzi ali keyfiyyətlər canlının qanında, təbiətində, fitrətində olmalıdır.

Şəhərdə işim vardı. Mərkəzə tərəf getməli idim. İşimi görəndən sonra bir-iki saat piyada gəzmək də pis olmazdı. Ancaq iti bu vəziyyətdə qoyub getməyi şənimə sığışdırmırdım. Onun vəziyyəti ürəyimi parçalayırdı. Ona baxmaq məndən ötürü tam bir işgəncə idi. Yaxşı dost dar gündə tanınar.

Heyvan hüquqları ilə məşqul olan İrakli adlı tanışıma zəng edib, vəziyyət barədə ona məlumat verdim, ondan kömək istədim. İrakli dedi ki, indi “Azadlıq meydanı” tərəfdədir, yarım saata hadisə yerində olacaq. Bu İrakli çox əcaib bir tipdir. Əsil idealistdir. Başına özü kimi bir dəstə “dəli” yığıb. Harda bir küçə itinin, bir küçə pişiyinin burnu qanadısa, aləmi bir-birinə qatır. Özünün də olduqca ağıllı, mehriban, bəstəboy, sifətdən bir az çaqqala oxşayan bir iti var. Bu it bəzən adamın üzünə elə maraqla, elə diqqətlə, elə mənalı-mənalı baxır ki, özünü itirirsən. Bir az da qorxuya düşürsən. Fikirləşirsən ki, dəyəsən bu heç də it deyil, it cildinə girmiş adamdır. Bu dəqiqə dil açıb ağır, fəlsəfi bir sual verəcək və səni axmaq bir vəziyyətə salacaq.

Tiflis sirki İraklinin əlindən bezib. Nə vaxt sirkdə tamaşa göstərsələr İraklinin dəstəsi sirkin qarşısında heyvanların sirkdə oynadılmasına qarşı aksiyalar keçirir, şüarlar səsləndirib, plakatlar qaldırır, heyvanların insanları əyləndirməsini vəhşilik adlandırır.

İraklinin bütün məziyyətlərindən danışmaq fikrim yoxdur. Yazının sonlarındayam, artıq xeyli yorulmuşam, yoxsa İrakli haqqında məmnuniyyətlə daha əhatəli məlumat verərdim. Qısaca onu deyə bilərəm ki, bu İraklinin ulu nənəsi fransız olub. İnqilabdan əvvəl necəsə, nəyə görəsə gəlib Tiflisə çıxıb, geri qayıtmayıb, burada qalıb, İraklinin ulu babasına ərə gedib. İraklinin ruscası sadəcə mükəmməldir. Ən qəribəsi odur ki, bu adam rus bölümündə yox, gürcü bölümündə oxuyub. Deyirəm ruscanı belə gözəl necə öyrənmisən? Deyir, nənəm öyrədib. Bu cavab məni qane etmir. Çünki rus bölümündə oxumadan ruscanı bu dərəcədə yüksək səviyyədə bilmək heyrət doğuran bir haldır.

Doğrudan da düz yarım saatdan sonra İraklı metrodan çıxdı. Dərhal nəvazişli sözlər deyə-deyə, sığallaya-sığallaya əsl peşəkar tərzdə itin orasını-burasını qurdaladı. Özünə arxayın səslə qorxulu bir şey yoxdur dedi. İrakli tanıdığı veterinara zəng etdi. Veterinar dedi ki, mən ora gələ bilmirəm, məşğulam, iti qoyun bir maşına, gətirin klinikaya, burada itə baxaram. Bu küçə itini biz hansı maşına qoyub klinikaya aparaq? Hansı taksi sürücüsü bu küçə itinin maşına mindirilməsinə razılaşacaq? Bir də ki, bu it ömründə maşına minməyib, bunu taksiyə mindirsək panikaya düşə bilər. Ha fikirləşsək də münasib bir variant ağlımıza gəlmədi. Nəhayət, İrakli it sığnacağına zəng etdi, vəziyyət barəsində məlumat verdi. Zəngdən sonra mənə it sığınacağının fəaliyyətindən şikayətin bildirdi: “Özüm əvvəldən sığınacağa zəng etmədim. Sığınacağın fəaliyyətindən razı deyilik, orada itlərə yaxşı baxmırlar. Təsəvvür edirsən, sığınacağa keçmiş ovçunu direktor təyin etmişdilər. Aksiyalar keçirib onu ordan uzaqlaşdıra bildik. Keçmiş ovçunu sığınacağa direktor təyin etmək kimin ağlına gəlib? Dəlixanadır!”

Acmışdım. Metronun yaxınlığındakı köşkdən taxta peçenye, alma şirəsi aldım. Təxminən qırx dəqiqədən sonra sığınacağın xüsusi maşını parka daxil oldu…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020