Kamal Abdullanın kitabı Türkiyədə çap olundu

Kamal Abdullanın kitabı Türkiyədə çap olundu
4 sentyabr 2020
# 18:20

Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş” kitabı Türkiyədə çap olunub.

Kulis.az xəbər verir ki, “Kitabi-Dədə Qorqud” dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən Xalq yazıçısı, akademik Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş. Dansökülən variant” kitabı Türkiyədə çap olunub. Məşhur “Ötüken” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və ön sözün müəllifi Əli Duymazdır.

Nəşriyyat kitabla bağlı yazdığı annotasiyada qeyd edib ki, Azərbaycanda və beynəlxalq aləmdə çox sayda mükafatlara layiq görülən Kamal Abdullanın “Gizli Dədə Qorqud”, “Yarımçıq Əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” kimi kitabları bir çox ölkələrdə, o cümlədən, Türkiyədə də işıq üzü görüb.

Tərcüməçi Əli Duymaz isə yazdığı ön sözdə yeni nəşri son dövrlərdə Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayılan Kamal Abdullanın “Gizli Dədə Qorqud” seriyasından çap olunan “Gizli Dədə Qorqud”, “Sirr içində Dastan və yaxud “Gizli Dədə Qorqud”, “Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kimi əsərlərinin davamı olmaqla yanaşı, tamamilə orijinal əsər kimi xarakterizə edir:

“Əsərin Azərbaycanda 2017-ci ildə çap olunan adı “Kitabi-Dədə Qorqud poetikasına giriş. Dansökülən variantı”dır. Yazıçı bundan əvvəl çap olunmuş kitablarından iki hissəni də bu əsərin axırına əlavə etmək ehtiyacı duyub. Əsərdə qədim mətnlər kontekstində Dədə Qorquda yeni yanaşmalar var və bu yanaşmalar “poetika” anlayışı çərçivəsində bütövlük qazanır. Əsərdə qədim bir mətn kimi “Dədə Qorqud kitabı” anaxronik mətn, estetikpoetiklik, ilkin mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşması, birbaşa və məcazi məna sahələri kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. “Dədə Qorqud kitabı” mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövlərin izlərini öz canında daşıyan və buna görə də anaxronik bir mətn kimi saf-çürük edilməkdədir. Kamal Abdulla bu tarixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik keyfiyyətlərinə görə təhlil edir.

Kamal Abdullanın ən böyük zəhməti və əməyi “Kitabi Dədə Qorqud”u universal səviyyədəki dünya dastanlarının arasına qatmaq, beynəlxalq miqyasda tanıtmaq və qəbul etdirmək cəhdidir. Bu kontekstdə semantika, semiotika, fəlsəfə kimi sahələrin metodlarına da tez-tez müraciət etməkdə, dünya ədəbiyyatının monumental əsərləriylə Dədə Qorqudu müqayisə etməkdədir” – deyə, tərcüməçi kitaba yazdığı ön sözdə qeyd edir.

Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

“Mifoloji dan söküləndə bədiipoetik enerji axtarışları” adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədiipoetik enerjinin təzahürü, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.

“Xüsusi qurmalar ibtidai bədiipoetiklik vasitələri kimi” adlanan ikinci hissədə “Sahmanlayıcı ünsürlər”, “Sadəlövh suallar”, “Təkrarlar ibtidai bədiipoetik quruluşun əsas vasitəsi kimi”, “Bədiipoetik yasaqlar. “Materialın müqaviməti” adlı fəsillərdə “Kitabi-Dədə Qorqud” mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin “bədiipoetik” qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Kamal Abdullanın bu fundamental tədqiqatı müasir Türkologiyada dil abidələrinin müxtəlif rakurslardan öyrənilməsi işinə böyük töhfə olmaqla yanaşı, həm də tükologiyanın sərhədlərinin genişlənməsi üçün qiymətli mənbədir.

Gallery

# 3697 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər