news-inner
clock17:14 calendar-gray 02 Sentyabr 2020 view-gray1471 dəfə oxunub
view-gray1471 dəfə oxunub

Qızıl axtarıb meyit tapan qadın - Yeni hekayə

Kulis.az Həcər Paşayevanın "Atası ölməyib" adlı yeni hekayəsini təqdim edir.

Bütün çayların anası dağlardır – zirvələrdən doğulur.

Dizə qədər çatan su daşdan süzülmüş kimi dumduru idi. Diqqətini çəkən yalnız ayaqları ilə eşdikcə suyun dibindən, xırda daşların arasından üzə çıxan kütür-kütür, sarı qızıl külçələri idi. Əyilib birini götürdü. Ovcunun içi boyda külçə gün işığında bərq vururdu. O tərəf bu tərəfinə baxıb sıxaraq əlində saxladı. Bu dərəni tanıyırdı. Üç gün əvvəl burada istirahət etmiş, həkim rəfiqələri ilə koteclərin birində iki gün qalmışdı. Günorta birlikdə dərənin döşündəki köşkdə yemək yemiş, rəfiqələri yuxarı, otelə qayıtmış, Ədilə isə dərin və sıldırımlı dərədən axan çaya baxmaq üçün aşağı enmişdi. Gurultu qoparan çay burada çox iti axır, baxanda qorxu, vahimə oyadırdı. O, yarım qaranlıq dərədə xoflanaraq lap sahiləcən enməmiş, çaya on-on beş metr qalmış geri qayıtmışdı. İndi isə gur günəş işığı hər yeri işıqlandırmış, suyun dibində kiçik daşlar da aydınca görünürdü...

Gözünü açdı və tumbanın üstünə qoyduğu telefonda saata baxdı. Altıya işləyirdi. Yuxuda gördüklərini yenidən xəyalında canlandırmağa çalışdı. Yuxularını həmişə xeyirə yozurdu. İndi də öz-özünə:

-Qızıl səsdir, su aydınlıq. Xeyir olsun. Xeyir xəbərlər eşidərəm,- dedi.

Qalxıb geyinmək üçün tez idi. Stolüstü lampanı yandırıb tumbanın siyirməsindən bloknotunu götürdü. Hərdən cızmaqara etdiyi şeirlərini vərəqləməyə başladı. Çox sevdiklərindən bir neçəsini oxudu və elə bloknot əlində onu yuxu apardı.

Səhər işə gedəndə artıq yuxusunu unutmuş, başı həmişəki qayğılara qarışmışdı. Ədilə özəl xəstəxanada pediatr kimi çalışırdı. İxtisas bölgüsündə bu sahəni seçdiyi üçün həmişə peşmançılıq hissi keçirirdi. Xəstə uşaqların əzablarına dözə bilmirdi. Müalicə ilə bərabər maarifləndirici təbliğat da aparırdı. Ona müraciət edən valideynlərə şkafında saxladığı saqqız və müxtəlif yeyinti məhsullarının kağızlarını böyüdücü şüşə ilə oxuyur, şirniyyat paketlərinin, yağların və süni ağartı məhsullarının içərisinə qatılmış E seriyasından olan konservatların orqanizmdə törətdiyi fəsadları anladırdı. Ancaq faydası olmurdu. Çox vaxt valideynlər:

- Neyləyək, doxdur, uşaqdır, baxır ona-buna, istəyir. Məcbur qalıb alırıq. Çox vaxt uşaqlara “Cipsi” alanda biz də qoşulub onlarla yeyirik. Adam özünü saxlaya bilmir, - deyirdilər.

Bunu eşidəndə onu od götürürdü:

- Övladınız kəskin allergiyadır. Öskürür. Sinəsi xışıldayır. Yeməklərinə çox ciddi nəzarət lazım, - deyirdi.

Bəzən də:

- Ay doxdur, bunlar elə ziyandırsa, bəs niyə satırlar? - deyən valideynlərə:

- Onlar açıq şəkildə yazıb sizi uyarır və seçimi sizə buraxırlar. Onlara pul lazımdır, sizə, övladınıza isə sağlam can. Hansını seçirsiz? - deyib birtəhər başa salmağa çalışırdı.

Axşam işdən gələndə televizoru yandırdı, soyuducudan bir qutab götürüb ayaqüstə yedi və fincana çay süzdü. Nəlbəkiyə iki ədəd xurma qoyub divana uzandı. Çox yorğun idi. Gözünü yuman kimi səhərki yuxusu qəflətən gəlib gözü önündə dayandı: həmin dərə, çay yatağından üzə çıxan qızıl külçələri...

...Bundan sonra yayacan yuxuda gördükləri onu təqib etdi. Sakit bir yerə çəkilən kimi, və ya gözlərini yuman kimi gözünün önündə dayandı. Bəzən gecələr yuxusuna girdi. Sonda belə nəticəyə gəldi:

- Bəlkə, bu, həqiqətdir. Allah mənə yol açmaq istəyir. Ordan tapdığım qızılı satıb özümə şəxsi klinika açaram. Təqiblərdən, savadı, qabiliyyəti məndən qat-qat aşağı olan və mənə həsəd aparan həkimlərin rüşvət verib yuxarı vəzifədə işləməsindən istifadə edərək işimə əngəl olmalarından, xəyanətlərindən yaxam qurtarar,- deyə düşündü.

Yayda bacısı ilə danışıb birlikdə rayona getmək üçün dil tökdü:

- Üçcə günlüyə gedək. Yoldaşın rəhmətə gedəndən bir yerə çıxmırsan. Yarpızın yayınar. Həm də təbii kənd məhsulları alıb gətirərik. Yol pulunu, qalan xərclərini də özüm çəkəcəm. Sən mənə yoldaşlıq elə, bəsdir.

İstirahət mərkəzinə günorta çatdılar. Oteldə iki nəfərlik yer götürdü. Çarpayıya uzanıb nə məqsədlə gəldiyini düşünəndə özünə həm gülməyi, həm də acığı tutdu:

- Bir yuxuya görə durub o uzaqlıqda yolu gəldim bura. Eşidən nə deyər? Ali təhsilli, neçə ilin həkimi yuxusunda darı görmüş toyuq kimi varlanmaq həvəsinə düşüb, - deyə düşünür, sonra da,- bəlkə, doğrudan, qızıl var. Axı bu yuxu məni niyə bir belə narahat etsin? Az qala bir ildir bütün fikrimi məşğul edib. Burda nəsə var. Sabah gedib bu “nəsə”ni taparam, inşallah,- deyirdi.

Ədilə səhər oyananda hər yeri seyrək duman basmışdı. O, dərəyə heç günün işıqlı vaxtında hər oğul cəsarət edib enə bilməzdi. Nahardan sonra isti jaketni çiyninə salıb bacısı ilə otelin böyük bağında gəzişməyə başladılar. Çox qəşəng və müxtəlif ağaclar, güllər heyranedici idi. Adam burdan çıxmaq istəmirdi. Bacısı tünd nektar iyi verən çiçəklərin birini qoparıb iyləməyə başladı. O həyəcanla:

- Neyləyirsən? Sənin axı allergiyan var. Ziyan etməzmi? - deyə soruşdu.

- Özümü yaxşı hiss edirəm. Mən də istəyirəm, bunların ətrini duyam. Nə qədər hər şeydən qorunmaq olar? - deyə bacısı etinasız halda gülü iyləməkdə davam etdi.

Az sonra artıq duman tamam çəkilmiş, hər yer bol günəş işığına qərq olmuşdu. Orda-burda gizlənmiş böcəklər, divarların dibinə huşsuz düşüb qalmış eşşək arıları şən-şən vızıldaşmağa başladılar. O, bacısına:

- Sən qayıt otağa, mən bir bu tərəfləri hərlənim, gəlirəm,- dedi.

- Qoy mən də gəlim, bir yerdə gedək.

- Yox, bir az uzaq gedəcəm, sən tez yorulursan, qayıt otağa, uzan, dincəl,- deyə Ədilə israr etdi.

Bacısı sözü çevirmədi, salla-bulla yerişi ilə otelə qayıtdı. Ədilə hazırlıqlı çıxmışdı. Hər ehtimala qarşı qalın salafon torbanı kip qatlayıb cins şalvarının arxa cibinə qoymuş, sürüşməməsi üçün altı rezin dişli idman ayaqqabısını geyinmişdi. Dərə onu maqnit kimi çəkirdi. Elə bil kimsə onu təkidlə dərəyə çağırır, ora getməyin labüd olduğunu deyirdi. Bağçadan çıxıb geniş asfalt yolu o taya keçdi. Tək-tək tikilmiş köteclərin yanından ötüb dərəyə enən cığıra düşdü. Cığırın dolanbaclarına sement-betondan pillələr tökülmüş, kəskin sıldırımların kənarına ehtiyat tədbiri kimi yonulmamış nazik sallamalardan tutacaqlar bərkidilmişdi. Həyəcandan ürəyi döyünür, dizləri əsirdi. Çayın səsini eşidəndə həyəcanı lap artdı. Yuxusunda gördüyü yeri istiqamət götürüb çox ehtiyatla üzü yenişə enməyə başladı. Dərənin yamacında, orda-burdakı kiçik yastanlarda düzəldilən balaca köşklərə getmək üçün əsas yoldan cığırlar ayrılmışdı. Nə köşklərdə, nə də yuxarıda, koteclərin həyətində heç kim yox idi. Ağlına gələn fikirdən vahiməyə düşdü. Bacısını gətirmədiyi üçün peşman oldu. Sonra düşündü ki, çox qorxaq olan bacısı o cığırın ağzından aşağı bir addım da atmazdı. “Enməsə də, heç olmasa hara gəldiyimi bilərdi”, -deyə fikirləşdi. Bu düşüncələr qorxusunu daha da çoxaltdığı, əl-qolunu sustaltdığı üçün dərhal özündən uzaqlaşdırdı. Əllidən çox yaşı olsa da, çox çevik və sağlam, gənc qaldığı üçün dik sıldırımı enməkdə çətinlik çəkmədi. Dərə getdikcə qaranlıqlaşırdı. Köşklər artıq çox yuxarıda idi, çaya on-on beş metr qalmışdı. O, suya enən sonuncu kol-koslu dik yamacın döşündə dayandı. Enişini asanlaşdırmaq üçün gah sağ, gah sol ayağına dirənərək çox ehtiyatla yanpörtü aşağı enməyə başladı. Düz çayın sahilində, iri bir daşın üstündə dayandı. Bu çay, bəlkə də, axdığı min illərdir burada, bu dar, təhlükəli dərədə onu lap yaxından bu cür seyr edən, ağılsız risq edən ikinci bir adam görməmişdi. O donub qalmışdı. Su o qədər qalxmışdı ki, onun boyundan çox hündür idi və dərə dar olduğu üçün çox sürətlə, iti axırdı. Bura nəinki girmək, heç yaxına düşmək də olmazdı. Çayın dibinə diqqətlə baxıb nəsə görmək istədi. Ancaq heç nə seçilmir, yarımqaranlıq dərə və dərin su yatağı görünməz etmişdi. Lap gəncliyindən ekstrim yaşamağı, özünə adrenalin bəxş etməyi sevirdi. Lakin burda, bu dar dərədə ekstrim, adrenalin yaşamaq ağılsızlıq idi. O, bura endiyi üçün özünü danlayıb ehtiyatla dik yamacı qalxmağa başladı. Ayağı azca sürüşsəydi, yumalanıb düz çaya düşəcəkdi. Bir qədər yuxarı qalxıb təhlükənin sovuşduğu yerdə dayandı. Burdan çayın az hissəsi görünürdü. Yenə o hiss, o “nəsə” içinə doldu. Sanki dərədən uzaqlaşdıqca kimsə onu geriyə çağırır, bir də baxmağa təhrik edirdi. Kollardan, sallamalardan tuta-tuta yamacı qalxıb koteclərin həyətinə çatdı. Skamyada oturub nəfəsini dərdi. Üzünə düşən gün işığı bayaqdan içini qurd kimi gəmirən qorxunu tamamilə qovub apardı. Koteclərdə dincələnlər həyətə çıxıb tənbəl-tənbəl gəzişirdilər. Otelə qayıdanda bacısını görüb bərk təlaşa düşdü. Onun sifəti göyərmiş, gözləri qızarmış, burnundan su axır, dalbadal asqırırdı.

- Allergiya...! Bayaq dedim axı o gülləri iyləmə. İndi bu dad-aman yerdə sənə dərmanı hardan tapacam? Yanında varmı heç olmasa?

Bacısı təsdiq işarəsi kimi başını irəli əydi və atdığı dərmanın qutusunu tumbadan götürüb stolun üstünə qoydu. O, qapıdan çıxıb adminstratorun yanına qaçdı. İki dəqiqə keçməmiş bir banka qatıqla geri qayıtdı. Qatığa su və duz tökərək çaldı, ayran edib bacısına içirməyə başladı. Onun vəziyyəti günortadan sonra azca düzəldi və Ədilə:

- Sən burda belə qala bilməzsən. Bu gün çıxıb gedək, - dedi.

- Yox, gəl aşağıya - kəndə, Firuz müəllimgilə gedək. Çox tərifləyirdin onları. Mən də tanış olum. Bu gün qalaq onlarda, bir az özümə gəlim, sabah gedərik, - deyə bacısı etiraz etdi.

Firuz müəllimi çoxdan tanıyırdılar. Ərinin sağlığında hər il yayda ailəliklə gəlib onlarda kirayə qalar, bir evin adamı kimi qaynayıb qarışardılar.

Çox mehriban və qonaqpərvər ər və arvad köhnə tanışı görəndə yaman sevindilər. Gülnaz xanım dərhal isti çay süzüb gətirdi, sonra əl-ayağa düşərək yemək tədarükünə qaçdı. Firuz müəllim:

- Nə vaxtdır, buralara gəlmirsiniz. Kişi rəhmətə gedəndən ayağınız kəsilib, Ədilə xanım,- dedi.

- Vaxt olmur, müəllim. İş bir yerə tərpənməyə imkan vermir. İndi üç günlüyə gəlmişdik,- deyə Ədilə dilləndi.

Süfrə arxasında ordan - burdan söhbət edib köhnə xatirələri yada saldılar. Birdən Gülnaz:

- Ay həkim, sən Allah, o Əfləddin müəllim məsələsi necə olmuşdu? Yoldaşına sataşıb gülürdün,- deyib gülümsədi. Bacısı məsələni bilmədiyi üçün sual dolu nəzərlərini ona dikdi.

- Boş söhbətdir. Evə gedəndə danışaram, - deyə bacısına pıçıldayıb sözü yayındırdı.

Ancaq çay içə-içə həmin hadisəni təfərrüatı ilə xatırladı.

...Yoldaşı ilə Firuz müəllimin oğlunun toyuna gəlmişdilər. Toya bir gün vardı. Müəllimin dostu Elxan zəng vurub onları günorta təzə çay balığı yeməyə dəvət etdi. Yeni tanışlar görmək həvəsi ilə tez qalxıb getdilər. Evdə Elxan və arvadından başqa heç kim yox idi. Yarım saat sonra ortaboylu, sağlam sifətli, yamyaşıl gözlü bir kişi darvazanı açıb həyətə girdi. Nimdaş, kürəyi bozarmış pencək geymişdi. Ayağında köhnə, rezin qadın çəkələyi vardı. Əlində gətirdiyi bankanı ev yiyəsinə verib:

- Mən yeməyimi özüm gətirmişəm. Ət yeməkdən təngə gəldim. Lobya qovurmasıdır. Günorta mənə bunu verərsiz,- dedi.

Sonra Ədilənin əri Əsədlə tanış oldu:

- Əfləddin,-dedi.

Əsəd də adını deyəndən sonra kişilər dəhlizdə oturub açıq havada domino oynamağa başladılar. Dərədən axan çayın səsi eşidilir, bağçada quşlar həvəslə oxuyur, qızarmaqda olan çay balığının iştahaçan qoxusu gəlir, dəhlizdən görünən yamyaşıl kənd mənzərəsi adamı valeh edirdi. İnsan üçün bundan gözəl nə ola bilərdi? Ədilə həyatı tam dolğunluğu ilə yaşamağı sevir və ən kiçicik bir gözəllikdən zövq almağı bacarırdı.

Sonralar ərinin xəyanətləri barədə bilsə də, dişini sıxıb dözdü, övladlarını, onu sevməyənləri düşünüb səsini çıxarmadı. Anası da daim: “Boşanmış qızın taleyi halbahalın düz gətirməz. Onsuz da kişilərin çoxu elədir. Boşanıb neyliyəcəksən?”— deyə israrla boşanmamasını, söhbəti açmamasını demişdi. Ərinin qaba və kobudluğu, xəsisliyi, ailə qayğılarına etinasızlığı da onu bir tərəfdən üzürdü. Evdə kirayənişin kimi qalan ərinə bir-iki dəfə iradını bildirmiş, aldığı cavabdan çox qırılmış və birdəfəlik susmuşdu. Canından artıq sevdiyi adamın içinin bu cür çirkli, çürük olmasına tab gətirmək çətin idi. Əsəd öləndən sonra düşündü ki, onun bəd əməlləri olmasa idi, Ədilə ərinin ölümünə çətin dözərdi.

...Domino oynayanların artıq buzu ərimiş, səs-küyləri həyəti başına götürmüşdü. Oyun zamanı Əsəd Əfləddinə ərklə və bir az da kobud:

- “ Neynirsən, ə sən?”, “Bizi xam görmüsən?”, “Götür bu daşını burdan rədd elə”. “Sən öz növbəni gözlə”. “Əfləddinsən, əlfəccinsən, nəsən, sən heç oyunçu deyilmişsən ki”, - deyirdi.

Əfləddin də bir söz demir, sakitcə oyununu oynayırdı. Ev yiyəsinin və Firuz müəllimin bu adama çox böyük hörmətlə yanaşdıqları Ədilənin gözündən yayınmamışdı. Ona görə yoldaşının diqqətini yayındırmaq, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün soruşdu:

- Əfləddin müəllim, bir yerdə işləyirsinizmi?

Onun əvəzinə Firuz müəllim cavab verdi:

- Həkim, Əfləddin müəllim Moskvada böyük biznesin sahibidir. Bizim kəndin camaatının çoxu gedir onun yanına, “toçka”larında işləyib pul qazanır. Sovetin dağılan vaxtı çətin günlərdə bizim adamları acından ölməyə qoymadı. Elə indi də çox kömək edir. Sağ olsun.

Ədilə yenə soruşdu:

- Əfləddin müəllim, biznesiniz hansı sahə üzrədir?

- Həkim, ən çox “produkt” işidir. Əvvəl Çerkizov bazarında idik. Məişət texnikası-zad da var. Geniş biznesdir,- deyə Əfləddin çox ehtiramla cavab verdi. Ev yiyəsinin müraciətindən Ədilənin həkim olduğunu bilmişdi.

Birdən Ədilənin gözü yoldaşına sataşdı. Kişinin boğazı qurumuş, gözlərini təəccüblə Əfləddinə dikmişdi. Ədilə yenə:

- O bazar bağlandı axı. Ziyana düşmədiz ki?- deyə soruşdu.

- Həkim, ziyanımız çox oldu. İki milyon dollara qədər. Ancaq şükür, yenə yerini aldı hər şey,- deyə Əfləddin cavab verdi.

Yoldaşı bu sözləri eşidəndə sifəti tamam dəyişdi. Bayaqdan qarşısındakını kobud şəkildə dindirən adam birdən-birə:

- “Əfləddin müəllim, buyurun”. “Əfləddin müəllim, zəhmət çəkməyin”. “Əfləddin müəllim, qoy çağırım, çayınızı dəyişsinlər”,-deyə ona yarınmağa başladı. Bayaqkı adamdan əsər-əlamət qalmamışdı. Bu, Ədiləni yaman sıxırdı. Evdəkilər də yoldaşının səsinin tonunun dəyişməyini, “valın o biri üzünü çevirməyini” aydınca görürdülər. Ədilə evə qayıdandan sonra hərdən: “Əfləddin müəllim,”- deyib ərinə sataşırdı...

Ən uzun səfərlərin də sonu evdə bitir.

Səhər tezdən taksi ilə avtobus dayanacağına yola düşdülər. Yenə yol uzunu düşüncələrinin arasına həmin dərə girir, kimsə ruhunu arxaya, o dərəyə çəkir, getməyə qoymurdu. İçinə bir sıxıntı çökmüşdü.

...Oktyabrın əvvəli idi. Bu neçə ayı işlə, evlə və uşaqları ilə başı qarışsa da, həmin dərə, yuxu onu daim təqib etdi, gözünün önündən getmədi. Qəti qərara gəldi ki, psixoloqa müraciət etsin. Bezmişdi. Səhər işə gedəndə müayinə etdiyi xəstə uşağın valideynləri söhbət əsnasında həmin kənddən olduqlarını dedilər. Ədilə Firuz müəllimi, ailəsini soruşdu. Uşağın atası:

- Yaxşıdırlar, həkim. Ancaq bu il heç yağıntı olmadı. Yazda yağdığıdır. Suvarılmayan bütün əkin-biçin tələf oldu. Çayın suyu elə azalıb ki, elə bil tamam quruyacaq.

Onlar gedəndən sonra Ədilə sanki ildırım vurmuştək yerindən dik atıldı, son cümlə beynində şimşək kimi çaxdı: “Çayın suyu azalıb!” Dərhal Firuz müəllimə zəng vurub hal-əhval tutdu. O da təsdiqlədi:

- Həkim, bu ilki kimi quraqlıq olmayıb. Su olmadığı üçün bağ-bostan quruyub əldən getdi. Çayın suyu bir qırıq qalıb.

Evə gələn kimi tədarük görməyə başladı. Su keçirməyən materialdan tikilən və iri cibləri olan idman formasını və ayaqqabılarını, sintetik materialdan toxunmuş düyü torbasını yol çantasına atıb kimliyini də götürdü. Gecə yerinə girəndə nə düşündüsə qulplu kiçik aşsüzəni də çantaya qoydu. Sabah şənbə idi. Səhər tezdən avtobus dayanacağına sanki uça-uça gedirdi.

İstirahət mərkəzində çox seyrəklik idi. Yayda adam əlindən tərpənmək mümkün olmayan bağda heç kim yox idi. Yalnız yolun qarşı tərəfində olan kotecləri təmir edən on-on beş fəhlə cani dildən işləyir, “Drujba”nın zəhlətökən səsi gəlirdi. O, otelə daxil olmazdan əvvəl başını bağlayıb saçlarını yaylığın altında gizlətdi, iri şüşəli qara eynəyini taxıb sallabığ və üz-gözündən süstlük, kefsizlik yağan adminstratora yaxınlaşdı:

- Salam, mənə dörd-beş saatlığa otaq lazımdır. Evdən çıxanda bura müraciət etmək fikrim yox idi. Huşsuzluqdan kimliyimi də götürməmişəm. Üzr istəyirəm, belə alındı. Burdan maşın gəlib məni aparacaq. Yolda gözləməyim. Xahiş edirəm, yalnız dörd-beş saatlığına, - deyib eynəyin şüşəsi arxasından göyçək gözlərini ona dikdi..

Otaqlarının çoxu boş olan oteldə işsizlikdən və pulsuzluqdan bezmiş adminstrator açarı yavaşca çıxarıb stolun üstünə qoydu və Ədilənin verdiyi pulu alıb cibinə basdı:

- İyirmi birinci otaq, - dedi.

Sevinc hissi içini bürüdü. İyirmi bir ona uğur gətirən rəqəmdi. Açarı götürüb otağa getdi. Paltarını dəyişib idman formasını geyindi. Şalvarın topuqlarını rezinlə bərk-bərk bağladı ki , çaya girəndə su yuxarı qalxıb onu üşütməsin. Telefonunu döş cibinə qoyub zəncirini çəkdi. Aşsüzəni və torbanı da götürdü, kimliyini balaca stolun üstünə qoyaraq qapıdan çıxdı. Adminstrator foyedə oturub bloknotuna nəsə yazırdı. O, qapıdan çıxmaq istəyəndə qəfil geri dönüb admistratora:

- Mənə bir vərəq kağız verə bilərsinizmi? - dedi.

Kişi sanki birdən-birə canlandı, bloknotdan qoşa vərəq çıxardı və:

- Buyurun, qurbandır, gözəl xanım, - deyə vərəqi ona uzatdı.

O, geri qayıdıb otağa girdi. Qələmini çıxarıb vərəqə yazdı: “Uzun müddətdir məni narahat edən bir işin dalınca bura gəlmişəm. Qarşıdakı dərəyə həmin iş üçün gedirəm. Gəlməsəm, məni orda axtarın. Kimliyim stolun üstündədir”. Kimliyini vərəqin üstünə qoyub otaqdan çıxdı. Otelin uzun dəhlizini və həyəti, sonra yolu sürətlə keçib qarşı tərəfə adladı. Dərəyə enən cığıra düşəndə fəhlələrdən ikisinin ona tərəf gəlib təəccüblə arxasınca baxdıqlarını gördü. Onlar ilin-günün bu vədəsi tək-tənha bir qadının sıldırımlı dərəyə enməsi səbəbini, deyəsən, öz aralarında müzakirə edirdilər. O, arada başını qaldırıb həmin səmtə baxır, fəhlələrin ardınca gəlmələrindən qorxurdu. Ancaq onlar bir anda yox oldular. Deyəsən, iş icraçısı çağırmışdı. Aşağı endikcə gördü ki, yayda o gedəndən sonra köşklərin bəzilərinə gedən cığırlar enlənib, düzəldilib. Ən aşağıdakı, çaya yaxın sonuncu köşkə üç-dörd qarış enində yeni düz cığır açılmış, yerimək üçün yararlı hala salınmışdı. Ordan çayın sahilinə enmək yuxusunda gördüyü yerdən enməkdən daha asan idi. Həmin köşkə çatıb diqqətlə baxaraq enəcəyi yerləri müqayisə etdi. Köşk tərəfdən enmək daha asan olsa da, nəzərdə tutduğu yerə çayın içi ilə otuz-qırx metrə qədər getmək lazımdı. Köşkdə bir-iki dəqiqə dayanıb nəfəsini dərdi və bir küncə söykənmiş təqribən bir metr uzunluğunda ağacı da götürdu. Görünür, ağacı fəhlələr oraya qoymuşdular. Eynəyini çıxarıb stolun üstünə qoydu. Bütün cəsarətini toplayıb dua edə-edə, Allaha yalvara-yalvara üzüaşağı enərək çaya girdi. Su buz kimi soyuq idi, ancaq topuqlarını rezinlə bağladığı üçün yalnız ayaqlarını isladırdı. Ehtiyatla üzüaşağı həmin yerə addımladı və birdən bir şeyə çox təəccübləndi. Dərəyə gün düşmüş, çox işıqlı idi. Bu, onu ürəkləndirdi. Ədilənin ağlına da gəlmədi ki, dərəyə gün işığı ilin yalnız bu fəslində və bu saatlarda düşür. Artıq həmin yerdə dayanmışdı. Həmin yerdə! Bütün psixoloji imkanlarını səfərbər edib özünü ələ almağa, həyəcanını, qorxusunu dəf etməyə çalışdı. Ayaqları ilə, ağacla tələsə-tələsə çayın dibini eşib axtarmağa başladı. İşini tez bitirib burdan çıxmaq istəyirdi. Və budur, birdən eşdiyi çınqıllı qumun içindən sarı rəngə çalan balaca, qoz boyda kütür bir külçə... Qorxu, həyəcan və sevinc - hamısı bir-birinə qarışmışdı. Öz-özünə:

- Özünü topla. Gücünü həyəcana sərf etmə. Soyuq başla düşün və işlə. İndi özünü itirmək olmaz! Qətiyyən olmaz! - deyirdi.
Nə qədər möhkəm olmağa çalışsa da, həyəcandan dizləri əsirdi.
Üçüncü, dördüncü külçəni tapanda artıq xeyli özünə gəlmişdi. Əlində gətirdiyi aşsüzəndən istifadə edə bilmədi və qolaylanıb üzüaşağı tulladı. Aşsüzən sahildəki qayaya dəyib suya düşdü. Külçələri idman formasının ciblərinə yığır, ağzının zəncirini çəkirdi. Cibləri hərəkətinə mane olduğu üçün tapdıqlarını belinə bağladığı torbaya yığmağa başladı. Bir müddət sonra dərənin qaranlıqlaşdığını hiss etdi. Başını qaldırıb yuxarı baxanda günəş şüalarının dərəyə yox, qarşıdakı sıldırım yamaca düşdüyünü gördü. Artıq ağırlaşmış qiymətli yükü də onun hərəkət etməsini çətinləşdirmiş, külçələr isə tükənmişdi. Bəlkə də, daha dərin qazmaq, axtarmaq lazımdı. Ancaq onun belə bir imkanı yox idi. Çayyuxarı suyun içi ilə addımladıqca yenə yatağı eşir, köşkün tuşuna çatınca tələsik axtarırdı. Sudan çıxıb üzüyuxarı qalxmaq istəyəndə elə bil kimsə :

- Dur! Dayan! Geriyə!-deyə əmr etdi.

Arxaya, sol tərəfə baxanda ondan dörd-beş addım yuxarıda daralmış çay dərəsini eninə kəsən böyük kötüyü indi gördü. Aşağı düşəndə buna heç fikir verməmiş, yalnız üzüaşağı səmt alıb getmişdi. Kötükdən yuxarı kiçik gölməçə əmələ gəlmişdi. Ani olaraq qorxu içini bürüdü. Kötük yerindən tərpənsə, gölün ağzı açılar, bəlkə də, su onu apara bilərdi. Çaydan çıxmaq istəyəndə birdən kötüyün altından bu tərəfə çıxmış və qeyri –adi bir şey diqqətini cəlb etdi. Günəş şüaları hələ də qayalıqlarda əks edib dərəni işıqlandırırdı. Bir də diqqətini toplayıb baxdı: bu, insan əli idi. O quruyub yerində qaldı. Ədilə həkim idi və meyitdən qorxmurdu. Ancaq bu dərədə, belə əlahiddə yerdə meyit görmək ... İldırım sürəti ilə ağlından keçən fikirlərin ən optimalını seçdi, astaca irəli gəlib kötüyə çatdı və ələ bir də baxdı. Sonra bəridə olan daşların, çöküntü, çır-çırpı qalağının üstünə çıxıb qarnı üstə kötüyün üzərinə uzanaraq çayın dibini görmək üçün əks tərəfə aşağı əyildi. Su tamam bədəninə dolub üşütdü. Lakin çınqıl və çürümüş çör-çöplə yarı örtülmüş meyiti görə bildi. Meyit ağzı üstə idi və başı görünmürdü, yalnız belinin bir hissəsi, rəngi bilinməyən paltarı və bir ayağı görünürdü. Əli kötüyün altından bu tərəfə çıxmışdı. Ədilənin elə bil üstündən dağ götürüldü. Bir ildən çoxdu, onu qaplayan hansısa ağır bir yük, içini, düşüncəsini, ağlını sarmış narahat bir hiss onu tərk etdi. Köşkə istiqamət götürüb üzüyuxarı çox sürətlə dırmanmağa başladı. Köşkdən eynəyini götürüb ağacı yerinə qoydu. Quş kimi yüngülləşmişdi. Yuxarı çatanda nəfəsi tamam təngimişdi, lakin dincəlmədən kotecləri adladı. Nahar edən fəhlələr onu görə bilmədilər. Otelin dəhlizini də sürətlə keçib otağına gəldi. Zəng vurub taksi çağırdı. Ciblərinə yığdığı külçələri stolun üstünə boşaldıb torbaya yığdı. Yük çantasını qablaşdırıb gözləməyə başladı. Taksiyə minəndə artıq polisə necə və hardan xəbər verəcəyini tam yəqinləşdirmişdi.

Bakıya çatan kimi avtomat telefondan 102-yə zəng vurdu:

- Salam. Bu gün təsadüfən X rayonunun istirahət mərkəzinin yanındakı dərədə, çayın içində çoxdan ölmüş insan meyiti gördüm. Çayda eninə düşmüş bir kötüyün altına pərçimlənib. Mənə elə gəlir ki, kişi meyitidir. Ora əməliyyat istintaq qrupu göndərin. Yəqin ki, yiyələri, doğmaları var, - deyib dəstəyi asdı.

Evə çatanda yolun yorğunluğunu hiss etmirdi. Çantasını açıb külçələri yığdığı torbanı stolun üstünə qoydu, birinci dəfə görürmüş kimi, bir müddət baxdı. İçində əsla sevinc hissi yox idi. Ancaq nə müddətdi, daim gərgin olan psixologiyası sakitləşmiş, rahatlanmışdı.

Səhəri gün bazar idi. Qardaşının dostu zərgər Alikin nömrəsini tapıb zəng vuraraq görüşmək istədiyini dedi. Külçənin bir neçəsini götürüb onun yanına getdi. Zərgər qızılı görəndə sifəti dəyişdi:

- Bunları hardan almısınız?- deyə soryşdu.

- Satandan. Indi də sizə satmaq istəyirəm, - deyib gözünü qıyaraq zərgərə baxdı, - alacaqsınızmı?

- Baxaq, görək necə olur? Qiyməti necə razılaşacağıq, - deyə Alik külçəni əlində samballayıb, - babatdır, - dedi.

- Təmiz qızılın unsiyasından aşağı verəcəm. Qardaşımın yaxın tanışısız, ona görə bura gəldim, başqa alıcı axtarmadım. Səsi çıxmaz, - deyib yenə diqqətlə Alikin gözünün içinə baxdı.

- Əlbəttə, mən burda dura-dura niyə başqasını axtarasız ki?-deyə zərgər o dəqiqə təlaşını büruzə verdi.

Ədilə qiymətini danışıb külçələri satdı və evdə qalanların çəkisini dedi. Razılaşdılar ki, sabah görüşsünlər. Səhəri gün qalan külçələri də gətirdi və stolun üstünə qalaqlanmış pulları çantasına yığaraq evə qayıtdı. Adəti üzrə içəri girən kimi televizoru açdı. Xəbərləri verirdilər. Yayımlanan epizodlardan həmin dərəni tanıdı. Məlumatda on dörd ay əvvəl ailə üzvləri ilə istirahətə getmiş Qarabağ qazisinin dağda itkin düşməsi, meyitinin iki gün əvvəl tapıldığı bildirilirdi.

Sular iz saxlamır. Yalnız ruhun enerjisini öz sirli su yaddaşlarında saxlayır və bunu onlardan soruşmaq qeyri-mümkündür.

Hadisə yerinə gedən əməliyyat-istintaq qrupu heç bir cinayət izi tapılmadığına görə işi bağlayıb meyiti sahiblərinə təhvil verdilər. Qrupun tərkibində nümunəvi xidməti və profesionallığı, işlədiyi neçə illər ərzində bir dəfə də olsun rüşvət almaması ilə fərqlənən polis kapitanı Ruslan Tahirli də vardı .Tahirli hadisə yerindən altı-yeddi metr aşağıda çayın içində təmtəzə aşsüzəni görmüşdü. O, yuxarı baxaraq əşyanın buraya oradan düşə biləcəyi ehtimalının qətiyyən olmadığına əmin olduqdan sonra ətrafa diqqətlə göz gəzdirib susdu. Fakt çox müəmmalı idi. O, məlumatın bir qadın tərəfindən verildiyini bildikdə daha da təəccübləndi.

Koteclərin lap yenicə təmir olunduğu Ruslan Tahirlinin gözündən yayınmamışdı. O, səhəri gün otelə gəlib adminstratordan iş icraçısının telefon nömrəsini aldı. Zəng vurub bütün fəhlələrin nömrələrini əldə edərək, nəhayət ki, Ədiləni görən iki fəhlənin ifadələrini dinlədi. Dərəyə enib hər yeri diqqətlə araşdırdıqda sonuncu kotecin küncünə söykənmiş ağacın yenicə didilmiş ucunu nəzərdən keçirdi. Kapitan otelə qayıdıb müşahidə kamerasını tələb edərkən sallabığ adminsatorun qorxudan əl-ayağı əsməyə başladı. O, iki gün əvvəl bir qadının bir neçə saatlığa oteldə qeydiyyatsız qaldığını boynuna aldı. Kamerada üzü aydın görünməyən bir qadının oteldən çıxıb getməsi və bir müddət sonra qayıdarkən tamam su içində olduğu, böyük ciblərinin və əlindəki kiçik torbanın ağır əşya yığıldığı üçün aşağı sallanması aydınca görünürdü. Ruslan Ədilənin qaldığı otağın qapısını açdırdı. Otaqda İlk diqqətini cəlb edən stolun üstünə tökülmüş qum qarışıq zərli hissəciklər oldu. Zibil qutusundan götürdüyü yenicə əzilib atılmış bloknot vərəqindən aydın xətlə yazılmış sözləri oxumaqda çətinlik çəkmədi. O, dəhlizə qayıtdıqda stolun üstündə gördüyü bloknotu götürüb vərəqin ordan qoparıldığını da adminstratorun diqqətinə çatdırdı. Bərk qorxmuş adminstrator sirri öz aralarında saxlaması üçün yalvardı. Ruslan onun “günahından keçdiyini” bildirib susması üçün xəbərdarlıq elədi. Oteldən çıxanda sifətində bir məmnunluq və sevinc hiss olunurdu. Maşınına minib dağlara tərəf, dəfələrlə sınaqdan çıxmış, ağzıbütöv, ağıllı və cəsur çoban dostunun evinə getdi.

... Aradan bir aydan çox vaxt keçmişdi. Ədilə pulu xəstəxananın direktoruna verib şöbə müdiri keçmək işini hələ ki təxirə salırdı. Bu qədər əziyyətlə əldə etdiyi vəsaiti haqqı olan bir şeyi almaq üçün rüşvət verməyi özünə sığışdıra bilmirdi.

Bir gün xəstəxanaya müayinə üçün beş yaşlı oğlunu gətirən ana danışdı:

- Ay həkim, mən burdan uzaqda yaşayıram. Bu xəstəxanaya heç gəlməmişəm. Elə bil kimsə məni məcbur elədi ki, bura gəlim. Xatırlaya bilmədim ki, sizi harda görmüşəm.

Ədilə onun dediklərinə o qədər də əhəmiyyət vermədi. Gözü rəngi saralmış, zəif, xəstə uşaqda idi. Söhbət əsnasında qadın həyat yoldaşının olmadığını dedi.

- Şəhidmi olub? Yoxsa başqa səbəbdən? - deyə Ədilə soruşdu.

- Şəhid olmayıb, ancaq qazi idi. Neçə il Qarabağda döyüşüb. Özü işğal olunmuş dağ rayonundan idi. Müharibədə iki dəfə ağır yaralanmışdı. Biz evlənəndə yaraları hələ də ağrıyırdı. İl yarım əvvəl rayona istirahətə getmişdik. Rəhmətlik yaman dağ həvəskarı idi. Lap yuxarıda kənddə qalırdıq. Tez-tez bizi evdə qoyub tək-tənha dağlara qalxırdı. Bir gün o evdən çıxandan sonra elə güclü leysan yağdı ki. Ha gözlədik, gəlib çıxmadı. Bilmədik, başına nə gəldi. Polisə xəbər verdik, axtarıb tapa bilmədilər. Bu yaxınlarda ərimin meyitini həmin rayonda çayın içindən tapdılar. Kimsə görüb polisə xəbər vermişdi. Bir uşaqla qaldım tək-tənha. İşləmirəm. Dövlətin verdiyi müavinət isə uşağın müalicəsinə güclə çatır. İşə girmək üçün hara müraciət edirəmsə, üst-başıma, sir-sifətimə ac qurd kimi baxırlar. Atam, qardaşlarım kömək eləyir. Birtəhər dolanırq, - deyə qadın qüssə ilə cavab verdi.

Ədilə son vaxtlar ilahi bir yönəltmənin varlığına və hökmünə daha ürəkdən inanan bir insan kimi dərin və təmiz baxışlı gözlərini qadına zilləyib uşağı qucağına aldı:

- Bu uşaq korluq çəkib böyüməyəcək. Sizi burda işə düzəldəcəyəm, uşağı isə himayəyə götürəcəm. Onu hər şeylə təmin edəcəyəm. Elə hesab edin ki, atası sağdır, ölməyib,- dedi.

Az sonra xəstəxananın baş həkimi Ədiləni yanına çağırıb işlədiyi şöbəyə müdir qoyulması haqda əmr verdiyini söylədi. Ədilə soruşan iş yoldaşları və tanışlarına nə qədər desə də, rüşvət vermədən əmr almasına heç kim inanmadı. Baş həkim özü də bu əmri necə verdiyinə təəccüb edir, ancaq içində bir fərəh və yüngüllük hiss edirdi.








news-inner-user

16571 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020
“Avatar 2”nin çəkilişləri başa çatdı
16:22 29 Sentyabr 2020
İlk dəfə bu ifadəni işlədirəm... - Məşhurlar Qarabağ döyüşündən danışdı
15:06 29 Sentyabr 2020
Arif Babayev insult keçirtdi
14:16 29 Sentyabr 2020
Azərbaycanlı şair dünya yazıçılarına müraciət etdi – Mətn
13:30 29 Sentyabr 2020
Ermənilər Şuşadakı məscidimizə dəyişiklik edərək tarixi saxtalaşdırmaq istədilər
12:51 29 Sentyabr 2020
Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb
12:10 29 Sentyabr 2020
Sami Yusif: "Qarabağ Azərbaycandır" - Foto
11:35 29 Sentyabr 2020
Əməkdar artist cəbhəyə yola düşdü
11:11 29 Sentyabr 2020
“Kurtlar vadisi”nin Zazası xəstəxanaya yerləşdirildi
10:55 29 Sentyabr 2020
“Ana, əsgərlərimiz Murovu qaytardı!” - Fəridə yazır...
10:38 29 Sentyabr 2020
Polkovniki partlatmaq istəyən Səlim – İlqar Əlfioğlunun herkayəsi
08:55 29 Sentyabr 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020