writer1

İlham Əziz

Məqalə sayı

10
clock11:52 calendar-gray 13 Avqust 2020 view-gray2004 dəfə oxunub
view-gray2004 dəfə oxunub

Sərdarın atası və əlləri

Hər il mayın 7 də Sərdarın atasının doğum günü Qusarda - Aşağı Ləgər kəndində qeyd olunur. İki dəfə də mənə bu məclisdə iştirak nəsib olub. Hər dəfə yaşı səksəni ötmüş, dümağ, gur saçlı, üzündə illərin əzabını, bu yerlərin vüqarını gəzdirən İmaməddin kişi məni heyrətləndirib.

Çox danışmır, əvəzində mülayim rəftarı ilə, bu yaşda gördüyü işlərlə adamı təbiətlə harmoniyaya salır, tərbiyə edir. Fikir verdim, Sərdarla danışandan sonra İmaməddin kişinin gözləri daima uzaqlara zillənir. Bəlkə də Sərdara baxan kimi gəncliyi yadına düşür, keçirdiyi uzun ömür yolu gözündə canlanır.

Sərdargildə diqqətimi cəlb edən həyətdəki balaca əl damı oldu. Sən demə bu əl damı İmaməddin kişinin emalatxanası imiş. Evdə-eşikdə, əldə-ayaqda nə işlənirsə, hamısı bu qartal vüqarlı kişinin əlinin, zəhmətinin bəhrəsidi. Bu əllər tarix yoğurub, günləri kökə kimi səksən ildi yan-yana düzür.

Bu günlərdə “Kulis”də Sərdar Aminin “Atamın əlləri” hekayəsini oxuyanda özümü tuta bilmədim, gözlərim doldu.

Ümumiyyətlə Sərdarın yaradıcılığını çoxdan izləyirəm. Demək olar ki, nə yazıbsa, oxumuşam. Sərdarın ədəbiyyatla öz arasında bir sirri var. Və bu sirr hər yazısında cümlələrin arasından boy verib adamı dumana salıb azdırır.

“Atamın əlləri “ hekayəsində də o sirr əvvəldən sona adamı əldən salır. Hekayənin fonu alatorandı, heç nə gün kimi aydın deyil. Müəllif bilə-bilə bizi o alatorana salıb gəzdirir ki, biz bu toranlıqda hər dəfə bir sirr açanda xoşbəxt olaq, mənəvi zövqün bəqasını yaşayaq.

Hekayə həyətdə yeyib içən kişiləri gizlin izləyən qadının ilahi təsviri ilə başlayır. Bu təsvirdə ümumiyyətlə qadının necə sirli varlıq olduğu, min illərdi insan oğlunun hər dəfə fərqli yöndə izah etməyə çalışdığı qadını Sərdar işıqla, Günəşlə canlandırıb. Nuri Bilgə Ceylan “Bir zamanlar Anadoluda” filmində bunu qayaya düşən şimşəyin fonunda həll edib. Ceylanın qadını şimşəyin işığında var olursa, Sərdarın qadını Günəşin şəfəqlərindən doğulur.


“Günəş gur ağacların arasından həyətimizə günorta yol tapardı ki, onda da Reyhan xala şəfəqə qoşulub çəpərimizin kənarında görünər, uşaq çarığı kimi bərkimiş palıd yarpaqlarının arxasından bağımızı pusardı”.

Dini mətnlərdə insan əzalarının qiyamətdən sonra danışacağı vurğulanır. Sərdar Niftullah kişinin biləklərini bu dünyada dilləndirir, adamı öz əzaları ilə danışdırır.

Yazıçı Günəş şəfəqlərindən doğan qadını “bahar budaqlardan çəkilən kimi” bir anda hekayədən çəkib aparır. Dalınca boylana-boylana qalırsan...

Elə bu yerdə ikinci sirr adamı təngnəfəs edir. Uzaqlardan gəlib kəndin içində yoxa çıxan təpələr və onların kölgəsində yaranan dərələr...

Qəhrəmana qoşulub o dərlərə enib onları axtarmağa başlayırsan. Sərdar dərələri qadına bənzədir, o qadın dərələri ki, xanları, sultanları ağuşuna alıb sel kimi yuyub aparıb, içində batırıb.

Yuxu ədəbiyyatda ən çox işlənən mövzudur, müəllif ənənəni dəyişib, olanları yuxuda deyil, yuxu qabağı insanın özüylə mühasibə etdiyi vaxtları önə çəkib. Orda düşünür, daşınır, yuxuya “İlhamın gözəl qızlarının hörüyündə təslim olur”.

Təpələri atasının barmaqlarına oxşadır. O barmaqlar uzanıb hər tərəfdən kəndi əhatələməklə əlinin içinə yığır, o yerləri ovucuna alır. O dərələri tanıyır, amma bir dərə var ki, onun harda qurtamağını nə illah edirsə, tapa bilmir. Digər dərələrlə onu atası tanış edib, amma sirli dərə barədə atası danışmayıb. Atasının işarə vermədiyi o dərə hara gedib çıxır, özündə nə sirr ehtiva edir?

Biz günün birində qəhrəmanla o dərəyə enib sonuna gələndə qarşılaşdığımız mənzərə dəhşətli olur. Bu dərənin sonu qəbiristanlıqdı, Günəş şəfəqindən doğan o qadının qəbri, Reyhan xalanın məzar daşından boylanan, hara getsə, ona baxan gənclik şəkilinin olduğu yerdir.

Bir də hekayə boyu palıd yarpaqlarının xışıltısı eşidilir, əvvəli kövrək, sonu sərt olan bu yarpaqlar, ata və oğula işarədir.
Ümumiyyətlə hekayəni diqqətlə analiz edəndə, atanın oğula, oğulun ataya elastik cevrilmələrinin şahidi oluruq.

Sərdarın mətnləri film kadrları kimi bir-birini əvəz etdikcə rənglər, ab-hava dəyişir, amma bu dəyişkənlik elə aramla baş verir ki, mətnin istənilən yerindən oxumağa başlasan, yarımçıq olmur, hər hissəsi tamdır, bütövdür.

Hekayədə müəllif iki dünya arasında bağ qurur, Reyhanın gəncliyini danışdırır, onu o biri dünyadan səsləyir, özündən əvvəlki çağların havasını ustalıqla yaradır.

Sərdar əsil qatillər kimi hadisə yerinə bir də qayıdır. Onu qəbir daşından boylanan qadının gözəlliyi “tərkisilah” edir, bu sirr dərənin sirrindən də ağır olur.

“Qara mərmərdə ay işığı kimi ahəstə öləziyən barmaqlarına çatanda ürəyim dovşan balası kimi çırpınmağa başlayırdı.
Niyə məni bu yaşa qədər heç bir gözəllik bu qədər tərksilah etməmişdi? İlahi, bu nə sirdir?”

Hədislərdə var ki, qızdırma günahların kəffarəsidir. Qəhrəmanın da qəbiristanlıqdakı “günahdan” sonra qızdırması və bu qızdırma nəticəsində sirrinin atası tərəfindən açılması onu rahatladır, atasının yatağında yuxuya gedir.

Müəllif səhər tezdən qəbiristanlığa girib qoluyla onu qara sevdaya salan baş daşının üstündəki şehi silir: “Bir mən idim, bir məni gecədən səhərə qədər qızdırmada saxlayan qadın, bir də su tülündə pünhan qalmış bəşəriyyət...” Bu sətirlərdə adam islanır...

Hekayənin sonunda atasının açdığı sirr üfüqləri çilik-çilik edir.

“Atam mənə də eynisindən miras qoyduğu uzun barmaqlarını astadan
Reyhanın üzündə gəzdirdi. Ağıllı telefona öyrəşməyən barmaqları sensorda gəzişdikcə Reyhanın ekrana yaxınlaşdırdığım şəkli atamın əmriylə şıltaq-şıltaq tərpəndi. Kişi titrəyən barmaqlarını hərlədikcə Reyhan ekranın bu tinindən o tininə dəyir, sanki bundan həzz alır, qəhqəhə çəkirdi.”


Hekayənin dili, ahəngi, poetikdir, oxuyan adamın yaddaşının altında ocaq qalayır, alışdırır.


Sonda onu da deyim ki, hər il yazayağı İmaməddin kişinin Aşağı Ləgərdə qeyd olunan doğum günü ədəbiyyat adamlarının cəm olub sevindiyi az bayramlardan biridir. Allah bu festivalı davamlı etsin.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021