news-inner
clock14:48 calendar-gray 21 İyul 2020 view-gray1180 dəfə oxunub
view-gray1180 dəfə oxunub

Nənəmin karantin davası: "Məni burda basdırmayın!" – Qarabağdan yazırlar...

Kulis.az hazırda Ağcabədi rayonu Taxtakörpüdə ərazisində salınmış köçkün qəsəbəsində yaşayan laçınlı yazar Saqif Zeynalın “Nənəmlə karantin günləri” yazısını təqdim edir.

Pandemiya başlayan ərəfədə iyirmi səkkiz ildən sonra bizə ev verib təzə salınmış yardım qəsəbəsinə köçürtdülər. İndi camaatın çoxu heyvandarlıqla bağlı Daşkəsən yaylaqlarında, yaylağa getmək imkanı olmayanlar isə fermalardadır. Bəzi ailələr isə hələ də öz alın tərləri ilə yoğurub-yapdığı daxalları tərk etməməkdədir. Qınamaq da olmur, artıq daxallar onlar üçün tale ortağına çevrilib. İyirmi səkkiz il az vaxt deyil, bir igidin ömrüdür! Bu illər ərzində daxallara gəlin gətiriblər, qız köçürüblər, o daxallarda əzizlərinin gözlərini sığayıblar, nə çətin günləri arxada qoyublar...

Hazırda qəsəbədə bir neçə ailə yaşayırıq. Hərə qəsəbənin bir tərəfində öz yalnızlığına çəkilib karantin günlərini əritməklə məşğuldur. Məndə isə heç nə alınmır, heç nə. Belə yaşamağa öyrəncəli deyiləm, öz evciyəzlərimizdə ard-arda üç-dörd gündən artıq qalanda sıxılmışam həmişə. Orta məktəbi qohumların evində oxuyub qurtarmaq, sonra əsgərlik, sonra tələbəçilik, indi də başqa rayonda müəllimlik etmək... Bu minvalla təkliyə, sərbəst olmağa öyrənmişəm. İndi üç-dörd gün gəlib üç-dörd aya çıxıb. Hər şey yavaş-yavaş adiləşib getməkdə...

Hədsiz dərəcədə əsəbi və narahat olmuşam. Hövsələm yığışıb bir qırıq olub, səbrim də zədələnib. Düşünürəm, hövsələ səbirdən kiçik anlayışdır. Bütün günü tualetə getmək bəhanəsi ilə çölə çıxıb içəri girən uşaqlar kimi içəri ilə çölün arasında qalmışam. Məngənə arasında sıxılırmış kimi sıxılıram bu günü-gündən daralmaqda olan içəri ilə çölün arasında. Nə içəri sığışıb evdə otura bilirəm, nə də çölə bel bağlayıb çöldə dayana bilirəm.

Gah içəri girib televizora baxıram, gah çölə çıxıb evin künclərində telefonu yuxarı qaldırıb set axtarıram, gah da nənəmlə məzələnib dava çıxardıram. Amma dörd aya yaxındır pəncərədən də olsa karantindən çıxa bilmirəm, səbir edib dözürəm, dayanıram.

Məcburi köçkün obasından fəryad - Vəziyyət acınacaqlıdır - FOTO

Hara getsəm, nənəm ordan çıxır. Bir yerdə duran deyil, civə kimi qaynayır arvad. Hal-hazırda küsülüyük, mən yazı yazıram, nənəm də arada narazı-narazı klaviaturanın düymələrinin səsinə çönüb baxır, yəqin axşama barışarıq, bir axşam düşsəydi... Təzə macəralar başlasaydı... Neyləyim, bu kimsəsizlikdə nə çıxıb gəzməyə bir park, nə bir meşə var. Getməli bircə yer var o da qəbiristanlıq...

Nənələr həm də zarafatlaşmaq üçün ən uyğun insandır. İllah da belə çətin gəlib keçən günlərdə. Hərdən bu misraları oxuyuram özüm üçün:

Karantin bərkiyib, sərtləşən zaman,
Yaxşı ki, dünyada nənələr varmış...

Nənəm bütün sutkanı sızıldayır. Vərdiş edib sızıldamağa, yuxuda da sızıldayır. Bunu da deyim ki, çox istedadsız sızıldayır, çox istedadsız. Sızıltısında zərrəcə melodiya yoxdur. Amma yenə də pis deyil, hər nə olandan sonra qoca sızıltısıdır. Günü-gündən qocalıq cavanlığı sıradan çıxardır, yerində daxili orqanları son xidməti hərəkətlərini yerinə yetirən mühərrik sızıltısı qalır...

Səsi tamam kökdən düşüb nənəmin, səs tellərinin çoxu aşınıb sıradan çıxıb. Arada ölüb keçənlərinə ağlayanda adam lap sıxılır. Yadında bir bayatı da qalmayıb, qocalıq hamısını silib-süpürüb yaddaşından. Görmüşük adam yaşlandıqca bayatılaşır, bunda isə əksinədir. Son zamanlar oxuduğu yalnız budur: “Ölürəm, ıııımm, ölürəm, ıııımm, ııımm”. Bunu həm də ağlayanda tez-tez nəqarət edir...

Bilmirsən, ölüyə ağlayır yoxsa özünə. O günü deyirəm, yalandan ölürəm deyib sızıldama, ölmürsən, sən üstünü kabus kimi alan qocalığı ağlından çıxarıb, qovmağa çalışırsan (məqsədim söz-söhbət yatarmaqdır). Qayıdır ki, indi sən istiyirsən, mən öləm? Bir az irəli, mənə tərəf əyilib - mən öləndə ağlayassan? - deyir. Mən də özünə tərəf otuz dərəcə əyilirəm, deyirəm, sən mənim ağlamağıma bel bağlama, nənə. Mənim ağlamağımın ipinin üstə odun yığmalı deyil, ola bilər ağlayaram, ola da bilər yox. Allah eləməsin öləsən, ölsən pensiya kartın da dünyasını dəyişəcək, Allah kartının ömrünü uzun eləsin. Deyir, amin bala, amin, Xudavəndi aləm sənin də ömrünü uzun eləsin! Sonra vəsiyyət edir: Mən öləndə məni burda basdırmayın. Deyirəm, narahat olma sən öləndə “Qırmızı Xaç Komitəsi”ylə danışıb səni Laçına aparacam.Bəlkə, sızıltın gəlib buralara çıxmaya. Bilirəm ki, sən öləndən sonra da sızıldayacaqsan.

Laçınsız 28 il

Söhbət arası deyir, bax gör, birdən kartımın vaxdı azalar, apar vaxtın uzatdır. Deyirəm qorxma, hələ iki min iyirmi ikiyə qədər ömrü var. Qayıdır ki, sənin acığına ölməyəcəm. “Imm, ölürəm” də həmişəki kimi öz yerində. İndi hal-hazırda nənəm öz aləmində mənim acığıma yaşayır.

Yuxarıda demişdim, getməyə bircə yer var o da qəbiristanlıqdır. Qəsəbə kəndimizin qəbristanlığına yaxındır. Qaçqınlıqdan bəri ölənlərimizi bu qəbiristanlıqda dəfn ediblər. Adam fikirləşəndə vahiməyə düşür, bu qədər insan bu qədər vaxta necə ölə bilər?! Dağ kimi adamlar yıxılıb ölüb! Elə adamlar ölüb ki, kəndimizdə yaşasaydılar azı yüzü vuracaqdılar!

Arada nənəmlə tutaşandan sonra gedirəm qəbiristanlığa, ölüləri salamlayıb düşürəm qəbiristanlığın canına, bir-bir baş daşlarındakı şəkillərə baxıram, ölüm və doğum tarixlərinin fərqini hesablayıram. Sinə daşlarına yonulmuş şeirləri, bayatıları oxuyuram. Kədəryönümlü şeirlər, qəmli bayatılar... Öz-özümə deyinirəm, burda ölənlərin sinə daşına bircə şey yazılmalı idi, yalnız bircə şey: “Vətən həsrəti ilə dünyasını dəyişdi”. Vəssalam! Qalanı mənasızdır.

Birdən cəbhədən atəş səsləri gəlir, göy üzündən iriçaplı silahların gurultusu keçir... Sonuncu məzarı da ziyarət edib qəbiristanlığı tərk edirəm. Yenə dönürəm içəri ilə çölün arasına. Anam şəritdə paltar sərir, atam çömbəlib, belini divara söykəyib üzü dağlara siqaret çəkir, nənəm sızıldaya-sızıldaya, təlaş içində qapıda fırlanır. Deyirəm, nənə, qocalıq səni, karantin də məni yumurtalı toyuğa döndərib.

Deyir, ədə, kəs səsini, eşidirsən, göy guruldayır, deyəsən, müharibə olacaq.

Deyirəm, narahat olma, bir azdan yağış yağacaq...

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020