Dilimiz ədəbiyyata yararsızdır

Dilimiz ədəbiyyata yararsızdır
21 noyabr 2012
# 14:16

Artıq neçənci dəfədir fərqli insanlardan bunu eşidirəm: Azərbaycan dili ədəbiyyat üçün yararsızdır”. İnsanların belə düşünməsində bir qəbahət varsa, bu qəbahət yaza bilən hamının, sonra da sıravi insanlarındır. Müəllimim şeir təhlil edəndə, şeirdə əvvəlki kəlmələrin təkrar işlənməsinə işarə edərək demişdi: “Dili zənginləşdirən xalq və sənətkarlardır, alimlər deyil”.

Bu kasıblığı şeir barədə desək; şeirlər yazırıq, amma bir şeirdə yeni kəlmənin olmaması müəllifin xəyal qısırlığının göstəricisidir. Eyni kəlmələrin yerini dəyişməklə ortaya yenilik qoyduğumuzu sanırıq.

Hisslər deyəcəksiniz. Hissləri qanunlaşdırmaq lazım deyil, amma elə ediblər. Eyni hadisəni yaşayan iki adamın eyni hissləri yaşaması mümkün deyil. Amma belə düşüncə var ki, kimsə
yıxılırsa, onun da ağrı-acısı əvvəlki yıxılanların hissləri dadındadır.

Şeir yazmağın da beləcə sərhədlərini çəkiblər. Ayrılıq, ölüm, sevgi acısı çəkən şeir yazır. Pis şey deyil. Kiçik İsgəndər qonaq olduğu bir verilişdə demişdi: “Hamı şeir yazır. Yazsınlar. Bunda pis nəsə yoxdur. İnsanların hisslərini tökə bilməsi və buna şeir adı verməsində qorxulu nəsə görmürəm. Zamanla hər parça öz yerinə oturacaq onsuz da”. Razıyam.

Tərz eyniliyi də başqa yaralı mövzudur. Bu qədər şeir var, amma yeni sözlər və tərzlər də o şeirlərin sayı qədərdirmi? Şeirlərdəki sözlərin sayı şeirlərin sayını keçirmi? Hazır xəyallardan bəhrələnirik. Bir şeirdə “gül-bülbül” keçəndə artıq həmin ifadənin hansı əsrdən, hansı ədəbi nümunələrdən həmin şeirə düşdüyünü bilirik.

Bəs öz sözlərimiz hanı? Öz xəyallarımızın sözləri? Nə zamana kimi hazır xəyallardan istifadə edəcəyik? Hazır tərzlərdə eyni kəlmələrin yerini dəyişərək nəsə yazacağıq?

Yəhya Kamaldan soruşublar: “Şair olduğunuzu nə zaman anladınız?” O da cavab verib: “Türkcəni hiss etdiyim zaman”.

Hazır xəyallar kəlmə mədəniyyətimizi öldürür, hər iki mənada dilimizi yadlaşdırır, onu yaranmağa qoymur. Halbuki yaradıcı adamın öz dili olmalıdır. İndi yazılan bir çox şeirin tərzinə baxanda, bu tərzin hansı şairə məxsus olduğunu bilmək olur.

Əvvəllər şeir yazmağa başlayanlar, özlərini dövrün böyük şairlərinə bənzətməyə çalışaraq yazmağa başlayıb. Amma bu dövrün üstündən əsrlər keçib. Yeni dil-üslub yaratmaq lazımdır.

Yeni xəyallar qurmaq, rənglənmək lazımdır. Klassik ədəbiyyatda insanlıq olduqca var olacaq mövzular işlənib. Sonradan bu mövzular, yəni şeirin sərhədləri genişlənib və sosial problemlər də şeirə gəlib. Bəs nəyə görə şeirin sərhədini genişləndirməyə davam etməyək?

Tanpınar “Ədəbiyyat üzərinə məqalələr” adlı kitabında deyir: “Bir şairin böyüklüyünü anlamaq üçün yaratdığı şeylər qədər, dağıtdığı, pozduğu şeyləri də nəzərə almaq lazımdır. Gerçək sənətkar dağıdaraq yaradar. Özundən əvvəl mövcud olan hiss və xəyal tərzlərini olduğu kimi istifadə edən sənət, ölü əsərdir”.

Yəni fərq etmir siz romantik şairsiniz, əməkçi, ya realist. Sizə görə şeir nədir? Qapalılığını qorumalıdır ya yox? “Sərvət-i Fünunçular” kimi qafiyənin göz yox, qulaq üçün olduğunu və ya əksini deyirsiniz, şeirin iç və çölünün necə olmasıyla bağlı fikirləriniz necədir və s.

Amma “Mənim üçün şeir texniki baxımdan önəmlidir” deyib şeiri sərhədləndirmək, hazır xəyallardan istifadəyə davam etmək də doğru sayılmamalıdır. Bu, şeirin sizin üçün nə olduğunu
deyib, hazır xəyallardan istifadə etməyə səbəb deyil. Hansı normaları qəbul etməyinizdən asılı olmayaraq ortaya dil qoymalısınız. Tanpınar deyib: “İnsan istifadə etdiyi qaynağın əsərini ortaya qoyar”.

Elə buna görə də araşdırmaq, oxumaq, öyrənmək lazımdır. Yeni “öz” yaratmaq və o “öz”ün yeni əsərlərini ortaya qoymaq. Parnasistlər kimi “Sənət üçün sənət” demək lazımdır. Hər sənətkarın, yaradıcı adamın öz dili olmalıdır. Kiminsə tərzini, xəyallarını qorumaqla çox iş görmək olmaz. Oğuz Atay kimi yeni dil istəmək lazımdır. “Yeni bir dil yaratmaq istəyirəm” deyib Oğuz Atay.

Siz baxmayın, “şeir dili” dediklərinə. Çərçivələmək üçün deməyiblər bunu. “Şair, sadə dil ünsürlərinə həyat verməli, qanadlandırmalı, onu zəngin obrazlarla doldurmalı, dili yenidən
yaratmalıdır”- deyir Nurullah Ataç.

Şeirin nəyi deməsi ilə birlikdə, nəyi necə deməsi də önəmlidir. Hər iki mənada dil yaratmalıyıq. Hazır materiallarla yenilik yaratmaq olmaz. Çünki, hər şey zamanla istifadə müddətini bitirir. Dil belə. Və sonra “Dilimiz ədəbiyyata yararsızdır” deyə bilirik.

Halbuki dil inkişafda olduqca ədəbiyyata yararsız olması deyə bir hal yoxdur. “Şair ən azından bir düşüncəni o günə qədər kimsənin ələ almadığı bir baxışla işləməlidir”- deyir Nurullah Ataç.

Dil lazımdır, dil!

# 2903 dəfə oxunub

Oxşar xəbərlər

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
# # #