Lampalar yerdən çiçək kimi cücərsin - Çağdaş fransız şeiri

Lampalar yerdən çiçək kimi cücərsin - Çağdaş fransız şeiri
22 iyun 2020
# 18:07

Kulis.az tərcüməçi Cavanşir Yusiflinin tərcüməsində çağdaş fransız şair, ədəbiyyat professoru Jan-Pier Lömerin şeirlərini təqdim edir.

Üzük

Kədər barmağına bir üzük taxdı
illər öncə.
Gücnən görünür indi
Az qala yadından çıxıb,
Ondan çox saatını, eynəklərini görürsən.

Ancaq bir səhər onu stolun, ya da mebelin üstündə unutsan
Bütün günü itib-batarsan, harda olsan...
Harda? Zamanın çənbərində, ancaq
barmağına taxdınmı
başqa şeylər qeybdən dönüb görünəcək əlbəəl...

Fəsillər gəlib keçdi gözlərin önündən,

səssiz-səmirsiz, görmədin
bağın lap dibində itib-batan heykəl kimi
O baxış... yağış damcıları, bir də günəşin şəfəqləriylə daşı dəlib keçdi.
Səni doğum günündən ayırıb qoparmaq üçün
daşla canın arasından keçən bıçağı izlədi, dalınca qaçdı bəlkə
Nəhayət içindən nəyinsə qopub ayrıldığını hiss edərsən
Azadsanmı?
Doğram-doğram ürəyinlə
Başları vurulmuş şəhidlər kimi düzü-dünyanı gəzib dolşamağın vaxtı gəldimi?

Sevgi sarğısını çəkər gözlərinə, yavaşca, səssiz-səssiz.
Şabalıd ağaclarının arasıyla
Heç zaman getmədiyin
cənub-qərbə aparan yol,
Bazak və Kompostel yolu...
Havanın ətri torpağa necə sinərsə
Bu da qəlbinin başına dönüb-dolanar hər gün.

Vətənə aparan yola düşən işıq
Zamanın o tayında qalan sevgilinin sənin içində böyütdüyü işıqmış...

O tayda, lampalardan düşən işıq
Sapsarıdır, çayın qaranlıq sahilində.
Kafedə gənc lal adam
Stolların küncünə
Mavi və çəhrayı zərfləri düzür
Üzərində ulduz falı, həmişə eyni

Oxuyuruq,
Oxuyuruq ki, geri qayıtsın,
Bütün lampalar
Yerdən çiçək kimi cücərsin,
Bir daha ...

Zaman

Zaman yaralara qaysaq gətirir,
Örtür yaraların ağrısını,
Orada
Yavaşca
Rozmarin çiçəkləyir,
Cahil dostların,
Uzaq düşmənlərin
Yabançı dili
Və Allahın səbri
Ürəkləri parçalayan
İldırımın qəlpəsi.

Şeir

Şezlonqda uzanıb baxırsan
Eynəklərinin arxasında
İstinin qovurduğu zəncirotunu görmürsən,
Talanın ən uzaqlığında
Mon-Blan
Ailənin bir üzvüdür...
Orda hava bir az sərinlədimi
Axşamlar
Pəncərə taxtasında özlərinə yuva quran
Qaranquşların çığırtısı eşidilir
Dünyanın ətcə balaları...
Şeir də belədir
Görmədiyin yerlərdən yığılır,
Gəlir, bir yerə toplanır,
Kim oxumursa
Ömrü bihudə keçər...


***

Hava durulan kimi küçələr düşəcək yadına
İndi keçmədiyin küçələr
Qoca çinar ağaclarının altıyla
Sənin küçəndəsə
Bibərlər
Potağallarla baş-başadı,
yanıb-sönən fənərlər baş-başa
Bütün günü qaranlıq yarpaqlara işıq salar.

Kilsə... küçənin sonundadı, həm də çox uzaq,
Gedə bilmzəsən
Zəng səsləri gəlir
Abid keçir
Bazar gününün ayini icra olunacaq səninlə.
Bu isə İsadır, yanına gəlir
Qəlbinin qırıqlarını bir-bir aydınladır sənin,
hətta dəhlizin başındakı sonuncu otağı da
Pəncərəsiz bir otaq,
Heç kimə, heç zaman açılmamış ...

Məktub

Hər gün
Albalı ağacının altıyla
poçt qutusuna tərəf gedirsən,
yağış yağsa belə,
Qayıdanbaş dünyanın bütün səsləri
Qoşulur sənə
Kale, yaxud Tur dö Fransa gedən miqrantların da
Torpağın və güllərin ətrinə qarışıb itir bu səslər...

Məktub nə gəzir (dostların çoxdan ölüb)
Evə gəldinmi adlara baxıb keçirsən
Hamının bildiyi olay,
Dəxli yoxdu, köhnə, ya yeni
gəlib qulağına çatanda
tək bircə söz
Səni yenidən tənhalığa atır...

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #