news-inner
clock08:55 calendar-gray 22 İyun 2020 view-gray2794 dəfə oxunub
view-gray2794 dəfə oxunub

Korona müayinəsindən keçən jurnalistin 5 manatı - Mirmehdi Ağaoğlundan yeni hekayə

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun yenicə yazdığı "Bayramdan bir gün qabaq" hekayəsini təqdim edir.

Evdən çıxandan əllərini ilk limandaca artıq yükündən qurtulmaq istəyən gəmi kimi üstündə gəzdirirdi. Taksidə hara qoyacağını bilmirdi, poliklinikaya girəndən də ciblərində qalmaq istəmirdilər, özbaşına buraxan kimi gah qeydiyyat bölməsinin rəngi bozarmış taxtalarını sığallayır, gah da üz-gözünü qurdalayırdılar. Gərək gözün üstündə olaydı. Hiss edirdi ki, mərkəzi icra hakimiyyəti orqanlarına tabe olmaqdan imtina edən üsyançılar kimi əlləri get-gedə nəzarətdən çıxır. Belə gərgin dövrdə isə nəzarəti boşlamaq olmazdı! Heç olmasa birtəhər əllərinin öhdəsindən gələrdi, bəs qonşu dövlətlərlə neyləsin? Onlar ki, özlərinin sərhədlərini tamam başlı-başına buraxmışdılar, karantin-marantin hərləmirdilər. Biri elə bu kişi. Sehrbaz kimi qəfil hardansa ortaya çıxıb sosial məsafə gözləmədən yanını kəsdirdi:

- Hara vurum bunu? – içinə ağ maye doldurulmuş – bu günlərdə o ağ maye yalnız spirt ola bilərdi – plastik sabun qabını hərbi qənimət kimi başının üstünə qaldırıb, balaca boy-buxununa uyuşmayan qalın, qart səslə dedi.

O da qeydiyyat şöbəsinin geniş, şüşəsiz pəncərəsinin o üzündə, kartoçkaların arasında itib-batmış gonbul tibb bacısı və onun sənədini yazan uzun, sarı saçlı tibb bacısı da diksindi.

- Nəyi? - Kartoçkaların arasında gəzişən gonbul tibb bacısı heç yerindən dəbərmədən laqeydcəsinə soruşdu.

- Bunu də, bunu – kişi pəncərənin ağzına gəlib sabun qabını qabağa uzatdı, - spirti.

O, bir addım geri atıb maskasını burnunun üstünə qaldırdı. Tərslikdən maskanı burnunun üstünə qaldıranda ağzından çıxan nəfəs eynəyinin şüşələrini tərlədirdi, heç nə görə bilmirdi.

- Biz nə bilək? – Bu dəfə pəncərənin o üzündə oturmuş, vəsiqəsinə baxıb sənəd dolduran sarı saçlı tibb bacısı dilləndi, - apar qapının azğına vur. Girən-girən əlini spirtləsin.

- Orda yer var? - Geri dönüb qapı tərəfə baxdı. - İşimi artırırsız. Allah bu korona çıxardanın evini yıxsın. Əcəb rahat yaşayırdıq. Onun əlindən bayramda rayona da gedə bilməyəcəyik. – Deyəsən, kişinin dərdi açılmışdı, yersiz söhbət salmağından belə çıxırdı.

- Qapının ağzı yer deyil? Özü də niyə gedə bilmirsən ki?

- Deyir, rayon qeydiyyatında olanlar bayramda getsələr qayıdanda onları Bakıya buraxmayacaqlar. Bir də ki, guya bayramda biz də işləyəcəyik, qalmışam girinc.

- Səni elə buraxmasalar yaxşıdı, - kartoçkalar arasında gəzinən tibb bacısı qəhqəhə çəkdi.

- Bəsdi, aaazz. Təqsir məndədi, sizə ürək qızdırıram, – kişi acıqlandı. – İndi bunu hara vurum, qapının ağzına vurmaq zülmdür, oranın divarı daşdır, bura isə taxta.

- Pəncərənin böyrünə vur, Famil dayı, - yan otaqdan çıxan, əlləri ağ xalatının cibində, dizdən yuxarı qara dar yubkada və gövdəsini ilan dərisi təki kip sıxıb balaca, yumru döşlərini bir cüt palçıq vulkanı kimi qabartmış boz rəngli vodolazkadakı gənc qız incə səslə dedi. – Qeydiyyata yaxınlaşanlar da əllərini spirtləmiş olarlar, - sanki bu xeyirxah təklifinin qarşılığında qeydiyyata yaxınlaşan qismində ondan bir təşəkkür, ya bir işarə gözləyirmiş kimi ona baxdı, bir an nəzərləri toqquşdu. Qadının üzündə maska olduğu üçün yalnız gözləri və qaşları görünürdü. Qara sürməli gözlərinin kənarları bir cüt badam kimi dartılmışdı, gözlərini qırpdıqca uzun kirpikləri zəncirotu kimi havada rəqs edirdi. Ona elə gəldi ömründə heç vaxt bu ecazkarlıqda gözlər görməyib. Qadın ona heyrətlə baxan gözlərdən nəzərlərini çəkdi, baxışlarını da özü ilə götürüb dəhlizin içinə doğru pərvazlandı.

Daha heç kəs onun sözünün üstünə söz demədi.

Koronavirus təhlükəsi yayılandan artıq neçənci dəfə idi belə gözəl gözlər görürdü. Əvvəl-əvvəl səbəbini bilməmişdi, lakin qadın gözləri qarşısındakı heyrətlərinin sayı artdıqca başa düşdü ki, buna səbəb həmin qadınların maska taxmaqlarıymış. Mavi tibbi maskalar insanları qorumaq kimi vacib missiyalarından savayı əsl konseptual rəssam bacarığı ilə çənə, ağız və burunun qabağını kəsərək başqa vaxt həmin bu insan orqanlarının gözəlliyini gizlədikləri gözlərin öz estetik qabiliyyətini üzə çıxarmasına şərait yaradırdılar.

“Öhö, öhö”. Sinəsində qumbara kimi partlayıb ağzından çıxaran öskürək yolüstü beynini də kulturoloji çırpıntılardan ayırdı: sən bura fəlsəfi-estetik düşüncələrə dalmağa gəlməmisən!

- Sahə həkimi yerindədir?

- Hə, - onun üçün kartoçka açan sarı saçlı tibb bacısı başını qaldırmadan cavab verdi.

- Beş dəqiqə gözləyin kartoçkanı doldurum, indi qalxarsız yanına.

Bayaqkı gözəl gözlü həkimin Famil dayı dediyi adam daha dinib-danışmasa da indi də çəkicinin danqıltısı ilə ətrafdakıları səksəndirməkdəydi.

“Sarı gəlin” kartoçkanı dolduranacan sağa-sola baxındı. Elə bil, zaman maşını ilə 30 il əvvələ qayıtmışdı. Eyni hündür dəhlizlər, pətək formasında eyni döşəmə daşları, pillələri yeyilmiş pilləkənlər, uzun, işığı soluxmuş taxta pəncərələr və bir-birinin yanında qardaşcasına sıralanmış, çoxunun rəngi saralaraq təbii arxiv boyasına bürünmüş kartoçkalar. Çox cüzi detallar bu köhnəliyi pozurdu, məsələn, divardakı dövlət rəmzləri, şəkillər və ya gözəl gözlü həkimin, yaxud tibb bacısının Famil dayısının divara vurmağa çalışdığı maye sabun qabı. O vaxtlar belə qablar, maye sabunlar nə gəzirdi, çıxdığı bir-iki ildi. Sovet hökuməti dağılan kimi rusun al-əlvan örtüklü “Balet”, “Svoboda”, “Alisa”, “Tik-tak”, “Çvetnoe”, “Yablonevıy çvet” sabunlarının yerini İranın əlyandıran göy sabunları tutmuşdu.

- Peşəniz nədir? – Qeydiyyatçı tibb bacısı onu xəyal aləmindən ayırdı, bayaq kartoçkaların arasında gəzinən gonbul tibb bacısı isə indi də hansısa sənədi yerbəyer edirdi. Axır vaxtlar yaman tez-tez uşaqlıq illərini xatırlayırdı, sanki ömrünün orta çağında sevinməyə heç nəyi yoxmuş kimi, tez-tez uşaqlığına dalar, ordan tapdığı xırda xatirələrin tozunu üfürüb ovunardı.

- Jurnalist.

Yazan qadın başını qaldırıb üzünə baxdı, guya adamın peşəsi alnına yazılırdı, o da yalan deyib-demədiyini yoxlamaq istəyirdi. Düzdür, belə bacarığı olan insanlar da az deyildi, amma sarısaçlıda bu fəhmin varlığına inanmağı gəlmirdi.

- Hə, lap yaxşı, - qadın təzədən başını aşağı saldı.

- Hazır. – Gözəl gözlü həkimin Famil dayısı ucadan dedi.

Kartoçkaların arasında gəzinən gonbul tibb bacısı pəncərəyə yaxınlaşdı, başını yüngülcə çölə çıxarıb pəncərənin böyrünə vurulmuş spirt dolu sabun qabına gözucu baxdı. – Yaxşıdır. Sağ ol, ay Famil dayı.

Burdakı bütün həkimlərə dayılıq etməklə yanaşı bayramda rayona gedə bilməməyi də özünə dərd edən Famil adlı bu balacaboy adam yanında gətirdiyi əzizgirami çəkicini də qoltuğuna vurub heç nə demədən çıxıb getdi. Heyf. Novruzda doğulduğu rayona getmək onun da sevimli adəti idi. Bakıda yaşasa da hər il martın iyirmisi səhər tezdən çıxıb kəndə gedər, qəbiristanlığı ziyarət edib, adətən günortadan sonra qayıdardı. Həmin gün bütün qohumlar orda olardı; dirilər də, ölülər də. Həsrətlilər vüsala yetərdilər. Xəstələnməsəydi və koronavirusa görə rayona getməyə məhdudiyyət qoyulmasaydı bəlkə bu il o da qovuşanlardan olacaqdı.

- Sizin sahə həkiminiz ikinci mərtəbədə, 16-cı otaqda oturur. – Famil dayının işini “kontrol” edən tibb bacısı üzünü ona tutdu. – İndi kartoçkanı verərik, qalxarsız yanına.

- Aha, yaxşı. – Maskanın altından səsi boğuq çıxdı.

- Nə əcəb indiyə kimi gəlib kartoçka açdırmamısınız? Özünüz də jurnalist. – Tibb bacısının kəşfiyyat xarakterli sualı bir bal gücündə istehza zəlzələsi ilə deyildi.

Ona elə gəldi ki, gonbul tibb bacısı özünü məşğul göstərmək üçün yalandan sənədlərin arasında gəzinir, halbuki əsl peşəsi gələnləri sorğu-suala tutmaqdı.

- Yəqin bu rayona təzəlikcə köçmüsünüz?

- Yox, 3 il olar.

- Onda, niyə?

- Bilirsiniz? – qadının nə deyəcəyini təxmin etdiyi üçün sözünü ağzında qoydu, iki dəfə yüngülcə öskürdü. – Əvvəl yaşadığım rayonda da poliklinikaya uşaq vaxtı gedənəm.

- Niyə? Həkimlərə inanmırsınız? – Toppuş sifətində yaranan təbəssümlə, elə bil, deyirdi ki, baxın, biz o həkimlərdən deyilik, sevgilisinə özünü istətmək istəyən yosma qızlar kimi bircə əndamını əsdirib cilvələnməyi qalmışdı ki, xoşbəxtlikdən nə onlar sevgili idilər, nə də bu yarı gimnastik, yarı flirt hərəkəti onun piy qatı içində yoğunlayıb morj bədəninə bənzəyən belinə yaraşırdı.

O biri tibb bacısı hələ də vəsiqəni o yan-bu yana çevirib yazırdı.

- Məsələ həkimlərə inanıb-inanmamaqda deyil. Lazım olanda xəstəxanaya, özəl klinikalara gedirəm. Ümumiyyətlə, həkimlərdən qaçanam.

- Çox nahaq! - yenə bic-bic gülümsədi.

- Mən bilsəydim sizin poliklinika belədi...

- Necədi?

- Uşaq vaxtı getdiyim poliklinikamızı xatırlatdı, çox xoşuma gəldi. Gərək çoxdan qeydiyyata düşərdim. İndən belə tez-tez gələcəm.

- Allah eləməsin, amma yenə də xoş gəlirsiz.

“Görəsən hamı ilə belə mülayim danışırlar, yoxsa onun jurnalistliyini görüb mülayimləşiblər?” - Öz-özünə düşündü.

- Buyurun, bu da kartoçkanız, ikinci mərtəbə, 16-cı otaq, - yazan xanım vəsiqə və sənədi uzadaraq dedi.

- Çıxanda sizə qaytarım?

- Yox, lazım deyil, həkimdə qalsın, - gonbul tibb bacısı yoldaşını qabaqladı.

- Oldu, çox sağ olun, - kartoçkanı alıb üzünə baxdı, - kənarına karandaşla “jurnalist” yazılmışdı. Gülümsədi. Belə çıxırdı, təzə açılmış xəstəlik tarixçəsini özü ilə yuxarı təkcə xəstə kimi deyil, həm də vacib bir xəbər daşıyan qasid kimi aparır: Ehtiyatla olun, gələn jurnalistdir!

- Nə verəcəm?

- Heç nə. Bura dövlət xəstəxanasıdır, hər şey pulsuzdur.

“Kargüzar” xanımın başının üstündə dayanmış gonbul tibb bacısı səmimiyyətlə gülümsəməyə çalışsa da üzündə hələ səmimi gülməyi tam öyrənə bilməmiş birinci kurs aktyorluq fakültəsi tələbəsinin naşılığı duyuldu.

- Bəs həkimə? – Onsuz cibində cəmi beş manatı varıydı, qalanı kartdaydı.

- Obsyolutno heç nə, - yenə eyni gülüş.

Səhər evdən necə canhövüllü çıxmışdısa bankomatdan pul çəkməyə macal tapmamışdı.

- Onda bu spirtdən siftə edim, - kartoçkanı qoltuğuna vurub əllərini sabun qabının altına tutdu, - qarşıdan gələn Novruz bayramınız da mübarək, - o da teatral şəkildə gülümsədi, deyəsən özündə daha səmimi alındı, amma birdən xatırladı ki, gülüşü üzünün çoxunu tutan maskanın altında qalıb hədər getdi.

Maskanı tarazlayıb pillələri qalxdı.

Bir həftəyə yaxın idi möhkəm öskürürdü, boğazı ağrıyırdı, qızdırması olmasa da halsızlamışdı. İşdə hər gün yarızarafat, yarıciddi deyirdilər, gəlmə, birdən koronavirus tutarsan, bizi də yoluxdurarsan. Yoluxma sayı artdıqca eyhamlar zarafatlıqdan çıxırdı. Üç gün idi işə getməyib bütün günü yatırdı. Novruz tətilinə bir şey qalmamışdı, yaxşısı evdə dincəlməkdi.

Bu gün gündüz öskürəyinin şiddətləndiyini görən həyat yoldaşı nömrəsini tapıb heç vaxt qeydiyyata düşmədikləri poliklinikaya zəng vurdu. Sahə həkimlərinin 12-yə qədər işdə olduğunu, bir azdan gedəcəyini öyrənib tez taksi çağırdılar, dərhal poliklinikaya yollandı. Elə bil yoldaşı da onun koronavirus ola biləcəyindən şübhələnirdi. Onsuz bu illət yayılandan evə girib-çıxmaq İsrail səfirliyinə girməkdən çətin olmuşdu. Yoldaşı evdə özü üçün xudmani Operativ Qərargah yaradaraq tez-tez onu və oğlunu yığıb mətbəx mizinin başında mətbuat konfransı keçirir, sərt qadağalar qoyurdu: maskasız bayıra çıxmayın, çöldən gəldiniz birinci hamama, 30 saniyə sabunla əlinizi yuyun, ayaqqabılarınızı çöldə çıxarın, çöl paltarlarınızı dərhal dəyişin, hara gəldi atmayın, çöldə əlinizi heç yerə vurmayın, işdir, vurduzsa spirtləyin və ən əsası əlinizi yumamış mətbəxə keçib qazanın qapağını açmayın, - sonuncu qadağa şəxsən ona aid idi.

Maskanı bir az aşağı saldı. Pilləkənləri qalxdıqca tövşüməkdən eynəyini tər tutmuşdu.

Bu da 16-cı otaq.

Sahə həkimi yerində yoxdu. Yan otaqda həkim və ya tibb bacısı olduqlarını müəyyənləşdirə bilmədiyi biri yaşlı, digəri cavan iki qadın çörək yeyirdi.

Qoca cavana dedi:

- Az, əlini yumusan?

- Hə.

- Qızım deyir, bu koronavirusun bir pis işi var, iştahla yediyin yeməyin ortasında birdən yadına düşür ki, əllərini yumamısan, bütün iştahan ölür.

Gülüşdülər. Söhbət ona da ləzzət elədi.

- O gün qardaşımın üçüncü sinifdə oxuyan oğlundan soruşuram, niyə dərsə getmirsən? Qayıdasan ki, koronavirus bayramıdır, hamımızı tətilə buraxıblar. – Bunu da cavan tibb bacısı dedi. Yenə gülüşdülər.

- İndiki uşaqlar yaman hazırcavabdır. Mənim nəvəm də...

Bir az qabağa gəldi ki, görsün cavan olanı bayaq gördüyü gözəl gözlüdür? O deyildi.

Qadınlar onu görüb söhbəti kəsdilər, yaşlısı dəhlizə çıxdı, nə istədiyini öyrənib, sahə həkiminin iclasda olduğunu, indilərdə gələcəyini dedi. Sahə həkiminin otağının qapısı açıq idi. Dəhlizdə oturmağa bir şey olmadığı üçün yaşlı tibb bacısı içəri keçib gözləməyinə bir söz demədi.

Ardınca özü də içəri girdi.

- Sizi də yeməkdən elədim.

- Eybi yoxdur, - qadın dedi.

- Nə iclasdır, koronavirusla bağlıdır? – Maraq xatirinə soruşdu.

- Hə, gücləndirilmiş iş rejiminə keçmişik. Bayramda da işləyəcəyik.

- Fatma xala, gəlirsən?

Yəqin yemək yeyən qız idi, süfrə yoldaşını səsləyirdi.

Yaşlı tibb bacısı geri boylanıb cavab verdi:

- Xəstə var.

Ona elə gəldi ki, qadın “xəstə” sözünü tibbi mənasında deyil, onları yeməkdən ayıran “axmaq adam” mənasında işlətdi.

- Mən dəhlizdə gözləyərəm, - çıxmaq istədi.

- Narahat olmayın, onsuz mənim də otaqda işim vardı.

- Gec gələr? Mənə demişdilər on ikiyə kimi burda olacaq.

- İndi gələr.

Keçib pəncərənin qabağındakı sumağı rəngli, meşin kətildə oturdu. Tibb bacısı isə şkafa yaxınlaşıb tibb ləvazimatları yerbəyer eləməyə başladı.

Otağı göz gəzdirdi. Burada hər şey – adını doğru-düzgün bilmədiyi bütün tibbi alətlər, sterilizə maşını, tibbi qazanlar, tərəzi, hətta pəncərənin qabağına qoyulmuş, uzun, meşin kətil, stolu-stul da sovetdənqalma idi. Sterilizə maşının üstünə kiril hərfləri ilə markası yazılmışdı. Elə bil müstəqilliyin ab-havası buralarda əsməmişdi. Açığı, buna təəssüf etməkdən sevindi. Hər bir əşya vaxtı ilə getdiyi poliklinikaları xatırladırdı. Sanki Tibb Tarixi Muzeyindəydi, fikirləşdi, görəsən Azərbaycanda belə bir muzey var? Ağlına gəldi ki, burada Sovet dövründən bəhs edən film çəkmək olar, əsl povilyondu.

- Nə əcəb buralar təmir etmirlər?

- Deyirlər, pul yoxdu. – Tibb bacısı ağ çuqun qabı şkafın üstündən götürüb şüşəli, hündür şkafa qoydu. Yaşlı qadın onun jurnalist olduğunu bilmirdi deyə poliklinikanın sirlərini belə səxavətlə dağıdırdı.

- Həkimə nə qədər verməliyəm?

Qadın ona sarı dönüb şübhə ilə baxdı.

- İlk dəfə həkimə gəlirsiz?

- Özəl klinikalarda əvvəlcədən hər şeyin qiymətini deyirlər, işini bilirsən, baha olsa da. Dedilər, dövlət xəstəxanaları pulsuzdur, biz də gəldik.

- Dövlət xəstəxanasının da adı var. Hər şeyi öz cibimizdən alırıq.

- Rentgen də olacam? – Yoldaşı rentgendən keçməyi tapşırmışdı deyə maraqlandı.

- Onu həkim deyəcək.

- Ona nə qədər verəcəm?

- Baxır də, 5 manat olmalıdır. Plyonkanı da özümüz alırıq.

Doğrusu, lap narahat oldu, birdən üzə düşüb pul istəyərlər, onda nə edər?

- Mən jurnalistəm. Əgər müayinə pulladırsa, lazımi idarələrə zəng vurum ki, xəlqi niyə aldadırsınız? Niyə xəstəxanaları dava-dərmanla, plyonka ilə təmin etmirsiniz?

Tibb bacısı tutuldu. Özü də bildi ki, nanəciblik edir, amma daha ox yaydan çıxmışdı.

- Jurnalistliyiniz bura qalıb? Guya həmişə doğruları yazırsınız? - Tibb bacısı şikayət tonunda dedi.

Tutuldu:

- Başqalarını deyə bilmərəm, ancaq mən...

Qadın sözünü ağzında qoydu:

- Saytlardan görürük. Yaşlıyam deyə elə bilməyin internetə-zada girmirəm.

Söhbətin belə gedişatı heç yaxşı olmadı. Anan yaşda qadını yeməyindən elə, sonra da hirsləndir. Vəziyyəti yumşaltmaq istədi:

- Tərslikdən üstümdə də pul yoxdur. Yaxınlıqda bankomat var? Bəlkə həkim gələnə kimi gedim pul çəkim?

- Daha özünüz bilərsiniz, - tibb bacısı acıq çıxmaq istədi.

- Əlbəttə, özüm bilərəm, - bu dəfə o da geri durmadı, - sadəcə öyrənmək istəyirəm, görüm iclas uzun çəkəcəksə, gedib bir bankomat tapım.

Elə bu vaxt içəri orta yaşlı bir həkim girdi.

- Sevil xanım, xəstəniz var. – Söhbət etdiyi tibb bacısı canını qurtarıbmış kimi dərhal dilləndi, - özü də jurnalistdir.

- Lap yaxşı, - üzünü ona tutaraq, - bağışlayın, gözlətdim, iclasdaydıq.

- Eybi yoxdur, mən qorxdum yetişmərəm, gedərsiz.

- Siz hansı ünvanda yaşayırsınız? - Həkim keçib masa arxasında əyləşdi.

Ünvanı deyəndən sonra həkimin sözü ilə gəlib qapının ağzında, həkimlə üzbəüz oturdu.

- Mən sizi heç görməmişəm.

- İlk dəfə gəlirəm.

- Şikayətiniz nədəndir? – Kartoçkanı açıb baxdı, bomboş idi. - Bu vaxta kimi niyə gəlib qeydiyyata düşməmisiniz?

- Açığı, həkimlərə çox elə yolum düşmür, bir az da səhlənkarlıqdan.

- Aydındır. Şikayətiniz nədəndir?

- Öskürürəm, boğazım ağrıyır. Qorxuram birdən koronavirusa tutularam.

- İndi yoxlayarıq. Temperaturunuz var?

- Yox.

- Ölçərik, - masaya bitişik tumbuçkanı açıb termometr götürdü. - Neçə gündü xəstəsiniz?

- Bir həftə olar.

- Son on dörd gün ərzində harasa səfər etmisiniz?

- Yox.

Termometri qabından çıxarıb uzatdı:

- Qoltuğunuza qoyun zəhmət olmasa. Xaricdən gələnlərlə təmasda olmusunuz?

- Yox.

Bu vaxt dəhlizdə yaşlı bir kişinin səsi eşidildi:

- Pulları kim yığır?

Kişi başını ağacdələn yuvasına soxulan ilan kimi qapıdan içəri uzatdı. Altdan yuxarı kişiyə baxdı, keçəldi.

- Sevil həkim, siz verdiz? Baş həkim dedi 1 manatdan yığırıq də, düzdür?

- Siz mənim yerimə qoyun, sonra qaytararam.

- Yaxşı, - kişi eynən ilan kimi başını təzədən yuvadan çəkib küləyin diyirlətdiyi dəmir qab təki hay-küy sala-sala uzaqlaşdı.

- Zəhmət olmasa, pəncərənin qabağına keçin.

Keçib gözlədi. Həkim kartoçkaya nəsə yazıb masanın üstündəki qabdan götürdüyü lövhə formasında taxta tibbi qaşığın kağız örtüyünü cırdı. Ayağa durub yanına gəldi.

- Ağzınızı geniş açıb dilinizi çıxarın.

Bir əlindəki fənəri ağzına tuşlayıb o biri əlindəki qaşığı boğazına soxanda öyüdü.

- Bir dəqiqə dözün, - həkim qaydasınca təpindi.

Boğazındakı yad cismin şıltaqlığından ürəyi ağzına gəlsə də birtəhər özünü saxladı.

Həkim işini qurtarıb dedi:

- Boğazınız şişib, yəqin soyuq su içmisiniz.

- Vallah, yadımda deyil, - çarəsizcə çiynini çəkdi.

- Termometri verin.

Termometri çıxarıb ehtiyatla uzatdı. Həkim baxıb:

- Hərarətiniz yoxdur. Zəhmət olmasa, üst geyiminizi çıxarın. Sonra sviteri qaldırın.

Pəncərəyə tərəf çevrilib gödəkcəsini soyundu, sviteri maykaqarışıq yuxarı qaldırdı. Həkim fonendoskopu kürəyinə yapışdırdı. Yad qadına bədənini göstərməkdən utansa da alətin soyuq təması utancaqlığı qovub canından çıxardı.

- Nəfəs alın, buraxın. Tələsməyin.

Uzun taxta pəncərə poliklinika binasının ortasındakı həyətə açılırdı. Həyətdə uca sərv ağacları, qızıl güllər, adını bilmədiyi bir neçə başqa gül kolları və bir də suyu qurumuş çarhovuz vardı. Ara-sıra ağ xalatlı qadınlar və kişilərlə yanaşı onun kimi müayinə olunmağa gələn xalatsız adamlar da görünürdü. Ağ xalatlıların arasında bayaqkı gözəl gözlü həkimi axtardı, tapmadı, əvəzinə onun Famil dayısı ordaydı, bu dəfə maskanı çənəsinin altına endirib bir başı hansısa yuvada gizlənmiş anakonda kimi yoğun, sarı şlanqı dartışdırırdı, balaca cüssəsindən pəhləvana bənzəməsə də Bəhramgur əjdaha ilə döyüşən təki şlanqla vuruşurdu, indicə boğacaqdı.

- Nəfəs alın, - sahə həkimi dama oyunçusunun dəqiqliyi ilə fonendoskopun başlığını kürəyində gəzdirirdi.

Poliklinika binasının o üzündəki qaynar şəhər ab-havasından uzaq, necə də sakit həyətdi! Lap xatirələr kimi! Bir anlıq xəyala qapılıb həyətin ortasında uşaqlıq çağlarını axtardı. Ona elə gəldi ki, uşaqlığını məhz belə bir sakit yerdə itirib, illərdi axtarsa da tapa bilmir.

- Köynəyinizi aşağı sala bilərsiz. – Həkim masanın arxasına keçərək dedi, - ciddi bir şey yoxdur. Hər ehtimala qarşı bir rentgen də edərik. İndi sizi yönləndirəcəm.

Rentgen çəkilişi etmək üçün bayaq pəncərədən baxdığı həyətdən keçib getdilər. Bura əsas binaya bitişik birmərtəbəli tikili idi. Sahə həkimi özü də onunla gəlib birinci otaqda gözləməyini xahiş elədi, özü içəri otağa girdi, sonra çıxıb rentgençinin yanında xəstə olduğunu bildirdi və getdi.

Gözləmə otağı adlandırıla biləcək bu yerdə köhnə, kəhrəba rəngində masadan başqa heç nə yox idi. İçəridə gəzindi. Həyətə baxan pəncərənin qabağında dayandı. Pəncərənin ağ taxtalarını və çirkli şüşələrinin kənarlarını hörümçək toru tutmuşdu. Ordan çarhovuza, ağaclara, həyətdən keçib gedənlərə baxdı, elə bil Sovet dövründə çəkilmiş filmdə idi. Yadına düşdü ki, o vaxt getdiyi poliklinikanın divarlarını gülümsəyən uşaq rəsmləri bəzəyirdi. Buranın divarları isə çılpaqlığından az qala utanırdı.

- Gəlin, - ondan əvvəlki xəstə çıxandan sonra rentgen həkimi səslədi. Həkimin arxasında dayandığı masanın üzərinə kart boyda plyonkalar yayılmışdı.

- Üst geyimini çıxarıb bura keçin, - əlilə göstərdi.

Rentgen həkiminin “bura” dediyi özü kimi qoca və çəlimsiz, amma iri rentgen cihazı idi. Beləsinin yeri çoxdan metal qəbulu məntəqəsi olsa da burda işlədirdilər. Adamın inanmağı gəlmirdi ki, taxılı biçilmiş zəminin kənarında atılıb qalmış xarab kombaynı xatırladan bu nəhəng cihaz insanın içalatını çəkə bilər. Qadın maşını işə saldı. Ona elə gəldi ki, içinə girdiyi cihaz indicə sendviç kimi onu sıxacaq. Qollarını yana açıb gözlədi. Qadın ölməkdə olan maşının xırıltısı fonunda hansısa qolu qaldırdı. Qarşısındakı paslıtəhər metal lövhəyə baxa-baxa fikirləşdi ki, bayaqdan onunla ünsiyyətdə olan, ona baxan həkimlərdən bircəciyi bayaqkı gözəl gözlü qız olsaydı, dünya dağılmazdı ki. Nədənsə həkimlərin heç biri o qız deyildi, dünya da dağılmırdı.

- Hazırdır, çıxın.

Əynini geyinə-geyinə soruşdu:

- Nə qədər?

- Heç nə, - yəqin sahə həkimi ondan qabaq içəri girəndə jurnalist olduğunu demişdi, yoxsa kimdir havayı şəklini çəkən?

- Rentgenin kağızını dövlət verir?

- Birtəhər edirik, - həkim kartoçkasını doldura-doldura cavab verdi, - nəticəni sahə həkiminizdən öyrənərsiz, 3 günə bilinəcək.

Qoca qadına yazığı gəldi, görəsən bu illər ərzində nə qədər radiasiya udub?! Amma hələ sağdır. İstədi cibindəki yeganə beşliyi bu qadına versin. Sonra ömründə ilk dəfə həkimdə pulsuz müayinə olunmağını tarixə salmaq üçün fikrindən daşındı. Axırda qərara gəldi ki, pulu sahə həkiminə verər.

- Həkim, ciddi bir şey yoxdur ki? - Təzədən sahə həkiminin kabinetindəydi.

- Yox, sadəcə bir müddət yataq rejimində qalmalısınız. İndi sizə bir neçə iynə-dərman da yazacam.

- Koronovirus olmaram?

- Yox, sizdə onun əlamətləri görünmür. Amma hər halda ehtiyatlı olmaq lazımdır.

- Həkim, sizcə bu koronavirus ciddi təhlükədir, yoxsa? – Virusla bağlı gündə onlarla xəbər oxuyub-yazmasına baxmayaraq yenə də uşaq sadəlövhlüyü ilə soruşdu. Elə bil, bütün cavablar həkimin maska arxasında həbs olmuş dodaqları arasında gizlənmişdi.

- Bəli, ciddidir. Çində, İranda, İtaliyada yaşananları izləmirsiniz?

- Bəs nə edək? – Söhbət istər-istəməz işdə hər gün danışdıqları mövzuya istiqamətlənirdi.

- Gigiyena qaydalarına ciddi əməl etmək lazımdır. Maska taxın, sosial məsafəni gözləyin, insanların çox olduğu yerlərə getməyin, çalışın evdə qalın. Bax belə.

Hər ikisi susdu.

- Sizə iynə və dərman yazıram. İynə vurmağa kimsə var?

- Yoldaşım vura bilir, güclü iynədir?

- C vitaminidir, - həkim yaz-yaza dedi.

Cibindən beşliyi çıxarıb stolun üstündə qalaqlanmış kağızların arasına dürtdü.

- Həkim!..

- Neynirsiz? – Həkim başını qaldırmadan narazılıq elədi.

- Bekara şeydi. Əziyyət çəkirsiz. Həm də bayaq gördüm sizdən pul yığırlar. İcbari sığortaya keçdik, yenə də bu pis vərdişlər bizdən əl çəkmədi.

- Deməyin. Amma lazım deyildi. Yaxşı yadıma düşdü, reseptdə nömrəmi də yazmışam. Evinizdə qeydiyyatda olanların şəxsiyyət vəsiqələrinin şəklini çəkib mənim vatsap nömrəmə atarsınız.

- Niyə?

- Biz qeydiyyata almaq üçün gəlmişdik, sizdə heç kəsi tapa bilmədik. İcbari sığorta üçün lazımdır. Hamını qeydiyyata alırıq.

- Yaxşı.

- Sizin üçün bülleten açıram. Üç gün sonra gələrsiz, müayinə edərəm, lazım olsa üç gün də uzadaram.

- İyirmi ikisi?

- Bəli.

- İşləyəcəksiniz?

- Bəli, bayramda da işləyəcəyik.

- Sizin işiniz də ağırdır. Allah kömək olsun.

Resepti cibinə qoyub otaqdan çıxdı, pillələri aşağı endi. Əvvəl istədi qeydiyyat şöbəsinin qabağında bir daha spirtlənsin, sonra bayaqkı tibb bacıları ilə qarşılaşmamaq üçün fikrindən daşındı. Nəsə ona elə gəlirdi ki, tibb bacılarına bir şey verməməkdə pis iş görüb. Əlini bulamamaqdan ötrü ağır, taxta qapının uzun, dəmir qulpundan xərçəng təki iki barmağı ilə yapışıb birtəhər özünə sarı çəkib çölə çıxdı.

Çöldə yazın gəlişindən xəbər verən günəşli hava vardı. Maskanı çənəsinə endirib xəstə olmasına baxmayaraq soyuq havanı sinədolusu içinə çəkdi. Bu dəfə yaxşı qurtardı. Amma yenə də ehtiyatlı olmaq lazımdı. Dayanacağa tərəf gedə-gedə düşündü ki, qarşısına çıxan ilk apdekdəncə çoxlu spirt və maska alsın və bir də nə qədər çətin olsa da bayram tətili boyu evdə qalıb çölə çıxmasın.

Bu vaxt qabağına maska taxmış bir qız çıxdı. Qeyri-ixtiyari gülümsədi. Düşündü ki, koronavirusun gətirdiyi yaxşı şeylər də varmış: məsələn, gözəl gözlü xanımlar!

Oxşar xəbərlər