Anamın cehizlik dolabından çıxan dəvətnamə - Yeni hekayə

Anamın cehizlik dolabından çıxan dəvətnamə - Yeni hekayə
17 iyun 2020
# 12:09

Kulis.az Murad Muradovun “Köhnə dolab” hekayəsini təqdim edir.

Nə az, nə çox, düz yeddi il qərib eldə - Rusiya bazarlarında tər töküb işlədikdən sonra nəhayət, günəşli günlərinə, qızıl payızına, qarlı qışına həsrət qaldığım vətənə gəlib çıxa bildim. Allaha şükürlər olsun ki, çəkdiyim bütün əzabları, qanqaraçılıqları Bakıya gələr-gəlməz şəhərin sakit bir güşəsində aldığım ikiotaqlı mənzil mənə unutdura bildi. Yeddi ilik zəhmətim hədər getməmişdi. Artıq sinə dolusu nəfəs ala bilərdim...

Xırda-xuruş qayğıları da yoluna qoyub, əzizlərimi görmək üçün rayona - ata evimizə, qardaşımın yanına getdim. Keçən yeddi ildə kəndimizdə çox şey dəyişmişdi; ağaclara, damlara dırmanmış uşaqlar, hasarlardan boylanan qız-gəlin daha gəlib-gedənə göz qoymurdu. Çeşmədən su daşıyan, eyvanın qabağından küçə qapısınacan bütün həyəti tərtəmiz süpürən, küçəni başdan-başa sulayan, samovara od salan adamları da görmədim. Kəndin daşlı yollarında nə nal taqqıltısı, nə də araba cırıltısı eşidilirdi. Məscidin qabağındakı meydana yığışıb şirin-şirin söhbət edən, zarafatlaşan yaşlı kişilər də gözə dəymirdi. Sakitlik idi, yaman...

Uşaqlığımın keçdiyi bu kəndi xeyli gəzib-dolandım. Yeddi il əvvəl ürəyimi açdığım, amma “yox” cavabı aldığım Səbinəgilin evinə kənardan xeyli baxdım. Həyətimizi qonşunun həyətindən ayıran divara söykənib fikrə getdim. Baxışlarım hər yerdə atamı, anamı axtarırdı. Atamın bu həyət-bacadakı gur səsini eşidirdim. Gözümə həyətin bir küncündə anamın cehizliyi olan böyük paltar dolabı sataşdı. Dolaba yaxınlaşıb əlimi üzərində gəzdirdim. Rəngi solmuşdu, amma yan-yörəsində qırığı-filanı yox idi. Dolaba toxunduqca hiss etdiyim soyuqluq canıma titrətmə saldı, dolab sanki cana gəldi, qəribə cırıltı çıxardı. Dərhal da qapısı açıldı. Çox qorxdum. Ehtiyatla dolabın içinə baxdım: Geniş və qaranlıq idi. Kəsif bir iy burnumu qıcıqlandırdı. Anladığım qədər dolabdan gəlinbacım lazımsız əşyaları göz qabağından itirmək üçün istifadə edirmiş...

Yaxşı yadıma gəlir ki, o vaxt anam ən gözəl geyimlərimizi səliqə ilə bu dolabda saxlayardı. Hər axşam atam qazandığı pulları qabağına tökər, asta-asta sayıb, anama verərdi. Anam isə atamın qazandığı pulları, “dar gün üçündür” deyib, köhnə-küləş paltarların cibində, bu dolabda gizlədərdi. Qara ləkələr, pas düşmüş, şəffaflığını itirmiş, iç tərəfdə olan aynada, bir vaxtlar anam uzun və qara hörüklərini darayıb, ona çox yaraşan, ağ kəlağayısı ilə başını bağlardı. Atam, nimdaş olsa da, ona yaraşan kostyumunun sağına-soluna, mən də məktəbli formamın gözəlliyinə, tələbə adını qazanıb şəhərə gedəndə mənim üçün alınmış geyimlərin necə yaraşıqlı olduğuna bu dolabın aynasında baxmışdım. O, bizim evdə yaşanan hər bir hadisənin şahidi olmuşdu.

3-cü sinfin yay tətilində idik. Hər gün sinif yoldaşlarımı başıma yığıb kənd boyu aşağı-yuxarı gəzib, oynayardıq. Ara-sıra kənddə kimin bağında yetişmiş meyvə ağacları vardısa, o bağdan oğurluq edir, səssiz bir yerə çəkilib dərdiyimiz meyvələri iştahayla yeyərdik. Ogünkü meyvə oğurluğumuz Həcər arvadın bağına idi. Mən pusquda durub, gələn-gedən olsa, xəbər etməli idim. Fərid və Tural isə bağa girib sulu armudlardan dərməli idilər. Hər şey qaydasındaydı, amma birdən plan alt-üst oldu. Tural bizim hər ikimizdən kök idi. Onun çıxdığı budaq ağırlığa tab gətirməyib qırıldı. Tural daş kimi yerə dəydi. Səsə Həcər arvad çıxıb hay-həşir saldı. O, bizi görmüşdü. Güclə qacıb canımızı qurtardıq. Tural ağrıdan, işin korlanmasından əsəbiləşib yerdən yekə bir daş alıb, həyətə doğru fırlatdı. Daş Həcər arvadın çəmənlikdə olanlardan xəbərsiz gəzib-eşələnən toyuğuna dəydi...

Bir neçə saat evə getmədim. Axşamtərəfi gizlicə, qapını ehtiyatla açıb, həyətə girəndə atam məni həyət qapısında haqladı. Qulağımın dibinə dəyən şapalağın təsirindən ayaqlarım yerdən üzüldü.

“Bu, Həcər arvadın bağından oğurluq edib, yumurtlayan toyuğunun da daşla vurub ayağını sındırmağının cəzasıdır”, - dedi. Nə qədər and-aman etsəm də, nə atam, nə anamı inandıra bildim. Atam həyət qapısını çırpıb küçəyə çıxdı. Bir neçə saatdan sonra evə qayıdanda anama toyuğun ayağını mənim sındırmadığımı dedi. Onların danışığını mən də eşitdim. Atam bir kəlmə ilə belə könlümü almadı. Kiçik evimizdə özümə yer tapa bilmirdim. O gecə dolabın içinə girib səhərə qədər orda yatdım...

Axşama doğru günəş dağların dalında yox olanda mənim gəlişim münasibəti ilə eyvanın qabağındakı stolun üstünə ağappaq, tərtəmiz örtük salınıb, süfrə açıldı. Masa arxasında əyləşdik. Gəlinbacımın bişirdiyi kənd çolpasından, qaynar təndir çörəyindən dada-dada, məndən on yaş böyük qardaşımdan bir xahiş etdim:

- Olarmı anamın paltar dolabını şəhərə aparım?

Qardaşımla gəlinbacım baxışdılar. Vəziyyəti yumşaltmaq üçün dedim:

- Ev əşyaları almağa pulum çatmır, bu dolab çox işimə yarayacaq.

Ürəyimdən keçənləri bilirlərmiş kimi mənə “yox” demədilər...

Ertəsi gün dolabı kənddə taksi sürücüsü işləyən Tahir kişinin üstü yük üçün düzəldilmiş “VAZ 2106”sına yüklədik, mənim üçün qoyulmuş sovqatı yerbəyer edib, şəhərə qayıtdıq. Dolabı evimə sağ-salamat çatdırıb, boş otağın bir küncündə, divara söykədik.

Dolab boş evin sifətini xeyli açmışdı. Qəribə idi: dolab gözümə təzə, yenicə alınıbmış kimi görünürdü, hətta ona toxunanda belə, illərin yorğunluğunu canından qovmaq üçün çıxardığı cırıltı da gəlmirdi. Bu köhnə dolabda nəsə bir sirr olduğunu düşünürdüm. Dolabla canlı varlıq kimi danışmağa başladım. Astadan pıçıldaşırdı mənimlə. Ona keçmişimizlə bağlı xoş sözlər deyirdim. Yada salınacaq xoş olmayan uşaqlıq xatirəsi olsa da, Həcər arvadın toyuq hekayəsində məni bir tək bu dolab anlamışdı. Dolabı sığallayıb, təşəkkür etdim. Mətbəxə keçib bir parça bezi isladıb dolabın tozunu sildim. Tünd rəngli dolabın iki qapısı vardı. Nəm bezlə əlimi onun səthində gəzdirdikcə dolab sanki gözümdə böyüyür, ucalırdı. İndi mən onun qarşısında çox cılız görünürdüm. Dolabı tər-təmiz silib parıldatdım. Gəlinbacımın qoyduğu sovqatı yerbəyer etməyə başladım. Çantada parçaya bükülmüş bir məktub da var idi. Açdım. Məktubun içində toy dəvətnaməsi vardı:

“Sizi Akiflə Səbinənin toy məclisinə dəvət edirik”...

Siqaret yandırıb, dolablı otağa keçdim. Külək pəncərənin arxasında əsib fit çalır, yarpaqları yerə tökürdü. Görünən ay olmasa idi, cansıxıcı mənzərə yaranardı. Qaranlıq otağa pərdəsiz pəncərədən düşən gur ay işığı tən ortada, döşəmənin üzərində, pəncərənin şəklini əks etdirirdi. Əyləşdim. Külqabını da önümə qoydum. Siqaretdən dərin qullab ala-ala, uzun-uzadı, gözlərimi çəkmədən dolaba baxdım. Qəhər məni boğdu. Barmaqlarımı dolabın cilası getmiş dəstəyində gəzdirdim. İzaholunmaz bir doğmalıq, yaxınlıq məni özünə çəkdi. Dolabın qapısını açıb, içinə girdim, çömbəlib oturdum. İndi dünyada özgə heç nə yox idi: bir ev vardı, bir bu köhnə dolab, bir də mən.

# 4960 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #