Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz

Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
30 may 2020
# 09:00

Kulis.az Hüseyn Seyidzadənin 1966-cı ildə ekranlara çıxan “Yenilməz batalyon” bədii filminin təhlilini təqdim edir.

“Yenilməz batalyon” Qılman İlkinin (o, həm də ssenari müəllifidir) “Qalada üsyan” tarixi romanı əsasında çəkilib. Süjet real hadisələrə əsaslanır və 1905-ci il Qara dəniz donanmasında "Potyomkin" zirehli gəmisində üsyan etdiklərinə görə, Zaqatala qalasına sürgün olunan matroslarla yerli inqilabçıların birləşməsindən, Rusiya imperiyasına qarşı mübarizədən danışır. Filmdəki hadisələr də 1907-ci ildə Zaqatalada baş verir.

Gallery

“Yenilməz batalyon” filmini uzaq uşaqlıq illərində bir neçə dəfə izləmişdim. Uzun illərdən sonra filmə yenidən baxdım. Məncə, “Yenilməz batalyon” milli kinomuzun ən yaxşı əsərlərindən biridir. Hərçənd, Hüseyn Seyidzadənin yaradıcılığında “Dəli Kür” daha məşhurdur və kult filmlərimizdən biridir. Lakin “Yenilməz batalyon” rejissor, operator və bəstəkar işinin orqanikliyinə görə “Dəli Kür”dən əhəmiyyətlidir. Təəssüf ki, belə bir yüksək peşəkarlıq Seyidzadənin sonrakı işlərində o qədər də nəzərə çarpmadı. Halbuki, ildən-ilə yığılan təcrübə nəticəsində ortaya daha yaxşı filmlər qoyulmalıydı. Ola bilsin ki, kino aləmindəki intriqalar, büroktarik əngəllər, sarsıntılar rejissorun işinin keyfiyyətinə təsirsiz ötüşməyib. Ancaq “Yenilməz batalyon” da rejissora asan başa gəlməyib. 1960-cı ildə Bədii Şurada dəstəklənən ssenari 1961-ci ildə istehsal planından çıxarılır. Yalnız gərgin mübarizədən sonra 1965-ci ildə çəkilir.

Gallery

Yeri gəlmişkən, kinotənqidçi Aygün Aslanlının Fuad Poladov haqda yazdığı “Skafandrlı adam” kitabında aktyorun bir fikri bu kontekstdə maraqlıdır: “Seyidzadə "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsizsə, ssenariyə əlavələr eləməyə də icazə verin. Maklyarski, Rapopot nə qanır, Qatır Məmməd kimdi?! Onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. "Mən necə başlamışamsa, elə də bitirəcəm, ya da çəkmirəm" dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi "Qaynana"da nəsə eləməyə çalışırdı. İmkan vermirdilər. Hər tərəfdən sıxışdırırdılar onu. Çünki həddindən artıq ötkəm adam idi. Dili də vardı, dilçəyi də. Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi. Sözünü birbaş üzə deyirdi. Nə kinostudiyanın direktorundan qorxurdu, nə başqalarından. İstedadlı olduğu üçün və istedadına arxayın olduğu üçün belə xasiyyəti vardı. Bu da çoxlarının xoşuna gəlmirdi. Çünki özləri onun kimi cəsur ola bilmirdilər, olanlara da paxıllıq eləyirdilər, vurmağa, sındırmağa çalışırdılar. Seyidzadə isə sınan adam deyildi. Sınanda da birdəfəlik ürəyindən sındı və dünyadan getdi”.

Gallery

Qayıdaq “Yenilməz batalyon”a. İlk epizod simvolik başlayır. Matrosların Zaqatalaya sürgün edilməsi ilə bağlı söhbət edən yüksək rütbəli zabitlərin-ikibaşlı, heybətli qartal herbi arxasından göstərilməsi Rusiya imperiyasının məkrli siyasətinin vizual ifadəsidir. Gizli kamera metodu ilə çəkilən minimal təsvirlə səhnənin dolğunluğuna nail olunur.

Bəzi epizodlarda piano müəllimi Xavərin (Tamilla Ağamirova) ifasındakı musiqi təkcə natura yox, eyni zamanda əhvalatın fon musiqisi kimi səslənir, vəziyyətlərin alt qatını sezdirir. Rəis Kolpakovun (Mixail Puqovkin) evində təşkil olunan ziyafətdə Xavər Bethovenin əsərlərindən birini çalır. İfa zamanı zabit Dobrovolski (Vladimir Yemelyanov ) ilə Xavərin növbələşən iri planlarından istifadə olunur. Rusiya imperiyasının təmsliçisi ilə bolşevik ərini sürgündə itirmiş Xavərin mənalı baxışlarının toqquşması əqidə müxtəlifliyindən doğan gərginliyi eyhamlaşdırır.

Təsvir və musiqi, səs sinxronları dəqiq işlənilib. Milsalçün, matrosların cəza kimi yerində fasiləsiz addımlamasının baraban, yağış, külək səsi ilə müşayiət olunması, daha sonra matroslara görə həyəcan keçirən kədərli qadın protretlərlə əvəzlənməsi kinohekayəyə bədii-estetik güc, məna qazandırır .

Gallery

Yazılarımda milli kinomuzda musiqinin çox vaxt təsviri sıxdığını qeyd etmişəm. “Yenilməz batalyon” isə az filmlərdəndir ki, musiqidən ustalıqla isifadə olunur.

Bundan başqa filmdə birplanlı çəkilişlərdən istifadə edilib ki, bu zaman rakurslar da məharətlə dəyişir. Və təhkiyə boyu arxa planlar dinamik işləyir.

“Yenilməz batalyon” Xan Babayevin operator kimi son işidir. Filmin çəkilişləri zamanı səhhəti pisləşir və onu Rasim İsmayılov əvəz edir. Rasim İsmayılov xatirələrində qeyd edir ki, interyer və pavilyon çəkimləri Xan Babayevə aiddir: “O, gözəl portret ustası idi, işıqdan bacarıqla istifadə edirdi. Natura ilə bağlı kadrların rakurs, hərəkət çəkilişlərini mən lentə almışam. İşləmək üslubumuz fərqli olsa da, ümumən, filmdə bütövlüyə nail olmağa çalışmışam”.

Filmdən bir il sonra Xan Babayev boğaz xərçəngindən dünyasını dəyişir.

Matrosların çar hakimiyyətini devirməyə çağırışı fonunda plakatçı intonasiya filmin bədiiliyiə xələl gətirmir, inqilabi pafos yerinə oturur.

Gallery

Çəkilişlər əsasən Şəkidə və pavilyonda aparılıb. Zaqataladakı həbsxanada isə çəkilişə icazə verilməyib. Bu səbəbdən həbsxana Şəkidə qurulub (rəssam Nadir Zeynalov). Ev tikilən, işçilərin yük daşıması, kazarma səhnələri, dərzi Yusifin (İsmayıl Osmanlı) evi pavilyonda qurulub. Natura təsvirləri Şəkidə, bəzi epizodlar isə Oğuzda lentə alınıb. Döyüş səhnələrinə kaskadyorlar çəkilib. Eyni zamanda Azərbaycan hərbi dairəsinin hissələri də çəkilişlərdə iştirak ediblər. Kostyumlar və digər zəruri avadanlıqlar Moskvada sifariş olunub.

“Şərikli çörək” filminin rejissoru Şamil Mahmudbəyov “Yenilməz batalyon”da aktyor kimi rol alaraq Qaçaq Əlimərdanı oynayıb. Aktyor Muxtar Avşarovun dediyinə görə, Ələddin Abbasov Əlimərdan roluna sınaqdan keçməyib. Sonralar H. Seyidzadə onu “Dəli Kür” filminə Cahandar ağa roluna dəvət edib.

Filmi yadda qalan edən cəhətlərdən biri bəstəkar Cahangir Cahangirovun əsərləriydi. Teymurun (Ceyhun Mirzəyev) ifa etdiyi mahnını filmdə İslam Rzayev oxuyub.

Gallery

Əsas rollardan birini-Xavəri oynayan aktrisa, Rusiyanın xalq artisti Tamilla Ağamirova hazırda Moskvada yaşayır. O, rejissor, aktyor Nikolay Sliçenko ilə ailə qurandan sonra dünyada yeganə qaraçı teatrı olan “Romen" Moskva Musiqili-Dram Teatrında işləyib.

Qeyd edək ki, 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil edildikdən sonra ərazinin hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti burada qala inşa etdirir. Rusiyanın qalanı tikməkdə iki əsas məqsədi vardı: yerli əhalinin üsyanlarının yatırılması zamanı qaladan sığınacaq kimi istifadə etmək və hərbi dayaq məntəqəsi kimi yararlanmaq. Şeyx Şamil hərəkatı dövründə və Zaqatala üsyanı yatırılanda qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi olur.

# 15809 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
#
#
# # #