news-inner
clock13:18 calendar-gray 24 May 2020 view-gray1684 dəfə oxunub
view-gray1684 dəfə oxunub

Siz redaktor görməmisiniz! – Müsəllim Həsənov yazır...

Tərcümə və tərcüməçilərlə bağlı yayımladığımız tənqidi yazılar polemikaya səbəb olub.Kulis.azmövzuyla bağlı tanınmış jurnalist Müsəllim Həsənovun “Tərcümə və redaktə işi ilə bağlı bir neçə söz” məqaləsini təqdim edir.

Uzun illər (həm də sovet dövründə!) redaktə ilə məşğul olmuşam, hətta sovet dövründə bir tərcümə kitabım da nəşr olunub.

Yəni tərcümənin və redaktənin o “dövrünü” də görmüşəm, bu “dövrünü” də!

Bəli, bizdə bu gün tərcümələrin keyfiyyəti ürəkaçan deyil. Etimad Başkeçidin toxunduğu dublyaj məsələsi isə həqiqətən lap bərbad gündədir.

Amma tənqid etmək ən asan yoldur. İllah da sərt tənqid etmək...

Bəs neyləməli? Necə tərcümə etməli? Və ya necə tərcümə etməməli?

Biz tələbə olanda jurnalistika fakültəsində rus dilindən ictimai-siyasi ədəbiyyat tərcüməsi üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi. Və mən də tərcümə qrupunda oxuyurdum. Tərcümə müəllimimiz rəhmətlik Tofiq Rüstəmov bir dəfə işləmək üçün bizə mətn vermişdi: Fridrix Engels. “Kak ne sleduet perevodit Marksa?”

Əvvəla, tapşırıq beləydi ki, məqalənin adı necə tərcümə olunsun? “Marksı necə tərcümə etməli?”, yoxsa “Marksı necə tərcümə etməməli?” və s. və i.a.

İkincisi isə məqalədə Marksın əsərlərinin alman dilindən ingiliscəyə tərcüməsi problemləri təhlil olunurdu. Söhbət tərcümədəki qüsurlardan gedirdi. Və müəllif Karl Marksı məhz necə tərcümə etməməyin yollarını göstərirdi.

Yəni tərcümənin keyfiyyəti həmişə, bütün dövrlərdə müzakirə və mübahisə predmeti olub. Hətta ona qədər ki, ümumiyyətlə, tərcümə lazımdırmı?

Ona görə də müəllifin Nəriman Əbdülrəhmanlının tərcüməsini oxuya bilməməsi, Nadir Qocabəylinin tərcüməsindən heç nə başa düşməməsi və s. “biabırçı tərcüməçilərimiz” deyə haray salmasına əsas vermir.

Bəli, müasir tərcümələrin keyfiyyəti ürəkaçan deyil.

Əvvəla, problem Nəriman Əbdülrəhmanlıda, Nadir Qocabəylidə və başqalarındadırmı? Əgər kimlərsə cüzi qonorar müqabilində hələ nələrisə tərcümə edib ortaya qoyursa, bəlkə indiki tərcüməçilərin əməyini belə insafsızcasına yerə vurmayaq?

İkincisi, tənqid eləməyə nə var? Əgər sən tərcümələrin keyfiyyətini yaxşılaşdırmaq istəyirsənsə, götür Nərimanın bir tərcüməsini, təhlil elə, izah elə ki, “kak ne sleduet perevodit”. İzah elə ki, həmin Nəriman Əbdülrəhmanlı bundan sonra necə tərcümə eləsin? Nəyə diqqət etsin?

Götür, konkret bir əsəri, təhlil elə, de ki, filan cümlə, filan abzas elə yox, belə tərcümə olunmalı idi.

Tərcümənin, xüsusən bədii tərcümənin son dərəcə ağır iş olduğunu hamı bilir. Nəzərə alsaq ki, bizdə tərcüməyə verilən qonorar da qəpik-quruşdur, onda hansı keyfiyyətdən danışmaq olar?

Peşəkar tərcüməçi normal qonorar istəyir. Naşir yaxşı qonorar verə bilmir, deyir, beş yüz, uzağı min nüsxə ilə nəşr edilən kitabdan nə gəlir götürürəm, yaxşı qonorar da verim?

Naşir haqlı deyilmi?

Əlbəttə, haqlıdır. Əgər o, çap etdiyi tərcümə kitabını sovet dövründəki kimi 40 min, 50 min nüsxə ilə sata bilsəydi, yəqin ki, yaxşı da qonorar verərdi.

Yəni tərcümələr pisdir deməklə, problem həll olunan deyil. Məsələ kökündən, kompleks şəkildə həll edilməlidir.

Əgər 40 il orijinaldan tərcümə ilə məşğul olan xanım bu illər ərzində aldığı qonorarla özünə heç olmasa birotaqlı mənzil ala bilmirsə, başqası peşəkar tərcümə ilə məşğul olmağa maraq göstərərmi?

Əslində, məni bu yazını yazmağa tərcümə barədə cavan müəllifin ortaya atdığı müzakirə yox, illərdən bəri tanıdığım, şəxsiyyətinə hörmət etdiyim və o qədər də cavan olmayan Firudin Ağazadənin redaktorluq institutu barədə yazdığı qəribə fikirlər oldu.

Firudin Ağazadə yazır: “Ümumiyyətlə, bir mətni niyə redaktə edərlər?”

Firudin, sən nə danışırsan?

Əgər bir mətnin niyə redaktə olunduğunu hələ bilmirsənsə, onda, incimə, mən sənin yazı-pozu adamı olduğuna artıq şübhə etməyə başlayıram...

“Mən mətn yazmışamsa (tərcümə etmişəmsə), kim və niyə onu redaktə etməlidir? Yəni, o məndən yaxşı bilir, deyə?”

Redaktor müəllifdən və ya tərcüməçidən yaxşı bildiyinə görə redaktə etmir, Firudin! Redaktor (əsil redaktordan gedir söhbət!) məhz mətni redaktə edir, düzəldir, mətndəki kəm-kəsiri görə bilir və aradan qaldırır. Bu gün tənqid olunan tərcümələr bəlkə də ona görə bu kökdədir ki, həmin tərcümələr normal redaktor əlindən keçmir.

Yazırsan ki, “naşirdən xahiş etmişəm ki, mənim tərcüməmi redaktəyə verməsin. Sağ olsun, o da vermir. Çünki inanır”.

Firudin, əzizim, məni bağışla, bu fikrinlə də razılaşa bilmərərm!

Tərcümə əsərini redaktəyə verməyən, tərcüməçidən götürüb birbaşa çapa göndərən adam normal naşir ola bilməz! Məhz tərcümə mətni mütləq və mütləq redaktə olunmalıdır! Onu kimin tərcümə etməsindən asılı olmayaraq...

O, adam sənə inana bilər. O mənada inana bilər ki, Allah eləməmiş, ondan min manat borc istiyirsən ki, qonorar alanda qaytaracam, sənin dilindən kağız almadan min manatı çıxarıb ortaya qoyar. İndiki halda inanmaq isə… sadəcə gülməlidir.

Əgər bu fikirləri Kulis.az ın cavan müəllifləri yazsaydı, bəlkə də bağışlamaq olardı. Cavanların bu və ya başqa formada iddialarını son illər çox görmüşük. Amma az qala elə mənim qədər (bəlkə də çox!) mətbuat aləmində, nəşriyyat sistemində işləmiş, bu gün isə AzərTac-da çalışan Firudin Ağazadənin redaktorluq institutu barədə belə yazması, yumşaq desək, təəccüb doğurur.

Firudin, sənin bu gün AzərTac-da yazdıqlarını redaktor oxumur? Nələrisə düzəltmir?

Necə oxumaya bilər, əzizim?

Redaktəyə bu nə münasibətdir?

Bu nə sualdır: “Peşəkara nə redaktor?”

Məhz əsil peşəkar istəyər ki, onun yazdığını peşəkar redaktor oxusun.

Bu gün bizdə müəllif mətnlərinin də, tərcümələrin də bu kökdə olması həm də normal redaktor qıtlığı ilə, normal redaktə edilməməklə bağlıdır.

Kifayət qədər təcrübəsi olan adam kimi sənin redaktə işinə münasibətin bu qədər bəsitdirsə, onda təcrübəsiz cavanlardan nə gözləmək olar?

Bəlkə, deyəsən ki, redaktorluq institutu da “mənfur sovet rejimindən” qalıb?

Ümumiyyətlə, mən belə görürəm ki, sən bu dünyada normal redaktorla qarşılaşmamısan. Əgər belədirsə, çox təəssüf…

Amma mən belə redaktorları çox görmüşəm. Bəzən yazıya bir söz, bir şəkilçi artırılanda nələrin dəyişdiyinin şahidi olmuşam.

“Məni qınamayın, kiminsə mənim mətnimi redaktə etməsi mənə çox ağır gəlir. Buna öz mətnimə, sözümə burun soxmaq kimi baxıram”.

Bu fikirlərlə, necə deyərlər, lap gül vurursan, qardaşım!

Cavan vaxtlarımda Bəxtiyar Vahabzadənin iki publisistik kitabının redaktoru olmuşam. Özü də xalq hərəkatının elə bir vaxtında ki, əgər Bəxtiyar müəllim əlini qaldırsaydı, yüz min adam meydana toplaşardı. Amma o şan-şöhrətdə adam mənim - 30 yaşlı redaktorun işini heç vaxt onun “mətninə burun soxmaq” kimi qiymətləndirməmişdi. Baxmayaraq ki, mən onun yazdıqlarına kifayət qədər müdaxilə etmişdim. Bilirsən, Bəxtiyar müəllim mənə hədiyyə etdiyi kitabda avtoqraf kimi nə yazmışdı? "Bu kitabın yaranmasında müəlliflə bərabər əziyyət çəkmiş cavan qardaşım Müsəllim üçün böyük uğurlar arzusu ilə. 16.01.89".

Müəlliflə bərabər…

O kitabın adı “Gəlin, açıq danışaq” idi və birinci dəfə 50 min tirajla çap olunub satılmış, sonra daha 50 min nüsxə də nəşr edilmişdi…

Mən bilmirəm, bəlkə indiki redaktorlar özünü mətnin ağası hesab edir, istədiyi sözü, ifadəni dəyişməklə kitabın nəşrində son söz sahibi olduğunu sübut etməyə çalışır. Son illər nəşriyyatlarla sıx əlaqəm olmadığı üçün indiki vəziyyəti dəqiq bilmirəm. Amma bizim vaxtımızda mətnləri redaktə edənlər qətiyyən özlərini belə aparmırdılar və belə apara bilməzdilər. Əksinə, həmin sovet dövründə redaktorun düzəliş və əlavələri müəllifə ləzzət edirdi, mətnin daha da kamilləşməsinə yardımçı olurdu.

Bu müzakirələrdə kimsə yazmışdı ki, redaktor kitabın adında düzəliş edib, tərcüməçidən xəbərsiz. Əslində normal redaktor etdiyi düzəlişləri müəllifə (tərcüməçiyə) göstərməlidir ki, mən nələri dəyişdim, nə düzəltdim. Müəllifin razılaşmadığı məqamlar da ola bilər və bu məsələdə də qarşılıqlı razılığa gəlmək mümkündür. Əgər indi hansısa redaktor hətta tərcümə əsərinin adında dəyişiklik edir və bundan müəllifin xəbəri olmursa, artıq bu, anormallıqdan xəbər verir.

Ona görə də bütövlükdə tərcümə prosesinə münasibət, tərcüməyə görə ödənişlər və s. dəyişməlidir. Yoxsa “biabırçı tərcüməçilər” deyə hay-küy salmaq nəticə verməyəcək…

Bir də, dostum və qardaşım Firudin Ağazadədən fərqli olaraq mən deyirəm ki, redaktəsiz tərcümə olmaz!

Bunu qələminə hörmət etdiyim Şərif Ağayara da deyirəm. Çünki mənə elə gəlir ki, son vaxtlar saytda verdiyi yazıları “zamanın tələbi”nə uyğun olaraq, daha çox “sərtliyinə görə” dəyərləndirir…

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020