writer1

Samirə Əşrəf

Məqalə sayı

143
clock17:21 calendar-gray 22 May 2020 view-gray1720 dəfə oxunub
view-gray1720 dəfə oxunub

Göz yaşı yeməyə qarışan qız və “Həyati” rəqsi

Bu gün qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür; ömrünü saysız-hesabsız məclislərdə keçirən, el dili ilə desək pulunun qədərini hesablamağa hövsələsi çatmayan, barmaqları ilə qarmonun dillərini inildədən, insanları öz ifası ilə zülüm-zülüm ağladan, özü də qarmondan çıxan nalələrə qoşulub ağlayan Aslan İlyasovun.

Aslan İlyasov gözəl sənətkar idi. Ömrünün sonlarında amansız xəstəliyi ilə çarpışması, ölmək istəməməsi, onu sevənlərin yadından yəqin ki, heç zaman çıxmaz.

O, həyatının, canının, ömrünün qədrini amansız xəstəliyə yaxalanandan sonra dərk etmişdi. Üzü qibləyə uzadılanda belə kəfəni yırtıb çıxmış, ağır xəstəliklə yaşamaq, yaşamaq, yenə də yaşamaq istəmişdi.

Mənim Aslan İlyasovu sevməyimin isə çox nisgilli tarixçəsi var.

Onun ifasını rəhmətlik atam çox sevirdi. 2010-cu ilin əvvəllərində Aslan İlyasovun “Həyati” rəqsi çox böyük məşhurluq qazanmışdı. Hansı kanalı açırdımsa, Aslan İlyasov eynəyi gözündə, qarmonu da dizinin üstündə gözləri yumulu halda bu mahnını ifa edirdi. Ailəlikcə ağır və çətin günlər yaşayırdıq. Atam üçüncü dəfə insult keçirib yatağa düşmüş, biz isə ümidsizcəsinə həkimlərin atanızın bir, iki aylıq ömrü qalıb sözündən yapışıb qalmışdıq.

Yadıma gəlir, ilıq toyuq şorbasını qaşıq-qaşıq atama içirdiyim belə günlərin birində televizordan həmin musiqini eşidib ağlamışdım. Atam yeməkdən, içməkdən kəsilmişdi. O, yediklərini uda bilmir, hamısı ağzının kənarından yavaşca axıb anamın mənə cehiz verdiyi güllü çay dəsmalının üstünə tökülürdü. Gözümün yaşı atama yedirtdiyim şorbanın içərisinə qarışmışdı. Yəqin ki, həmin vaxt bu dünyada gözünün yaşını şorbaya qarışdırıb atasına yedirdən yeganə qız mən idim. O zaman rəhmətlik mənim ağladığımı görüb danışan baxışlarıyla yeyə bilmədiyi şorbadan imtina edərək üzünü divara çevirmişdi. Yatırmış kimi göstərmişdi özünü. Amma bilirdim, hiss edirdim ki, o, yatmır, başdan-ayağa əziyyət və iztirabdan ibarət yaşantısına, qaçqın taleyinə, ömrünün xəstə sonluğuna ağlayır, səssizcə göz yaşı tökürdü...

Atamdan sonra Cəbrayılda Hadrut ermənisindən alınan çarpayını, atamın çarpayısını qardaşımla köməkləşib dəhlizə qoyanda mən onun üz çevirdiyi divarlardakı əl izlərini, səngiməyən ağrılarla qovrularkən divar kağızına vurduğu xırda cırmaqların yerini gördüm. Dilsiz, ağızsız, sözlərini baxışlarıyla deməyə məcbur olan, xəstə, nisgilli insanın son nişanələrini...


Atam rəhmətə gedəndən bir neçə il sonra Aslan İlyasov da rəhmətə getdi. Ölməzdən əvvəl qarmonundan səslənən havalar kimi haray çəkdi. “Məni ölməyə qoymayın” dedi. Amma öldü! “Həyati rəqsi” isə lentlərdə qaldı. Başqa atası xəstə qızları ağladıb, göz yaşlarını şorbalara qarışdırmaq üçün.

REKLAM

Yazarın digər yazıları