news-inner
clock16:24 calendar-gray 29 Aprel 2020 view-gray979 dəfə oxunub
view-gray979 dəfə oxunub

Məti Osmanoğlunun hekayəsi: Heykəl

Kulis.az Məti Osmanoğlunun “Heykəl” hekayəsini təqdim edir.

O heykəl başın haqqı...

Milli andımız

Bir-iki dəfə yüngülcə tamsınıb, başını yastıqdan qaldırmaq istədi, udqunanda ağzında kəskin acılıq hiss elədi, ona elə gəldi, dili quruyub daşa dönüb. Axşamdan içdiyi cecə arağının acısı zəhər kimi dilinin üstündən boğazına çökmüşdü...

Yavaş-yavaş yuxunun əsarətindən çıxıb, ağlı üstünə gəldikcə qaranlıqda gözü alacalanır, hər şey gözündə böyüyür, gözünü yumanda axşamkı yığnağın ayrı-ayrı məqamları gah qırıq-qırıq gözünün qabağına gəlir, gah da qəfildən qeybə, beynindəki qaranlığa çəkilirdi. İndi, iş-işdən keçəndən sonra qəti anlayırdı ki, onu axşamkı məclisin üstündən alayarımçıq qaldırıblar, başlarından əkiblər.

Aşıq Puşkinin qoşa çinarın altına, Qaz Mahmudun “qazxanası” adlandırılan yeməkxanaya, məclisin “yetişmiş yerinə” gəldiyini dəqiq xatırlayırdı. Sonra da Yoğun Fərhad sazın aşığına bir “qırmızı onluq” keçirib demişdi ki, Kəlbəcər mahalından əziz qonağımız gəlib, onun xətrinə Səməd Vurğunun Kəlbəcərə səfərini, Aşıq Şəmşirlə görüşünü yada salsın.

Əhməd indi yerinin içində, gözüyumulu Aşıq Puşkinin “El havası” üstündə ağır-ağır oxumağını elə xatırlayırdı ki, elə bil sazın da, aşığın da səsi pəncərənin o üzündən gəlirdi:

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan…

Puşkinin sazının və sözünün havasından bir müddət sağlıqlara ara verilmiş, stəkanların cingiltisi susmuş, yemək ortada qalmışdı. Bu sakitlik Əhmədi sıxırdı. Bir yandan da şəppəxeyir Əlhəm – onun «uçeniki» dinc durmur, ağır məclisdə özünü apara bilmirdi. Arada əyilib Əhmədin qulağına: “Andır saznan yaxşı gedir, niyə vurmursan?” - demişdi. Əhməd bu yerdə dözə bilməyib, ayağa durmuşdu, “Xruşşov” stəkanını cecə arağıyla “çappa” doldurub, Aşıq Puşkinin qabağına yerimişdi, bərk-bərk o üzündən, bu üzündən öpmüşdü: “Belə yaralı sözlərnən dərdli sinəmizin dağının üstünə dağ çəkmə”, - demişdi (o, indi beyninin qaranlığında yanıb-sönən bu əhvalatı gün kimi aydınca xatırlayır, xəcalətəbənzər bir hiss keçirirdi).

Sonra da ağlamsına-ağlamsına Aşıq Puşkinə ərkyana təpinmişdi: “Ayrı şeydən danış, qoy camaat desin-gülsün, kef eləsin!” Dönə-dönə yalvar-yapış eləmişdi ki, ərgənliyində anası Şirinlə Kosalı kəndinə Gülnisəyə elçi getdiklərini danışsın. Aşığa: “A xalası göyçək, a xalan… belə-belə, - demişdi, - bunu yaman uydurubsan. Əlinə keçsən, Şirin səni cıracaq”.

Aşıq Puşkin «gözlər üstə» deyib, yenə öz bildiyini oxumuşdu:

Dolanıb keçsə də yüz il o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Aşıq «əhli-hal» sözünün izahına keçəndə Əhməd daha dözə bilməmişdi və Puşkinin sazının aşığına bir «göy üçlük» keçirib, ciddi görkəm alıb, “zakaz” vermişdi:

- Mənə izah elə görüm, kosmos nədi, Qaqarin orada nə qayırıb?..

Aşıq Puşkin gülümsünə-gülümsünə bu “zakaza” da “gözlər üstə” demişdi və Fərhadın üzünə baxıb, sözünə ara vermişdi.

“Çappa”nı dibinə qədər başına çəkəndən sonra məclisdə olub-keçənlər Əhmədin yadında o qədər də dəqiq qalmamışdı. Bundan sonra nə olduğunu o, indi elə bil, qarışıq yuxuda görürdü.

Deyəsən, kimsə ortaya söz buraxdı ki, Cəbrayıl müəllim bu dəqiqə vurhayda təcili Lal Əhmədi axtarır (kənddə bu ləqəbi ona, çox güman ki, azdanışan olduğuna görə – əlbəttə, ağzına içki dəyməyəndə – vermişdilər). Yoğun Fərhad onu kənara çəkib pıçıltı ilə qulağına: “Atam, Kişi səni axtarır, ağıllı ol”, - deyib, Əhmədin ayaqdanyüyrək “uçeniki” Əlhəmi traktorun kabinəsində onun yanında əyləşdirib, dönə-dönə tapşırdı ki, Cəbrayıl müəllimi görəndən sonra ləngimədən dabanı üstə geri qayıtsınlar.

Evə necə gəldiklərini dəqiq xatırlaya bilməsə də, Əhməd indi qaranlıqda gözü alacalana-alacalana aydınca başa düşürdü ki, məclisdə özünü “adam kimi” apara bilməyib. Özü özündən utandı. Dilxor olub, ürəyində:

- Deməli, məni əkdiniz, a qurumsaqlar?! – dedi və həmin an da gözünün qabağında Fərhad peyda olub, yoğun qarnını qabağına verdi:

- Səni əkənin beli qırılsın!

Əhməd, elə bil Fərhadla üzbəsurət söhbət eləyirmiş kimi:

- Özünü əkənin beli qırılsın, – dedi və xəyalında düzüb-qoşduğu bu mükalimənin ani məzəsinin üstündən canına qara qayğı çökdü. Yarımayıq başı yaxşıca anlayırdı ki, Yoğun Fərhad axşamkı “vur-çatlasının” əvəzini ondan yeddiqat çıxacaq, dədəsinin nökəri kimi istədiyi yerə buyuracaq. Qarşıdan biçin mövsümü gəlirdi…

Qaranlığa qərq olmuş fəhmi ilə anlayırdı ki, gecədən çox keçib. Daha yəqin qoşa çinarın altından əl-ayaq yığışmış olardı. Orada bu zamana kim qalardı ki? Gecənin bu vədəsində, bu halıyla durmalı, tapşırıq dalınca getməliydi, Cəbrayıl müəllim demiş, “dövlət əhəmiyyətli vacib tapşırıq”. Qanqaraldan düşüncələrdən sonra, Cəbrayıl müəllimin tapşırığı onun içində qəribə bir rahatlıq, fərqində olmadığı bir qürur yaradırdı, naməlum bir qüvvə canına yağ kimi yayılır, ona təpər verirdi...

Əlini baş tərəfindəki kətilə tərəf uzatdı. Gözüyumulu bilirdi ki, Gülnisə dəmir dolçanı axşamdan su ilə doldurub, kətilin üstə qoyub. Əhmədin evinin yazılmamış qanunuydu, o, axşamdan içkili yatanda suyu yanında hazır olmalıydı...

Canını dişinə tutub, evin gözədəyər mebeli olan “soldat kravatının” - dəmir əskər çarpayısının üstündə dikəlib, dolçadakı sərin suyu birnəfəsə başına çəkdi. Başındakı küt ağrı daha da artdı, başı çiyinlərinə ağır yük kimi gəldi, qulaqları uğuldadı. Bir yandan da suyu içən kimi otağın qaranlığı başına fırlandı. Fərhad düz deyir, vallah: samoqon içən üç dəfə keflənir: bir axşamdan andırın özünü “vuranda”, bir gecə durub üstündən su içəndə, bir də səhər...

Qaranlıq otağın o biri başından, döşəmənin üstündən saldığı yatağından Gülnisə astaca içini arıtladı. Bu isə o demək idi ki, mən də oyağam. Elə bil, Əhmədin yuxudan durmağını axşamdan gözləyirmiş.

- Dur, paltarımı ver, geyinib gedirəm.

- Gecənin bu vaxtı hara gedəsisən?

- Gedirəm eli-obanı köməyə çağırmağa, sənin işiyin öhdəsindən tək adam gələmməz...

Əhmədin özündən ötrü də tam gözlənilməz olan bu qəfil atmacadan Gülnisə əvvəl bir şey anlaya bilmədi. Əhmədin papiros hisi çökmüş xırıltılı gülüşü kal öskürəyə qarışıb, otağın qaranlığını silkələyəndə isə ərinin sözünün içindəki eyhamı göydə tutdu.

- Yiyən ölsün, yetim qal! – dedi və sinəsindən barmaqlarının ucuna qədər qəribə, canalıcı bir duyğunun əsirinə döndü. Gülnisənin qarğışında pis məna axtarmağa dəyməzdi, bununla o, Əhmədə, kənd arvadlarının təbirincə, “qır verirdi”. Allaha şükür, təzə tikdirdikləri ağ otaqda əl-ayağa dolaşanları yox idi. Ürəkləri istəyən kimi yaşaya bilirdilər. Onların hələlik tək oğlan övladı o biri otaqda, Şirin arvadın – Əhmədin anasının yanında yatırdı…

Əhmədin yerindən durduğunu hiss eləyəndə Gülnisənin damarları boşaldı, elə başa düşdü ki, Əhməd indi onun yanına keçəcək, gecənin bu vaxtı boynuna düşən vəzifəni yerinə yetirəcək. Ancaq Əhməd, deyəsən, həqiqətən geyinirdi və harasa gedəcəkdi.

...1961-ci ilin yazı uzaq Qaltan kəndinə böyük canlanma gətirmişdi. İkinci dünya müharibəsindən sonra camaatın qırışığı təzə-təzə açılırdı. Dava illərinin zülmlə, atasız böyümüş uşaqları ev-eşik, arvad-uşaq sahibi olur, Qaltan kəndində planla salınmış təzə məhəllələrdə bir-birinin yanında eyvanı gündoğana baxan ikiotaqlı, üçotaqlı ağ evlər tikilirdi. Hər məhəllənin arasındakı yol boyunca elektrik dirəkləri basdırılmış, evlərə xətlər çəkilmişdi, camaat möcüzə gözləyirmiş kimi elektrik işığının yolunu gözləyirdi.

Təzə ev-eşik sahibi olmuş kənd kişilərinin kölgə yerlərə çəkilib, bala-bala hala gəlmək, dünyanın gərdişinə kefli başla ayıq qiymət vermək adəti də o vaxt yenicə yaranmağa başlayırdı. “El-oba köməyi” söhbətini isə dünənki xudmani məclisdə Umud oğlu Məmməd dilə-dişə salmışdı.

Kəlbəcərli Umud oğlu Məmməd dörd-beş il idi, yaz aylarında bu kəndin, lap dəqiqini desək, yoğun Fərhadın əziz qonağı olurdu. Nə sənətin sahibi olduğunu dəqiq bilən yox idi. Danışığından daha çox müəllimə oxşayırdı. Fərhadla yaxşı tapışmışdılar. Bir-biriylə həm sözləri tuturdu, həm də xasiyyətləri. Məclisdə Fərhad yeməkdən, qonaq da içməkdən qayıdan adam deyildi. Dörd-beş il idi, havalar qızanda, torpağın üyüşüyü açılanda Məmməd Kəlbəcərdən bura, Qarayazı meşəsinin ətəyinə, akasiyanın, yemişanın, üçyarpaq yoncanın çiçək vaxtına bal arısı gətirirdi. Dağlar qardan silkinib, al-yaşıl geyinəndə isə Qaltanın bürkülü yayı başlayırdı və Umud oğlu aran mövsümünü başa vurub, arılarını təzədən dağlara köçürürdü.

Qaltanda əkin-səpin bir az səngimiş, biçin hələ başlamamışdı. Şair demiş, “yaşamağa” vaxt var idi. İşdən sonra kəndin ortalığında, Qaz Mahmudun çayxanasında çay içdikləri yerdə Fərhad Əlhəmi qonşu gürcü kəndinə cecə arağına göndərmişdi, Qaz Mahmuda da eyhamla başa salmışdı ki, araq gələnə qədər yaxşı bir əmlik quzu kəsib, pörtdətsin. Heç kəsdən sirr deyildi ki, Fərhad bunu şəxsən Məmmədin xətrinə eləyirdi. İşin gedişi isə onu göstərirdi ki, məclis hələ xeyli uzanacaq, Allah bilir, bəlkə, beyinlər qızandan sonra, Aşıq Puşkinin dalınca adam göndərib, yalvar-yapışla dilə tutub bura gətirəcəkdilər. Məmmədi dostunun bu nəzakəti nə qədər mütəəssir eləsə də, o, Fərhadı ağır xərcə və əziyyətə salmaq istəmirdi.

- Fərhad, sən o heykəl başın, uşaqlara əziyyət vermə. Buralardan bir şey tapıb, ağzımıza tulluyarıq...

- Yox, atam, ağıllı ol. Hökumət bu andırı boş qayırır. Qoy bu gün gürcü Revazın sərt cecəsindən içib hala gələk. Görək başımıza gələn nədir...

Qoşa çinarın altında Yoğun Fərhadın yan-yörəsi səbirsizliklə Əlhəmin yolunu gözləyə-gözləyə vaxt öldürür, hərə bir şeydən danışırdı. Söhbətin ayıq hissəsi əsasən Qaqarinin kosmosa uçuşuna həsr olundu. Qasım müəllim bu uçuşun Stalinin vaxtında, onun şəxsi tapşırığı ilə hazırlandığını, sonradan kənar qüvvələrin təsiriylə qəsdən ləngidildiyini, gec də olsa, kosmosun sovet vətəndaşı tərəfindən fəth olunmasının sovet hökuməti üçün necə böyük siyasi və elmi əhəmiyyət daşıdığını həvəslə izah eləsə də, Əhməd danışanları, xüsusən də kosmosun nə, necə yer olduğunu, Qaqarinin orada nə iş gördüyünü, ən əsası isə bunun nə xeyri olacağını heç cür anlaya bilmirdi. Qasım müəllimin sözünü kəsib, kosmosun nə olduğunu və Qaqarinin orada nə “qayırdığını” tam ciddi şəkildə ondan soruşsa da, ciddi cavab ala bilmədi. Qasım müəllim sərtləşib:

- Bunu gərək məktəbdə oxuyub öyrənəydin! – dedi, qalın şüşəli kobud “Xruşşov stəkanı”nın dibindəki çayın son qurtumunu içib, “Allah sizə ağıl versin” deyib, məclisi əsəbi şəkildə tərk elədi.

Futbol mövzusu özünə o qədər də tərəfdaş toplaya bilmədi. O vaxt bu mövzu Qaltan çayxanasına təzə-təzə ayaq açmaqdaydı və “İnjiner Kərəm” çayxanaya gələndən-gələnə aktullaşırdı. Ancaq Lal Əhməd üçün bunlar çox uzaq və yad məsələlər idi. Allah köməyi olmuş Umudoğlu Məmməd isə Əlhəm gələnə qədər (burada bir daha vurğulamaq yerinə düşür ki, məclis əhlinin başının ayıq vaxtında) öz həmyerlisi – kəlbəcərli Rəfi kişinin yay gecələrinin birində başına gələn məzəli əhvalatı danışdı. Elə-belə, könül xoş eləmək, vaxt öldürmək, məclisdə diqqəti siyasi və elmi söhbətdən ayırıb, Əhməd kimi darıxanları güldürmək üçün. Heç güman eləməzdi ki, həmin çayxana söhbəti gəlib Əhmədin evində yaz gecəsinin qaranlığını diksindirəcək, Gülnisənin sümüyünə səksəkə salacaq...

Əhməddən gələn tünd siqaret, “samoqon”, kəsif tər və “solyarka” qoxusunun qarışığı ilə bərabər divarları hələ suvanmamış ağ otaqdan nəsə izahı çətin olan bir qüvvə də qopub ayrıldı. Gülnisə yerinin içində çevrilib, dərindən içini çəkdi.

“Belarus”un səsi bütün kəndə hay saldı, qəfildən ucalıb göyə dirək olan əcaib nərilti itlərin zingiltsini batıraraq qüzeydəki Çal dağının çılpaq qayalarına dəyib qayıdandan sonra güneydə, Qarayazı meşəsində aram tapdı.

Göy “Belarus” kəndin ortalığına yollananda, heç şübhəsiz ki, ətrafda yuxusuna haram qatmadığı canlı qalmamışdı. Ancaq Qaltan kəndində elə indinin özündə də bu cür məsələlər heç vaxt ciddi narazılıq yaratmır. Bu səs kəndə ruzu gətirir...

Kəndin ortalığına, idarə binasının yanına çatana qədər Əhmədin fikrində Umud oğlu Məmməddən eşitdiyi, Rəfi kişidən qalmış «el-oba köməyi» söhbəti durub-durub təzədən canlanırdı.

...Dağlarda biçinin qaynar vaxtı imiş. Biçindən yorğun-arğın gələn Rəfi kişi allahın verdiyindən yeyir, yerini arıxananın üstündən saldırır və ağır daş kimi döşənib, dərin yuxuya gedir. Gecə arvadı kişini dümsükləyir:

- Ə, dur. Heç belə gecədə də yatılarmı?! Bax, gül güllüyünnən, quş quşluğunnan min dil tökür, bir-birinə gəl-gəl deyir. Sən də xorultunla onlara züy tutubsan...

Rəfi köhnə kişi idi, arvadın murazını gözündə qoymur. Güllərin baxışlarına, quşların səsinə, dərədən axan çayın zümzüməsinə yaxşı bir “züy” tutur…

Bir az keçir, arvad bir də Rəfini dümsükləyir. Rəfi kişi oyanıb:

- Ay qız, gül də sənsən, bülbül də sənsən, – deyir. – Qoy onların hamısı sənin qadanı alsın. Lap belə üstəlik mən də sənin qadan alım.

Rəfi kişi yenə arvadın “qadasını alır”, bu dəfə də onu murazına çatdırır. Yenə güllərin baxışlarına, quşların səsinə, dərədən axan çayın zümzüməsinə yaxşı bir “züy” tutur...

Arvad gecənin hansı aləmindəsə yenə Rəfi kişini dümsükləyir. Bu dəfə kişidən səs çıxmır. Arvad bir də görür ki, kişi pal-paltarını, tuman-köynəyini axtarır.

- Ə, gecənin bu aləmində hara xeyir ola?..

- El-obanı köməyə çağırmağa gedirəm, arvad. Sənin işin daha mənlik olmadı. Bu iş, kolxoz biçini kimi tək adamın işi deyil, gedim el-obanı yığıb köməyə gətirim...

Əhməd siqareti damağından araladı, şaqqıldayıb ürəkdən güldü. Ona elə gəlirdi ki, Umud oğlundan eşitdiyi məzəli əhvalat bu gecə Gülnisə ilə onun arasında çox yerinə düşüb və bu söhbəti onlar keflərinin kök vaxtında, dalda yerə düşəndə hələ indən belə çox yada salacaqlar…

Sovet hökumətinin ilk illərindən bəri kəndin ortalığında iki heykəl ucalırdı. Onlardan biri Leninin, o biri də Stalinin heykəli idi. Bir-birindən on-on beş metr aralı ayrı-ayrı postamentlərin üstündə qoyulsa da, heykəllər bir-birinə çox bənzəyirdi. Qaltan kəndində çox az adam gözüyumulu deyə bilərdi ki, sağdakı hansı heykəldir, soldakı hansı. İkisi də sağ əlini irəli uzadıb, “xalqa xoşbəxt gələcəyin, kommunizmin yolunu göstərirdi”. Hər halda, bu heykəllər burada qoyulandan onların mənasını savadlı adamlar belə izah eləmişdilər və hamı da bunu tərəddüdsüz qəbul eləmişdi. Əslində, Qaltan camaatı üçün Lenindlə Stalinin o qədər də böyük və prinsipial fərqi yoxuydu. Onların hər ikisi ümumsovet xalqının kiçik bir paçası olan Qaltan camaatı üçün dahi, ulu rəhbər idi. Əhməd traktorun səsini aşağı “dabana qoyub”, “dövlət əhəmiyyətli vacib məsələni” həll eləmək üçün əlində kəndir Stalinin heykəlinə yaxınlaşanda qəfildən onu vahimə basdı. “Cəbrayıl müəllim bunlardan hansını demişdi?”.

Traktoru söndürdü. Həm axşamkı məclisin təsirindən, həm də traktorun səsindən beyninin içinə düşən uğultunu yenib, hər şeyi başdan, lap əvvəlindən xırdalıqları ilə gözünün qabağına gətirməyə çalışdı. Kolxozun sədri Cəbrayıl müəllim Qaz Mahmudun yeməkxanasında, qoşa çinarın altında “xırda-xırda kefə baxan” məclis əhlinə yaxınlaşmışdı, adamların arasından onu, Əhmədi ədəb-ərkanla yanına çağırmışdı. Adətən, Cəbrayıl müəllimin içənlərə sərt üz göstərirdi. Kolxoz işlərinin gur vaxtı içki üstündə rastına çıxanları danlamağı özünə ağsaqqallıq borcu sayırdı. Ancaq bu dəfə öyüd-nəsihət söhbəti olmamışdı. Əhmədi camaatdan bir az kənara çəkib, tapşırığını vermişdi: Bu gecə əl-ayaq çəkiləndən sonra durub traktorunla kəndin ortalığına gələrsən, – əliylə yanaşı duran heykəlləri göstərmişdi, – kəndirin bir ucunu boğazına salarsan, o biri ucunu traktorun dalına qoşarsan, yıxandan sonra sürüyüb Qarayazı meşəsinə apararsan, körpüdən Qarasuya tullayarsan. Suyun dibi dərin lildir, heykəl də ya sementdəndir, ya gipsdən, su dəydikcə ağırlaşacaq, lil onu özünə çəkib udacaq, bir də gördüm deyən olmaycaq. Tam arxayın ol, sənə heç kəs dəyib-toxunmayacaq, qarovulçunu iş dalınca şəhərə göndərmişəm. Əməliyyat öz nəzarətim altında olacaq. Aydındır? – Cəbrayıl müəllim sözünə bir az ara verib, xüsusi vurğuyla ağır-ağır əlavə eləmişdi:

- Bu işi hər adama etibar eləmirəm. Bu, dövlət əhəmiyyətli vacib tapşırıqdır!

Əhməd, elə bil, bu vacib tapşırığı lap çoxdan gözləyirmiş. Cəbrayıl müəllimin ona göstərdiyi xüsusi etimaddan təsirlənərək heç bir tərəddüd eləmədən:

- Gözlərim üstə, Cəbrayıl müəllim, – demişdi.

Burada onu demək yerinə düşər ki, Əhmədin tərəddüd eləməməsinin iki daha ciddi səbəbi var idi. Bir səbəbi bu idi ki, Cəbrayıl müəllim sözü yerə salınacaq kişi deyildi. Adını, hörmətini bir karvan dəvə daşımayan Cəbrayıl müəllim Əhmədi sayıb, kişi yerinə qoymuşdu, o qədər adamın içində onu xətir-hörmətlə qırağa çağırıb, ona ciddi dövlət işi etibar eləmişdi. Bu halda, Qaltan kəndində kim olsa, Cəbrayıl müəllimin sözündən çıxmazdı.

İkinci səbəb də bu idi ki, Cəbrayıl həqiqətən Əhmədin “özününküydü”, doğmaca dayısı oğluydu. O, belə ciddi sözü Əhmədə də deməyib, kimə deyəsiydi? Belə dar məqamda yenə adamın özününkü…

Əlbəttə, başqa səbəblər də tapmaq olardı ki, burada onları xırdalamağa elə bir ehtiyac görmürəm.

İndi mühüm işi yerinə yetirmək məqamı çatanda bu aydınlıq gecədə sanki Əhmədin burnundan ürəyinə iydə çiçəyinin tünd ətrinə qarşıb, ağır, qaranlıq bir xof dolurdu. Görəcəyi işin, yıxacağı dilsiz heykəlin xofu. Əhmədin sövq-təbii ürəyinə daman qənaətə görə, neçələrini gedər-gəlməzə göndərən bu “heykəl” kişinin yıxılması o qədər də balaca hadisə deyildi. Düzdür, axır vaxtlar çayxanada Stalinin adı daha tez-tez çəkilirdi. Başda köhnə və sınanmış kommunist Qasım müəllim olmaqla Qaltan kəndində çayxana əhlinin yekun rəyi isə belə idi ki, Stalinin müharibədəki qələbəsini gözü götürməyən xarici qüvvələr indi xüsusilə fəallaşıblar, onu qəsdən gözdən salmaq, bununla da sovet hökumətini ideoloji cəhətdən zəiflətmək istəyirlər… Əhməd çayxanada danışılanlardan bundan artıq bir şey anlamırdı və bu an, bu qərib təklikdə nədənsə Stalinin cansız heykəlini yıxmağa özündə güc tapa bilmirdi. O da ola bilərdi ki, son vaxtlar ağızdan eşitdiyi ara söhbətləri Əhmədin gözündə Stalini bir qədər də hörmətə mindirmişdi…

Əhmədin başı axşamkı dəm havasından ayazımağa başladı. Dərin siyasi savadı olmasa da, indi qəti inanırdı ki, bu kiçik kənddə Stalinin heykəlini yıxmaq Moskvada sovet hökumətini yıxmaq kimi bir şeydir…

Cəbrayıl müəllim də elə adam deyildi ki, yoğun Fərhad kimi “andırdan vurub”, “ağıllı olun” deyə-deyə sözü boşuna səpələsin, zarafatı ilə ciddisini anşıra bilməyəsən. Deyəsən, Cəbrayıl müəllimdən tapşırıq alanda Əhmədin özü nəyisə səhv salmışdı…

İçindəki xof beynindəki dəm havası kimi birdən-birə çəkildi. Əlində kəndir geri dönüb qətiyyətlə Leninin heykəlinə doğru yeridi. Çətinlik çəkmədən heykəlin postamentinə dırmaşdı, kəndirin bir ucunu ilgəkləyib Leninin irəli uzanan qolunun altından boğazına saldı, o biri ucunu da ilgəkdən keçirib Cəbrayıl müəllimin tapşırdığı kimi traktorun qoşqu yerinə tərəf tulladı...

“Belarus” nərilti ilə yerindən tərənənib heykəli arxasınca qopartdı…

Əhməd naməlum ünvana söyüş yağdara-yağdıra (bilmək olmurdu kimə söyür – Cəbrayıl müəllimə, Stalinə, Leninə, yoxsa öz bəxtinə, iqbalına) traktordan bir də aşağı endi. Heykəl yerindən qopanda başı qopub yolun kənarına diyirlənmişdi. Əhməd Leninin heykəlinin başını söylənə-söylənə birtəhər traktorun kabinəsinə qaldırdı, qayıdıb kəndirin ilgəyini bir də yoxlayıb bərkitdi ki, yükü yolda qoymasın. Lap dilxor olmuşdu. Axşamdan bəri Cəbrayıl müəllimin ona göstərdiyi xüsusi etimaddan və simsarlıqdan aldığı ləzzət traktorun borusundan qalxan tüstü kimi göyə çəkilməkdəydi. O, indi tam aydınlığı ilə dərk eləyirdi ki, Cəbrayıl müəllimin ona tapşırdığı elə-belə iş deyil, bunun bir zibili var: “Qurumsaq mənə tapşırmağa iş tapdı! Yaxşı şey olsaydı, heç yadına düşməzdim...”

Kabinə dar olduğundan Əhməd sol ayağını qaldırıb heykəlin başına qoymalı olurdu. Necə olsa da, ulu rəhbərin, böyük insanın başını ayağının altına qoymağa ürəyi gəlmədi, traktoru bir də saxladı. Girdə gips parçasını – Leninin başını güc-bəla ilə qaldırıb öz yanına, oturacağın üstünə qoydu və sürüşüb düşməsin deyə bir əlini cansız başa dayaq verdi.

Heykəlin gövdəsini suyun dərin yerinə salmaq üçün traktorla körpünün ortasına qədər sürüdü. Traktoru saxlayıb, aşağı endi. Kəndirin ilgəyini heykəlin gövdəsindən açıb, gövdəni birtəhər o biri üzünə çevirdi, körpünün qaşından diyirləyib, suyun qıjqov axan yerinə itələdi. Körpüdən aşağı aşırılan gips heykəl bir-iki dəfə suyun üstünə çıxıb, batandan sonra suda birdəfəlik qeybə çəkildi.

Sonra traktoru geri verib, təzədən körpünün üstünə qaytardı və motoru söndürdü. Heykəlin bədənindən qopmuş başı oturacağın üstündən qaldırıb, yerə tulladı. Körpü dar olduğundan baş körpünün qaşına dəyib, axının yavaş olduğu dayaz yerə düşdü. Sudan ətrafa lax yumurta iyinə bənzər xoşagəlməz, tünd qoxu yayıldı və həin qoxu bir azdan yoxa çıxdı.

Əhməd körpünün qaşında oturub, ayaqlarını aşağı salladı. Dərindən köks ötürüb:

- Ey gidi dünya, - dedi.

Gözünü aşağı, qıjıltı ilə ayağının altından axan suya zilləyib, ciddi-cəhdlə «gidi» sözünün mənasını aydınlaşdırmağa çalışırdı. Ayın işığı ayağının altından axan suya düşdüyünə görə, su gümüş rəngə çalır, suyun üstündə oynaşan xırda ləpələr bir-birini udur, bir-birinə qarışır, suyun üzündə xırdaca işıqlar axışırdı. Əhməd uşaqlıqdan bilirdi ki, körpüdən suya bir az da belə baxsa, gözləri axacaq, başı fırlanacaq...

Körpüdən xeyli aşağıda, hər iki yaxasını yabanı acı tərə basmış Qarasu öz qaydasında, laldinməz axırdı. Uzaqdan anadil quşlarının aramsız səsi eşidilirdi. Əhmədə elə gəlirdi ki, göyün sonsuzluğunu, yeri-göyü yaradanın əlçatmazlığını əks etdirmək üçün ay da, ulduzlar da işığını bir-birinə qatıb, Qarasuyun üstünə çiləyib. Bu zərif işıqda suya kənardakı ağaclardan, otlardan düşən kölgələrdə valehedici bir nizam, dərin bir ahəng var idi, bu ahəngin içində hər şey bir-birini tamamlayırdı. Meşənin içindən çox xoş, xoş olduğu qədər də qeyri-müəyyən, müəmma ilə dolu bir ətir gəlirdi. Əhməd bu meşənin hər qarşına, bu havanın hər udumuna, bu suyun hər damlasına gözüyumulu bələd olsa da, belə qərib, belə qəfil ətrin haradan, nədən gəldiyini anşıra bilmirdi. Bunun hansı çiçəyin ətri olduğunu aydınlaşdırmaq Əhməd üçün Fərhadla Qasım müəllimin kosmos barədə söylədiklərini anlamaq qədər uzaq və əlçatmaz bir şey idi. Ancaq kosmos Qarayazı meşəsindən, Qarasu çayından, Əhməddən çox-çox uzaqlarda, bu müəmmalı qərib qoxu isə Əhmədin lap burnunun ucundaydı, aldığı nəfəsə qarışıb ciyərinə dolurdu. Elə düşüncələri bu müəmma içində vurnuxa-vurnuxa traktoru nərilti ilə işə salıb, kəndə üz qoydu.

Dan yerinin yaxası yavaş-yavaş yırtılırdı. Əhməd qayıdanda ər-arvad hərə döşəyin bir ucundan tutub soldat kravatının üstündən dədə-baba qaydasında yan-yana yerə salmışdılar. Gülnisə başını Əhmədin sinəsinə qoyub, onun qoynunda tumarlanmış pişik kimi qıvrılmışdı.

- A dəli yiyən ölsün, a yetim qal, gedəndə dediyin nəydi? Kimi köməyə çağırmağa gedirdin? Heç ayıb-ədəb qanırmırsan! Gör camaata indi nə zurna verirsən – xalq danışmağa söz axtarır. Aşıq Puşkin hələ də çayxanalarda anan Şirinə qoşulub mənə elçi gəlməyindən danışır...

Əhməd arvada uzun-uzadı söz danışan kişilərdən deyildi. Ancaq bu gecə ona nə olmuşdusa, axşamdan başına gələnlərin hamısını yerli-yataqlı Gülnisəyə danışdı. Qaz Mahmudun çayxanasında, qoşa çinarın altında Yoğun Fərhadın açdığı məclisi də, kəlbəcərli qonağın – Umud oğlu Məmmədin söylədiyi “Rəfi kişinin el-oba köməyi” əhvalatını da, Cəbrayıl müəllimin onu yanına çağırıb, vacib tapşırıq verdiyini də, Leninin heykəlini aparıb, Qarasuyun körpüsündən aşağı tulladığını da... Danışa-danışa da dəli bir inadla fikrində meşədəki ətrin hansı çiçəkdən gəldiyini dəqiqləşdirməyə çalışırdı.

Gülnisə ərinin iştirakçısı olduğu bu böyük siyasi məsələyə gözlənilən marağı göstərməyib, Əhmədin sinəsinə qısıldı:

- Leninin də başına kül, Stalinin də! Təki əmin-amanlıq olsun. Bircə dava olmasın. Körpəm atalı-analı böyüsün.

- Dur, sən atanın itkin canı, aynanın qabağından mənə bir papiros ver.

Atası ikinci dünya müharibəsində itkin düşən Gülnisə bu andı basa bilməzdi. Əhmədin qoynundan çıxıb, anadangəlmə çıl-çılpaq, ayaqlarının ucunda pəncərəyə, dan yerinin bayardan düşən işığına doğru yeridi. Əhməd gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, evlənəndən bəri ilk dəfədir Gülnisəni belə gözəl, belə işıqlı, belə təravətli görür. Gülnisənin bədənindən otağın alaqaranlığına Əhmədin indiyə qədər görüb-bilmədiyi, tanımadığı, haqqında heç kəsdən heç nə eşitmədiyi ağ bir işıq yayılırdı. Süd kimi dümağ işıq. Əhməd gözünü qırpmağa qorxurdu, sanki gözünü qırpsa, bu xoş mənzərəni gözündən salıb, biryolluq itirəcək, bir də ömürlük tapmayacaqdı. Altdan-altdan baxır və Gülnisəyə deməyə utanırdı ki, sən atayın itkin canı, pəncərənin qabağında bir az ayaq saxla. Gülnisə pəncərənin qabağındakı qutudan bir siqaret və kibrit götürüb ayaqlarının ucunda təzədən geri qayıtdı, yorğanı aralayıb, sakitcə Əhmədin qoynuna girdi.

Əhməd siqareti onun əlindən alıb, kənara qoydu. Gülnisənin bayaqkı “işıq heykəli” gözlərində bitib qalmışdı.

Barmaqlarını Gülnisənin kürəyinə səpələnmiş saçlarında gəzdirməyə başladı. Onsuz da çox danışmağı sevən Gülnisənin əlinə fürsət düşmüşdü, elə hey danışırdı. Gülnisənin səsi elə bil lap uzaqdan, günün doğduğu yerdən gəlirdi, Əhməd nə deydiyini tam anşırmasa da, onun səsinə özünü Qarasuyun körpüsü üstündə hiss eləyirdi. Ayaqlarını körpüdən aşağı sallamışdı. Gözü axmasın deyə, ayaqlarının altına yox, xeyli uzağa boylanırdı. Aydınlıq gecədə suyun lal yerində ləpələrin üstünə ayın, ulduzların parça-parça yayılmış işıqları oynaşırdı. Umudoğlu Məmmədin arıçı marağı ilə xırdalıqlarına qədər təsvir elədiyi Kəlbəcər dağlarının rəng-rəng çiçəkləri də ayın-ulduzun işığına qarışmışdı. Əhmədin burnu Qarasuyun yaxasındakı müəmmalı ətri yenidən almağa başlamışdı və bu dəfə həmin ətrin haradan gəldiyini çox aydın, çox dəqiq anşırırdı. Bu xoş ətir Gülnisənin yarısı yastığın üstünə yayılmış, yarısı kürəyinə səpələnmiş saçlarından gəlirdi. Beləcə, Gülnisənin saçlarından gələn sehirli ətrə bələnmiş sabah yuxusu özü də hiss eləmədən Əhmədin gözlərinə dolur, üstündə ayın-ulduzun nuru, Kəlbəcər çiçəklərinin min bir rəngi oynaşan bir aləm onu çəkib öz ənginliklərinə aparırdı. Bu aləmdən Gülnisənin saçlarının mərhəm, mərhəm olduğu qədər də sirli və müəmmalı ətri gəlirdi…

Əhməd yuxunun arasında təkrar-təkrar Gülnisənin saçlarından öpürdü.

Bu öpüşdən kişi, ər təması ilə bərabər, Gülnisənin canına ata nəvazişinə oxşayan doğma bir hiss də yayılırdı. Davadan qayıtmayan atasını yaxşı xatırlaya bilməyən Gülnisənin körpəliyindən bəri saçlarında ata öpüşünün yeri boş qalmışdı. Gecikmiş bir ata nəvazişi indi xırda, rəngbərəng kəpənəklər kimi Əhmədin dodaqlarından uçuşub, onun saçlarının ata tumarına, ata nəvazişinə həsrət yerinə qonurdu...

Şirin arvad həyətin o başında inəyi sağırdı, Gülnisə samovara od salmışdı ki, Əhmədə çay hazrlasın. Bir azdan kənd hərəkətə gələcək, iş yiyəsi işinin dalınca, məktəblilər məktəbə yollanacaqdı. Əhmədin hələ tamamlamadığı ağ daş evinin o biri otağında yatan Bala Məcid oyanıb, atası ilə çay içəcəkdi.

- Aya, dur…

Əhməd başını qaldırmaq istəsə də, Gülnisənin saçlarının ətri gələn aləm onu özünə pərçimləyib buraxmırdı. Yuxunun içində gülümsünüb:

- Ay qız, demədimmi sənin işin mənlik deyil… - deyə bildi.

- Dur, dur! Cəbrayıl müəllim səni çağırır.

Əhməd özünü toplayıb, dik atıldı. Nəsə olmuşdu.

Qapının ağzında dayanmış Cəbrayıl müəllimin halı özündə deyildi.

- A dəli donuz oğlu, mənimlə nə düşmənçiliyin varıydı? Niyə evimi yıxdın?

İndiyə qədər dilindən heç kəsin söyüş eşitmədiyi Cəbrayıl müəllimin təpimiş dodaqları səyriyirdi.

Əhməd onun qarşısında başını yerə əymişdi və nə deyəcəyini bilmirdi.

Artıq gün kimi aydın idi ki, Əhməd «vacib dövlət tapşırığını» düzgün yerinə yetirə bilməmişdi. Özünü toplayıb ancaq bunu deyə bildi:

- A Cəbrayıl müəllim, gecənin qəribində heykəlin yaxasından tutub adını soruşası deyildim ki, sən Leninsənmi, Stalinsənmi? Tanımamışam. Daa bundan ötrü atam rəhmətliyə niyə söyürsən?! Bu gecə də gedib, o biri donuz oğlunu yıxıb sürüyərəm...

Özünü yığışdırıb, təmkinini güclə saxlayan Cəbrayıl müəllimin gözünün dərinliyində qəribə bir qığılcım oynayırdı. Qətiyyən ciddiyyətini pozmadan:

- Traktorunu xodda, kəndin ortalığına gəl! – əmrini verdi və qara “Pobeda”ya oturub, ortalığa tərəf yollandı.

Əhməd traktorla özünü ortalığa çatdırandan az sonra bütün kənd car çəkilmiş kimi böyüklü-kiçikli Stalinin tək qalmış heykəlini dövrəyə almışdı. Yoğun Fərhadla qonağı Umudoğlu Məmməd də səhər tezdən özlərini bura yetirmişdilər.

“Əməliyyata” Cəbrayıl müəllimin özü rəhbərlik elədi. Əhmədi postamentin üstünə çıxartdı. Aşağıdan kəndirin bir ucunu ona verib tapşırdı ki, ilgəkləyib heykəlin boğazına keçirsin. Əhməd yuxarıdan aşağı baxanda yüzlərlə gözün ona zilləndiyini görüb, azacıq gözü qaraldı, ona elə gəldi, bu gözlər ona dərin bir uçurumun dibindən boylanır. Özünü tarazlamaq üçün heykəlin ayağını qucaqladı.

- Gör nə oyun çıxardırsan, a lal başı batmış!..

Əhməd bu səsi də «uçurumun» dibindən eşidirdi və bunun kimin səsi olduğunun fərqinə vara bilmirdi.

Get-gedə heykəlin ətrafındakı dairə daralır, hər kəs bu tarixi hadisəni öz gözü ilə daha yaxından görmək üçün irəli itinməyə can atırdı. Bu isə təhlükəli idi, heykəl qopub, adamların üstünə aşa bilərdi. Fərhad camaatı heykəldən aralamağa ehtiyac hiss eləyib, ortalığa çıxdı, ona yaraşmayan ciddi və amiranə bir tərzdə:

- A camaat, nolub? Atam, ağıllı olun, bir az kənara çəkilin! – dedi. – Cəbrayıl müəllim burda meymun oynatmır ki...

Onun sözünə özünün düşündüyü qədər böyük əhəmiyyət verən olmasa da, Fərhad gülümsünə-gülümsünə Cəbrayıl müəllimin gözünün içinə baxdı. Bilmək istəyirdi ki, onun bu gözlənilməz ictimai fəallığını Cəbrayıl müəllim necə qiymətləndirir. Ancaq Fərhad Cəbrayıl müəllimin gözlərində elə bir ağır zəhm və acıq gördü ki, içindən gələn gülüş qırıq-qırıq olub, qəlpə-qəlpə sifətinə səpələndi. Fərhad gözü ilə adamların arasından Umud oğlu Məmmədi axtardı və yalnız bunu deyə bildi:

- O heykəl başın haqqı...

Bilmək olmadı ki, Fərhad bu andı nədən ötrü və kimə içir...

Qalan təfərrüatları yəqin ki, təxmin eləyirsiniz. Gecədən bəri bu işdə müəyyən təcrübə qazanmış Əhməd camaatın gözü qarşısında Stalinin heykəlini köklü ağac kimi yerindən qopartdı. Yerə aşırılanda Stalinin heykəlinin qolu dibindən qopsa da, başı bərk çıxdı, yerində qaldı. Gəbrayıl müəllimin tapşırığı ilə Əlhəm kömək eləmək üçün traktorun kabinəsində Əhmədin yanında əyləşdi. Əhməd bir neçə saat bundan irəli traktorun dalında Leninin heykəlini apardığı eyni marşrutla Stalinin heykəlini də sürüdü. Əlhəm Əhmədin kefini açmaq üçün şitlik eləyir, məktəbdən yadında qalan şeirin qolunu-qılçını sındırırdı:

Çalışaq, vuruşaq,
Lenin babam sağ olsun,
Dörd tərəfi bağ olsun.

Əhmədin yol boyu fikri özündə deyildi. Əlhəmin söylədiklərinə əhəmiyyət vermədən traktorun yedəyində Leninin heykəli kimi Stalinin heykəlini də körpünün ortasına qədər sürüdü. Sonra ikisi də traktordan düşüb, heykəlin ipini açdılar, heykəli körpüdən lal axan Qarasuyun lilinə əmanət elədilər və yenə lildən tünd və acı bir qoxu qalxıb ətrafa yayıldı. Əhmədə elə gəldi ki, bu xoşagəlməz qoxu əbədilik Qarayazı meşəsinin havasına çöküb qaldı...

Qaltan kəndinin camaatı elə həmin gün xəbər tutdu ki, Sovet dövlətinin hər yerində Stalinin heykəllərini götürüblər və bununla bağlı bəzi yerlərdə, hətta dünən Əlhəmin cecə arağı gətirməyə getdiyi qonşu gürcü kəndində, Ulyanovkada (kənd, çox güman ki, Leninin familiyasının şərəfinə belə adlanırdı) hökumətin siyasətinə qarşı xırda etiraz eləyənlər də olub və etirazçılara dövlət tərəfindən heç bir əhəmiyyət verilməyib. Onlar da tezliklə sakitləşiblər.

Ancaq inanmaq çətindir ki, o yaz Sovet dövlətinin hansısa bir yerində Qaltan kəndində baş verən əhvalata bənzəyən dolaşıq hadisə baş vermiş olaydı. Əslində, sizə çatdırmaq istədiyim hekayə elə buradaca bitir. Bununla belə, düşünürəm ki, həmin maraqlı əhvalatdan sonra baş verən bir neçə məqam hekayəmizin sonluğu ilə maraqlananlar üçün heç də maraqsız olmaz.

Qaltan kəndinin ortalığındakı heykəllər yıxılandan sonra, “O heykəl başın haqqı...” andı Azərbaycanın bu kiçik və qədim bucağında öz inandırıcılıq gücünü, demək olar ki, tam itirdi, lağlağıya çevrildi…

Elə buradaca yeni nəslin bu hekayəni oxuyacaq nümayəndələri üçün qısaca bir arayış vermək yerinə düşür ki, 1961-ci ildə Stalinin heykəlinin götürülməsinə Sovet İttifaqının bəzi yerlərində İkinci Dünya müharibəsinin veteranları etiraz elədiklərinə görə, yuxarıdan tapşırıq gəlmişdi ki, heykəl gecə, əl-ayaq çəkiləndən sonra götürülüb gizlədilsin və imkan daxilində bu məsələnin ictimaiyyət arasında müzakirə olunmasına yol verilməsin...

Hər iki heykəlin postamenti Qaltan kəndinin başına gələn o dolaşıq əhvalatın dilsiz şahidi kimi sovet hökumətinin axır illərinə qədər yerlərində qaldı. Xalq hərəkatı başlayanda isə radikal əhvali-ruhiyyəli hərəkatçı gənclər tərəfindən bu postamentlərdən birinin üzərində Cəbrayıl müəllimin heykəlinin ucaldılması məsələsi qaldırıldı. Ancaq bu ideya tezliklə başqa problemlərin kölgəsində qalıb, yaddan çıxdı...

Cəbrayıl müəllimin Qarasuyun yaxasında saldığı alma bağı, Qarayazı meşəsinin talalarında əkdirdiyi sıra-sıra ağ akasiyalar, yabanı bitən növbənöv yemişanlar ildən-ilə daha gur çəçəkləyirdi. Ancaq o yaz baş verən o dolaşıq əhvalatdan sonra kəlbəcərli Umud oğlu Məmməd Qaltan kəndinə bir də arı gətirmədi. Qaltan kəndinin Kəlbəcərlə əlaqəsi isə tam qırılmadı. Fərhad yayda Qaltanın bürküsündə təntiyəndə hər il olmasa da, ilaşırı Ulyanovkadan bir-iki kanistr cecə arağı götürüb, Aşıq Puşkini də yanına alıb, özünü Umud oğlu Məmmədə, Kəlbəcərin çiçək-çiçək olmuş yaylaqlarına, sərin bulaqların başına yetirirdi.

Əhməd isə o gecə baş verənlərin tam təfərrüatlarını heç sovet hökuməti yıxılandan, Leninin heykəli Azərbaycanda hər yerdən götürüləndən sonra da bir kəsə danışmadı. Savadsızlığındandı, nədəndisə mərkəzində olduğu həmin hadisə ona yüz dəfələrlə, min dəfələrlə yerinə yetirdiyi adi kolxoz işlərindən biri kimi görünürdü, şumun üstündə traktorla dırmıq sürdüyü qədər adi. O dolaşıq gecədən Əhmədin yadında çox dərin iz salan isə tamamilə başqa bir şey idi ki, ucundan-qulağından artıq onu siz də bilirsiniz.

Əhməd həmin aydınlıq gecədə Gülnisədən saçılan süd kimi ağ işığı bir də görməyi çox arzuladı. Neçə dəfə atasının itkin canına and verib, Gülnisəni yerindən qaldırıb, pəncərənin qabağından siqaret gətirməyə göndərdi, ancaq həmin aylı gecədə pəncərə qabağında Gülnisədən saçılan süd kimi ağ işığı bir daha görə bilmədi. Siqaret-kibriti gətirəndən sonra başını Əhmədin sinəsinə qoyub ona sığınan Gülnisənin saçlarından bir də heç vaxt o gecəki kimi öpə bilmədi. Gülnisənin saçlarında öpməli bir şey də yoxuydu, onun saçları qatıq iyi verirdi. Əhməd buna çox təəccüblənirdi və kosmosun nə olduğunu anlaya bilmədiyi kimi bu sirri də heç cür anlaya bilmirdi. Bilməyəcəkdi də. Axı hardan biləydi ki, heç də hamı ömür boyu bir yastığa baş qoyduğu qadında Əhmədin gördüyü ağ işığı görə, duyduğu müəmmalı ətri hiss eləyə bilmir, çoxları ömürlük o işıqdan və ətirdən məhrum yaşayır. Əhməd, heç olmasa, bunu bircə dəfə görmüşdü və heç kəsə, lap Gülnisənin özünə də açıb-ağartmırdı…

Həmin gecədən kefinin kök vaxtlarında Əhmədin dilinə gətirdiyi yeganə xatirə isə “el-oba köməyi” barədə məzəli əhvalat olurdu. Di gəl ki, burada da bir şeyi dəqiqləşdirməyə çox ciddi ehtiyac görürəm. Əhməd axır vaxtlar xam adamların arasına düşəndə üzünü görmədiyi kəlbəcərli Rəfi kişinin sözünü öz adına çıxmağa başlamışdı...

İyul – avqust, 2006

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020