news-inner
clock08:59 calendar-gray 29 Aprel 2020 view-gray36875 dəfə oxunub
view-gray36875 dəfə oxunub

Ədalət Şükürov: “Bakılı oğlanlar” məni ələ salmışdı” - Müsahibə

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin qonağı Əməkdar artist Ədalət Şükürovdur.

- Ədalət bəy, jurnalistlərin əksəriyyəti sizdən narazıdır. Media nümayəndələri ilə aranızdakı bu uçurumun səbəbi nədir?

- Sizin kimi peşəkar jurnalistlər məndən narazı ola bilməz (gülür). Mənim peşəkar jurnalistlərə heç bir iradım olmayıb. Jurnalistin vəzifəsi müsahiblə telefonda danışıb, vaxt təyin edib görüşmək və informasiyanı, müsahibin fikirlərini üstünə öz mövqeyini əlavə etmədən kütləyə doğru çatdırmaqdır. Amma bu gün təəssüf ki, “jurnalistlər” var ki, mən onlarla kobud danışmağa məcburam. Baxırsan, hansısa bir “jurnalist” evdə oturub Ədalət Şükürovun İnstaqram səhifəsini izləyir. Güdür ki, görüm Ədalət Şükürov nə deyəcək tez götürüm sayta qoyum, baxış sayı gəlsin. Mən bu adamları jurnalist hesab etmirəm.

- Son günlər sənət adamları efirdə sənətçiyə yaraşmayan ifadələr işlədir. Siz də verilişlərdən birində demişdiniz ki “övladlarım sosial şəbəkədə kiməsə artıq şərh yazsa, başlarını kəsərəm”.

- Azərbaycan dilində belə loru sözlər çoxdur. Mən o sözü “icazə vermərəm” mənasında işlətmişəm. Normal sözdür.

- Amma kütlə Ədalət Şükürovu “vorzakon” imicində görməkdən məmnun olmadı. Sənətçinin efirdə bu tərzdə ifadələr işlətməsi sizə normal gəlir?

- Bilirsiniz, 15-20 il bundan əvvəl bu sözə heç kim, bu günkü reaksiyanı vermirdi. Verilişə baxan bütün insanlar, o cümlədən jurnalistlər də çox gözəl bilir ki, Manaf, Ədalət verilişdən sonra gedib uşağının həyat yoldaşının başını kəsməyəcək. Mənə elə gəlir media bu söhbətləri çox şişirdir.

Gallery

- Media əslində öz işini görür. Maqazin jurnalistinə lazım olan materialları sənətçilər özləri verirsə, bu tək medianın günahı sayılır?

- Sənətçinin hər dediyi sözü olduğu kimi versələr, bu boyda səs-küy yaranmaz. Mən bunu dəfələrlə demişəm ki, medianın məlumatları işıqlandırması ilə bağlı dövlət tərəfindən heç bir qanun tənzimlənmir. Saytlarda kim nə istəyir, ağzına gələni yazır. Təkcə sənətçilərlə bağlı deyil bu problem. Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Aprel döyüşləri zamanı nə qədər problemli yazılar tirajlandı mediada. İndi də koronavirusla bağlı reytinq xətrinə kim nə gəldi yazır. Həkimdən, mütəxəssisdən gedib müsahibə almağa ərinirlər. Ordan-burdan götürüb yazırlar, insanları çaşdırırlar İnformasiya dəqiq olmalıdır. Bu gün bizim mediada təəssüf ki, bu dəqiqlik yoxdur.

- Mediamız ideal deyil, o ayrı mövzudur, axı sənətçilərimizin də N qədər qüsuru var. Məsələn sənət göstərmək əvəzinə sosial şəbəkələrdə mal varlıqlarını, yeyib-içdiklərini nümayiş etdirirlər. Bu qüsur deyil?

- İncəsənət adamının işi budur. Burda nə problem var? Sizinlə razıyam, bəzi sənətçilər bunu bilərkədən qabarıq formada edirlər. Amma mən hansısa ölkəyə istirahətə gedib bir şəkil çəkdirib qoyuramsa İnstaqrama, bunun kimə nə ziyanı var?

- Ziyanı odur ki, bu gün tamaçıyla sənətçi biabırçı formada üz-üzə gəlir bu səbəblərə görə. Kütləni qıcıqlandırır, bu nümayişlər şərhlərdə partlayış verir.

- Onlar boş-bekar adamlardır. Mən inanmıram ki, sizin girib hansısa sənəçinin şəkilinin altına təhqir yazmağa vaxtınız ola. Çünki siz işləyirsiniz, başınız qarışıqdır. Mən öz halal zəhmətimlə pul qazanıram. İstədiyim şəkildə xərcləyirəm. Kiminsə pulunu oğurlamıram, haram yolla pul əldə etmirəm. Kütlə elə bilir Ədalət Şükürov səhər yuxudan durur, bəzənib-düzənib çıxır efirə. Bu adamın başqa işi-gücü, dərdi, problemi yoxdur. Pul başına göydən tökülür. Bir də görürsən, şəkilin altına girib yazırlar ki, “Kefdəsiniz. Dünya vecinə deyil. Toxun acdan nə xəbəri”. Bu düzgün deyil. İndi bu addamlar var deyə, biz hardasa çıxış etməyimizi, istirahətimizdən bir kadrı paylaşmayaq?

Gallery

- Ədalət bəy, Azərbaycanda birdən-birə məşhurlaşsanız da ifa təziniz, janrınız uzun müddət qəbul olunmadı.

- Sizinlə razı deyiləm. Məni qəbul etməsəydilər, Azərbaycana gəlməzdim. Elə bir müğənni göstərin ki, özü başqa ölkədə ola-ola mahnıları Azərbaycanda məşhur olsun sevilsin.

- Kütlədən bəhs etmirdim mən. Peşəkar musiqiçiləri nəzərdə tuturdum

- Məni o vaxt Azərbaycana elə peşəkar musiqiçilər dəvət edib. Ağadadaş Ağayev, Niyaməddin Musayev hər dəfə gələndə deyirdilər, “Ədalət sən orda yaman məşhursan, mahnıların sevilir”.

- Bildiyim qədəriylə siz əvvəllər bizneslə məşul olmusunuz. Necə oldu biznemsen Ədalət müğənni olmağa qərar verdi?

- Mən Sankt-Peterburqda yaşayanda azərbaycanlıların orda yaratdığı bir mədəniyyət mərkəzi var idi. Lazım olanda bir araya toplanırdıq, problemlərimizi həll edirdik. Hansısa bayramda Azərbaycandan sənətkarlar dəvət edirdik. O vaxt Cabbar Musayevi, Səyyad Əlizadəni, Nazpəri Dostəliyevanı Niyaməddin Musayevi, rəhmətlik Nüsrət Kəsəmənilini tez-tez tədbirlərimizə dəvət edirdik. Mən onda hələ oxumurdum. Amma hobbi olaraq mahnı yazırdım. Bu konsertlərin birində mənə dostlar israr etdi ki, mahnılarımdan birini ifa edim. Mən bu işə o zamanlar hobbi kimi baxırdım. Amma ağlıma da gəlməzdi ki, Rusiyada yaşaya-yaşaya mahnılarım Azərbaycanda seviləcək, məşhurlaşacaq. Sonra elə oldu ki, bizim dəyərli sənətkarlarımızın da təklifi ilə mən bu sənətə öz vətənimdə başlamalı oldum. Peşman da deyiləm. Şükürlər olsun ki, mən bu sənətdə özümə bir cığır aça bilmişəm.

Gallery

- Bildiyim qədəriylə ixtisasca rejissorsunuz. Nə vaxtsa Ədalət Şükürovu rejissor kürsüsündə görə biləcəyikmi?

- Mən Sankt-Petrburqun 5- ci kanalında “Adamovo yabloko” adlı verilişdə rejissor işləmişəm. Bu gün keyfiyyətli filmlər olsa, aktyor kimi iştirak edərəm. O ki, qaldı Azərbaycanda film çəkməyə... Mənim nəzərdə tutduğum filmlərin büdcəsi çox böyükdür. Aşağı büdcəli filmi nə çəkərəm, nə çəkilərəm.

Bunu xüsusi vurğulamaq istəyirəm, çox təəssüflər olsun ki, bizdə son zamanlar kinoaktyor məktəbi yoxdur. İndi filmlərdə çəkilənlərin əksəriyyəti tanışlıqla, ya da görünüşünə görə çəkilir. Kinoaktyor məktəbimiz çox aşağı səviyyədədir. Əvvəl bizim filmlərimiz niyə güclü idi çünki məktəbimiz vardı. Bu gün keyfiyyətli vətənpərvər filmlər çəkilmir. Bu mövzuda keyfiyyətli iş olsa, mənə təklif gəlsə mənuniyyətlə çəkilərəm. Azərbaycada müəllimlərlə, polislərlə, həkimlərlə hərbiçilərlə bağlı filmlər çəkilmir. Mən çox istərdim Daxili İşlər Nazirliyi tərəfindən polislərlə bağlı filmlər sifariş olunsun. Bizim gözəl polislərimiz, həkimlərimiz, yanğınsöndürənlərimiz var. Amerikada, Türkiyədə, Rusiyada minlərlə bu peşə adamları haqqında filmlər çəkilir. Bizdə niyə olmasın? Bir neçə il bundan əvvəl dövlət tərəfindən kanallara seriallar üçün vəsait ayrıldı. Amma yenə keyfiyyətli bir iş görmədik. Növbəti dəfə prodakşınlara ayrıldı. Yenə heç nə olmadı. Baxıran ki, dövlət bacardığı qədər dəstək olur. Amma alınmır. Çünki peşəkarlar yoxdur.

- Yumor hissiniz necdi?

- Əla.

- Bəs niyə 2004- cü ildə “Bakılı oğlanlar” konsertində sizi parodiya edəndə zalı tərk etdiniz?

- O parodiya deyildi. Məni parodiya edənlər var, bəyənirəm, onlara gülürəm də. Biri var parodiya, biri də var, olmayan şeyi göstərmək. “Bakılı oğlanlar” o konsertdə məni ələ salmışdı. Siz də olsaydınız, əsəbiləşərdiniz.

- Bu günlərdə bir neçə müğənniyə efir qadağası qoyuldu. Mən xatırlaya bilmirəm, sizə efir qadağası qoyub nə vaxtsa?

- Mənə efir qadağası qoyulmayıb. Efirdə müğənniyə niyə qadağa qoyulur? Səhnə mədəniyyəti olmayanda və çağırılan hansısa tədbirə çəkilişə saymazyanalıq edib gəlməyəndə. Çox təəssüflər olsun ki, bu gün bizim səntçilərin əksəriyyətində efir mədəniyyəti yoxdur. İnsan gərək birinci özü-özünə senzura qoysun. Efirə çıxırsan sənət göstərməyə, kiməsə acıq verməyə çıxmırsan ki. Bunun üçün də bizdə Televiziya və Radio Şurası var. Əvvəl MTRŞ-nın fəaliyyətini hiss etmirdik, amma yeni təyinatdan sonra yavaş-yavaş canlanma hiss olunur.

Reytinq gətirir deyə efirə hər çəkilişi buraxmaq olmaz. Mən inanmıram ki, hansısa azərbaycanlı tamaşaçıya efirdə iki müğənnini söyüşməsi, davası ləzzət eləsin. Yaxud da kimsə anasının, övladının efirdə nümayiş olunan o tərbiyəsizlikləri izləməsini qəbul etsin. Efirə çimərlik geyimində çıxmaq olmaz. Biz azərbaycanlıyıq. Mentalitemiz var. Məsələn şəhərdə şortik geyinmək olmur, o saat camaat qəribə baxır adama. Amma çimərliyə gedirsən, hamı şortikdədi, heç kim də fikir vermir. Hər yerin öz geyim tərzi var.

Gallery

- Çox maraqlıdı uzun illər xarici ölkədə yaşasanız da, mental dəyərlərə daha çox əhəmiyyət verirsiniz. Sizə baxanda elə bilirəm övladlarınız əməlli başlı əziyyət çəkir?

- Bu bizim ailədən irəli gəlir. Mən çox tərbiyəli və mədəni bir ailədə böymüşəm. Çalışıram ki, mənim övladlarım da tərbiyəli və mədəni olsunlar. Övladlarımı güdmürəm. Amma nəzarət edirəm. Qızımın 25, oğlumun 22 yaşı var. İkisini də dindirsəniz, heyran qalarsınız.

- Ədalət Şükürov həmişə belə imkanlı olub?

- Mən heç indi də imkanlı deyiləm. Bir evi, bir maşını, bir bağı olmaq varlıyam demək deyil.

- Bunlar azdır?

- Normaldır. Bizdən də varlı biznesmenlər var. Amma onları göstərən yoxdur.

- Bu yerə gəlib çatana qədər hansı çətinlikdən keçmisiniz?

- 17 yaşımda atasız-anasız tək, 3 il sualtı gəmidə hərbiçi oldum. Sonra qayıdıb insituta qəbul oldum. Yataqxanada yaşadım, illərlə. Özüm yemək bişirdim, paltarımı yudum. Bunlar danışanda asan görünə bilər, amma çox çətin idi. Həddindən artıq çox çətin günlərim olub. Luqan şəhərində baş rejissor işləyəndə artıq gəldim Azərbaycanda evləndim. Həyat yoldaşımı da özümlə gətirdim. Biz evlənəndə mənim heç nəyim olmayıb. Həyat yoldaşımla 5 il bir otaqlı yataqxanada, 5 ildə kirayədə yaşamışıq.

Gallery

- Sevib ailə qurmusunuz?

- Bilirsiniz ailənin mütləq sevgi-məhəbbət üzərində qurulması fikrini mən qəbul etmirəm. Əsas odur ki, iki insan bir-birini başa düşsün. Gənclər bunu çox sonralar anlayırlar. Adam var bir-birini sevir, sabah boşanırlar.

- Xanımınızla necə tanış olmusunuz?

- Analarımız tanış edib bizi. Qaynanam mənim bağça müəlliməm olub.

- Ədalət Şükürovun avtomobil kolleksiyası var?

- O söhbət çıxanda mən özüm də təəccüblənmişdim. Mənə maşın kolleksiyası lazım deyil, heç marağında da deyiləm. Mənim kolleksiyam var, amma bu avtomobil deyil. Kilid kolleksiyam var. Sadəcə olaraq mən beş ildən bir avtomobilimi dəyişirəm. Yəqin məni beş ildən bir görən adamlar elə bilir, gündə bir maşın sürürəm( gülür).

- Avtomobildən söz düşmüşkən ötən il 11 dəfə yol hətəkəti qaydalarını pozmusunuz. 55 ildə həyatda hansı qaydaları pozmusunuz?

- BNA mənə qarşı haqsızlıq etmişdi. Bunu da sübuta yetirdim, məsələ də bağlandı. Qaydaları pozanda qəpiyinə qədər ödəmişəm. Həyatda isə son 20 ildə çalışmışam ki, heç bir qaydanı pozmayım. Ədalətli insanam.

Gallery

- Həyatdakı rolunuzu necə oynayırsınız?

- Mən yaxşı artistəm, amma səhnədə (gülür). Həyatda rola girə bilmirəm. Həyatı olduğum kimi yaşayıram.

- Ədalət Şükürov niyə illərdir efirlərdə, tərbirlərdə eyni mahnıları oxuyur. Yeni mahnı yazmağa həvəsiniz yoxdur?

- Yeni mahnılar da var. Siz məni izləmirsiniz, deyəsən.

- Yəqin təsadüf olur, nə vaxt efirdə qarşıma çıxırsınız “İtirdim”, “Dünya sənindir gözəl” mahnılarını eşidirəm.

Gallery

- Mən artıq iki ildir “Dünya sənindir, gözəl”i ifa etmirəm. Bir də ki, hansısa tədbirə, efirə çağırılanda məndən tələb olunan mahnını ifa edirəm. Məclis var, gedirəm məcilis sahibi deyir ki, Ədalət bəy, biz sizi ancaq filan mahnıya görə çağırmışıq.

- Mütailəyə vaxt ayırırsınız?

- Mən mənə lazım olan kitabları oxuyuram.

- Axırıncı dəfə nə oxumusunuz?

- Bu yaxınlarda Vidadi müəllim mənə Azərbaycan xalçaları haqqında kitab bağışlamışdı, çox böyük maraqla oxudum.

Foto: İlkin Nəbiyev

news-inner-user
Günel Musa

64 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
21:00 30 Sentyabr 2020
Teatr rəhbəri Prezidentə müraciət etdi
18:45 30 Sentyabr 2020
Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
18:03 30 Sentyabr 2020
Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
17:15 30 Sentyabr 2020
ISESCO Qarabağla bağlı bəyanat yaydı
16:32 30 Sentyabr 2020
Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
15:42 30 Sentyabr 2020
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
15:01 30 Sentyabr 2020
Feminist müğənni vəfat etdi
14:19 30 Sentyabr 2020
Tanınmış yazıçı İsveçin xarici işlər nazirinə məktub yazdı
13:32 30 Sentyabr 2020
Teatr Xadimləri İttifaqı erməni təxribatı ilə bağlı bəyanat yaydı
12:51 30 Sentyabr 2020
Paşinyanın canlı efirdə danışdığı araq lətifəsi - Bir rus, bir erməni...
12:09 30 Sentyabr 2020
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
11:39 30 Sentyabr 2020
Qarabağa gedən ailə - Ayxan Ayvaz yazır
11:08 30 Sentyabr 2020
Tanınmış şair cəbhəyə yola düşdü
10:20 30 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsinə ciddi ziyan vurdu
10:01 30 Sentyabr 2020
Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
08:58 30 Sentyabr 2020
Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020