“O məni küçədə öpə də bilərdi”

“O məni küçədə öpə də bilərdi”
8 noyabr 2012
# 08:30

Yeni, “Yazar xanımı” adlı layihəyə başlayırıq. Bu layihənin Lent.az-dakı “Yaxın adam”dan fərqi ondadır ki, burda yazarın portretindən çox, onun xanımının həyatı öz əksini tapacaq. Həm də bu layihə Lent.az-da gedən “Yaxın adam” layihəsinin davamı kimidir. Orda qocaman sənətkarlar barədə onların yaxın adamları söhbət açırdısa, Kulisdə yeni nəsil gənc yazarların əzizləri danışacaq. Heç kimi həyəcana salmamaq üçün birinci özümüzünkündən başladıq – Qan Turalıdan.

Beləliklə, Qan Turalı barədə onun xanımı danışır-Sənubər Heydərova.


Onu belə tanıdım

Universitetdə eyni vaxtda təhsil alırdıq, uzaqdan bir –birimizi tanıyırdıq. Praktikanı eyni orta məktəbdə keçmişdik. Mənim orta məktəb müəllimlərindən biri ilə konfliktim olmuşdu, Tural dəhlizdə məndən soruşdu ki, nə məsələdir? Mən də danışdım məsələni. Başladıq ordan-burdan söhbət eləməyə və necə deyərlər onunla da başladıq.

Uzun müddət yaxın dost olduq, çünki ətrafımda çox insanlar olmasına rəğmən sirdaşım, həmsöhbətim yox idi. Tural çox maraqlı həmsöhbətdir, onunla qətiyyən darıxmazsan. Onun vasitəsilə o vaxt yeni ədəbi cərəyanlarla tanış oldum. Yaxşı oxucu idim, o adamlarla Tural məni tanış elədi ki, onların imzalarını tanıyırdım. Tural özü “525-ci qəzet”də işləyirdi, mən onun orda çıxan şeirlərini oxumuşdum. Sonra da
“Ədalət” qəzetinin “Nar” əlavəsində çap olunurdu.

Mənə qədər bir aləm qız sevmişdi, hamısını da bilirdim, gözlərim önündə baş verən olaylar idi. Hətta artıq bizim münasibətlərimizdən sonra da laqeyd qalmadığı qızlar vardı. Bunları da bilirdim, bəzən narazılığımız, problemimiz olurdu, bəzən də mən biləndən sonra onunla münasibətləri bitirirdi.

Tural ilk dəfə mənə ürəyini açanda gülmək məni tutdu, ciddi qəbul etmədim. Necə qəbul edə bilərdim ki, gözlərimin qarşısında nə qədər qızla sevişmişdi. Bizim dostluq etdiyimiz zamanlarda həyatında heç kim yox idi, mən də dedim ki, yəqin o boşluğu mənimlə doldurmaq istəyir. Hətta zarafatla dedim ki, sənə sevgili rolu oynayaram, sən yeni sevgili tapana qədər.

Başqalarına bənzəmir

Sonra Tural hiss elətdirdi ki, bu məsələ elə-belə deyil, ciddi hisslərdir, çünki artıq özümün də içimdən gəldi ki, onsuz qala bilmirəm. Yenə ailə quracaq qədər ciddiyə almadıq münasibətləri, düşündüm hələ ki, birgə yol gedirik də, gedək nə vaxt qırılar, qırılar. Lirik-sentimentallıqdan uzaq adamam, sevəcəyimi ağlıma belə gətirmirdim. Hətta onun son çıxan romanı barədə sosial şəbəkədə yazmışdım ki, texnikum tələbələri üçün yazılıb. Bilirəm kimsə məni ədalətsizlikdə günahlandırdı ki, adam əziyyət çəkib əsər yazıb öz həyat yoldaşı qiymətləndirmir.

Turalda məni ən çox cəlb edən onun fərqli dünyagörüşüdür. Maraqlandığın bütün mövzularda onunla rahat fikir mübadiləsi aparmaq olur. Həmişə mənim üçün maraqlıdır. Mütaliəsi böyükdür, yaxşı yaddaşı var, oxuduğu beyninə həkk olunur. Çox ağıllıdır, çox kreativdir. Başqalarına bənzəmir.

Hərdən başa düşmürəm ki, mən bu adamı necə maraqlandıra bilmişəm, məndə nə var ki, belə bir insan mənimlə maraqlanır. Onun zəkası ilə mənimki müqayisə olunmazdır. Mənə ilk vaxtlar çox çətin idi, çox azaddır. Ürəyindən nə keçirdisə onu eləyə bilərdi. Mənsə adi qız idim, öz komplekslərimlə, olmaq istədiyimlə olmalı olduqlarım üst-üstə düşməyən bir azərbaycanlı qızı. O, küçədə tutub məni öpə bilərdi, mənsə bunu kiminsə görməsindən ehtiyatlanırdım. Evdən çox təzyiqlər görürdüm. İndiki kimi rahat deyildim, o vaxt azad olmaq asan deyildi, hər halda indiki kimi deyildi. İçimdəki azadlığı üzə çıxartmağa Tural mənə yardımçı oldu.

Bu baxımdan bərbaddır

İki ilə yaxın sevgili olduq. O iki il ərzində Tural artıq evlilik təklifi eləmişdi, mən vaxtı uzatmışdım. İki ilin tamamında artıq vaxtı mən təyin eləməyə qərar verdim, çünki onunla qalmaq istəyirdim, amma evə getməyə məcbur qalırdım.

Çox dağınıq, səliqəsiz adamdır. Evlilikdən sonra da əvvəl olan həyatımız davam edirdi, elə bir dəyişiklik olmadı. Yenə axşama qədər dostlarla olur, gecə evə gəlirdik, indiyə qədər də elədir. Bir fərq ondadır ki, artıq ikimiz də saatla işə gedir, işdən çıxırıq. Özüm də səliqəli adam deyiləm, amma Tural çox bərbaddır bu baxımdan. Bu adam məişətə qətiyyən yararlı deyil. İlk vaxtlar buna görə problemlərimiz olurdu, artıq alışmışam. Bilirəm ki, evdə bir çox şeylər mənə aiddir, Turala ömür boyu aidiyyəti olmayacaq.
Keçən qış çox sərt keçdi bütün su borularımız partladı. Təbii ki, Tural bu barədə heç bir narahatçılıq keçirmədi. Atam düşdü qabağa həll elədi problemi. Bu il düşündün ki, boruları izolyasiya eləmək lazımdır ki, ötən ilki problem təkrar olunmasın. Getdim aldım izolyasiya üçün lazım olan materialı boruların üstünə sarıdım. Elə həvəslə elədim bunları ki, Tural gələndə göstərib əl işimi qürurlanacağam. Tural gəldi neçə dəfə dedim ki, gəl borulara bax, dedi yorğunam, sonra baxaram. Hələ də baxmayıb, mən də həvəsdən sönmüşəm, işi axıra çatdıra bilmirəm. Həvəsləndirsəydi bu işi çoxdan bitirərdim. Belə adamdır, sabah nə olacağını düşünməz. Düşünür e, amma boru səviyyəsində yox, yaradıcılıq barədə planlar qurur. Məsələn, romanı çıxan kimi yenisinin nə vaxt çıxacağını bəyan edir. O əsər hələ yoxdur, o qədər kənardan soruşanlar olur ki, nəticədə Tural da yazır.

Kürəkən kimi arzu olunan deyil

Turalın yerinə başqası olsaydı mənə dözməzdi, mən də dözülən qadın deyiləm. Yemək bişirməyin qəti həvəskarı deyiləm. Mənimki həyət-bacada işləməkdir, ağaclara qulluq etmək, gülləri sulamaq. Tural yemək bişirməkdə həvəskardır.

Bir də görürsən internetdən bir resept tapdı, siyahı tutub lazım olan ərzaqları da gedib alıb gətirir və bişirir. Məsələn, bir dəfə yaxşı ördək bişirmişdi, içini ədviyyatla doldurub zərvərəyə (falqa) büküb qoydu sobaya. Bişəndə dostlar da gəlib çıxmışdılar, hamının çox xoşuna gəldi.
Kürəkən kimi arzu olunan deyil. Öz valideynləri artıq bilirlər ki, Tural belədir, necə var elə də qəbul ediblər. Ailələrində Turalın xüsusi statusu var, bilirlər ki, nəyi ona demək olar, nəyin Tural üçün əhəmiyyəti yoxdur.

Deyəsən mənim də valideynlərim artıq buna alışmağa başlayıblar. Biz onlara vaxtlı-vaxtında baş çəkib diqqət göstərə bilmirik. Onlar bizi axtarıb arayırlar. Bizə daha çox dostlarımızla xoşdur, rahatdır. Onların yanına gedəndə hökmən bir şey soruşacaqlar bizdən ki, nə vaxt onlara nəvə bəxş edəcəyik. Nəvə baxımından isə bizim öz nöqtə-nəzərimiz var. Şəraitimiz hələ uşaq üçün əlverişli deyil. Haqqımız yoxdur uşağı o çətinliklə, o şəraitsizlikdə dünyaya gətirək. Valideynlərimiz istəyir deyə bunu eləmək olmaz, bunun üçün hazır olmaq lazımdır, həm ruhən, həm şərait baxımından.

Bizim hər il evlilik ildönümümüzdə Turalın anası səhər tezdən zəng edib bir arzu deyir – gələn il evinizdən uşaq səsi gəlsin.

Turalın dostlarına daha çox vaxt ayırmağı məni qıcıqlandırır. Sevişdiyimiz vaxtlar da təklikdə çox az qalırdıq, həmişə yanımızda dostları olardı.
Bir dəfə istədik ki, təklikdə özümüz gəzək, dostlarımızı aldatdıq ki, bir yerdə deyilik, başqa işimiz var, qəflətən şəhərdə onlarla rastlaşmağımız yalanımızı açdı.

O qədər bu həyata alışmışıq ki, dostlar bizə gəlməsələr darıxırıq.
Altı-bazar, gecə saat 11-dən sonra Turala işlə bağlı zəng edənlər isə gözümün düşmənidir. Bəzən zəng edib onu aparırlar, mənə on dəqiqə sərf etməyə vaxtı olmayan zamanlarda saatlarla dostları ilə olur. Xüsusi tarixləri o qədər diqqətdə saxlayan deyiləm, amma ad günümü Tural heç vaxt unutmaz.

Yenə həmişəki kimi həyatımız davam edir, işdən çıxıram haradansa zəng eləyir ki, filan yerdə dostlarla oturmuşuq gəl. Mən belə halda ona görə arzu olunan oluram ki, evə gedib tez-tez ona zəng eləməyim ki, gəl evə. Həm də həyət evində yaşayırıq, mən də qaranlıqdan qorxuram.

Ramilə Qurbanlı

# 3849 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #