news-inner
clock18:21 calendar-gray 22 Aprel 2020 view-gray1356 dəfə oxunub
view-gray1356 dəfə oxunub

Oğlunu itirən atanın sərgüzəştləri – Alpay Azərdən yeni hekayə

Kulis.az Alpay Azərin “Bubunun itməyi” adlı yeni hekayəsini təqdim edir.

Fransız aktyoru Jan Roşforun xatirəsinə…

(Bunuelvari 1-ci hekayə)

Adətən, nahar yeməyinə evə gəlirəm. Bu dəfə içəri girəndə, arvadımın tutqun sifəti nəsə xoşuma gəlmədi.

- Nəsə olub?

- Yox, hər şey qaydasındadı, - zorla gülümsədi.

- Bə niyə kefin yoxdu?

- Heeç, təzyiqim bir az aşağı düşüb.

- Şakaladnan kofe iç. Amma əvvəlcə mənə yemək ver.

Qabağıma bir boşqab küftə-bozbaşı qoyandan sonra Rəna soruşdu:

- Qaraciyərini uzi elətdirdin?

- Hə.

- Nə yazdı həkim?

- Normaldı hər şey.

- Baxmaq olar kağıza?

- Yox, olmaz.

Arvadım dəhlizdə divara söykədiyim çantama tərəf gedəndə, cəld yerimdən durub onu qabaqladım, başladıq çantanı o tərəf-bu tərəfə dartmağa. Axırda guya mən təslim oldum, gedib yerimdə oturub tələsik-həyəcanlı çantanın içini eşələyən arvadıma tamaşa etməyə başladım. Həkimin yazdığı epikrizi tapdı, açıb birnəfəsə oxudu. Hirslə mənə dedi:

- Ay vəhşi, niyə məni qorxutdun? Üstəlik, bilə-bilə ki, təzyiqim aşağı...

- Dedin ki, bir az aşağı düşüb, çox düşsəydi, mırtdaşmazdım sənnən. İkincisi də, sənə dedim axı, hər şey normal çıxıb. Sən niyə mənə inanm…

- Bubu itib.

Bubu oğlumuzdu, beş yaşı var, hazırlığa gedir. Qaşığı qaba qoydum.

- Nə? İtib? - qaşığı qaba qoyub ayağa durdum. - Nə vaxt, harda?

- Məktəbdən gətirəndə. Yolda.

Yataq otağına keçdim. Bubu burnuyla həzin fit verə-verə şirin-şirin yatırdı. Arvadım çiynimin üstündən həyəcanla ona baxırdı.

- Təcili Xaqani rayon polisinə getmək lazımdı. Durğuz, tez geyindir onu, - dedim.

- Onda mən də geyinim?

- Yox, sənin getməyinə ehtiyac yoxdu… Ya da geyin, əvvəlcə gedək məktəbə, bəlkə sən onu yolda itirəndə, özü ora qayıdıb.

- Ora niyə qayıtsın ki?

- Guya bilmirsən niyə? Məktəbi çox istiyir, ona görə, - gözümü ağartdım.

- Həə, doğrudan e, bu heç ağlıma gəlməmişdi.

- Tez ol, beş dəyqəyə ikiniz də hazır olun.

Dəhlizə çıxdım, Bubunun zarıltısı qulağıma dəydi: “Ana, yatmaq istiyirəm”, anası isə fikir vermədən zorla geyindirirdi onu. Kafedra müdirimə zəng edib mühazirəmi mənim yerimə keçməyi xahiş etdim. Saatıma baxdım, hələ beş dəqiqə keçməmişdi, əsəbi-əsəbi dəhlizdə gəzişməyə başladım. “Bircə rektorluqdan heç kim yoxlamaya dərsimi”. Beşinci dəqiqədə qapını açıb otağa boylandım. Arvadım karandaşla gözünə qələm çəkirdi.

- Ay qız, toya gedirik?!

- Hə, mən hazır, - karandaşı güzgünün qabağına atdı.

Onu deyim ki, arvadım Bubunun hazırlığa getdiyi məktəbdə fizikadan dərs deyir. Məktəbə girəndə, iş yoldaşı, - hündürboylu, misilsiz ayaqları olan müəlliməylə rastlaşdıq. Bizə salam verib Bubunun üzündən öpdü, “Maşallah, maşallah” deyə-deyə, oğlumuzu bir az sövələyəndən sonra Rənadan soruşdu ki, Firəngiz müəllimənin yanına gəlmisiz. Arvadım “Hə” mənasında başını tərpətdi. Emosional, ehtiraslı olduğu o dəqiqə gözə çarpan, boyu hardasa iki metrə çatan bu Litva cüssəli qadının şümal dərili ayaqlarına baxa-baxa, beynimdə yaranan “şümal” sözü “şimala” transformasiya elədi, sonda bu qadın əndamına görə mənə okeanı xatırlatdığından, “Bu ki Şümal İsti okeandı” sözləri ağlımdan keçdi. Müəlliməylə söhbət edən arvadım qəfil mənə tərəf çönüb dedi:

- Səni görüm okean üzünə həsrət qalasan, - qısqanclıq zəminində ürəyimdəkiləri oxumaq bacarığı var Rənanın.

Yaman yerdən vurdu məni: dünyanın iyirmidən çox ölkəsində olsam da, Ölü dənizdə uzanıb qəzet oxusam da, səhər saat altıda Aralıq dənizində, gecə saat ikidə ay işığının işıqlandırdığı Qara dənizdə çimsəm də, hələ ki dörd okeanın heç birini görməmişdim. Fısıldamağımı, sağ əlimin yumruq halına gəldiyini görən misilsiz ayaqlı müəllimə arvadımın durduğu yerdə mənə belə dəhşətli qarğış etməsinin səbəbini özüçün anışdırmadığı üçün çaşan kimi oldu. Elə bildi, indi qırğın qopacaq, tez sağollaşıb dikdabanlarını taqqıldada-taqqıldada yanımızdan uzaqlaşdı. Arvadıma heç nə demədim, indi onun yeri deyildi.

Biz sinfə daxil olanda, uşaqlar ayağa qalxdı. Arvadım “Oturun,” - dedi. Oturdular.

- Firəngiz müəllimə, - arvadım başladı. - Bağışlıyın narahatçılığa görə.

- Yox, o nə sözdü, buyurun, xoşdu, - xoş deyildi, daha doğrusu, həyəcanlıydı, deyəsən, elə bildi, onu hansısa məsələyə görə danlamaqçün gəlmişik.

- Oğlumuz itib, - arvadım barmağıyla Bubunu göstərdi. - Məktəbdən qayıdanda itib.

- Nə? - Firəngiz müəllimənin gözləri böyüdü.

Uşaqlar qəhqəhəylə güldü.

- Saakit! - Firəngiz müəllimə qışqırdı, masaya “paart” səsi çıxan bir şapalaq ilişdirib arvadıma üzünü tutdu: - Rəna məllimə, başa düşmədim, necə yəni uşaq itib?

- Saat birdə, mən məktəbdən qayıdanda yolda itib. Dedik, bəlkə burda olar, ona görə narahat etdik sizi.

- Ata, baax, mən orda otururam, - Bubu əliylə orta sırada ikinci partanı göstərdi.

Uşaqlar yenə gülüşdü, bu dəfə Firəngiz müəllimə onlara təpinmədi.

- Bubu, danışma, - oğluma çəmkirdim, - görürsən, məllimənlə danışıram. Firəngiz məllimə, siz qətiyyən narahat olmayın, yəni, oğlumuzu dərsdən sonra görməmisizsə, sizlik bir şey yoxdu.

- Axı, uşax sizin yanınızdadı, - müəllimə barmağıyla Bubunu göstərib qorxa-qorxa mənə baxdı.

- Əminsiz ki, odu?

- Bəs kimdi?

- Ekiz qardaşı ola bilməz? - dedim.

- Axı sizin gözünüzün qabağında öz əliynən oturduğu partanı göstərib dedi ki...

- Siz beş yaşlı uşağın dediyini ciddiyyətə alırsızsa, daha sözüm yoxdu. Bircə şeyi deyin bizə, bu gün uşağa dərs deyəndən sonra onu ikinci dəfə məktbəbdə, ya məktəbin kandarında görmüsüz, ya yox?

- Yox, görməmişəm.

- Aydındı. Elə bunu bilmək istəyirdik, - arvadıma üzümü tutdum. - Təcili polisə getmək lazımdı.

- Allah sən saxla, - deyib Firəngiz müəllimə əliylə ağzını tutdu.

Məktəbdən çıxıb avtobus dayanacağına yaxınlaşanda, əlimi pencəyimin döş cibinə saldım, vəsiqə yerindəydi. Hə, vəsiqə məsələsi…

İnişil DİN-in xüsusi şöbəsinin müdiri İmran dayım bizə qonaq gəlmişdi. Atamla söhbət edə-edə, kostyumunun döş cibindən çıxartdığı xidməti vəsiqəsini açıb baxmışdı, sonra istehzalı təbəssümlə demişdi:

- Bu necə olub məndə qalıb?

Tez o sənədə baxmaq istəmişdim. Açıb görmüşdüm ki, etibarlılıq müddəti keçib.

- Vaxtı keçib, - demişdim.

- Bilirəm, elə ona görə deyirəm ki, bu, nə gəzir cibimdə.

- Lazım olacaq sənə?

- Yox.

- Mənə verə bilərsən, dayı?

- Verərəm, amma nəyinə lazımdı? - sınayıcı nəzərlə mənə baxmışdı.

- İstiyirəm, daxili işlər nazirliyinin xüsusi şöbəsinin vəsiqəsi məndə olsun.

- Bura bax, çaşıb istifadə eliyərsən ha? - göz vurub vəsiqəni mənə uzatmışdı.

- Yox, ay dayı, sən yəni doğrudan, inanırsan ki, mən elə şey....

Dayım bu söhbətdən iki ay sonra iş otağında ürəktutmasından o dünyaya köçmüşdü. Bir müddət sonra vəsiqədə onun şəklini ehmalca qopardıb özümün kostyumlu-qalstuklu şəklimi yapışdırmışdım, üstəlik, ağardıcı və qələmlə yüngülvari “cərrahiyə əməliyyatı” aparıb, istifadə müddətini uzatmışdım.

Yolda arvadımı inandıra bildim ki, onun polisə getməyinə ehtiyac yoxdu. O, evə getdi, Bubuyla mən yaxınlıqdakı taksiyə oturduq.

- Xaqani rayon polis idarəsinə. Təcili.

- Başüstə, - sürücü mühərriki işə saldı.

Bubuyla idarəyə girib aşağıda dayanan növbətçi polisə dedim:

- Rəislə görüşməliyəm.

- Nə məsələdi?

- Oğlum itib, - əlindən tutduğum oğlumu başımla göstərdim.

- Nə? - gözləri bərəldi. - Oğlunuz itib? Hansı oğlunuz? - yerindən durub bizə tərəf gəldi.

- Bu oğlum, - barmağımla Bubunu göstərdim. - Onu təcili tapmaq lazımdı.

Növbətçi polis təəccüblə göy kostyumuma, ağ köynəyimə, tünd göy qalstukuma, mazlanmış qara rəngli inspektor ayaqqabılarıma baxıb özüçün yəqin etməyə çalışdı görsün, normal adamam, yoxsa başdan bir az o söz. Handan-hana dilləndi:

- Məllim, siz biznən məzələnirsizsə, heç düz eləmirsiz, - ciddiləşdi.

- Sən indi məni buraxmayacaqsan rəisin yanına?

- Birincisi, sən yox, siz. İkincisi, əlbəttə, buraxmayacam.

- Aydındı, - döş cibimdən “vəsiqəmi” çıxardıb ona uzatdım. Gah mənə, gah da şəklimə baxan növbətçi polis lap çaş-baş qaldı.

- İmran müəllim, sizi rəisin yanına buraxa bilərəm. Amma elə şey deyirsiz, vallah, heç nə başa düşə bilmirəm. Bəs birdən yuxarıda?...

- Narahat olma, səndən soruşsalar, deyərsən, vəsiqəni göstərdi, mən də buraxdım.

- Gedə bilərsiz, - vəsiqəni qaytarıb könülsüz dedi. - Üçüncü mərtəbə, qırxıncı otaq.

Katibə vəsiqəmə baxıb rəisə zəng etdi, kim olduğumu dedi, oğlumla parketli döşəməsi bərq vuran, işıqlı, geniş bir otağa daxil oldum.

- İmran müəllim, xoş gəlmisiz. Buyurun, oturun, - mənə əl verəndən sonra oğlumun üzündən öpdü. - Bu, nə qəşəh baladı. Nəvənizdi?

“Dayımın ölməsindən xəbəri yoxdu”.

- Oğlumdu.

Bir az çaşan kimi oldu, “Polkovnikin niyə belə balaca oğlu olsun?” yazıldı sifətində.

- Allah saxlasın. Xoş günlərini görəsiniz inşallah, - dilləndi.

- Amin. Allah sizinkiləri də saxlasın.

Tez gedib siyirməsindən Snikers şokoladı çıxarıb Bubuya gətirdi. Oğlum mənə baxdı, “Götür” dedim, şokoladı götürüb rəisə “Sağ ol” dedi. Rəis qayıdıb öz kreslosunda oturdu.

- İmran müəllim, deyim sizə çay gətirsinlər, - telefonun dəstəyini götürdü.

- Çox sağ ol, içmişəm.

- Bəlkə deyim soyuq su gətirsinlər? Çöldən, istidən gəlmisiz.

- Lazım deyil, sağ ol. Niyə bura gəlmişəm, onu deyim, oğlum itib, - barmağımla kresloda oturub Snikers şokoladını artıq yeməyə başlayan oğlumu göstərdim.

- Nə vaxt itmişdi ki? - sifətinə canıyananlıq ifadəsi verdi.

- Hardasa saat yarım qabaq. Yoldaşım məktəbdən gətirəndə, yolda itib. Tapmaq lazımdı.

Rəis diksindi, ayağa durub tez də oturdu. Nə deməyi ilə bağlı beynində götür-qoy edirdi.

- Məllim, başa düşmədim sizi, - dilləndi.

- Burda başa düşülməməli nə var ki? Oğlum itib, tapmaq lazımdı, - ciddi-ciddi ona baxdım.

- Burdadı axı, - barmağıyla oğlumu göstərdi. - Şakalad yeyir.

- Hə, burdayam, - Bubu sevincək dilləndi.

- Ay uşax, - ona tərəf çöndüm. - Bayaq məktəbdə də sənə dedim, böyüklərin söhbətinə qarışma.

- Görürsüz, özü də təsdiq elədi ki, burdadı, - rəis dedi.

- Onun beş yaşı var, hələ ağlı kəsmir ki, kimdi, nəçidi. O, heç təsdiq eləmək sözünün mənasını bilmir.

Deyəsən, rəis əminiydi ki, mən başdan o sözəm.

- Rəis, - dedim. - mən normal adamam, bir daha deyirəm, oğlum itib, onu təcili tapmaq lazımdı.

- İndi neyniyək, İmran müəllim? Nə təklif eliyirsiz? Burda ola-ola, polisləri salaq şəhərə oğlunuzu axtarsınlar? - qıyqacı mənə baxdı. - Yaxşı, nə vaxt, harda, necə olub itib?

- Bu gün günorta saat bir radələrində yoldaşım uşağı məktəbdən götürüb evə gələndə yolda itib.

- Aydındı. Uşağın adı, soyadı? - masanın üstündən qələmi götürdü.

Adını dedim, boyu, çəkisi, xarici görünüşüylə bağlı suallarına cavab verdim. Bütün bunları A 4 kağızına yazandan sonra rəis telefonu götürüb kiməsə zəng etdi:

- Mayor Rəhimovu yanıma çağırın.

İki dəqiqədən sonra Rəhimov peyda oldu.

- Rəhimov, - rəis dilləndi. - Əvvəlcə bu uşağın şəklini çək telefonuna.

“Başüstə,” - deyib mayor ayfonuyla iki dəfə Bubunun şəklini çəkdi.

- Al bu kağızı, - rəis yazdığı kağızı mayora uzatdı. - Deməli, bu uşaq haqqında olan məlumatlardı. Telefona çəkdiyin şəkli də, məlumatları da kompyuterdə yığıb Bakının bütün polis idarələrinin, şöbələrinin divarlarına vurursuz, şəhəri ələk-vələk edib təcili bu uşağı tapıb gətirirsiz idarəyə.

Mayor Rəhimovun heyrətdən ağzı açıldı.

- Ə, nə gözünü döyürsən? - rəis onun üstünə çəmkirdi. - İşə başla.

- Axı.

- Nə axı?

- Həm deyirsiz axtarın, həm də o, burdadı axı, - əliylə Bubunu göstərdi.

- Nə olsun ki? Sən verilən tapşırığı yerinə yetir.

- Oldu, rəis, - çest verdi. - Hə, olar çəkdiyim şəkillərə bir də baxım?

- Bax, amma tez ol.

Rəhimov tez-tez barmağıyla mobil telefonunun ekranını döyəcləməyə başladı.

- …Rəis, çəkəndə əlimi əsdirmişəm, bir az tutqun düşüb şəkillər. Olar bir də…

- Olmaz, vaxt gedir. Necə var, o cür də çıxsın şəkillər.

- Oldu, rəis, - mayor çest verib otaqdan çıxmaq istəyəndə, rəis dilləndi:

- Hə, bir dəyqə dayan. Bu xəbər heç bir sayta-filana düşməməlidir. Hansısa saytda, vatsapda, lap beşinci dərəcəli saytda bu xəbər çıxsa, özündən küs.

- Oldu, rəis, tam arxayın olun, hər şey siz deyən kimi olacaq, - mayor üçüncü dəfə çest verib otaqdan çıxdı.

Rəis ayağa durub dedi:

- İmran müəllim, qətiyyən narahat olmayın. Bütün qüvvələrimizi səfərbər edib oğlunuzu tapıb sizə təhvil verəcəyik inşallah. Qapımız üzünüzə həmişə açıqdı.

- Təşəkkür edirəm, - oğlumla kabinetdən çıxdıq.

Avtobusdan düşüb evə tərəf gedirdim ki, post-patrul xidmətinin maşını qəfil yanımda dayandı. İçindən çıxan üç polis mənə yaxınlaşdı, onlardan biri adımı, soyadımı çəkən kimi başa düşdüm nə məsələdi. Xaqani rayon polisinin rəisi çox güman, məsələni araşdırıb özündən yuxarıdakılara xəbər vermişdi...

- Bizimlə getməli olacaqsız, - onlardan biri mədəni şəkildə dedi.

- Olar, oğlumu evə qoyum, gəlim? Burda yaxında oluruq, - əlimlə binamızı göstərdim.

- Yox, olmaz, çünki bizə göstəriş verilib ki, oğlunuzu tapmalıyıq.

- Lap yaxşı. Hara gedirik?

- Oturun maşına, biləcəksiz.

Bildim ki, nəsə deməyin mənası yoxdu. Maşın Daxili İşlər Nazirliyinin yanında dayananda, hər şeyi başa düşdüm. Xüsusi şöbənin müdirinin otağına girən kimi, orda oturan ortayaşlı kişi salam vermədən “Vəsiqəni bura ver,” - dedi. Pencəyimin döş cibindən vəsiqəni çıxarıb ona uzatdım, açıb içinə baxdı.

- Hardandı bu səndə? - qaşqabaqlı sifətlə soruşdu.

Hər şeyi açıb olduğu kimi dedim. Dayımın adını eşidəndə, müdir içini çəkib dilləndi:

- Nə? Sən İmran müəllimin bacısı oğlusan?

- Bəli.

- Neçə yaşın var?

- Qırx beş.

- Qırx beş? Nəynən məşğulsan? Harda işliyirsən?

- Bakı Dövlət Universitetinin filologiya faküktəsinin dosentiyəm.

Bunu eşidən şöbə müdiri əlini əlinə vurub şappıldadaraq başını buladı. Onun bu cür emosional təəccüblənməyi mənə necə ləzzət elədisə, cuşa gəldim:

- Üstəlik, Sankt-Peterburq Dövlət Universitetinin məzunuyam, elmlər namizədiyəm.

- Tay denən oxumaqdan başın xarab olub da, - qəhqəhəylə güldü, tez də ciddi sifət aldı: - Bir sual verəcəm, amma yalan məlumat versən, pis olacaq sənə. Dəlilik kağızın var?

- Yox.

- Bəs hansı ağılnan yazıx uşağı iyulun bu istisində salmısan yanına, gedib Xaqaninin rəisini barmağına dolamısan? Hər şeyi qoyuram bir yana, bilirsən ki, saxta sənəd düzəltməyə görə hansı cəza düşür sənə? Üstəlik, xüsusi şöbənin sənədini saxtalaşdırdığına görə?

- Təxmin eliyirəm.

- Təxmin eliyirəm yox e, alim adamsan, get cinayət məcəlləsini aç, o maddəni tap oxu. Sən bilirsən ki, qanuna görə bu dəyqə protokol yazdırıb səni həbs etməliyəm? Amma dayınnan keçəmmirəm. İmran məllim on il mənim müdirim olub. Tonnarnan çörək kəsmişəm rəhmətliklə, - bir siqaret çıxarıb yandırdı.

- Bağışlıyın, adınız necə oldu?

- Tofiq, - siqaretindən dərin qüllab alıb havaya üfürəndən sonra sifətinə xəfif təbəssüm çökdü: - Dayan görüm. Xaqaninin rəisiynən mənim öz haqq-hesabım var, - telefon kitabçasını götürüb vərəqləməyə, lazım olan hərfi tapandan sonra barmağıyla bir-bir nömrələrin üstündən keçməyə başladı. - Hə tapdım, - nömrəni yığdı. - Salam, Vidadi məllim, nazirlikdən, xüsusi şöbədən zəng eliyirəm. Bizə göstəriş gəlib ki, sizin ərazidə bu gün, bir dəyqə, - əliylə dəstəyi tutub mənə tutdu üzünü. - Oğlunun neçə yaşı var?

- Beş.

Əlini telefonun dəstəyindən çəkib davam etdi:

- Sizin ərazidə beş yaşlı oğlan uşağı itib... Aha... Atasıyla gəlmişdi... Necə yəni, atası uşağın yanında dedi ki, oğlum itib... İstənilən halda, təcili uşağı tapıb valideynlərinə təhvil verin, - dəstəyi yerinə qoyub mənə göz vurdu. - Gedə bilərsən, tapşırıq verildi. Amma bir də belə şey eləmə ha.

Ayağa durub təşəkkür etdim, masaya yaxınlaşıb barmağımla vəsiqəni göstərərək “Onu verərdiz, zəhmət olmasa” deyəndə, şöbə müdiri gözünü ağartdı:

- Tay ağ eləmə də. Üz verəndə, astar istəməzlər. Sən belə elə, oğlunnan get təzədən Vidadi müəllimin yanına, təşəkkür elə ona, de ki, çox sağ olun oğlumu tapdığınızçün.

- Aydındı. Elə sizə də təşəkkür edirəm ki, bu işdə mənə köməyini əsirgəmədiz.

- Hə e hə. Əsirgəmədim də sözdü, - deyib güldü.

Oğlumla bir yerdə DİN-in binasından çıxdıq. Bubunun əlindən tutub yolun o biri tərəfinə keçdik. Əlimlə London taksisini saxlatdırıb oturduq, yollandıq Xaqani Polis idarəsinə.

- Ata, - Bubu dilləndi. - Biz indi hara gedirik?

- Bayaqkı əmi varıydı e, onun yanına.

- Mənə Snikers verən əmi?

- Hə, Bubu.

- Məni hələ tapmıyıblar ki?

- Tapıblar, Bubu, tapıblar. Gedirik o əmiyə sağ ol deməyə.

Taksidən düşüb yaxınlıqdakı şirniyyat mağazasına getdim, ordan ballı tort aldım. Növbətçi polis məni, əlimdəki tortu, Bubunu görəndə, bilmədi nə desin. Barmağımla yuxarını göstərib dedim:

- Rəis bizi gözləyir. Yeri gəlmişkən, sizi də sevindirim. Oğlum tapıldı, - barmağımla Bubunu göstərib gülümsədim.

O isə məni səy hesab etdiyindən, təbəssümsüz-filansız başını tərpətdi, heç nə demədən oğlumun əlindən tutub pilləkənlərə tərəf addımladım.

Katibəyə dedim ki, Vidadi müəllimin xəbəri var, o da şefinə zəng edib bizi içəri buraxdı. Kabinetə girən kimi günəş təbəssümlü sifətlə, sol əlimdə tort, iri addımlarla ona tərəf getdim, Bubu da mənim yanımca. Rəisin əlini sıxıb dedim:

- Vidadi müəllim, heç bilmirəm sizə necə minnətdarlığımı bildirəm. Nəhayət, oğlum sizin sayənizdə tapıldı. Üstəlik, çox qısa müddətdə.

- Borcumuzdu, İmran müəllim, - rəis əyilib oğlumun başından öpdü.

- Bu tortla çay içərsiz, - tortu ona uzatdım.

- Nə əziyyət çəkirdiz, müəllim. Bu dəyqə qıza deyim, bizə çay dəmləsin.

- Təşəkkür edirəm, - tortu onun yazı masasına bitişik balaca şüşə masanın üstünə qoydum. - Amma biz getməliyik, gedib anasını sevindirməliyəm.

- Hə, düzdü, zəng eliyib deməmisiz?

- İstiyirəm sürpriz olsun.

- Hə, necə məsləhətdi. Amma torta görə vallah, xəcalət verirsiz.

- Xəcalət deyil, siz ki heç bir sutka tamam olmamış bu işin öhdəsindən gəldiz, tort çox xırda şeydi əziyyətinizin yanında...

...Bu vaxt DİN-in xüsusi şöbəsinin müdiri Tofiq işdən çıxıb xidməti maşınına oturdu, yollandı “Aypara” restoranına. Restorana girən kimi ofisiant onu qarşılayıb yer göstərdi.

- İki döymə, iki tikə... Limonad Nataktari... Əvvəlcə xalodnıları gətir. Pendirlərdən keçi, bir də, motal pendiri gətir.

- Oldu, məllim, - sifarişi kağıza yazan ofisiant uzaqlaşdı.

Tofiq qol saatına baxdı. Bu vaxt yan masalardan birinin arxasında gözəl bir rus xanımı oturdu. Tofiq o dəqiqə tanıdı onu, illər öncə Volqoqrad milis məktəbində həmin bu Mariya (Maşa) Vereşaqinayla eyni kursda oxumuşdular. Ayağa durub masaya yaxınlaşdı:

- Bağışlayın, siz Maşa Vereşaqina deyilsiz?

- Həə, - polkovniki təəccüblə süzən qadın qəfil sevincək qışqırdı: - Aaa, Tofiq!! - ayağa durdu.

Qucaqlaşdılar, öpüşdülər və Maşa, Tofiqin masasına keçmək təklifiylə razılaşdı. Onlara yaxınlaşan ofisianta Tofiq dedi ki, xanımın sifarişlərini bura gətir və hesabı axırda məndən alarsan.

Mənsə artıq Xaqani polis idarəsindən çıxıb yenə tort alaraq evə yollandım. Qapını açan yoldaşım Bubunu görcək sevindiyindən qəhərləndi, göz yaşlarını siləndə, uşaq təəccüblə dedi ki, ana, niyə ağlıyırsan, məni tapdılar e. “Ağlamıram e, Bubu, mətbəxdə soğan doğruyurdum, ona görə gözümdən yaş gəlir,” - deyib güldü. Bubunu qucağına alıb o üzündən, bu üzündən öpdü.

Hamımız mətbəxdəydik. Arvadım çaydanın altını yandırıb soruşdu:

- Necə oldu tapdılar?

- Əşi, başıma gələnləri danışsam, kino çəkmək olar vallah, - evdən çıxıb taksiyə minəndən sonra olan hadisələrin hamısını danışdım.

- Allah dayına rəhmət eləsin, - arvadım köks ötürdü. - O, olmasa, səni orda yüz faiz qandallamışdılar.

- Demə, demə.

- Sağ olsunlar ki, tapdılar uşağı.

- Öz də bir günün içində. Təsəvvür eliyirsən?

Arvadım elə sevindi ki, axırda Şümal İsti Okeanı nəzərdə tutaraq, “Tay qısqanmıram səni, istəsən, bu gün məktəbdə gördüyümüz Nailə məlliməyə feysbukda dostluq ata bilərsən,” - dedi.

...Bu vaxt xüsusi şöbənin müdiri Azərbaycana turist kimi gəlmiş Maşayla şirin-şirin söhbət edirdi. Söhbət vaxtı Maşanın iki il əvvəl ərindən boşandığını eşidən Tofiq ürəyində “Nə yaxşı” desə də, söyüncəkliyini gizlətməyə çalışdı. Az sonra keçmiş qrup yoldaşına dedi ki, mütləq səni Qəbələyə, Şəkiyə aparıb, oraların təbiətini göstərməliyəm. Maşa həvəslə razılaşdı. Sonra bu gün işdə başına gələnləri qonağa danışdı.

- ...Maşa, təsəvvür elə, oğlu yanında ola-ola, deyir ki, oğlumu tapın. Mənə deyəndə ki, Sankt-Peterburq Dövlət Universitetini qurtarıb, üstəlik, elmi dərəcəsi var, hər şey aydın oldu mənə.

- Görünür, oxumaqdan o söz, - Maşa barmağını gicgahına tərəf apardı.

- Hə, hə, özünə də dedim bunu. Sadəcə, mərhum dayısı bir vaxtlar mənim müdirim olub, yoxsa otağımda tutub qandallayacaqdım onu. Oho, kabablarımız gəldi.

Ofisiant əlində şişlər masaya yaxınlaşıb kababları qablarımıza boşaltmışdı ki, Tofiqin mobil telefonuna tanınmayan nömrədən zəng gəldi.

- İmkan verməzlər yeməyimizi yeyək, - cavab vermədi.

- Mən də adətən, tanınmayan nömrədən zəng gələndə cavab vermirəm, - Maşa masanın üstündəki ayfonun ekranında “Неизвестный номер” sözünü görmüşdü. İkinci dəfə zəng gələndə, Tofiq narazı-narazı başını bulayıb yaşıl düyməni basdı.

- Salam, kimdi danışan?

- İmran məllimdi... Bir dəyqə qulaq as. Mənim ölüb-ölməməyimin məsələyə dəxli yoxdu... Səbrin olsun, qulaq as! Zəng elədim sənə sağ ol deyəm, bacıoğlunu yola vermisən bu gün. Amma o biri dünyada özüm onun payını verəcəm elədiyi özbaşınalığa görə. İndi dur gəl Yasamal qəbristanlığına, gəl qəbrimin yanına, sənə sözüm var.

- Nə?! Alo!... Alo!...

Tofiq hirslə telefonu masaya atdı.

- Nə baş verib? - Azərbaycan dilini bilməyən Maşa qorxa-qorxa soruşdu.

- Bir nəfər mənimlə çox pis zarafat etdi. Sənə nuş olsun, amma mən təcili bir yerə getməliyəm və çox üzr istəyirəm səni burda tək qoyduğuma görə. Hansı oteldə qalırsan?

- Hilton.

- Mənə öz nömrəni de, - nömrəni yazmaqçün ayfonunun ekranını açdı.

- 00 795 726 ..., bu, həm də votsapa bağlıdır, yəni audiozəng də edə bilərsən.

- Mütləq əlaqə saxlayacam, - Tofiq ayağa durub ofisianta yaxınlaşdı, hesabın hamısını ödədi, “Xanımın qulluğunda ol,” - tapşırıb, tələsik restorandan çıxdı.

Xidməti maşınından çıxıb Yasamal qəbristanlığının əsas qapısına yaxınlaşanda, üç molla onun vəzifəli-pullu adam olduğunu hiss edib tez “Yasin” oxuyub beş-on manat qazanmaq ümidiylə ona yaxınlaşdılar. Əliylə narazı-narazı işarə etdi ki, lazım deyil. Mollalar kefsiz halda ondan aralandı.

Tofiq gedib dayımın qəbrini tapdı, taxta skamyada oturub məzar daşına, yanındakı qırmızı qızılgül koluna baxdı. Dayımın kabinetindəki şəklini vurmuşdular qara mərmərə: masasının üstündə iş telefonu, cib telefonu, qələm, dəri üzlü bloknot, başqa kargüzarlıq şeylərin fonunda dayım gözlüyünün üstündən keçmiş işçisinə baxırdı.

- Molla! - Tofiq qışqırdı. - Gəl bura!... Biriniz gəlin, hamınız yox... Ya da hamınız gəlin, öz aranızda bölün Yasin surəsini, növbəylə oxuyun.

Pencəyinin cibindən dəri pulqabını çıxardıb açdı, onluq manatların olduğu cibdən üçünü çıxardıb hərəsinə birini verdi.

5 fevral – 19 aprel, 2020,Bakı.

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ ...

news-inner-user

15830 məqalə

Oxşar xəbərlər