news-inner
clock15:23 calendar-gray 15 Aprel 2020 view-gray3034 dəfə oxunub
view-gray3034 dəfə oxunub

Pandemiya çağırışı və milli kimliyimizin gələcəyi - Elşad İskəndərov yazır...

Kulis.az Azərbaycan Respublikası XİN-in Fövqəladə və Səlahiyyətli səfiri, Kolumbiya Universitetinin məzunu Elşad İskəndərovun “Pandemiya çağırışı və milli kimliyimizin gələcəyi” adlı məqaləsini təqdim edir.

Koronavirus təhlükəsi qarşısında bəşəriyyətin ölüm-dirim səyləri fonunda, “tanıdığımız dünya dəyişir” haqqında ciddi xəbərdarlıqlar daha inadla səslənməkdədir. Buna görə, pandemiyanın vurduğu zərərin minimallaşdırılması istiqamətində görülən tibbi, inzibati və iqtisadi tədbirlərlə yanaşı, Azərbaycan post-koronavirus dövründəki dünyaya ideoloji baxımdan da hazır olmalıdır.

Koronavirus son 30 ildə səkil alan qlobal dünya düzənini darmadağın edir

Gallery

Son zamanlar tez-tez eşidirk ki, bəşəriyyəti ağuşuna alan koronovirus pandemiyasını (görünməyən düşmənə qarşı aparılsa belə), dünya müharibələri ilə müqayisə edirlər. Ümumilikdə tarix, xüsusən də XX əsrin tarixi isə onu öyrədir ki, hər bir qlobal müharibənin bitməsi ilə dünya düzəni dəyişir. Birinci dünya müharibəsi Versal dünya düzənini bərqərar etdi, İkinci – Yalta, soyuq müharibənin bitməsi isə liberal, mono-polyar dünyanın sürətli qurulmasına gətirib çıxardı. Lakin tarixdən həm də o məlumdur ki, müharibələr öz-özlüyündə qlobal transformasiyalar üçün gündəm formalaşdırmırlar. Əksinə, dünya, müharibələr astanasına artıq adi üsullarla həlli mümkün olmayan təzadlarla hamilə vəziyyətdə daxil olur. Qalibləri müəyyən edən müharibənin nəticələri isə artıq mövcud böhranların həll vektorlarını qalib tərəf üçün sərfəli istiqamətdə təmin edir. Hər böyük müharibədən sonra, qalib tərəfin dəyərləri, sistemləri, siyasi və iqtisadi rejimləri, fəlsəfəsi (keçmişdə isə dini də) məğlub olanların üzərində dominanta çevrilir. Buna bariz nümunə - İkinci dünya müharibəsinin qalibləri – bir tərəfdən, SSRİ, digər tərəfdən isə - Qərb müttəfiqlərinin öz maraqlarına uyğun müvafiq olaraq Şərqi və Qərbi Avropada siyasi rejimlər qurmasıdır. Digər nümunə - “soyuq müharibə”nin yekunlarına əsasən qalibin – ABŞ-ın yalnız siyasi liderliyi deyil, həm də liberal paradiqmasının qlobal dominantlığının təşəkkülüdür. Tarix həm də onu öyrədir ki, qlobal münaqişələr zamanı qalib paradiqmanın düzgün müəyyənləşdirilməsi və milli strategiyanın vaxtında korrektə edilməsi daha kiçik dövlətlər üçün həyati prioritetə çevrilir. Bunun üçün ən başlıcası təzadların dəqiq anlaşılması və münaqişəyə cəlb olunan qütblərin hələ müharibələrdən öncəki dövrdə qüvvələr nisbətinin düzgün dəyərləndirilməsidir. Müharibələrin yekunlarının düzgün proqnozlaşdırılması müharibələrin aparılmasına sərf edilən səylərdən heç də az əhəmiyyət kəsb etmir, hətta bəlkə daha əhəmiyyətlidir. Xrestomatik nümunə kimi Türkiyəni göstərmək olar: 1945-ci ilin fevralına qədər İkinci dünya müharibəsində iştirak etməməsinə baxmayaraq, elitasının qalib paradiqmanı düzgün strateji təyini nəticəsində, münaqişənin yekununa görə maksimal mənfəət əldə edildi.

30 illik müharibənin yekunu – Avropanın milli dövlətlərə bölünməsinin əsasını qoymuş Vestfal sülhünün bağlanması

Gallery

Pandemiya ilə hazırkı “müharibənin” keçmişin klassik münaqişələrindən bütün fərqliliklərinə baxmayaraq, ciddi analitiklər artıq indidən deyirlər ki, bu hadisə müasir dünyanı alt-üst edəcək. O mənada ki, koronovirus müharibəsi keçmişin münaqişələri kimi “müharibəyə qədərki” dövrün qlobal təzadlarının həlli üçün istifadə olunacaq. Həm də o mənada ki, müharibənin nəticələrinə görə dominant qlobal paradiqmaların yenidən formatlanması, hətta tamamilə dəyişdirilməsi baş verəcək.

Əlamətdardır ki, hələ koronovirus pandemiyası ərəfəsində, bir sıra aparıcı mütəfəkkirlər liberalizm paradiqmasının dominantlığı ilə səciyyələnən tarixin hazırkı mərhələsinin təzadlarının genişmiqyaslı analizi ilə çıxış etdilər. Frensis Fukuyamanın “Kimlik” və Yuval Hararinin “21 dərs”ində liberalizmin bu iki müdafiəçisi daha əvvəllər liberal sistemin tam qələbəsi haqqındakı fikirlərini yenidən nəzərdən keçirdi və bu, gözlənilən qlobal dəyişikliklər barədə xəbər verən həyəcan təbilləri kimi səsləndi. Bu və digər müəlliflərin əsərlərində üzə çıxan liberalizm dövrünün təzadlarını 4 əsas “rəqib model” qruplarında cəmləmək mümkündür: Qloballaşma – Milli kimlik; Liberalizm – Etatizm; Elm – Etika; Elitar superzənginləşmə – Dərinləşən modernləşmə. Məntiqi ehtimalla, pandemiyaya qarşı “üçüncü dünya müharibəsinin” yekunları bəşəriyyətin inkişafının gələcək vektorunun müəyyən edən məhz rəqabət aparan bu paradiqmaların hansının qalib gələcəyini müəyyən edəcək.

Milli mənzillərə çəkilmə?

Liberal paradiqmalardan biri, daha dəqiq isə - mal, xidmət və ideyaların azad dövriyyəsi konsepsiyasına vurğu edən qloballaşma hələ pandemiyanın tüğyanından öncə, Harvard universitetinin professoru Stiven Uoltun təbirincə desək, hiper-qloballaşma dövrünə qədəm qoymuş və artıq eroziyaya məruz qalmağa başlamışdır. “Böyük Meksika divarı” ideyası, Amerika-Çin ticarət müharibələri və Brekzit həm dünya elitasının, həm də elektoratın əhəmiyyətli bir hissəsinin qloballaşmanın gətirdiyi yüklənmə stressinə reaksiyasının aşkar təzahürləri idi. Çinin “öz yoluna” sədaqətini bir kənara qoysaq belə, əsrin ikinci onilliyində Rusiyanın artan sürətlə öz tarixi taleyinə meyliliyi, Orbanın “macar kimliyi” siyasəti onu göstərirdi ki, hiper-qloballaşmaya “milli” cavab tendensiyası geniş vüsət almaqdadır. Qloballaşmanın fərqli çağırışlarından qaynaqlansalar da, yekunda bu tendensiyalar eyni nəticəyə malik olur, – bəşəriyyətin get-gedə daha böyük hissəsi öz inkişafının perspektivlərini milli dövlətlərlə bağlayır və qloballaşmanın sarsıtdığı milli kimliklərin yenidən güclənməsinin lehinə seçim edir.

Babil qülləsinin dağılması bəşərin çoxsaylı xalqlara bölünməsinin arxetipinə çevrildi

Gallery

Artıq indidən aydındır ki, koronovirus pandemiyası bu tendensiyaları gücləndirəcək. Epidemiya ilə mübarizə taktikasının özü milli sərhədlər çərçivəsində təcridi tələb edir. İngiltərə Kral Beynəlxalq Münasibətlər institutunun direktoru Robert Niblettin fikrincə, fövqəladə vəziyyətin iqtisadi nəticələri “hökumətləri, şirkətləri və cəmiyyətləri uzunmüddətli iqtisadi özünütəcrid şəraitində fəaliyyətə hazır olmağa” məcbur edəcək. Təəssüf ki, ötən həftələr həmçinin göstərdi ki, “bəşəriyyətin birliyi və həmrəyliyi” brendli qloballaşmanın vitrini qlobal böhran anında özünün üzdəniraq iç üzünü – qədim insan eqoizmi və real həmrəyliyin yoxluğunu - aşkar etdi. İtaliyalılar hələ uzun müddət ümumi Avropa super-kimliyi üzrə qardaşlarının (faktiki olaraq isə superdövlət olan Avropa Birliyi üzrə həmvətəndaşlarının) təhlükə anında sağ qalmaq instinktinə uyaraq, onlardan üz çevirmələrini unutmayacaqlar. Ən əsası isə vəd edilən “ümumbəşər kimlik” böhran vəziyyətində qlobal miqyaslı yüksək səfərbərliyi ərsəyə gətirə bilmədi.

Və əksinə. Hələ ki böhranla mübarizədə 2 əsas amil - modernləşmiş iqtisadiyyat və yüksək dərəcədə milli səfərbərlik imkanına malik ölkələr uğur qazanır. Özü də qeyd olunan qanunauyğunluq bu ölkələrin siyasi rejimlərindən asılı olmayaraq, doğruluğunu nümayiş etdirir. Bu qayda həm avtoritar Çinin, həm demokratik Cənubi Koreyanın, həm də Sinqapurun qeyri-liberal demokratiyası nümunəsində öz təsdiqini tapır. Siyasi quruluşu fərqli olan bu üç ölkəni kütləvi modernləşmə və milli kimliyin yüksək səviyyəsi birləşdirir. Sosioloji nöqteyi-nəzərindən buna - milli kimlik layihəsinin işlənməsi və tamamlanması da demək olar. Əlbəttə, qlobal bağlar sistemi Babil qəsri kimi bir anın içərisində çökməyəcək, lakin onun yenidən formatlanması yeni dünya düzəni sistemində milli kimliklər faktorunun qüvvətlənməsinə gətirib çıxaracaq.

BİZ – birlikdə güclüyük

Koronavirus qasırğası ilə sürətlənən tektonik dəyişikliklər diqqətlə öyrənilməli və əldə edilən nəticələr əsasında müvafiq milli səylər göstərilməlidir. Bu səylərin məqsədi yalnız Azərbaycanın pandemiya dövründən daha az itkilərlə çıxması deyil, həm də koronovirusdan sonrakı dünyaya hazır olmasıdır. Gəlinən birinci nəticə isə - milli kimlik layihənin üzərində sistemli çalışma ZƏRURƏTDİR.

Elmdə təşəkkül tapmış tərifə əsasən, milli kimlik fərdin kimliyin ən vacib səciyyəvi xüsusiyyətlərindən birini təşkil edir. Bu səciyyə hər bir fərddə özünü, ondan daha böyük və ardıcıl tarixi inkişaf keçmiş toplumla, eyniləşdirmək hissini yaradır. Həmin toplumun tarixi nailiyyətlərinin vizuallaşması nə qədər güclü olsa, insanın öz millətinə mənsubluğuna görə qürur hissi bir o qədər yüksək olar. Məhz bu eyniləşdirmə nəticəsində insanda, onun şəxsi taleyi ilə milli taleyi arasında qurduğu eynilik hissi nə qədər dərindirsə, o insanın milli maraqlara sadiqlik dərəcəsi (YƏNİ VƏTƏNPƏRVƏRLİK hissi) də bir o qədər yüksəkdir.

Şah İsmayılın imperiya dövlətçiliyinin varisləri olduğumuzu söyləyərək, biz əsl ləyaqətimizi dərk edirik.

Xətai haqqında film artıq planda: Mədəniyyət Nazirliyini ...

Bu kimlik səviyyəsi hər zaman eyni sabitlik nümayiş etdirmir. Məsələn, hər bir azərbaycanlı tarixən “azərbaycançılıq” anlayışını təşkil edən arxetiplərdən fərəh hissi keçirtdiyi an onun milli kimliyi aktivləşir. Lakin bu hallarda özünüdərkin milli kimlik komponenti fərdi “mən”i kollektiv “biz”ə çevirən böyük transformasiya gücünə malikdir :

-Biz dünyaya insan ruhunun Nizami, Nəsimi və Füzuli kimi dahilərini bəxş etməyimizlə haqlı olaraq FƏXR edirik.

-Biz Şah İsmayılın imperiya dövlətçiliyinin və müsəlman Şərqində ilk Respublika – ADR-in varisləri olduğumuzu söyləyərək, əsl LƏYAQƏTİMİZİ dərk edirik.

-Biz Orta Şərqdin ən zəngin muğam avazları və İslam dünyasında ilk operasının mədəniyyətimizə məxsusluğundan ÖZƏLLİYİMİZİ hiss edirik.

-Biz, 200 il asılılqdan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin qlobal iqtisadi, infrastruktur və mədəni layihələr həyata keçirməsindən ÖZ-DƏYƏRİMİZİ daha yüksər anlayırıq.

Lakin milli kimliyin pozitiv təzahürləri ilə yanaşı, ictimai diskursun neqativ trendi “insanlarımızın kifayət qədər vətənpərvər olmaması” ilə bağlı yaranan narahatlıqlardır. Bəzən gənclər arasında milli ənənələrimizə münasibətdə nihilizm kimi mənfi tendensiyalar haqlı narazılıq yaradır. Cəmiyyətin bu intuitiv hissi sadə dedi-qodu deyil. Əslində, bu diskurs lakmus kağızı kimi, idxal edilən kvazi-kimlik, yad etno-dini layihələr və radikal feminizm kimi neo-liberal ideyaların təzyiqi altında yeni nəslin kimliliklər toqquşması kimi dərin sosioloji fenomeni üzə çıxarır.

Milli intellektual həyatın beşiyi – Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilən proqram çıxışında Prezident İlham Əliyev azərbaycançılıq ideyasının üzləşdiyi müasir çağırışlardan söz açarkən, həmçinin “ideoloji iş sahəsində zəif yerlər və boşluqlara” dair tənqidi qeydlərini ifadə etdi. Bu sahədə məqsədyönlü fəaliyyət zəruriliyi haqqında tezisi ilə bərabər, dövlət başçısının bu çıxışı ən mühüm milli məsələ kimi – Azərbaycan milli kimlik paradiqmasının işlənməsini, vəzifə olaraq diqqət mərkəzinə çıxardı.

Milli kimliyin arxetipləri haqqında

Bu vəzifənin uğurlu həlli üçün ən başlıca şərt - milli kimliyin möhkəmlənməsinin müvəqqəti kampaniya deyil, həqiqətən də bir milli layihə olduğunu dərk enməyimizdir. Psixoloq və sosioloqların milli özünüdərkin əzəli və anadangəlmə (primordial) və ya sosial qurğu (konstruksiya) məhsulu olmasına dair nəzərləri fərqlənir. Lakin bütün müvafiq elmi məktəblər məhz insanı əhatə edən informasiya mühitinin fərdin şüurunun formalaşması, o cümlədən, milli özünüdərkinin təzahür tapmasında ən başlıca rol oynaması fikrində yekdildirlər. Buna görə, dayanıqlı milli kimliyə malik bütün ölkələrdə dövlət və milli quruculuğun bu mühüm komponentinə məhz layihə, özü də daimi yenilənməyə ehtiyacı olan layihə kimi yanaşırlar.

İkincisi, bu ictimai layihə həm dövlətin, həm də milli elitanın sistem səylərini tələb edir və həm intellektual-nəzəri sahədə (dərin araşdırma), həm də kütləvi mədəniyyət sahəsində – televiziya, kino, musiqi, media və getdikcə daha çox sosial şəbəkələrdəki fəaliyyəti (əhatə genişliyi) ehtiva edir.

Milli kimlik fenomeninin dərin öyrənilməsinin effektiv üsullarından biri kimi müasir tədqiqatçılar analitik psixologiyanın yanaşmasından istifadə edirlər. Bu konsepsiya, bütün millətin təcrübəsinin toplandığı gizli xatirələr xəzinəsi qismində kollektiv (trans-personal) təhtəlşüur anlayışını tətbiq edir. Kollektiv təhtəlşüurun əsasını arxetiplər - əhəmiyyətli emosional potensiala malik universal düşüncə formaları - təşkil edir. Məhz milli təhtəl-şüurun arxetipləri - millətin (İT analogiyası ilə – bulud fəzasında) maddi (dil, ortaq tarix, ərazi, ənənələr, maddi mədəniyyət abidələri) və metafizik (dini baxışlar, əsatirlər və onlarda təsvir olunan meta-tarixin hadisələri, doğma torpaq və dilin müqəddəsliyi anlayışı kimi) təcrübə vəhdət məkanıdır.

Azərbaycan xalçasının naxışları – milli kimlik arxetiplərinin kodlaşdırılmış rəmzləri

Gallery

Arxetiplərin düzgün tanınması, onların struktur analizi və metafizik köklərinin müəyyənləşdirilməsi sadəcə, özümüzü daha yaxşı tanımaq məqsədinə xidmət etmir, bu, həm də öz kimliyimizin unikallığının kollektiv təəssüratını gücləndirir. “Leyli və Məcnun” ariyalarını dinlədikdə, biz sadəcə, estetik zövq alır və ilk müsəlman operasının müəllifinin soydaşımız olmasından qürur hissi keçiririk. Bu əsərdə milli kimlik arxetiplərini tanımağımız isə həm də bizə unikal kreativliyimizi anlamağımıza gətirib çıxaracaq. Bu, o xüsusiyyətdir ki, milli ruhumuzun abstrakt təfəkkür kimi vacib xüsusiyyəti üzərində təşəkkül tapmışdır. “Leyli və Məcnun”da bu xüsusiyyət Füzuli və Hacıbəyovun dühası vasitəsi ilə təzahür etdi, lakin bu xüsusiyyət müxtəlif dərəcədə olsa da, Azərbaycan kimliyini düşünülmüş şəkildə daşıyan hər kəsə xasdır. Bu kimi bir-birinə bağlı xüsusiyyətlər (və ya arxetiplər) milli mədəniyyətimizin zəngin artefaktlarında kodlaşdırılıb, – poetik beytlərin rəmziliyindən xalça naxışlarına, muğam ahəngindən xalq folklorunun personajlarına qədər.

Milli kimlik arxetiplərinin təqdqiqi milli ideologiyanın təbligində praktik məqsədlərə də xidmət edir. Biz çox zaman və haqlı olaraq milli ideologiyanın formalaşmasında vacib rol oynayan keyfiyyətli tarixi filmlərin və serialların yoxluğundan gileylənirik. Amma onlar haradan olsun ki, tarixi hadisələrin ehtirassız xronoloji pərdəsi arxasında bu hadisələrin hərəkətverici gücünü – milli ruhun arxetiplərinin əsrlər boyu səyahətini üzə çıxaran elmi əsərlərimiz yoxdur. Yaxşı film – yalnız böyük büdcə və istedadlı komanda deyil, hər bir uğurlu sənəd əsərinin nüvəsində ən başlıcası tamaşaçı auditoriyasının təhtəlşüuruna xitab edən yaradıcı üslublarla əks etdirilmiş kollektiv təhtəlşüurun arxetiplərinin bəyanı durur. Arxetepik müdrikliyin mənasını “Ulduz müharibələri” kimi kult -serialın rejissoru Corc Lukas yaxşı anlayırdı və buna görə də “müharibələr” üzərində iş üçün müqayisəli mifologiya və dilşünaslıq üzrə tanınmış alim Cozef Kembeli dəvət etmişdir. “Ulduz müharibələri”nin uğurunun əhəmiyyətli hissəsini rejissor özü məhz arxetip dominantlarla dəqiq uyğunluğu və filmin hadisə ardıcıllığının onun əsasını təşkil edən arxetip motivinin məntiqinin əksi ilə izah edirdi.

Məqaləmizi yekunlaşdıraraq, qeyd edək ki, milli kimliyin dərindən qavranması, milli özünüdərkin sərhədlərinin genişləndirilməsi bizə unikal taleyə, deməli, həm də unikal (supremasizmlə qarışdırmamaq) tarixi missiyaya malik millət olduğumuzu anlamaq imkanı verəcək. Milli missiyanın dərk edilməsi isə - müasir çağırışlara cavab olaraq bizim vətənpərvərliyin və səfərbərliyin zəminidir. Və əlbəttə ki, bu çağrışlardan ən başlıcası – Qarabağ çağırışıdır. Çünki torpaqlarımızın qaytarılması bizə Azərbaycanın milli suverenliyinin sadəcə, ərazimizin bir hissəsi üzərində deyil, milli ruhun əhəmiyyətli doğuş məkanlarından biri üzərində bərpasını diqtə edir.

Siyasi baxımdan, biz – gənc millətik, deməli, bəşəriyyətin qədəm qoyduğu təlatümlü dövr bizə hələ çoxsaylı (iqtisadi, geosiyasi və mədəni-kimlik) çağırışlarla üzləşəcəyimizi vəd edir ki, onların hər birinin millətin varolmasını sual altına qoyan ekzistensial nəticələri ola bilər. Hər bir qlobal böhran kimi, indiki pandemiya həm də ictimai səfərbərlik üçün potensial imkan deməkdir. Millətin intellektual elitasının bu potensialdan milli kimlik layihəsi üzərində iş üçün istifadə etməsi və bu layihənin həyata keçirilməsi, pandemiya ilə mübarizədə ümummilli səfərbərliyin ən vacib nəticələrindən birinə və öz çağırışlarını ortaya qoyan 21-ci əsrdə millətin həyat dayanaqlığının təminatına çevrilə bilər.

news-inner-user

15794 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020