news-inner
clock09:00 calendar-gray 14 Aprel 2020 view-gray1419 dəfə oxunub
view-gray1419 dəfə oxunub

Yadımızda qalan gün - Şahmarın hekayəsi

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Yadımızda qalan gün”dür.

Məndim, Rəhimdi, Arifdi, Valehdi bir də Yaşar. Desəm ki, Yaşarı biz canımızdan artıq istəyirdik, inanın. Amma istəyimizi gizlədirdik. Yox, xəsis pul gizlədəntək yox, elə belə, ata madar övladına aldığı ürəkuçunduran, gözqamaşdıran hədiyyəni müvəqqəti gizlədən kimi. Yaşara yumşaq-yumşaq gözümüz dolusu baxırdıq. Həə, deməli mən, Rəhim, Arif, Valeh, bir də Yaşar – beş nəfər beşimiz də yuyunduq, üzümüzü güzgüyə baxa-baxa həyəcanla, sevinclə qırxdıq. Dönüb olduq seçmə, cavan oğlanlar. İyirmi üç gün səhərdən axşama kimi işləyən, tozlu kənd yollarını ölçən, yorğunluqdan heysizləşib laqeydləşən heç elə bil biz deyildik.

Qastrol qurtarmışdı. “Dəlilik” etməyə, kef çəkməyə bizim qanuni haqqımız vardı.

Beşimiz də stolları cərgəylə düzülmüş pivəxanaya gəldik. Balıq, noxud, kabab, acıyıb ötmüş xəmir iyinə bənzəyən – adamın lap uşaqlığı yadına düşürdü – pivə qoxusu. Özü də stol-stulların təmiz parıltısında utancaq adamlar məxsus nəsə vardı.

“Əhh” eləyib, rahat-rahat əyləşdik və cavan ömrümüzdə unutmalı nə vardısa, hamısını birdən unutmaq istədik. Yuxarıdan aşağı baxan adamlar təkin dörd yanımıza boylandıq. Qarşıdakı kefin dəmi tutmuşdu bizi. Mən bir balaca ağlımı itirmişdim, şadlığıma şitlik eləmək istəyirdim. İstəyirdim qışqırım: “Qarson!”

Rəhimə dedik, “o ofsiant oğlanı çağır. Özü də, mən ölüm, bir az belə, üstünə qoy, - dedik, - artistlik elə. Çünki bu oğlanın sir-sifəti bizə əziyyət verən o yekəbaş adminstratorun sir-sifətinə yaman oxşayır”.

Rəhim ciddi, ağır bir görkəm aldı (hünərin var, indi gülmə), başını döndərib, qalın qaşları altından bufet səmtə elə baxdı ki, pivə paylayan oğlan bu baxışları gördü. Uzaqdan: “Gəlirəm” – dedi. Qəti gülmək olmazdı, yoxsa, oyun pozulardı. Gizlincə baxa-baxa oğlanın gəlməyini gözlədik. Nəhayət, budur, budur oğlan bizim stola tərəf addımlayanda Rəhim başladı, nə başladı:

- Dözəmmədim daha, özümlə bacarmadım. Yerimdən durmağımla əl atıb onun yaxasından yapışmağım bir oldu. Dedim, ə, sənin vicdanın yoxdurmu, ə?

A sənin vicdanın təpənə dəysin! Səni kim qoyub, bura dedim. Niyə camaatı aldadırsan? Üzlərinə gülə-gülə, qılıqlarına girə-girə onları soyursan? Bu ixtiyarı sənə kim verib ey, kim?

Oğlan gəlib böyrümüzü kəsdirmişdi. İstər-istəməz qulaq asırdı.

- Dedim, nə vaxt adam olacaqsınız? Axı, hər şeyin bir təhəri, yolu, qaydası var. Niyə ağzının yala çatan kimi qudurub canavara dönürsünüz? Gərək elə siznən oboxeyis, prokuror vasitəsi ilə danışaq, ya dokument, sənəd göstərək? İyrənə-iyrənə, özümdən zəhləm gedə-gedə çıxartdım vəsiqəni. İndi nə eliyək, - dedim, - bir stəkan çay içmək üçün hər yerdə sənədmi göstərək? Dedim, al, sox gözünə, al!

Rəhim danışa-danışa cibindən qırmızı vəsiqəni çıxarb, stolun üstünə atdı. Dəli-dolu gülüşümüzü kişi kimi boğduq. Ofsiant oğlanın rəngi qaçmışdı O, astadan:

- Buyurun, - dedi.

Rəhim vəsiqəni cibinə qoya-qoya, qaşqabaqlı halda oğlana baxdı:

- Nəyiniz var?

- Pivə, balıq, noxud, kabab, sosiska, pendir...

- Kabab mal ətindəndi, yoxsa?

- Qoyun ətindəndi.

- On kabab, pendir, göy-göyərdi, noxud, bir də otuz krijka pivə. On beşini indi, on beşini sonra.

- Baş üstə.

- Bir də... – Oğlan aralanmamışdı ki, Rəhimin səsinə dayandı: - Bir baş soğan.

- Bağışlayın, nə?

- Baş soğan. – Rəhim əliylə göstərdi.

- Necədi, Yaşar? Soruşduq. – Bu Rəhimi dünyanın hansı artisti ilə yanaşı qoymaq olar?

- Heç kimlə. – Yaşar fikrində tutduğu çox yaxşı bir şeyə gülümsündü. Ancaq görünür, onun fikrində tutduğu yaxşı şey şübhədən xali deyilmiş. Çünki: - Bəlkə... – dedi.

- Nə bəlkə? Nə bəlkə?

- Bəlkə bu oğlan heç heylə adam deyil?

- Ay Yaşar, ay Yaşar, sənin nə təmiz ürəyin var? Yox, qardaş, sən belə təmiz ürəklə çox uzağa gedə bilməyəcəksən. Bax, bu ofsiant oğlan, o bufetçi, hamısı bir bezin qırağıdı. Bəlkə içlərində mindən, milyondan biri təmiz ola, olmaya.

Dilimiz bu sözləri desə də, amma, vallah, ürəyimiz Yaşar düşündüyünü deyirdi.

Göy-göyərti, kabab, noxud, pivə... Pivə belə olar bax! Əvvəlcə sənə elə gəlirki, içindəki böyük yanğını heç nəylə söndürə bilməyəcəksən. İçirsən. İçən anda daxilində, xoş bir sərinlik, soyuqluq duyursan və qəribədi, bu soyuqluqla yanaşı həm də bir təmizlik hiss eləyirsən. Bir az keçir, yanğın yavaş-yavaş sönür, xəyala bənzər, qov kimi yüngül bir başgicəllənmə gəlir adama.

Beş-on dəqiqədən sonra, yemək içməyin sükütundan darıxmış Valeh dedi:

- Rəhim, nə oldu, kiridin, qəribsədik axı?

Rəhim dodaqlarını silib, bic-bic hamını süzdü və axırda nəzərlərini Yaşarın üstündə saxladı.

- Yaşar müəllim, olar kef havasına bir-iki kəlmə söz deyim?

- Yaşar boynunu əyib:

- Buyur, - dedi.

- Yaşar! - Rəhim böyründəki Yaşarı elə bil uzaqdan çağırdı, lakin çox yaxın adam kimi çağırdı. – Neçə ayıd biznən işləyirsən?

- Səkkiz ay.

- Yox, səkkiz ay on bir gündü. İstəyirsən saatını, dəqiqəsini, saniyəsini də deyim.

Bu Rəhim necə adam idi, nə təhər adam idi, görən niyə biz onu Yaşar kimi çox istəmirdik?

- Yoldaş gələcəyin prokuroru (Rəhimin səsində istehza yox idi), sizə bir sual verəcəyəm. Bəri başdan deyim ki, sizin haqq-ədalət tərəfdarı, ya da əzazil-zalım prokuror olmağınız bu sualın cavabından asılıdır. Deməli, allah qoysa sabah şəhərə çatan kimi işdən çıxıb gedirsən MQU-ya. Beş-altı ilə oxuyub qurtaracaqsan oranı, iki-üç il də orda-burda işləyəndən sonra – bunsuz olmaz- olacaqsan prokuror. Bəli, aylar ötüb, illər keçəcək, günlərin bir günü aktyor Rəhim Cəlilovun işi düz gətirməyəcək. İşdi də, gətirəndə gətirir, gətirməyəndə gətirmir. Buna taleyin, fələyin oyunu da deyirlər. Birdən məni tutdular... Müstəntiq-filan, şahidlər, axırı da məhkəmə... Deyək ki, sən də oturubsan yuxarı başda, mən də aşağıda, mütəhhimlər kürsüsündə. Baxıb görürsən ki, mən elə həmən Rəhiməm, bığlarım da ki, öz yerində. Ancaq gülməli çıxsa da bir az özümü çəkirəm. Səni tanıyıram axı. Özlüyümdə istəmirəm ki, sənin qabağında əyiləm. Sən allah, de görüm, nə eləyərsən mənə?

Hamımız Yaşara baxdıq, güldük.

Yaşarın baxışlarındakı işıq azalmadı, əksinə artdı, deyəsən.

- O hündür kürsüdən düşüb gələrəm Rəhimin yanına, salam verrəm soruşaram: - Yoldaşın necədi, oğlun neçənci sinifdə oxuyur, ev ala bildinmi? Bir də deyərdim, çox içmə sən allah, böyrəklərinə ziyandı, bir də deyərdim (burda o, şirin-şirin güldü, biz də güldük), bu bığları o qədər uzatma, a kişi, vallah-billah səni tutmur belə. Həm də şərt bığda deyil ki. Sonra da deyərdim, çıx get, uşaqlarını saxla.

Özümüzü unutmuş halda qışqırdıq:

- Sağ ol Yaşa, var ol!..

Biz pivəxanadan çıxanda axşam düşürdü. İşıqları hələ yandırmamışdılar. Dedik, gedək bir stansiyanı dolaşaq. Mən uşaqlara söylədim ki, tələbə olanda bileti həmişə bu rayona qədər, daha doğrusu, bu stansiyayadək alardım. Bizim rayon burdan yetmiş kilometr uzaqdı. Qatara biletin qiyməti ora beş manat, bura isə dörd manatdı. Deməli dörd manata bir bilet alıb girirdim ümumi vaqona. Fikirləşirdim ki, bələdçinin yadından çıxar. Bir küncə girib yatırdım. Lakin çox vaxt qatar gəlib bu stansiyada dayanan kimi bələdçi gəlib məni durquzar, deyərdi çatıbsan, dur düş. Xeyli çənə-boğazdan sonra zalım oğlu o bir manatı da məndən alardı. Təsəvvür edin ki, dörd-beş il bir stansiyaya bilet alasan, amma oranı tanımayasan.

İndi bu stansiya, onun gözləmə zalı, köhnə ağır skamyalar, qatarların iri hərflərlə yazılmış hərəkət cədvəli mənə tanış və doğma göründü. Özümdən asılı olmayaraq hər şeyə göz qoyur, diqqətlə baxırdım.

Bəlkə ona görə elə o qızı birinci mən gördüm və görən kimi də heyrət elədim. Qız deyildi, mələkdi, onun elə bircə görünüşü bu köhnə, tozlu, qəmli stansiya ilə daban-dabana ziddiydi.

Astadan soruşdum ki:

- Gördünüz?

- Nəyi, kimi? – dedilər.

Dedim:

- Ə, əməllibaşlı korsunuz, canm üçün, baxın də. Ora yox, ə, hara baxırsınız? Sağa, işıq dirəyinin yanındakı skamya.

Baxdılar və gözləri bərələ qaldı.

Boyunlarına aldılar ki, biz, doğurdan da koruq, necə ola bilər ki, o qızın yanından keçək, amma onu görməyək.

- Qayıdaq?

Qayıtdıq. Ancaq sırtıq-sırtıq yox, oğrun-oğrun, üzümüzü bir-birimizdən gizlədə-gizlədə. Qız bizi görməli, fikir verməliydi və bu günümüzün mənası, qədir-qiyməti daha dərin olmalıydı.

Üzümüzdə, görkəmimizdə ağıllı, təmkinli, qayğılı, üşgüzar bir ifadə ola-ola qızın yanından keçdik və on-on beş addım o yanda durduq.

İşıqları yandırdılar.

Elə bu vaxt qız biz tərəfə baxdı. Bilmədik işıqların yanmasınımı bəhanə elədi, ya qatarın gələcəyi səmtəmi baxırdı. Deyəsən onun bu baxışı bizə aid idi. Qızın kürəyinə tökülmüş ipək saçları, dümağ sifəti, zil qara gözləri... Duruşunda şeytanlıq, saymazlıq, naz, ağıl...

Şəxsən bu qız mənə desəydi at özünü qatarın altına, vallah atardım.

Rəhim dedi ki, mən ölüm, gəlin bir dəfə də onların yanından (qız tək deyildi, yaşlı bir qadın – anasıydı, ya da xalası – skamyada əyləşmişdi) keçək. Amma yavaş-yavaş yeriyin, at kimi yorğalamayın.

Bu dəfə qızın maraq dolu baxışını lap aydın hiss etdik. Yox, birdən elə bilərsiniz biz qıza baxdıq, yox, vallah yox, heç gözümüzün ucu ilə də baxmadıq. Biz onun baxışını sol böyrümüzlə, bütün sol tərəfmizlə hiss etdik. Ona görə yox ki, qız solumuzdaydı, ona görə ki, hamımız ona yaxınlaşanda birdən-birə özümüzdən xəbərsiz dönüb solaxay olduq sağımız yadımızdan çıxdı.

Beləcə solaxay-solaxay bir az aralanmışdıq ki, Rəhim:

- Siz ölməyəsiniz, qız Yaşara baxır, - dedi.

Bu sözdən sonra özümüzə gəldik. Solaxay olmağımız da yadımızdan çıxdı. Dərindən nəfəs aldıq ki, yüngülləşək. Lakin ürəyimizdə qəribə bir nigarançılıq yarandı. Qız görən bizə də baxıbmı? Necə ola bilər ki, o, Yaşarı görsün, bizi görməsin. Birdən Yaşara qanımız elə qaynadı ki, onun belə təmiz, gözəl oğlan olmasına görə elə evindik ki, Yaşar bizim sevincimizdən utanıb başını aşağı saldı. Dedik, Yaşar, allahın verib, yaxınlaş qıza.

Yaşar dedi, yaxşı deyil, anasından (ya da ki xalasından) ayıbdı. Yaşara baxdııq, güldük, dedik, səfeh-səfeh danışma, sən yaxınlaş, anası heç nə deməz, özgəsinə deyər, amma sənə deməz. Yeri, yeri görək.

Yaşar siqaret çəkə-çəkə stansiyadan o yandakı göyümtül qaranlığa baxdı, qəşəng, ağ, təmiz alnı qırışdı.

- Sən allah, sən kimi çox istəyirsən onun canı get. Qız baxdı, sən öl, baxdı. Ə, yeri, öldürmə bizi.

- Yaxşı, - dedi Yaşar və bizdən ayrıldı.

Yaşar gedirdi və biz də arxadan ona öz kiçik, sonbeşik qardaşımıztək baxırdıq. Əmindik ki, bu dünyadan bizim ala bilmədiyimizi o alacaqdı, bizim payımıza düşməyən onun payına düşəcəkdi...

Sonra... Sonra isə biz şirin, sehrli bir yuxu gördük. Bu yuxuda Yaşarın qızgilə yaxınlaşmasını, salam verib nəsə soruşmasını, qızın da şux bir hərəkətlə saçlarını kürəyinə ataraq ona cavab verməsini, qızın anasının da (ya da xalasının) yerindən qalxmadan başını qəribə halda Yaşara diqqət yetirməsini gördük. Bir də perronun o başında yanan gur işıqların fonunda biz onların xoşbəxt profillərini gördük. İstədik bir ah çəkək, utandığımızdan çəkə bilmədik. Günahkar-günahkar üzümüzü yana döndərəndə, yuxudan ayıldıq və gördük ki, stansiyada cavan oğlanların sayı çoxalıb. Bu oğlanlar perron boyu o baş, bu başa gəzir, bərkdən şaqqanaq çəkib gülür, gülməkləriynən özlərini göstərib “mənəm-mənəm ” deyirdilər. Özü də onlar qızgilin yanından keçəndə dönüb, utanmadan dik-dik, həyasız-həyasız qıza baxırdılar. Onlardan biri özünü lap bərk dartır, güləndə elə bil gülmür, böyürürdü. Bu oğlan yəqin ki, haradasa yağlı bir yerdə işləyirdi. Yoxsa belə dambat, dağar yeriş hardandı onda? Birdən elə bil üstümüzə qaynar su atdılar. Diksindik, həmən tösmərək oğlan qızgilin tuşuna çatanda dayanıb nəsə dedi. Dedi və gözlədi. Yaşar ona sarı döndü. Dönən anda da qız onun qolundan yapışdı, arvad da skamyadan tələsik qalxdı. Biz Yaşarın dönməyində qorxuya, ehtiyata bənzər nəsə sezdik. Və ağlımıza gələn fikirdən sarsılantək olduq. Bəlkə qız Yaşarla elə buna görə söhbət eləyib danışır ki, bu dəstə-dəstə gəzən oğlanların atmacalı sözlərindən özünü, anasını (ya da xalasını) qorusun. Bu fikir haqsız söyüş kimi yeddi qatımızdan keçdi.

- Gedək, - dedim. – Gedək, o oğlannan danışaq.

Gedə-gedə əzələlərimin yığılıb-açıldığını, sinəmin daş kimi bərkidiyini duydum. Bilirdim ki, sağ böyrümdə yeriyən Valeh qorxur, rəngi qaçıb, gözləri alacalanıb, qıçları taqətdən düşüb. Onun qorxması məni daha da qızışdırdı.

Biz üz-üzə yaxınlaşanda oğlanı çağırdım.

- Ayə, qaqaş!

Oğlan ayaq saxlayıb, donuq-donuq bizə baxanda:

- Sənnənəm, - dedim, - kor öküz kimi döyükmə.

O özünü yığışdırdı, qaşqabağını töküb, üzümə baxdı, bizimlə tay-tuş olan, dalaşmaqda ad çıxaran Əvəz deyərdi ki, gördün dalaşacaqsan, birinci vur.

Oğlan sorudu:

- Mənnənsən?

- Bə kimnənəm, ə?! Düdük!

O da üstümə yeridi.

- Ağzını dağıtma, ə.

Mən bu oğlandan bir qarış böyük olardım, ya olmazdım. Amma onun sinəsi mənimkindən enliydi. Sol əlimi yalandan qaldırdım ki, indi vuracağam. Oğlan başını yana əyəndə sağ yumruğumla onun çənəsindən ilişdirdim. Özüm tutarlı vurmadım, hələ ona bir-iki kəlmə sözüm vardı. O əsərrəndi, ancaq yıxılmadı.

- Düdük! - dedim. – Sən bilirsənmi ki, mən cini minmişəm, şeytanı əl-əl axtarıram. Niyə farağat durmursan, ə, xalxın qızına niyə sataşırsan?

Bu sözləri deyən anda oğlanın iri açılmış gözlərində elə güclü nifrət gördüm ki, səsimi xırp kəsdim, daha doğrusu, səsimi kəsməyimdən heç özümün də xəbərim olmadı.

Rəngi saralmış oğlanı yanındakı dostu çəkə-çəkə apardı.

Sonra Yaşar bizi qızla, anasıyla tanış elədi. Biz qızın Yaşara necə ümidlə, itaətlə baxdığının şahidi olduq. Yaşarın da üzündə yeni, bizə tanış olmayan bir ifadə yaranmışdı. Belə ifadə özləri də gözləmədən nə isə qiymətli bir şey tapan adamların sifətlərində olur. Biz sevinməliydik, sevincimiz aşıb-daşmalıydı. Amma elə bil bu sevinci əməlli-başlı dərk edə bilmirdik.

Qatar gəldi. Biz qızgilin çamadanlarını aparb yerbəyer elədik. Birdən Yaşar: “İstəyirəm mən də gedim” – dedi. Qızın gözlərində, nəfəsində duyulan intizar yox oldu və o özünü saxlaya bilməyib, güldü. Yaşara dedik, get, yaxşı eləyirsən, bu gün, ya sabah – nə fərqi var, onsuz da gedəcəksən, get, yaxşı yol.

Heç özümüz də bilmədik, birdən-birə bizə nə oldu. Niyə darıxdıq, niyə qəm-kədərə batdıq. Bu Valeh niyə yalandan arsız-arsız gülürdü? Nə çox dayandı bu qatar?

Qızla anası pəncərənin önündə əyləşmişdilər. Yaşar ayaq üstəydi. Onların baxışlarında üçünü də birləşdirən yaxınlıq, məhrəmlik duyulurdu. Birdən qatar tərpəndi. Biz yerimizdə donub qaldıq. Yaşar birdəfəlik gedirdi. Sanki həyatımıza, fikirlərimizə məna qatan, sevinc verən əfzəl, mühüm bir şey bizi yavaş-yavaş tərk eləyirdi. Bax elə bu an hiss etdik ki, dördümüz də bir-birimizə yaman oxşayırıq; düşüncələrimizlə, arzularımızla, qorxularmızla, ehtiyaclarımızla... Həm də indi, qəfildən, birdən-birə başa düşdük ki, Yaşarın həyatı bizim üçün danışan qardaşın lal qardaşda doğurduğu müəmmalı, sirli, əvəzsiz bir həyatdı. İllər ötüb keçəcək, Yaşarla bağlı bu fikirlər, duyğular boyatlaşıb xatirəyə çevriləcək, lakin nə iş-güc, nə yaşa dolmağımız, nə qayğılar bu işıqlı xatirənin üstündən qələm çəkə bilməyəcək. Ən yaxşı hərəkətlərimizdə, insan kimi özümüzdən razı qaldığımız anlarda, övladlarımıza baxan gözlərimizin nurunda bu xatirənin işığını həmişə hiss edəcəyik.

news-inner-user
Şahmar

10 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Gevorkovun bacısı qızı ilə sevgili olana azərbaycanlı – Mahir yazır...
10:15 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:30 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020