writer1

Aydın Talıbzadə

Məqalə sayı

34
clock16:13 calendar-gray 13 Aprel 2020 view-gray1288 dəfə oxunub
view-gray1288 dəfə oxunub

Seyr və sehrin Məryam variantı

təkməcüt poetikası

Seyr nədir?

Ürəyin istəyini gözlərə pıçıldamaq, baxışlarını uçurub hər yana səpələmək, dünyanı gözlərinə təpmək...

Nədir sehr?

Seyri buraxmaq, özünü unutmaq, gerçəklikdən qopmaq, yaşantının əsiri olmaq, ovqata tutulmaq, yatmadan yuxu görmək...

Seyrlə sehrlənirsən...

Sehrlənəndə seyrdən ayrılırsan...

Çünki sehrdə sən artıq sən deyilsən, aşiqsən, mübtəlasan, gerçəklikdən ruhsal aləmə adlamısan və seyrdən birdəfəlik imtina etmisən...

Sən seyrdən sehrə düşə bilərsən...

Sehrdən seyrə qayıtmaq imkansız: nədən ki, sehr bitdimi, seyr sönər, solğunlaşar, cəzbini itirər...

Seyr realizmdir, sehr – sürrealizm...

Sehr seyrin möhürüdür...

Seyr üzdür, sehr – batin...

Seyr aşkardır, sehr – gizlin...

Bəzən bir ad bir tədqiqatın, bir romanın, bir pyesin, bir şeirin məzmunu qədər dəyərli olur, onun cövhərini, ideya pafosunu yüzdə yüz ifadə eləyib fikir sayrışmaları ilə oynaya bilir, dəyişən mövzuların məna qanadlarına çevrilir, assosiativ təfəkkür üçün gah orda, gah burda qəfil işıqlar yandırır...

525-ci Qəzet - Məryəm Əlizadə: "Şuşalı günlərimin xiffətini çəkirəm"

“Teatr: seyr və sehr”. Bu ad təzadlarla cilvələnir... Nədən ki, seyrlə sehr bir nöqtədə ani “öpüşüb” həmişəlik sağollaşırlar. Çünki əzəldən bir-birinə ziddirlər: sehr başlayanda seyr qurtarır...

Teatr seyrdir, sehrə çevriləndə tapınaq olur...

Məryam Əlizadənin “Teatr: seyr və sehr” kitabının təkcə adı bir magiyadır, bir sirrdir: mükəmməlliyi və poeziyası ilə, mənalar ambivalentliyi ilə adamı məftun edir: teatr təkdə ola-ola onun təbiəti seyr və sehr cütlüyü ilə təsnif edilir. Vallah, hünər sahibinin, vəhy sahibinin işidir seyrlə sehri bir-birinə qoşmaq. Bir tək bu adın özündən fəlsəfi bir məqalə yazmağın yeri var. Necə yaranıb, necə tapılıb bu ad? Mən bilirəm necə...

Necəliyi bu ki, Məryam Əlizadənin özü seyr və sehr dağarcığıdır. Bu insanın sehri özünü onda görükdürür ki, Məryam xanım ruhən permanent 18 yaşın içindədir. Bu il aprelin 14-də düz keçən ilki kimi, düz 62 il bundan öncəki kimi onun yenə 18 yaşı tamam olacaq. “Bu misalə yuxu timsali demək mümkün idi, əgər olsaydı yuxu“... Yox, bu, yuxu deyil... Yuxuda hər şey var və heç nə yoxdur eyni zamanda... Yuxu bir sehr...

Seyr 18 yaşın seyridir, sehr 70 yaşın sehri...

Məryam Əlizadə teatrın seyrindən sehrlənib teatrşünas olub, ağlına, məntiqinə, yazmaq istedadına, analitik düşüncəsinə, tənqidi təfəkkürünə aşiq unikal zəka sahibi Cəfər Cəfərovun ardınca gedib teatrşünas olub, onun davamçısı olub, müəlliminə oxşamağa, məqalələrində teatrın sehrini insanlarla paylaşmağa çalışıb.

Məryam xanımın fəhmi hissiyyatındadır. O, mahiyyəti duyğularının gözüylə görə bilir, emosiyalarına güvənib tamaşanın dəyərini anındaca verə bilir, əsli surətdən həməncə ayıra bilir.

Təsadüfi deyil ki, Məryam xanım həmişə Azərbaycan teatr mədəniyyətinin birinci simalarının müəyyən qisminin, əsasən də, Cəfər Cəfərov, İlyas Əfəndiyev, Tofiq Kazımov, Vaqif İbrahimoğlu, Azər Paşa Nemətov, Nazim Bəykişiyev, İsrafil İsrafilov (bu seçim bir mövqe, düşüncə, münasibət göstəricisidir) kimi şəxsiyyətlərin yanında olub, onların dostu, əzizi olub. Çünki Məryam xanım öz varlığı qədər sənəti və istedadı, bir də əbədiyyətin magiyasını, sehrini sevir.

İpək kimidir, pambıq kimidir, amma “Andalus köpəyi” filmində gözü kəsən parıltılı ülgüc tiyəsi kimi də ola bilir zaman-zaman. Parıltılı ülgüc tiyəsi onun zəkasının vizual obrazıdır. Məryam xanım o qədər huşyardır ki, informasiyaları o qədər çevik təhlil edə bilir ki, hadisələrin hansı səmtə yönələcəyini öncədən proqnozlaşdıra bilir. Teatrşünas olmasaydı, Azərbaycanın ən tanınmış qadın diplomatlarından biri olardı Məryam Əlizadə...

Sözə qarşı yaman həssasdır, münasibətlərində kübardır, rəftarında lütfkardır. Hərçənd acıqlandırsan onu, tufana, qasırğaya dönə bilər, fırlana-fırlana göydən qar yağdıra bilər, amma çox tez də mülayimləşib öz şirin diliylə ürəkləri ovcunun içinə ala bilər.

70 yaş ömrün zirvələrindən biridir.

Zirvələr həmişə duman içində...

Zaman orda yatar güman içində...

Sənin kimi şünas Çini-Maçində...

Günorta çıraqla gəzsən, tapılmaz!!!

Duman zirvələrə bir əzəmət, bir rahatlıq, bir sakitlik, müdrik bir eyləmsizlik və sehr gətirər. Məhz bu məqamda dünya yamacda dayanıb zirvələrə baxar.

Məryam xanım, Siz müəyyən bir teatr dönəmini simvollaşdıran, onu seyr və sehrlə taclandıran, müəyyən bir teatrşünas nəslini teatrla yaşamağa həvəsləndirmiş, onların mədəniyyətdə mövcud olmasına imza atmış birisiniz. Siz bütün teatrşünaslara dəstəksiniz, dayaqsınız.

Bilirik hamılıqla, dəfələrlə eşitmişik Sizdən: mərcanı çox sevirsiniz. Bu ad gününüzdə bütün şünaslarla birgə qaça-qaça, uça-uça, üzə-üzə gedib Mərcan adalarından mərcan boyunbağılar gətirərdik Sizə cürbəcür. Amma nə edək ki, aləm koronavirusdur, adamı heç yerə buraxmırlar. Amma fərqi nədir, dedin, ya elədin, ariflər üçün ikisi də birdir. Təki təbrik könüldən, candan olsun!!! Mərcan boyunbağını isə təsəvvür etmək də mümkün...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020