Böyük dilçimizin yanıldığı məqam

Böyük dilçimizin yanıldığı məqam
27 mart 2020
# 11:40

İllərdir üzərində işlədiyim, bəzən hətta haçansa bitirə biləcəyimə özümün də inamımı itirdiyim kitabımın əlyazmasından, istisna kimi, bir abzas bölüşürəm. (azacıq qısaldaraq və üslubunu dəyişdirərək)

Bir vaxtlar dilimizdə uzaq “o” ilə yaxın “bu” işarə əvəzliklərindən başqa, bir də o uzaqlıqla bu yaxınlığın ortasını, yəni nə “bu” deyə yanımızda, nə də “o” deyə uzağımızda göstərəcəyimiz, başqa sözlə desək, orta yerdə dayananı, daha doğrusu, qabaqcadan artıq bildirilmiş olanı ifadə edən bir “şol” əvəzliyimiz də vardı. M. Kazımbəy “Türk-tatar dilinin qrammatikası” kitabında “bu” ilə yanaşı “şu” əvəzliyini də göstərir, ancaq onları mənaca ayırd etmir. Bu əvəzlik İ. Nəsiminin dilində (15-ci əsr) “şol” formasında tez-tez işlənərdi:

“Uğramaz aşiqdən özgə şol oxun peykanına”,
“Şol səbəbdən könlümün halı pərişan oldu gəl!”.

Şol əvəzliyini Türkiyədə yaşayan bacı-qardaşlarımız “şu” deyə qısaldaraq saxlayıblar, biz isə itirmişik, unutmuşuq. Kumukcada da “şol” əvəzliyi qalmaqdadır: “Şol yerdən gündüz ötməs ərlər ki...” (B.Çobanzadə).

Əhməd Harami dastanımızda (13-cü əsr) bu əvəzlik “şoluq dəm”, “şoluq saat” formasında söylənir:

“Şoluq saət genə gəldi saraya,
Nigarilə oturdu bir araya”.

Dədə Qor Qut dastanımızda oxuyuruq:

“Qazanıñ qapulu Dərvənddə on biñ qoyunı vardır. Şol qoyunları dəxi götürsək, Qazana ulu heyif edərdik.” “Mərə oğlan, al şol barmağımdakı yüzügi, parmağıñ taq, saña, ox və qılınc kar eyləməsün. Dəpəgöz aydır: “Oğlan, şol günbədi gördüñmi?” “Meydandakı şol oğlanı dutuñ.”

Mərhum böyük dilçimiz T.Hacıyev “şol”u “o” işarə əvəzliyi kimi tərcümə edərkən bərk yanılmışdır.

Yekun: Şol – o deyil, bu da deyil, “o” ilə “bu”nun ortasıdır. Şol işarə əvəzliyi ingilis dilində the, alman dilində der, die, das, derselbe, dieselbe, dasselbe, jene- kimi əvəzliklərin müqabilidir. Mənim görüşümcə, Azərbaycan dilində farscadan alıb işlətdiyimiz “həmin” (“haman”) işarə əvəzliyi – unutduğumuz öz “şol” əvəzliyimizin əvəzinə işlənməkdədir. Yəni “şol”u ana dilimizdən didərgin salan – farscanın şol “həmin” sözüdür.

# 3152 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #