Bütün bu iztirablara dözməliydim – Əsgər yazıçının Kulisə məktubları

Bütün bu iztirablara dözməliydim – Əsgər yazıçının Kulisə məktubları
31 may 2020
# 09:00

Kulis.az hazırda hərbi xidmətdə olan gənc yazıçı Orxan Həsəninin redaksiyamıza göndərdiyi məktubları təqdim edir.

Bir ayda üçüncü dəfə təsərrüfatdayam. Dayanmadan, Kahraman Dənizin o incə səsiylə ötdüyü mahnıdakı kimi lopa-lopa qar yağır. Günlərin boğazına kəndir dolamışam, saat-saat canın alıram. Geriyə bir toz buluddur qalan. Gözəl xatirələrim var, ha deyəndə əlimi atıb tuta biləcəyim şeylər. Bu xatirələrə görə sevinirəm, sement möhkəmliyində dözümümlə hamısına sinə gərirəm. Bu da çox qorxduğum qış. Ocaqxanada siqaret çəkməklər, çay içə-içə pəncərədən Çeyrançölə baxmaqlar və İbadova birdən-birə bilmirəm haradan pırtlayıb çıxan bir hisslə “ürəyim sıxılır, zemi, ürəyim sıxılır...” demək. Bu gün 162. Bax belə. Arxada qalanlar irəlidəkilərdən çoxdur. Həyatın o biri üzündə, yəni keçmişdə, yəni məndə olmayanlar daha çoxdur. Günün hesabı olmaz olmağına, ancaq adamı incidən başqa, daha xırda detallarda gizlənən hisslərdir. Məsələn, elə dünən Rəvanın (dostu, gənc yazar Rəvan Cavid - red.) ad günüydü. Təbrik etmək istəyirdim, alınmadı, danışmağa qoymadılar. Nə deyə bilərəm? Tabeyəm. Ancaq gecə yatmazdan öncə Rəvanın keçmiş ad günlərini xatırladım. Keçən il də bir yerdəydik, o biri il də. Məsələn, keçən il “Boho”da oturub çaxır içmiş, həyatdan danışmışdıq, ədəbiyyat, yaradıcı narahatlıqlar hamısı əriyib şirin bir söhbətin işığında hava olmuşdu. Soyuq Bakı yanvarı. Ömrün rezin kimi dartıldığı anları. Daha bu günlərin gərginliyindən zərrə xəbərsizdim. Sonra 2018-in yanvarı. Yenə çaxır içirik, bu dəfə “İl futuro vine”da, sonra keçmişdik “Ol”da. Rəvanın xəstəliyi, Əfsanənin göz yaşları, Frida Kahlo. Bu şeyləri doğrudanmı yaşadım, yoxsa başqa adamın fikirlərində eşələnirəm, bilmirəm. Hərbi məni başqa bir insana çevirdi, xatirələrdən uzaqlaşdım, uzaqlaşdım, bir ilğım kimi bulanıqlaşdı keçmiş. Bir nöqtədə həyatı sınadım, anladım, yetər dedim, amma yetmədi. Görünür, hələ qarşıda 162 gün daha var. Görünür, bu bataqlıq ömürdə tam batmayana azadlıq yoxdur.

Fevral, o hardasa yaxınlardadır. 11 gün qalıb ayın bitməyinə. Bircə qış çıxsaydı. Bədənimdəki rəqəmlər tökülüb itərdi. Həyatımda bu qədər yalqız olmamışdım. Qucaqlamağa bir dost çiyni belə yoxdur. Pəncərəmdə Bakı mənzərəsi yoxdur. Yoxdur. Yoxdur. Yoxdur. Yox.

Yoxların içində bir gün daha bitdi. Əziz Rəvan, əziz Elxan, əziz Ayşə, əziz Ayxan, əziz Orxan, sizlər üçün çox darıxıram. Bir biləsiniz, bu mühitə necə yadam. Necə dəhşətli bulantı yaşayıram. Sizlərlə görüşəcəyim günü iplə çəkirəm. Rahat oturub yazı yazmaq, kitab oxumaq həsrətində olduğum adilik.

20.01.20

Səhər naryada çıxanda içimdə mülki günlərimdən qalma, ucu nizə ucu təki parlayan bir hiss baş qaldırdı. K.H-la danışdıqca Ceyrançölün həzmi-rabesindən keçir, bu ruhsuz, sarı səhranın ortasında hamının yadından çıxdığımızı düşünürdüm. Siqaret çəkə-çəkə hətta Ceyrançöldə belə insan xoşbəxt ola bilər deyirdim. Son günlər canımızı dişinə çəkən külək əsmirdi və günəş zərif bir əl kimi üzümüzə sığal çəkirdi. Aslana bənzəyən dağa qalxdıq ki, ərazini yaxşı görək. Kənardan böyük görünür, çıxdıq, balacaymış – baş naryadım dedi. 156 gün də bu dağ kimidir. Kənardan baxanda böyük görünür. 156 günümüz qalmışdı ikimizin də.

Dağdan qayalar uçub tökülmüşdü. Qayalar üzü qırış basmış qoca kimi yaşlıydı. Əlimizi vuran kimi paralananlar, toz kimi sovrulanlar oldu. Bölünənlərin arasında böv yuvaları gördük və ikimiz də birdən yayı düşündük. Yayda ilan-çayan əlindən tərpənmək olmur. Bunu da hansısa əsgərlərdən biri demişdi. Ancaq bütün bunların müqabilində tərləmək üşüməkdən daha yaxşıdır. Bunu ikimiz də bilirdik və yay tez gəlsin istəyirdik. Hələ bu ağaclardan tut yeyəcəyimiz vaxtlar gələcək. Sonra K.H. yerdən ilan yumurtası tapdı. Yumurtada bala yoxdu, qalan eləcə qabıq idi.

Son günlər Şərif Ağayar haqqında düşünürəm. Bu gün K.H-a da Şərifdən danışdım. Təəccübləndi. K.H-nı tanımırsınız, lay divar kimidir, nə desən, “hə” deyir, elə bil özümlə danışıram. Nəhayət, “Pozuq fotoşəkillər”dən bir neçə epik şeir oxudum. Qanım dondu. Şərif Ağayar öz taleyini yazır, başqa heç nəyə gərək yoxdur. Sadəcə öz taleyini ədəbiyyat hadisəsinə çevirmək. Şərif bizə çox şey öyrətmişdi – K.H-a dedim – bircə şeyi öyrətmədi, o nə idisə onu özümüz tapmalıyıq. Sonra “Pişikgöz Anar” şeirini oxudum və ucadan qışqırdm: “Hardasan Mövluuuud?!” Səsim dalğa-dalğa yayıldı Ceyrançölə.

26.01.20

Şərif abi - mübarək insan! Sən gerçək yazıçısan və nə yaxşı ki, həyatımın bir məqamında səni tanıdım, doğmadan-doğmaya çevrildin. Biz təkik, Şərif abi. Ucsuz-bucaqsız azlığın arasında. Bax burda – kazarmanın alatoran səs-küyündə Hacı Süleyman torpaqlarını haqqında düşünür, o dərəni başdan-sona addımlayıram. Yeganə daldalanacaq yuxulardır. Xatirələrin isti həniri yalnız yuxularda vurur üzümə. Məsələn, xatırlayıram, “Sahil” metrosunun təngənəfəs çoxluğunu, bir-birinə qarışan ayaqqabı sıxlığını. Kimi gözləyirdim, allah bilir. İri addımlarınla, boğazında yorğun-yorğun mürgü vuran səsinlə keçib getdin. Həyatımda gördüyüm ilk yazıçıydın və bu gözlənilməz görüşün ağırlığı canıma, ruhuma elə oturmuşdu ki, həmin gün görüşdüyüm adamın yanında ruh kimi dolaşdım. O xatırlamadığım adam bir yazıçı işığında silinib görünməz oldu. Sənin mətnlərində parıldayan tale görən gözləri qamaşdırır, gözlərin pası açılır. Mən bu mətnlərdə öz taleyimi görürdüm və nədənsə o tale ilə görüşməkdən qorxurdum. İnsan bir məqamda hər şeylə barışır və o məqamda həyata yenidən gəlirsən. Mən bir yazıçı kimi, ya da yazıçı olmağa namizəd kimi həqiqəti dərk etdim. Və yaradacağım alternativ həyatın, əslində, öz həyatım olduğunu duydum. Bu həyatın fonunda bircə mənim barmaq izlərim görünür. Bizim nəsil sizdən çox şey öyrəndi. Sizi dinlədik, ancaq yaşayıb duymaq üçün bunlar lazım idi. Bütün bu iztirablara dözməliydim. Bir zamanlar yaşamaq istədiyim həyatın həsrətində qalmalıydım. O qədər içmişik ki! Son görüşləri unutmaq mümkün deyil. Və nədənsə hiss edirəm ki, mən o zamanlar sənin böyüklüyünü tam duymamışam. O taleyin ağırlığını, nəhəngliyini görməmişəm. Şərif abi, nə gözəl, nə təmiz insansan, xatırlamaq belə xoş əhvala kökləyir adamı. Qayıdacam, qayıdacam bir gün. 155 dənə bir gün. Günəş hər sabah doğacaq və hər axşamüstü batacaq. Bu bataqlıqda əriyib yox olmamış çıxacam və məni diri saxlayan hisslərdən möhkəm-möhkəm yapışacam.

27.01.20

Mülki paltarlarını geyindilər. Yarım saat öncə tərxis teleqramları gəlmişdi. Gedirlər. Şəmkirdən çıxan, hardasa motorunu tərlədə-tərlədə yeriyən satko bir azdan onları aparacaq. 28 gün artıq xidmət. Ata “pirizivlərim” tamam-kamal, hamılıqla tərxis olunur. T-dən soruşuram:

- Necə hisdir tərxis?

- Bilmirəm. Heç nə bilmirəm, ancaq buradan çıxacağıma inanmıram gedib evə çatmayınca. O dəmir qapını döyməyincə. Doğmalarımı görməyincə və başımı balınca qoyub yuxuya gedəndə kiminsə məni xidmətə oyatmayacağını bilməyincə inanmayacam. Hər şey bitdi. Köhnəldik və son. Sizdə də vaxt uçacaq. Görəcəksiniz. Tərxis olunanda tərxis olunan əvvəlki “piriziv”ləri xatırlayacaqsınız. “Mən də onların yerindəyəm indi” deyəcəksiniz və sizin yerinizdə olmaq istəyənləri lap dərindən, dib-dəhnədən anlayacaqsınız. Səbirli olun. Burada heç kim qalmır, ancaq bura boş da qalmır.

Beləcə səbrin yelkənlərinə külək kimi çırpılan günlər sıralanır, uzanır. Vecimə almaq istəməsəm də yəqin dərinlərdən iynə nazikliyində bir sızıltı keçir. 154 günlük yol. Görürsən, Şərif abi, həyatın bu üzü də varmış və həyatın bu üzündə də insan dözümlə yanaşı yatarmış.

28.01.20

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
#
#
# # #