Qadın başı kəsən Manaf Ağayev

Qadın başı kəsən Manaf Ağayev
20 fevral 2020
# 12:02

Cinayət hadisələrinin günbəgün artıb çoxaldığı, qarşısıalınmaz həddə çatdığı bir cəmiyyətdə yaşayırıq. Daha bu gündən sabaha ümid yoxdur desəm, yəqin, heç kim məni qınamaz.

Səmimi qəlbdən deyirəm, ictimai nəqliyyatda, bazarda, mağazada, əgər kimsə ayağımı bilərəkdən tapdalayırsa, onunla heç bir mübahisəyə girmirəm. Haqqımı tələb etməkdən vaz keçirəm. Xüsusilə, baş verən son olaylardan, 10 yaşlı Nərminin qətlindən sonra az qala qarşıma çıxan hər insandan qorxmağa, çəkinməyə başlamışam. İnsanlar əsəbi, dözümsüz və gərgin vəziyyətdədir. Böyük əksəriyyəti canlı bomba kimi gəzib dolanır. Bir neçə dəqiqəlik mübahisə bu bombaların partlamasına, amansız faciələrə yol açmasına səbəb ola bilər.

Burada efirimizin, sosial şəbəkələrin əvəzsiz xidmətlərini qeyd etməsək günaha batarıq. Son on ildə efirimizdə palatka toylarını xatırladan verilişlər, ciyəraxşamlarını yada salan meyxana gecələri, deyişmələr, əlinə mikrofon götürən müğənnilərin abırsızlığı, həyadan uzaqlaşması insanları daha da azğınlaşdırdı.

Kim, harda, nə bacarırsa, ağzına gələni danışır. Efirdə soyunan kim, geyinib təzədən soyunan kim. Oğlu sözünə baxmasa onu maşının dalına bağlayıb sürüyəcəyi ilə hədələyən kim. Bir sözlə, səviyyəsizliyin ali təcəssümü! Bir balaca kitab dəftər tanıyan adamlar artıq televiziyaların üzünə baxmırlar.

ATV kanalında yayımlanan “Ən yaxşısı” proqramında qonaq olan müğənni Manaf Ağayev aparıcının “Qadın Manafı hansı həddə çatdırmalıdır ki, ona əl qaldırsın” sualına, Manaf Ağayev düşünüb, daşınmadan, çəkinmədən “Bir kəlməyə görə, qadının başını kəsərəm! Ailəm məni yaxşı tanıyır” cavabını verir.

Manaf Ağayev kimi adamların səviyyəsinə və düşüncə tərzinə nə qədər bələd olsam da, onun bu sözlərini eşidəndə əlim hər yerdən üzüldü. Bir neçə dəqiqə özümə gələ bilmədim. Bu nə bəladır biz düşmüşük? Xalqın hesabına milyonlar qazanan “manıslar” indi efirlərdən baş kəsməyi təbliğ edirlər? Səviyyəsizliyin hansı levelidir bu?

Tanınan, bəlli bir kəsim tərəfindən sevilən, qocalı-cavanlı geniş auditoriyası olan bir şəxs bu qədərmi dediyi sözün ictimai məsuliyyətini anlamaz?

Sizcə belə bir sözün sahibi cəmiyyətə subliminal mesaj vermir ki?

Manaf Ağayev və onun təfəkküründə düşünən insanlar doğurdanmı öz məsuliyyətlərini, ictimai statuslarını dərk etmirlər?

Başa düşürlərsə, cinayət törədirlər – efirdən səsləndirmək olmaz!

Başa düşmürlərsə, ağızlarının danışığını bilmirlər – efir yenə olmaz!

Efir doğurdanmı bu qədər başlı-başına qalıb? Doğurdanmı, Milli Televiziya və Radio Şurası qış yuxusundadır? Hara baxır bu məsələdə səlahiyyətli olan şəxslər? Manaf Ağayev kimi insanların efirə buraxılması və onun efirdən qadın başı kəsmək əzmini dilə gətirməsi nəyə xidmət edir? Bu barədə düşünən varmı?

Tanınmış bir şəxsin ümumi sualı öz ailəsinin, həyat yoldaşının üzərinə gətirməsini, bir kəlməyə görə onun qadın başı kəsə biləcəyini fəxrlə deməsini görəndə bir daha anladım ki, qadınlar niyə qətlə yetirilir, Elinalar niyə intihar edir, Nərminlər niyə yandırılır...

“Anam, anam, anam mənim” deyib toylarda şabaş yığan, bəlkə ömrü boyu milyard dəfə “Ana” segahı oxuyan Manaf Ağayev məntiqlə kiminsə anasının bir kəlmə üstündə başının kəsməsini labüd, qanunauyğun hesab edir.

Normal cəmiyyətlərdə bu sözə görə adamı mikrofon qusana qədər sıxardılar!

Nəinki toylara çağırıb ağsaqqal xeyir-duası almaq.

# 12032 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #