Azərbaycan kişisinin ən çox arzuladığı qadın

Azərbaycan kişisinin ən çox arzuladığı qadın
13 fevral 2020
# 11:08

Kulis.az Müşfiq Şükürlünün “Fenomenal qadın - Aygün Kazımova” yazısını təqdim edir.

Məncə, Azərbaycan kişisinin Aygün Kazımova qədər sahib olmaq istədiyi, xəyalını qurduğu, arzuladığı ikinci azərbaycanlı qadın olmayıb. Məşhurluğun az rolu yoxdur burda. Amma Aygünün bir-birindən qəşəng romantik mahnıları, gözəlliyi, cazibədarlığı və xarakteri idi bizi ovsunlayan. Bəs nə oldu? Aygünü harda itirdik? Gözəlliyini hələ də qorusa da, karyerasına davam etsə də, niyə “Diva”mız qürubda qızaran günəş kimi görünür?

Hər şeydən öncə bunu bilək. Bilək ki, söhbət ondan-bundan yox, müasir Azərbaycan estradasının yaradıcısından gedir.

Mən Aygünün varlığından xəbər tutanda, yəqin ki, 10 yaşlarında idim. 2000-ci ilin əvvəlləri. Onda bu qadının Azərbaycan üçün kim olduğunu bilmirdim. Mahnıları dildən-dilə, qulaqdan-qulağa gəzirdi. Amma mənimçün Aygün Kazımova hələ bulanıq şüşələr arxasında anlam verə bilmədiyim səs-küy, hərəkət idi. Qarşı cinsin bir məna kəsb etmədiyi, musiqi duyumumun, zövqümün formalaşmadığı vaxtda xalqın Aygünə sevgisini dəyərləndirmək şansım da yox idi.

Zaman keçdikcə hər şey aydınlaşdı. Həmin səs-küy, hərəkət anlam qazandı. Mavi ekrandan izləyib yaddaşıma işlədiyim qadını anlamağa, səsini duymağa, onun bu ölkə üçün nə demək olduğunu dərk eləməyə vaxt lazım imiş.

Bu gün mahnılarını dönə-dönə dinlədiyim Aygün Kazımova mənim dünyamda iki şeyi simvolizə edir: Keçmişi – uşaqlığımı və estetikanı – səsin gözəlliyini.

Mən bir bahar sevgisindən ayrı düşən gülə döndüm.

Sən bilmədən sənsizliyin həsrətindən külə döndüm.

“Son söz” kimi mahnı bir də nə zaman yaranar? Yayımlandığı gündən bəri neçə insan qəlbinin sarı siminə toxunur, yəqin ki. Aygün Kazımovanın mahnıları bizimçün xatirələrimizin, duyğularımızın açılışıdır. Musiqilər buna görə var, hər halda. Şüurun hansısa qatında uyuyan kimliyimizi tapmaq. Lap dərinlərdə yatan arzuları, axtarışı, özləmi, adını qoya bilmədiyimiz nəsnəni üzə çıxarmaq. Onun mahnıları öz missiyasının öhdəsindən necə var gəlib, gəlir.

Aygün təkcə müğənni deyil. Seksuallığını şirin atmacalar, zarafatlarla açıqca bəlli edən cəsarətli bir qadındır. Şıltaq, dinamik, olduqca qabiliyyətlidir. Qarşı cinsin ağlını asanca başından ala bilər. Amma yüngülxasiyyət deyil. Xarakterik ağırlığı, çəkisi var.

Aygün qalxmaq istədiyi yüksəkliyə, zirvəyə çatmaq üçün çox imtinalar edib. Bədənindən, ömründən elədiyi fədakarlıqlarla bir fenomen yaradıb.

Təəssüf ki, bu fenomen bu gün yalnız köhnə mahnıları ilə öz varlığını sürdürür. Durğunluğun, alınmayan cəhdlərin, uğursuzluğun səbəbi nədir bəs? Yenidən inşa edə bilmədiyi gözqamaşdırıcı sarayın uçqunlarının arxasında nə durur? Cavab sadədir: Namiq Qaraçuxurlu!

Aygünün talesizliyi məhz Namiqlə qarşılaşmağındadır. O nəhs, qaramat gün Aygün Kazımovanın yaradıcılığı iki hissəyə bölündü: Namiqdən əvvəl və Namiqdən sonra.

Namiq Aygünün ritm axtarışlarında uğradığı məğlubiyyət idi. Heç cür düzəldə bilmədiyi səhv. Aygün Kazımova bu gün də həmin səhvin bəlasını çəkir. Nə illah etsə də, köhnə Aygünü geri qaytara, özünü heç cür təkrarlaya bilmir.

Gələk Röya-Aygün dilemmasına.

Aygün estradamızda, Azərbaycan musiqi sənətində bir zirvədirsə, bunun səbəblərindən, bəlkə də, birincisi mahnılarının keyfiyyəti və səviyyəsidir.

Bu, Röyaya nə dərəcə aiddir bəs?

Röyanın məni təsirləndirən, duyğulandıran bir-iki mahnısı olub. Həmin mahnılar illər sonra onlara qayıdanda musiqisinin yüngüllüyü təəssüratı oyadıb. Mənə elə gəlir, ədəbiyyatda olduğu kimi musiqi aləmində də belə bir anlayış var. Tarixi aşıma uğramaq. Müəyyən müddət sonra sönmək. Məncə, Röyanın mahnıları bu sinfə aiddir. Onun mahnılarının ömrü qısadır. Üstündən bir müddət keçəndən sonra təsir gücünü itirir. Bunu gölə atılan daşa bənzədirəm. Dalğalanmalar çəkilər-çəkilməz suyun altda nə var-nə yox bilinir. Buna görə Röyanın mahnılarında həmişə bir dayazlıq görmüşəm.

Aygünü vaxtilə ulduz olan müasirlərindən hər hansıyla da yan-yana qoymazdım. O, nadir müğənnilərdəndir ki, mahnıları köhnəlmir. İnsanı yormur. Onun ifalarına, bəlkə də, bir ömür qayıtmaq olar.

# 10030 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #