Strasburqdakı Azərbaycan – Dilbadi Qasımov yazır...

Strasburqdakı Azərbaycan – Dilbadi Qasımov yazır...
1 fevral 2020
# 11:24

Strasburq şəhəri Fransanın azərbaycanlıları qarşılayan ilk şəhərlərindəndir. Bu gün Fransanın demək olar ki, hər bölgəsində Azərbaycan icmasının mövcud olmasına baxmayaraq, Strasburqun yeri fərqli olaraq qalmaqdadır.

İlk öncə Azərbaycan tələbələrini qarşılayan Strasburqda bu gün fərqli səbəblərdən bu şəhərdə məskunlaşmış çox sayda həmyerlilərimizə rast gəlmək mümkündür. Bu şəxslər adətən təhsilli və intellektual sahədə işlədiyi üçün Strasburq şəhərində azərbaycanlıları tanıyan şəxslərin onlar haqqında ümumi fikirləri aşağıdakı kimidir: Azərbaycanlılar çox mədəni, təhsilli, zəhmətkeş, hörmətcil, dostcanlı insanlardır. Onlar şərqli olmalarına baxmayaraq çox müasir, müsəlman olmaqlarına baxmayaraq çox tolerant və açıq düşüncəli, inkişaf etməkdə olan ölkənin vətəndaşı olmalarına baxmayaraq təhsilli, əcnəbi olmalarına baxmayaraq zəhmətkeş və cəsurdurlar.

Deyilənlər əcnəbilərə qarşı klişe kimi görünsə də, təəssüf ki, bu gün Avropada üçüncü dünya ölkələrinin vətəndaşlarına qarşı bu cür düşüncələr mövcuddur.

Bu hal, əlbəttə, Strasburqda yaşayan hər bir azərbaycanlı üçün ürəkaçan olsa da, Strasburqda və ümumiyyətlə Fransada Azərbaycan haqqında obyektiv məlumatların azlığı açıq-aydın görünür.

Bu boşluq hər sahədə özünü göstərir. Əsasən də mədəniyyət sahəsində. Fransada Azərbaycan haqqında axtarış edən bir şəxs bu ölkənin ədəbiyyatı, mədəniyyəti, siyasəti, strateji maraqları və s. haqqında material qıtlığı ilə üzləşir.

Bu vəziyyəti əsasən, Fransada Universitet oxuyan tələbələr görüb təəssüf edir, qəmgin olur. Fransada tələbə olmaq sadəcə bu ölkənin intellektual sferası ilə əlaqədə olmaq deyildir, siz universitetdə dünyanın dörd bir yanından gəlmiş, hətta heç vaxt adını eşitmədyiniz ölkələrin vətəndaşları ilə ünsiyyətə girib, müzakirələr edə bilərsiniz. Azərbaycan deyilən uzaq bir ölkə haqqında sizə veriləcək suallara şifahi cavab verə bilərsiniz, amma bu haqda ədəbiyyat, mənbə daha dəqiq desəm, kitab olmadığı halda dedikləriniz boşa gedəcək.

Xatırlayıram, bir tələbə yoldaşımın nənəsi erməni idi. O, mənə ermənilərin qırılmasından, kəsilməsindən, qovulmasından danışırdı. Mən bu problemin həqiqətlərini anladanda çox təəccüb etdi. Onu da qeyd edim ki, Fransada insanlar müzakirə etdikləri zaman qarşılıqlı aqressiyadan uzaq olurlar. Sadəcə, qarşıdakı şəxsdən dediklərini sübut etməyi tələb edirlər. Tələbə yoldaşım mənim dediklərimə qarşı çıxmasa da, şübhə ilə dinlədiyini görürdüm. Bu söhbətdən bir müddət keçəndən sonra o, məni kofe içməyə dəvət etdi və mənə dedikləri şillə kimi sifətimə dəydi:

“Mən bu yaxınlarda iki günlük Parisə getmişdim. Parisdə olmağımdan istifadə edib milli kitabxanada bir neçə saatlıq mütaliə etdim. Sənin dediklərin barədə araşdırma apardım, amma onları sübut edəcək heç bir kitab və ya başqa mənbə tapa bilmədim. Tapdığım mənbələr sənin dediklərinin əksi idi və öyrəndim ki, erməniləri, sən demə, təkcə türklər yox, azərbaycanlılar da qırıblar”. Mən sadəlövhcəsinə “Sən tapdığın kitabların hamısını ermənilər yazıblar” dedim. O, mənə sual dolu baxışlarla baxaraq az qala bu baxışlarla “Nə olsun?” deyirdi.

Başqa bir hal Universitetdə təşkil olunmuş ədəbiyyat konfransında baş verdi. Latın Amerikasının bir neçə fərqli ölkəsinin gənc yazarı yazdıqları əsərlər, öz ölkələrində ədəbi cərəyanlar və s. haqqında danışırdılar. Konfransda Çilidən gəlmiş bir yazardan kitabını mənim üçün imzalamağını xahiş etdim. Məndən hansı ölkədən olduğumu soruşdu və Azərbaycanın adını eşidəndə sevindi. Məndən bir neçə müasir kitab adı soruşdu ki, ölkəmizin ədəbiyyatı ilə tanış olsun. Mənə dəqiq nə cavab verdiyimi xatırlamasam da, bir şeyi xatırlayıram: həmin an çox təəssüfləndim!

Bunun üçün Fransada Azərbaycan ədəbiyyatının tanınması qaçılmaz idi. “Kapaz” nəşriyyat evi məhz bu kimi səbəblərdən 2017-ci ildə Strasburqda yaradıldı. Nəşriyyat, adının Azərbaycan əsilli və ilkin ideyasının Azərbaycan ədəbiyyatının tanınması olmasına baxmayaraq, əsasən fransızların iştirakı ilə quruldu və bu gün sadəcə Azərbaycanla bağlı deyil Fransa səviyyəsində tanınmış nəşriyyat olmağa iddialıdır.

Nəşriyyatın idarəçiliyi idarə heyəti, kitabların seçilməsi nəşriyyat şurası tərəfindən həyata keçirilir. Nəşriyyatın həmtəsisçilərindən olan dostum Nicat Kazımovla birlikdə biz Azərbaycan əsərlərinin nəşr olunmasında əlimizdən gələni edirik. Bu günə kimi bir neçə Azərbaycan müəllifləri nəşr olunub və bir neçə başqa kitablar üzərində iş gedir.

“Kapaz” nəşriyyatı Azərbaycan ədəbiyyatını Fransaya daşıyır. Misal üçün, bu yaxınlarda nəşr olunacaq Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını Fransanın ucqar bir kənində oxuyan fransıza Azərbaycanın harada yerləşməsini, torpaqlarının işğal edilməsini, həmin torpaqlardan insanların qaçqın düşməsini və bu kimi şeyləri deməyə ehtiyac qalmayacaq. O şəxs özü bu mövzular haqqında axtarış aparacaq. Həmin romanın mövzusu müharibədən ziyan çəkən şəxslərin həyatında götürüldüyü üçün oxucunu istər-istəməz bu müharibə ilə bağlı həqiqətləri araşdırmağa sövq edəcək. Təsəvvür edin, romanın müəllifi gəlib Fransada o kitabı təqdim edərsə, fransız oxucusu ona “Siz niyə qaçqınlar haqqında roman yazdınız?” deyə sual verərsə, Şərif Ağayar isə “Çünki mən özüm də qaçqınam” deyə cavab verərsə, bunun təsiri inanılmaz dərəcədə güclü olar.

Nəşr etdiyimiz kitabları Strasburqun mədəni həyatında ən vacib yerlərdən biri kimi tanınan Kleber kitabxanasında təqdim edirik. 2019-cu ilin mart ayında baş tutan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı çox uğurlu oldu və “Kapaz”ın Fransada tanınmasına təkan verdi.

2020-ci ilin yanvar ayının 29-u həmin kitabxanada Məmməd Əmin Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabının təqdimatı baş tutdu. Müəllifin doğum günündən bir gün əvvəl baş tutan təqdimatda moderator və çıxışçılar Strasburqda tanınmış intellektual şəxslər idi. Düşünürəm ki, bu təqdimat Fransada Azərbaycanın tanınması yolunda ən vacib hadisələrdən biri idi. Əvvəl bu kimi işlər Fransada yaşayan Azərbaycanlılar tərəfindən həyata keçirilməsinə baxmayaraq, bu təqdimatda çıxış edənlər sadəcə fransızlar idi və onların Azərbaycan haqqında dediyi səmimi müsbət fikirlər fransız publikası arasında böyük rezonans yaratdı.

Biz də “Kapaz”ın yaranmasında iştirak edən yeganə iki azərbaycanlı olaraq sadəcə baş verənlərin reallaşmış yuxu olduğunu düşünürdük və bununla fəxr edərək, Fransada bədnam qonşularımızın güclü olmasına baxmayaraq bizim də səsimizin eşidilməsinin mümkünlüyünü görürdük.

# 3622 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #