news-inner
clock17:54 calendar-gray 28 Yanvar 2020 view-gray955 dəfə oxunub
view-gray955 dəfə oxunub

Aydınlanmanın ağlagəlməz ən qısa yolu: Vipassana

Kulis.az İlahə Ucaruhun "Vipassana, miqren və vəhdəti-vücud" yazısını təqdim edir

Tarix insanların tanrı yaratmasıyla başlayıb,
insanların tanrı olmasıyla da bitəcək.
(Y.N.Harrari)

Çağımızın ən məşhur tarixçi-yazarı Yuval Nuh Harrari “HOMO DEUS. Gələcəyin qısa tarixi” bestseller kitabını S.N. Qoenkaya həsr edib: “Mənə önəmli şeyləri sevgi ilə öyrədən müəllimim S.N. Qoenkaya (1924-2013).”

S.N.Qoenka kimdir? Miqren xəztəliyindən uzun zaman əziyyət çəkmiş S.N.Qoenka (Şri Satya Narayan Qoenka (ing. Sri Satya Narayan Goenka, 30.01.1925 – 29.09.2013) Mandalayda, Birmada, zəngin hindu ailəsində doğulmuşdu. Sonralar görkəmli biznesmen və sənayeçi olmuşdur. Dünyada mövcud olan bütün miqren müalicə üsullarını sınaqdan keçirsə də, uzun zaman dəhşətli baş ağrılarına əlac tapa bilməmişdi. Dostlarından birinin məsləhəti ilə xəstəliyindən xilas olmaq üçün ən qədim meditasiya texnikalarından olan Vipassanaya üz tutmuşdu. Miqrenə meditasiya vasitəsilə həmişəlik qalib gələn bu insan, ömrünün qalan hissəsini başqalararına yardım etməyə həsr etmiş, Birma Vipassana meditasiyasının ən son ənənələrinin görkəmli təbliğatçısı və müəllimi olmuşdur. Qoenka istedadlı natiq, yazıçı və şair idi. O, ingilis, hindi və radcastani dillərində yazırdı. Dünyanın bir çox ölkələrinə səyahət edərək mühazirələr oxuyurdu.

Qoenkanın təşkili ilə 1995-ci ildə Hindistanda ilk dəfə həbsxanalarda da meditasiya öyrədilməyə başladılmışdı. 2008-ci ildə Qoenkanın təşəbbüsü və rəhbərliyi ilə Mumbay yaxınlığında Qlobal Vipassana məbədinin tikintisi başa çatmışdı.
Qoenkanın öyrətdiyi texnikanın kökü Buddaya gedib çıxır. Dini əqidələrə keçməyə ehtiyac yoxdur. Qoenka deyirdi:

"Budda heçvaxt sekta dinini öyrətməmişdi, o Dhamma öyrədirdi – azad olmağın universal yolunu göstərirdi. Bu təlim, bütün irqlərə, dinlərə məxsus olan bütün insanlara açıqdır. ”Qurtulmaq” – ağlın çirkinliklərindən və təmiz ağıl yetişdirmə prosessi nəticəsində iztirablardan azad olmaq deməkdir".

Qoenka Vipassana meditasiyasını insanın daima dəyişən ağıl və bədəninin ən dərin qatlarında müşahidə etməsini bir eksperimental elmi təcrübə kimi təsvir edirdi. Bu müşahidə sayəsində insan özünü dərindən dərk edir, bu isə aparıb əsl xoşbəxt və rahat həyata çıxarır.
(Daha ətraflı türkcə :https://www.dhamma.org/tr/index
rusca: https://www.dhamma.org/ru/index )

Vipassana kursları (və ya 10 günlük sükut kursları və ya retritlər) — dünyanın bir çox ölkələrində (həmçinin keçmiş SSRİ respublikalarında) təşkil edilir və tamamilə pulsuzdur. Retrit — öz üzərində daxili iş aparmaq və baş verən hadisələrin dərin mahiyyətini dərk etmək üçün ayrılan zaman deməkdir. Retritlər müxtəlif olur: fərdi, kollektiv, tam sükut şəraitdə və ya tam qaranlıqda.

Retrit, nə kor-koranə inama əsaslanan mərasim, nə də ritualdır. Retrit - nə intellektual, nə də fəlsəfi əyləncədir. Nə sükutla müalicə, nə istirahət, nə də maraqlar üzrə klubdur. Gündəlik problemlərdən gizlənmə deyil. Vipassana əzabları kökündən yox edən texnikadır. Bu, ağlın təmizlənməsi və təmizlənmə nəticəsində sakit və həyatdakı problemləri tarazlı həll etməyə imkan verən metoddur. Bu, cəmiyyətin rifahı naminə hər kəsə effektiv işləməyə imkan verən həyat sənətidir.

Vipassana üç hissədən ibarətdir: Şila, SamadhiPanya. Yaxın Şərq mistisizmi olan sufilikdə Haqqa aparan yollar — Şəriət, Təriqət, Mərifət, Həqiqət — vipassana yollarına — Şila, Samadhi, Panya mərhələlərinə olduqca çox bənzəyir. Bu bənzərliyin təsadüfliyini söyləmək böyük səhv olardı. (Ümumiyyətlə, yəhudi, xristian və islam mistisizminin Budda təlimlərindən qaynaqlanması və təsirlənməsi ayrıca bir mövzudur.)

1. Şila (SİLA) – həyatda mənəvi və etik davranış qaydalarıdır:

-canlı varlıları öldürmək olmaz;

- düzgün nitq. Yalan söyləmək, fikirləri təhrif etmək olmaz;

- oğurluq etmək olmaz, başqasının əmlakını mənimsəmək olmaz;

- narkotik və diğər psixotrop maddələrin istifadəsi olmaz;

- həyatda düzgün seksual davranış.

2. Samadhi (SAMADİ) – beynin cəmləşdirilməsi, ağlın konsentrasiyası və zehni nəzarət.
- Meditasiya (ANAPaNA) – bədənin məhdud hissəsində, üst dodağın yuxarısında, burun dəliklərinin alt hissəsində təbii nəfəsin gedib-gəlməsinin müşahidəsi. Sadəcə nəfəsin anbaan dərk edilməsidir.

3. Panya (PANNA) – dünyanın, hadisələrin, əşyaların mahiyyətinə yüksəlmək mərhələsi. (Çox guman, rus dilindəki “понимание” sözünün kökü (anlamaq deməkdir) sanskrit dilindəki bu “panya”dan əmələ gəlibdir.) Öz bədəninin sınırları çərçivəsində yaşanan həyəcanların şəxsi təcrübə vasitəsilə müdrikliyi əldə etmə pratikasıdır.

- Suta Maya Panya – müdrik kitablardan, ayələrdən, ustadlardan, müəllimlərdən əldə olunan hikmət. Oxuyaraq və ya dinləyərək.

- Cinta Maya Panya – intellektual düşüncələr, söhbətlər, əsas məlumatların təhlili nəticəsində əldə edilən hikmət. Səkkizqatlı yoldan ibarətdir: düzgün nitq, doğru hərəkətlər, doğru həyat tərzi, doğru səy, doğru məlumatlandırma, doğru konsentrasiyası, doğru fikir, düzgün anlayış.
Bhavana Maya Panya – vücud daxilində yaşanan təcrübələrin, araşdırmaların, bədəndəki hisslərin daxili təbiətinin müşahidəsi nəticəsində əldə olunan hikmət.

Sonuncu - mahiyyəti dərk etmə mərhələsi - nurlanma da adlanır. Bu mərhələdə şəkər suda əridiyi kimi, insan şüuru da kainatda əriyir, dünya ilə bir bütövə dönüşür, gözləri qapalı olsa da, qaranlıq otaqda otursa da, işığa qərq olur. İzahı və təsviri çox az mümkün olan bu halı qısa, bir neçə saniyə yaşayan biri kimi əminliklə deyə bilərəm - sufilərin günlərlə, həftələrlə, aylarla mağaralarda oturub allahı zikr etməsi, müasir dünyada meditasiya adlandırılan fəaliyyətdən başqa bir şey deyildi. Dini repressiyaların tüğyan etdiyi çağlarda hakim dinin leksikasından, semantikasından istifadə etmək, bir növ özünüqoruma üsulu idi. “Allahı zikr edirik” demək yerinə, “öz içimi müşahidə edirəm” və ya “həqiqəti, mahiyyəti zikr edirəm” demək — öz qətlinə fərman verməyə bərabər idi. Mənsur Həllac, Şəms Təbrizi, Nəimi, Nəsimi kimilərin vücudlarının kainatla vəhdətə gəlmə etiraflarının acı sonuclarını hamımız yaxşı bilirik...

P.S. Hindistan həbsxanasında məhkumlar üçün ilk dəfə S.N.Qoenka tərəfindən 1997-ci ildə təşkil edilmiş vipassana kursları haqda sənədli filmi ana dilimizə çevirib subtitrlərlə verən naməlum xeyirxax könüllüyə dərin təşəkkürümü bildirirəm. https://www.youtube.com/watch?v=dWzULU-h8Bo&t=1s


P.P.S. Vipassana kursları bir müddət Türkiyyədə də fəaliyyət göstərib. Yüzlərlə insan bu qədim texnikanı mənimsəməyə gəlirlərmiş, lakin hansısa səbəbdən (səbəbi təxmin etmək o qədər də çətin deyil) bu mərkəz ləğv edilibdir. Yeniliyə açıq olan Ermənistanda isə, əksinə, 2020 - ci ildə, apreldə, ilk vipassana retrit düşərgəsi fəaliyyətə başlayacaqdır...

Əlavə məlumatlar üçün:

1. https://www.youtube.com/watch?v=m_gfIaCfRcU
2.https://www.youtube.com/watch?v=h1SVmgoPWOY&fbclid=IwAR2pTJD5n2IDbn79A4Jf1b-0M8ZnVMXSwYimrS7vy7IRCtAaJWMTVGqoTBc

news-inner-user

14398 məqalə

Oxşar xəbərlər