Oktay Mirqasımov: “Atamın ruhundan utanıram” – Müsahibə

Oktay Mirqasımov: “Atamın ruhundan utanıram” – Müsahibə
24 yanvar 2020
# 13:59

Kulis.az kinorejissor, Xalq artisti Oktay Mir-Qasımın APA-ya müsahibəsini təqim edir

- Oktay müəllim, bu yaxında Sizin 1987-ci ildə çəkdiyiniz “Şeytan göz qabağında” filminizə baxdım, məndə belə bir sual yarandı ki, niyə hazırda bu günümüzdən bəhs edən, zamanın, bu dövrün ruhunu əks etdirən filmlər yox dərəcəsindədir?

- Var, çəkilir. Bax, burda bizimlə əyləşən Ərturan Nəcəfi Gölün adını çəkə bilərəm, gənc, peşəkar rejissordur. Onun “Səs” filmi dünyanın 15 festivalında iştirak edib və 6 mükafat alıb. Düzdür, qısametrajlı filmdir. Amma tammetrajlı filmlər də var ki, mükafat qazanır, dünyada tanınırlar.

- Hansı filmlərdir?

- Sadalamayacam, amma var. O gün mənim üçün çox qəribə hadisə oldu. Televizorda kanalı dəyişirdim, bir də gördüm, İTV-də mənim “Günaydın, mələyim” filmini göstərirlər. Axı bu film göstərilməməli idi! Çünki “Günaydın, mələyim” repertuar siyasətini müəyyənləşdirmək səlahiyyəti olan insanların xoşuna gəlmir.

- Mövzusuna görə xoşlarına gəlmir?

- Mən onlarla sorğu-sual aparmamışam ki, səbəbini bilim. Amma dəqiq əminəm ki, xoşlarına gəlmir. “Günaydın, mələyim” 2008-ci ildə çəkiləndən bəri ilk dəfə o gün İTV-də göstərildi və yaxşı ki, göstərildi. Çünki bu filmdə bizim vətənimizin ağrısı da, taleyi də, qələbəsi də var. Mən o filmdə xalqımızın qələbəsini göstərmişəm. Hansı ki, hələ yoxdur. Amma inşallah inanırıq ki, olacaq.

Gallery

- Məncə filmdə qəhrəmanın fərdi qələbəsi baş tutmur.

- Hansı qələbəni nəzərdə tutursunuz?

- Filmin qəhrəmanı Mədinə şəhid qadını olduğunu sübut edən sənədləri toplamağa çalışsa da, qarşısına bürokratik əngəllər çıxır.

- Mədinə bütün teatrda yeganə insan idi ki, onunla pis rəftar edən primadonna yatağa düşəndə gəlib ona baş çəkdi. Bu qələbə deyilmi? Siz qələbə nəyə deyirsiniz, arayış almağa?

- Oktay müəllim, o filmin mövzusu nə idi?

- Siz söyləyin mənə, mən özüm deyəsən filmimin mövzusundan bixəbərəm.

- Söyləyim. Filmin mövzusu mənə görə budur ki, Mədinənin izdivacda olduğu insan şəhid olur. Mədinə şəhid düşən həyat yoldaşı ilə nikahda olduğunu sübut edən sənədləri toplamalıdır. Lakin bürokratik əngəllər ucbatından bu baş tutmur. Bununla birlikdə onun bir aktrisa və insan kimi öz ləyaqətini qoruyub saxlamasından, sənətdə yüksəlmək üçün primadonna kimi ucuz yollara can atmamasından bəhs edir. Səhv dedim?

- Sən süjeti dedin. Bəli, onun şəhid ərinə görə arayış almaq istəyi uğursuzluqla nəticələnir. Lakin bu o demək deyil ki, o qələbə çala bilmir! Azərbaycanın müharibədə qələbə çalmağı onun üçün qələbədir. Bu bəyəm görünmür? Əsas məsələ finaldadır. Qadının öz şəhid ərinin xəyalını daim yaşatması qələbə deyilmi?

Gallery

- Mənəvi qələbə hesab etmək olar.

- Qələbədir. Mənə arayış lazım deyil.

- Bəlkə filmin nümayişinə qarşı bu laqeydlik elə şəhid qadınına qarşı olan neqativ münasibəti göstərməyinizə görə olub?

- Mən, sadəcə, deyə bilərəm ki, repertuar siyasətini müəyyənləşdirən insanlar bu filmi göstərməyi lazım bilmədilər. Halbuki küçədə tanımadığım adamlar mənə yaxınlaşıb deyirlər ki, sizin “Günaydın, mələyim” filminizi sevirəm. Camaat baxır. Ancaq televizora çıxarmırlar. Televizora elə filmləri çıxarırlar ki, adam bu ərazidə yaşadığına görə utanır. Mən utanıram, özümdən utanıram, atamın ruhundan utanıram. Televiziyaya, kinoteatrlara elə şeylər buraxırlar ki, mən... İstəyirəm bunu unudum, bu mənim üçün rüsvayçılıqdır. Amma mənim filmimi göstərmirdilər. Nədənsə sevmirdilər. Deyirdilər ki, bizə lazım deyil. Hər adamın özünə görə zövqü var, görünür, zövqlərincə deyilmiş.

- Siz filminizin bu illər ərzində göstərilməməsini ciddi-cəhdlə zövqə bağlamaq istəyirsiniz. Ancaq görünür Sizin şəhid ailəsinin probleminə aksent etməyiniz kimlərinsə xoşuna gəlməyib.

- Mən buna aksent etməmişəm, bunu ötəri göstərmişəm. Çünki mən filmi o qadının ərinin ölümündən qələbəyə, o məğrur insanların məğrur marşına gətirmək istəyirdim. Xətt bu idi. Əgər biz filmdə, ədəbiyyatda qəhrəmanlarımızın yollarında maneələr, əziyyətlər, bəzən əzablar, bəzən işgəncələr qoymasaq, o zaman tamaşaçı qələbənin nə qədər böyük məsələ olduğunu necə başa düşə bilər? Qələbə nədir? Qələbə qazanmaq üçün bir əziyyət olmalıdır ki, sən özündə güc tapıb onu keçə biləsən. Mənim qəhrəmanlarımsa həmişə belədir. Mən heç bir zaman axırda məğlub olmuş, oturub ağlayan qəhrəman verməmişəm. Bax, bu filmin sonunda da şəhid qəhrəmanın rəmzi görüntüsü qürurla bizə baxır, arxayınlıq arzusu ilə müraciət edir. Ölüb, amma yenə inanır ki, həyat gözəldir.

Gallery

- “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdu. İctimaiyyətdə ordakı müddəaların bir çoxunun yerinə yetirilməməsi ilə bağlı tənqidi fikirlər səsləndirildi. Siz necə düşünürsünüz? Proqram tam həyata keçirildimi?

- Xeyr. Hamı bilir ki, tam həyata keçmədi və yarımçıq qaldı, görülməmiş xeyli iş var. Amma yeni kino konsepsiyası işlənilib. Mən yeni kino konsepsiyasının nədən ibarət olduğunu bilmirəm, hələ ki, bizə deməyiblər. Amma biz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı olaraq öz variantımızı Mədəniyyət Nazirliyinə təqdim etmişik. Eşitdiyimə görə müsbət rəy alıb. Allah qoysa, baxaq, görək, hansı təklifləri qəbul edəcəklər.

- Sizin təklifləriniz nədən ibarətdir?

- Fikirlərimizi şəxsən mən və bizim İttifaq üç səhifəlik yazıda təqdim etmişik. Ancaq əgər israr edirsinizsə deyim. Mən düşünürəm ki, əvvəla kadr hazırlığı məsələsi unudulmuş vəziyyətdədir. Kadr yoxdur. “Azərbaycanfilm” Kinostudiyasının texniki vəziyyəti neçə illərdir bərbaddır. Və repertuar siyasəti çox bərbaddır. Bilirsiniz, hər mənada ucuz olan filmlər mərkəzdə yerləşən kinoteatrlarda, məsələn, Nizami Kino Mərkəzi kimi bir yerdə verilməməlidir. O cür filmlər kiçik kinoteatrlarda göstərilməlidir. Dünya praktikasında da var, ucuz, əyləncəli, ədəbsiz, zövqcə çox aşağı olan filmlər o cür yerlərdə göstərilməlidir. Mən ad çəkmək istəmirəm...

Gallery

- Belə başa düşdüm ki, hazırda çəkilən komediya filmlərini nəzərdə tutursunuz.

- Əsasən komediyalardır. Çünki ucuz komediyalar dediyim filmlər mədəniyyət səviyyəsi tamamilə aşağı olan təbəqəyə maraqlı olur. İnkişaf eləmiş gənclərimiz, orta nəslimiz, yaşlı nəslimiz, ziyalılarımız, alimlərimiz var. Onlar axı bu cür komediyalara baxmırlar. Məktəbi güclə bitirən, hətta intellektual səviyyəsi tam bərbad olan insanlar gedib baxırlar. Özü də 14-15 yaşlı yeniyetmələr gedib bir dəfə bu filmlərə baxırlar, ekranda təlxəklik edən adamları görürlər və bununla böyüyən həmin adamların beyni də elə kiçik uşaq səviyyəsində qalır. Çünki onlar bu cür filmlərə öyrəşirlər. Sonra bu cür insanlardan nəsə gözləmək olarmı? İnsanlarımız yazıqdır. Çünki Azərbaycan kinematoqrafiyası çox hörmətli bir incəsənət növüdür. Əhalimizi milli və dünya kinematoqrafiyasına qaytarmaq lazımdır. Biz dünya kinematoqrafiyasını sevən xalq olmuşuq. Bunu qaytarmaq lazımdır. İndi isə heç bilmirsən dünyadakı rejissorlardan kimləri tanıyırlar. Bəlkə Kventin Tarantinonu tanıyırlar. Hə? Bilirsən kimdi o? Patoloji adamdır.

- Tarantinonu bəyənmirsiniz?

- Mən bəyənmirəm, patolojidir. Filmləri də patolojidir.

- Son filmi Oskara namizəddir.

- (İstehza ilə gülür). Hamınız üçün, deyəsən, Oskar dünyanın ən böyük hakimidir! Onda mən də fikrimi dəyişdirim? Yox, bunu gözləməyin.

Gallery

- Çağdaş dövrün ən məşhur rejissorlarındandır. Siz onun filmlərinin nəyini bəyənmirsiniz?

- "Məşhur" və "Ləyaqətli" sinonim deyillər... Tarantinoya sevgini Qərb prodüserləri və Qərb kompaniyaları yaradıb. Bizdə patoloji filmlər çəkildiyi kimi patoloji şoular da göstərilir. Buna görə də Tarantinonun pis olduğunu sübut eləmək mümkün deyil. Mən bunu sübut edə bilmərəm. Mən bəzən zallara baxıram, görürəm ki, yaxşı-yaxşı geyinmiş ər-arvad oturub, yanlarında da balaca uşaqları. Belələri öz uşaqlarını balacalıqdan patoloji yumora, patoloji plastikaya, patoloji mətnə öyrədirlər. Onların baxdıqları yumor da olduqca bəsit, olduqca primitiv yumordur.

- Biz bayaqdan son dövrlər çəkilən komediya filmlərini nəzərdə tutaraq danışdıq. Reallıq budur ki, həmin bu filmlərə xalq baxır.

- Onda biz də onlara tabe olmalıyıq? Azlıq çoxluğa tabe olmalıdır? Bunu demək istəyirsiz? Sizin xoşunuz gəlir bu filmlərdən?

- Əksəriyyətindən xoşum gəlmir.

- Siz o filmlərin geniş yayılmağından narahatsız, ya yox?

- Belə qəbul edilir ki, indiki halda ucuz komediya filmlərinin çəkilməsi müəyyən mənada yaxşı haldır, insanları kinoteatrlara cəlb edir. Bir vaxtlar qırılmış ənənəni bərpa edir. Bu kütlə sonradan ciddi filmlər üçün də potensial yarada biləcək.

- Bunu deyən adamlar ya səmimi deyillər, ya dərindən düşünmürlər. Ona görə səmimi deyillər ki, əslində onlar bu cür filmlərin yayılmasını istəyirlər. Sistem nə qədər güclənsə, onların estetik baxışları, mənəvi görüşləri, tarantinovarilikləri, yəni patoloji, sağlam olmayan düşüncələri də bir o qədər güclənəcək. 21-ci əsrin təhlükəsi ondan ibarətdir ki, psixi baxımdan sağlam olmayan insanlarla normal insanlar yanaşı yaşayır. Birinci kateqoriyanın təsir gücü çox böyükdür və böyük təhlükə təşkil edir. Bu şəbəkəyə aid olan filmlərin istehsalı genişləndikcə onun istismarçıları da artır. Nəticədə biz öz tamaşaçılarımızı itirəcəyik. Bu, hələ başlanğıcdır. Azərbaycan cəmiyyətində əsrlər boyu formalaşmış, psixoloji-patriarxal, hətta fizioloji bir sistemi pozmaq istəyən qüvvələr var. Amandı!..

# 8501 dəfə oxunub

Oxşar xəbərlər

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

12:00 15 noyabr 2024
Xalq artisti:  "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

Xalq artisti: "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

17:00 14 noyabr 2024
# # #