Göyə baxmaqdan qorxurdum - Bircənin romanının davamı

Göyə baxmaqdan qorxurdum - Bircənin romanının davamı
10 yanvar 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanının dördüncü bölümünün ilk hissəsini təqdim edir.

əvvəli burada

Mən artıq Bakıdayam!

Evimə yığışdığım gün bu sözləri ürəyimdə bəlkə min yol təkrarladım. Hər addımımı, geyimimi, danışığımı söz eləyib dillərə salan gəlinlər, xüsusən də dayım arvadı bu şəhərdən məni çox erkən küsdürmüşdü. Bununla belə, içimdə paytaxta bir zərif sevgi də cücərirdi – hələ gəncliyim soluxmamışdı, bu şəhərdə xoşbəxtliyi tapacağımı düşünürdüm. Bakıya ayaq basandan qəlbimdə bir umud pardaqlanmışdı, nəsə bir möcüzə intizarındaydım, göy üzündə ulduzumun doğuşunu – Səni gözləyirdim, Dostum, hələ də gözləyirdim...

***

Bacım, yeznəm, Hakim qardaşım mənim evimi təmizə çıxarmaqdan ötrü üç gün, üç gecə əlləşdilər. Hər qalan kirayənişin evdən bir şey söküb aparmışdı, işığı, qazı, suyu, telefonu bolhabol işlədib haqqını ödəmədən çıxıb getmişdilər. Eyvanları küllüyə döndərmişdilər – yeyinti qalıqları, taxta-tuxta, dəmir-dümür qırıntıları, butulkalar, bankalar, balonlar, daha nələr, nələr... Bir sözlə, evdə evlik qalmamışdı, xalis zibilxanaydı.

Bacı-qardaş qol çırmayıb otaqları, balkonları zir-zibildən arıtladıq. Hakim bütün kommunal borcları ödəyib mənzili qara siyahıdan sildirdi. Aqil bir televizor, bir soyuducu alıb gətirdi. Arabir bacı-qardaşımın gözündən yayınıb boşalmış balkonlardan birinə çəkilib ağlayırdım. Kənddə qoyub gəldiyim hamıdan – Rüfətdən, onun balalarından, atamdan, böyük qardaşlarımdan, hətta Yetərdən ötrü də darıxırdım. Bilirdim bir müddət sonra bunlar keçib gedəcək, amma o müddət keçincə mən tayfasından ayrı düşmüş yalquzaq kimi ulayırdım.

Əsas işlər görüləndən sonra Lalə Hakimə uzun bir siyahı verib onu bazarlığa göndərdi. Qardaşım gələnəcən bacım gətirdiyimiz beçələrdən birini qovurdu, çay qaynadıb dəmlədi, yeməkdən sonra diş çöpündən tutmuş duza qədər Hakim nə almışdısa hamısını yerbəyer elədi. Axşama yaxın qardaşım bacımla balalarını götürüb evdən çıxdı. Kandarda Lalə mənə son tapşırıqlarını verdi:

- Qapını açıq qoymayın, tanımadığınız adama qapı açmayın, evdə yavaş danışın...

O dedikcə mən başımı razılıqla yırğalayırdım.

- Burda heç kimlə qonşu-qonşu oynama ha, gördün də qonşu başımıza nə oyun açdı.

- Gördüm ey, gördüm. Arxayın ol, kimi tanıyıram ki, qonşuluq da eləyəm...

Evlərinin yanında yeznəm Yasəfin xudmani bir bağı vardı. Hasarları boyunca güldən-çiçəkdən əkmişdi, ortasında xırda bir çardaq dikəldib talvara üzüm tənəyi dırmandırmışdı. Yaz-payız bacı-qardaş cəm olub o bağda kabab çəkərdik, samovar qaynadardıq, yorğan-döşəyimizi günə verərdik. Oranı özümüzə qaçalğa yeri eləmişdik, mən o bağçada sac asıb yuxa da bişirmişdim, qovurğa da qovurmuşdum.

Bacımgilin qonşuluğunda yaşayan böyük köçkün ailəsi bir otağa sığınmışdı. Ailənin bizlə aşağı-yuxarı yaşdaş olan gəlini oğlan eşqiylə dalbadal beş qız dünyaya gətirmişdi. Bacım canıyananlıq eləyib həmin o bağın açarını beş uşaq anasına vermişdi:

- Apar balaların orda oynasınlar, - demişdi, - asfaltın üstündə, maşın yolunda evcik qurmasınlar.

Qonşu gəlin bacıma alqış eləyə-eləyə iki il bağdan sirab oldu, üçüncü ili gecəylə bağın darvazasının kilidini dəyişdi, Ərəbzəngi kimi əlini belinə qoyub Laləyə xoruzlandı:

- Bağ mənimdi, - dedi, - bir köpək oğlu, köpək qızı bu qapıdan içəri girə bilməz. Mən qaçqınam, kimin hünəri var üstümə gəlsin.

Yeznəm buna görə bacımı çox danladı:

- Sənə haqq olur, evdə bir tutalğa qoymadın, hamısını daşıyıb ona verdin. Yeri dardı deyib iki gimrik qızını uşaqlarımın yerində yatırtdın. Al bu da sənə sağolu.

Bu söhbət Aqilin yanında açılanda qardaşım araya girdi:

- Evini, yurdunu itirmiş adamın başı bir çanaq qandı, verin onların olsun.

Beləcə, mehriban qonşular eni beş, uzunluğu on iki arşın torpağın üstündə düşmən oldular. İndi bacım bunu yadıma salıb məni qonşudan uzaq durmağa çağırırdı...

***

Əzizlərim qapıdan çıxan kimi işığı göz qamaşdıran şəhərdə qaranlıq dünyaya düşdüm.

Cavid öz əşyalarını böyük otağa yığmışdı. Təzə televizoru, stol-stulu da həmin otağa daşıdı, Özünə götürdüyü otağı özü bildiyi kimi sahmanlayandan sonra qapısını üzümə örtdü. Gen evdə başımı qatası bir şey qalmadı, şər vaxtı eyvandan tamaşasına durduğum şəhər dar paltar kimi canımı sıxdı, qaranlıq üstümə qara div kimi çökdü. Bu günü, bu yuvanı, bu sakitliyi illərlə arzulamışdım, indi diləyimə çatandan sonra nədən yasa batmışdım? Niyə arzumun dizinə baş qoyub yata bilmirdim, yeni arzulara gəl-gəl demirdim? Qəlbimin xarabalığında ulayan bayquşlar hansı qara xəbərə hazırlayırdılar məni?

Təzə mənzildə yatdığım elə ilk gecə kənddəki evimizin qapısını düşünüb getdiyim səmtdə başımı açıq pəncərəyə çırpıb yardım. Hansı zavala gəldiyimi kəsdirənəcən isti qan dodaqlarımın arasından ağzıma süzüldü. Qan dadı, qan qoxusu beynimə vuranda kimsə qulaqlarımdan tutub məni tapdaq-tapdaq elədiyim qaranlıq dünyama atdı...

...Yenə burnumun qanı şora verirdi, qaynımın balaları ayaqlarıma dolaşırdılar, Emin gah görünürdü, gah qapıların arxasına çəkilirdi, Zöhrə xala irəli-geri baxa-baxa Mahmud əminin yoxluğuna əmin olub hikkədən yarıla-yarıla deyirdi: “Sənə haqq olur, balamın balasını doğradıb çöllərə tökəndə elə bilirdin başına tac qoyacağıq?” Yenə iri gövdəli qovağın üstümə əsən yarpaqları, sızıldayan qaynar sarı samovar, ocaqda əzabla qıvrılıb çırtıldayan kötüklər, qovağın budaqları arasından mənə diş ağardıb dil çıxaran həvədiş, uzuncaynaq küpəgirən qarılar... Səmtimi itirmişdim, yerin-göyün harasında olduğumu anışdıra bilmirdim.

Biləyimə pərçimlənən yumşaq əl məni dartıb cəhənnəmdən çıxaranda sağı-solu, irəlini-gerini, aşağını-yuxarını da öz yerinə qaytardı.

- Ana, ana, neylirsən, noldu sənə?!

Bir anda işıqla dolan otaqda oğlumla burun-buruna dayandım. Cavid qolumdan tutub məni yavaşca qonaq otağına keçirdi. Sol qaşımın iki barmaq yuxarısından qan hələ də damırdı. Bilmirdim başıma nə gəlib, niyə gəlib. Cavid özünü otaqlara vurub yod, pambıq axtarırdı.

- Əziyyət çəkmə, - dedim, - evimizdə dərman adına heç nə yoxdu.

- Bəs indi neyləyək, sənin yarana nə sürtək?

- Heç nə, yuyarıq keçər.

Cavid yenə dincəlmədi, özünü mətbəxə atıb bal bankası əlində geri qayıtdı.

- Ana, yadında, bir yerimiz çapılanda Telli nənə yaramıza bal yaxırdı, qan dayanmayanda əsgi yandırıb basırdı.

Oğlum mənim etirazıma məhəl qoymayıb bir qaşıq balı qanayan çapığıma sürtdü.

- Ana, birinci gecəmizi niyə bəd gətirdin, indi necə yatacaqsan bu yarayla?

Onun üzünə şirin-şirin baxıb güldüm:

- Kefini pozma, qan qovuşuqdu, evimizə yığışmağımızın qanı çıxmalıydı.

Yaramın göynərtisi, qana bulaşmış balın qoxusu səhərə qədər məni yatmağa qoymadı. Ömrümün neçə-neçə yuxusuz, ağrılı gecəsi kimi o gecə də yaddaşıma qana batırılmış mismarla həkk olundu. Gör mən hansı ölümcül gecələrdən, hansı cəhənnəm dayanacaqlarından keçmişdim – nənəm öldüyü gecə, oğlum olduğu gecə, Mahmud əminin yaralı aslan kimi nərildəyə-nərildəyə can verdiyi gecə, barmağım qırıldığı günün gecəsi, Eminin yaralı meyidindən aramsız qan sızdığı gecə, Əlinin axtarışa gələn bir dəstə polislə evimizi dağıtdığı gecə, Cavidin sınıq qollarının sızıldadığı gecələr...

O gecələrin hər dəqiqəsi, hər saniyəsi yadımdadı, otaqlarda mebellərin düzülüşünəcən, adamların nə geyindiyinəcən, hətta həmin günlər evdə nə bişirib nə yediyimizəcən hamısını bu gün də əzbər xatırlayıram.

***

Sentyabrın 15-də obaşdan Cavidə səhər süfrəsi açdım, onu yaxşıca yedizdirib universitetə yola saldım. Qapıdan çıxanda yarım istəkan suyu ehmalca onun dalınca səpdim. Güldü:

- Ana, bura kənd deyil ey, qonşuların ayağı bulaşar, sürüşüb yıxılarlar, qapını bağla gir içəri.

- Mənə ağıl vermə, özüm bilərəm neylərəm, - deyib ona bozardım.

Oğlum üzümə gülüb pilləkəni enəndə qapını bağlayıb indi də balkona qaçdım. Çantası çiynində Səməndər dayısı kimi ütələk yeriyən Cavidə baxdıqca ürəyim uçunurdu. Özümü saxlaya bilməyib səhərin səssizliyində uca səslə onun adını çağırdım. Dayandı, çevrilib mənə baxdı, başala barmağını dodaqlarının üstünə qoyub nəsə dedi, telefonunu çıxarıb kiminsə nömrəsini yığdı. Bu dəm mənim də əl telefonum içəridə zəng çaldı, uşağı unudub evə qaçdım. O idi:

- Ana, gir içəri, mən hələ bilmirəm nə vaxt gələcəm, sən də rahat ol, get kitablarını oxu, yat dincəl. Məni balkondan çağırma, ayıbdı.

Qulaqlarımacan pörtdüm:

- Onda evə tez qayıt, qorxuram.

- Nədən qorxursan?

- Nə bilim, elə qorxuram.

- Ana, bəsdi, özünü uşaqlığa qoyma, get dincəl.

Özümü divana yıxıb bir ağız oxudum, sonra ürəkdən güldüm. Durub boş, yarıboş otaqları gəzib evin hər künc-bucağına dönə-dönə baxdım, özümü çimdikləyib yuxu görmədiyimə əmin olmaq istədim. Hə, hə, bu mən idim, öz evimdəydim, arzuladığım gündə, dilədiyim yerdəydim. Bəs onda niyə sevinə bilmirdim, niyə? Elə bilirdim içimi sıpqarıb aparıblar, ora bir də gün işığı, sevinc damlası düşməyəcək. Arabir özümü küncə qısnayıb yaxamdan yapışırdım: “Hə, bu arzuna da yetişdin, indi nolsun? Bundan sonra neyləyəcəksən, hansı dilək ağacının budağından sallaşacaqsan? İndən belə gözünü hansı yollara dikəcəksən?”

Yox, daha arzu-marzu dalınca düşəsi halda deyildim. Qarışqa ağzındakı para buğda dəni kimiydim, balaca meh əssəydi yumalanıb it təsinə düşəcəkdim, təpəmə bir damcı su damsaydı çürüyəcəkdim, bir də cücərməyəcəkdim...

***

Cavidin yeni dünyası, yeni səltənəti pardaqlanırdı. Gecəmi-gündüzümü ona həsr eləməkdən doymurdum – nənəm havayı yerə deməzdi ki, bala can barıdı, ürək meyvəsidi. Qardaşlarım daşıyıb gətirirdilər, biz də ana-bala xirik qurdu kimi aşırırdıq.

İlk aylar şəhərdə satılan məhsulları yeyə bilmirdim – dilim ağzımda şişirdi, yediyimin dadını-tamını duymurdum. İraq bərəkətindən, çörəyə də əl uzada bilmirdim, uzaq başı təzəsinin qırağını qoparıb arasına kənddən gətirdiyim pendirdən qoyub gəvələyirdim, qalanı qalıb boyatıyırdı. Həftə başı mətbəxdə böyründən bir şıvrım kəsilmiş yeddi-səkkiz çörək yığılırdı. Torba dolu çörəyə baxdıqca zəhrim yarılırdı – nənəm bizi çörək haqqıyla o qədər qorxutmuşdu. Uşaqlığın o xofu canımdan çıxmamışdı deyə indi yığılıb qalmış boyat çörəyi görəndə canımı günah qarsırdı. Nənəm həmişə anama deyərdi:

- Çörəyin üstünə əlixançallı getmə, çörəyə bıçaq vurma, zülümlə tapdığımız, ala itin üzünə verilmiş o çörəyi Allah göyə çəkər.

Maraq məni üstələdiyindən bir gün onu divara dirədim:

- Necə yəni yediyimiz itin çörəyidi, ay nənə, de görüm axı bu necə olur?

Onda nənəm mənə bir rəvayət danışdı:

Bir zamanlar buğda özü boyda sünbül olub ayaqdan başacan dən tutarmış, çörək torpaq kimi bol olarmış. Adamlar çörək dalınca yox, xoşbəxtlik dalınca qaçarmışlar. Axırda insan övladları qudurub çörəyi zibilliyə atmağa başlayıblar.

Bir gün bir pinti gəlin oturub yuxa yayırmış, bu dəm uşağı özünü batırır. Gəlin qalxıb uşağını yumağa ərincəklik eləyir, bişirdiyi yuxanın bir bükümüylə körpənin yanını təmizləyib yuxanı atır zibilliyə. Bunu görən Tanrı yerə-göyə vəlvələ salıb çörəyi göylərə çəkir. Gəlinin yaxınlığında uzanmış it yanğıyla ulayıb Allaha yalvarır. Tanrının itə rəhmi gəlir, buludların ətəyindən yerə bir ovuc buğda atıb insanlara səslənir: “Sizi qiyamətə qədər çörək dalınca qaçasız, bu bir əlcə əppəyi də sizə itin payı kimi göndərirəm”. Bundan sonra Allah sünbülü buğda saplağının başına çıxarır ki, insanlar daha yeyib qudurmasınlar...

Çörək dolu torba əlimdə eyvandan yerə, sonra da göyə baxmaqdan yorulurdum, qorxurdum, hövüllənirdim. Qaranlıq düşəndə içinə bir xısma konfet də töküb torbanı aparıb qoyurdum binanın qarşısındakı oturacağın üstünə. Tez evə qaçıb yenə balkona çıxırdım, qarovulda durub asi çıxdığım Tanrı nemətinin aqibətini güdürdüm.

Birinci gecə arıq uzun bir kişi gəlib üstünə çörək qoyduğum skamyada oturdu. Torbanı hövsələylə açdı, konfetləri lütləyib ağzına doldurdu, çörəkləri yastıq kimi başının altına yığıb ayaqlarını uzatdı, bir ağız canı-dildən gəyirib hamının eşidəcəyi səslə:

- Ovurdumda yer eləmişəm, bəxtim konfet göndərsə yeyərəm, - deyib xoruldamağa başladı.

Qaçıb öz otağında əşyalarını qurdalayan Cavidi çağırdım:

- Gəl it oğluna bax ey, qoyduğum boyat çörəkləri başının altına yığıb yatdı.

- Sən çörəyi ora niyə qoyursan?

- Bəs hara qoyum, köhnə çörəyə dilini vurmursan, hərəsinin böyründən bir dilim yeyib gedirsən.

Cavid bic-bic üzümə baxdı:

- Ana, bəs sən özün necə yeyirsən?

- Elə mən də sənin kimi.

- İndi neyləyək, bəlkə xalamdan soruşasan, o yol göstərsin bizə?

Bu bir yana, yeməkləri də israf eləyirdim. Kənddəki külfət qazanımız boyda qazan asırdım, bişirdiyim kələm dolmasından hərəmiz bir dəfə yeyirdik, qazan qalırdı tıxalı-təpili. Ağlım kəsmirdi, yeni şəraitə öyrəşəmmirdim, yeməyi iki nəfərlik bişirəmmirdim. Hələ dovğadan deyim – bir yekə qazan dovğa bulayırdım, ayaq üstə qalıb çürüməsin deyə qazanın başına dolanırdım; dovğanın üstündən iki çömçə içirdik, üç-dörd gün sonra qalanını aparıb daldadakı ağacların dibinə boşaldırdım...

# 14825 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #