Ailəsinin dəlixanaya saldırdığı dahi heykəltaraş

Ailəsinin dəlixanaya saldırdığı dahi heykəltaraş
14 dekabr 2019
# 09:01

Kulis.az “Həyatı film olanlar” layihəsində məşhur fransız heykəltəraşı Kamilla Klodel haqda çəkilmiş “Kamilla Klodel” və “Kamilla Kolodel, 1915” filmlərini təqdim edir.

Hələ uşaqlıqdan Kamilla Klodeli (1864 — 1943) daşlar, palçıq və gillə oynamaq cəlb edirdi. Sonradan o, Kolarossi (Akademiyanı italyan heykəltəraşı Filippo Kolarossi yaradıb-S.S.) Sənət Akademiyasına daxil olur. Ancaq həmin dövrdə qadınların akademiyada təhsili qadağan olunduğundan, onlar ayrıca emalatxanada dərs alırdılar. Kamilla bir neçə qızla bərabər emalatxana icarəyə götürür və burda heykəltəraş Alfred Buşedən dərslər alır. Bu zaman onlara dərs deyən, dövrünün məşhur heykəltəraşı Ogüst Rodenlə (1840-1917) tanış olur. Bir müddət sonra Kamilla Rodenin emalatxanasında işləməyə başlayır. Və müəlliminin həm ilham pərisi, həm modeli, həm də sevgilisi olur.

Roden uzun müddət birgə yaşadığı Roza Byöre ilə əlaqəni kəsmək istəmir. Və bu səbəbdən Kamilla onunla rəsmi nikahda yaşamır. O, Rodendən hamilə qalsa da, bədbəxt hadisə nəticəsində uşağını itirir və dərin depressiyaya düşür. Katolik və mühafizəkar anası Kamillanın sənətə həvəsini ciddi qəbul etmir, ona maneçilik törədirdi. Ticarətlə məşğul olan atası isə əksinə, qızına maddi və mənəvi dəstək verirdi.

Gallery

Anasıyla gərgin münasibətlər, Rodenlə qeyri-rəsmi yaşaması, ondan hamilə qalması və ümumiyyətlə Kamillanın ictimai normalara məhəl qoymaması onu evdən uzaqlaşmağa məcbur edir. 1893-cü ildə onun Rodenlə münasibəti pisiləşir, bir neçə il sonra isə onlar ayrılırlar.

Rodendən sonra onun Fransa İncəsənət Sərgisində əsərləri nümayiş olunur. İlk heykəllərinə Rodenin əhəmiyyətli təsiri olsa da, bütün hallarda əsərlərində özünəməxsusluğunu ifadə edən ştirxlər vardı. Rodenin heyran edən də bu idi. Kamillanın bədii həlləri, kompozisiyalarındakı dinamika, axıcılıq, ahəngdarlıq, emosionallıq onun indiviual yanaşamasından xəbər verirdi. Bəzi mütəxəssislərə görə heç bir heykəltəraş heykəllərə Kamilla qədər can verməyi, daşı onun qədər hiss edərək yonmağı bacarmayıb. Yazıçı və tənqidçi Oktav Mirbo onun haqqında “Təbiətə qarşı üsyan: qadın-dahidir!” deyirdi. “Vals”, “Zəvzək qadınlar”, “Yalvaran qadın” onun məşhur əsərləri arasındadır.

1905-ci ildən başlayaraq Kamilla əsəb sarsıntısı keçirir, əksər əsərlərini məhv eləyir. Həkimlər ona şizofreniya diaqnozu qoyurlar. Kamilla Rodeni onun bədii yanaşmalarını oğurlamaqda ittiham edirdi. Bəzi mənbələrə görə Kamilla psixopatik partlayışlar keçirsə də, əsərlərini aydın şüurla yaradırdı.

Gallery

Emalatxanasına çəkilərək tək yaşayan heykəltəraşın 1913-cü ildə ona maddi və mənəvi dəstək verən atası ölür. Ardınca qardaşı, yazıçı və diplomat Pol Klodelin təşəbbüsü ilə Kamilla 1913-cü ildə ruhi xəstəxanaya aparılır. Bəzi mənbələr Polun bacısının şöhrət və istedadının kölgəsində qalmaq istəmədiyindən ondan qurtulmaq üçün xəstəxanaya yerləşdirildiyi yazılır. Bəzi iddialara görə onun xəstəxanaya salınmasında Rodenin əli olmuşdu. Səbəb isə sənət qısqanclığıydı.

Bir müddət sonra həkimlər Kamillanın ailəsinə müraciət edərək onu evə aparmağı məsləhət gördülər. Ancaq ailəsi bundan imtina edir, üstəlik, anası və bacısı onu heç vaxt yoluxmurlar. Qardaşı isə ona ara-sıra baş çəkirdi.

Mətbuat Kamillanın ailəsini dahi heykəltəraşı məhv etməkdə suçlayırdı. Kamilla ömrünün son 30 ilini xəstəxanada keçirir və 1943-cü ildə orada ölür.

Gallery

Klodel haqda iki film çəkilib. Onun obrazını fransız kinosunun peşəkar aktrisaları İzabel Adcani və Cülyet Binoş oynayıb.

Fransız operatoru və rejissoru Bruno Nyuittenin 1988-ci ildə çəkdiyi “Kamilla Klodel” filmi Berlin kinofestivalında “Qızıl Ayı” mükafatına nominant olub.

Əhvalat Kamillanln erkən gəncliyini, Rodenlə (Jerar Depardye) tanışlığını, onların münasibətini, ayrılığını, sənətlə bağlı fikirlərinin toqquşmasını və sonda Kamillanın ruhi xəstəxanaya yerləşdirilməsini əhatə edir. Müəllifin fokusunda Kamillanı bir qadın və sənətkar kimi araşdırmaq dayanır. Onun yozumuna görə Kamillanın əsas faciəsi absolyut azadlığa can atmasındadır. O dövrdə fransız cəmiyyəti nə qadının sənətdə sözünü deməsinə, nə sənət iddiasına, nə də onun qəbul olunmuş normaları pozacaq azadlığına hazır deyildi. Kamillanın azadlığı, özü kimi olmaq uğrunda mübarizəsi ailəsindən, özəlliklə sərt xarakterli anasına qarşı dayanmaqdan başlayır. O, cəmiyyətdə formalaşan “əxlaqlı qız” obrazını asanlıqla rədd edirdi.

Gallery

Kamilla hər cəbhədə mübarizə aparırdı. Rejissor onun səmimiyyətini, sənətə maksimalist sevgi və ehtirasını, ekssentrizmini Rodenin ölçülü-biçili həyatına, snobizminə, praqmatikliyinə qarşı qoyur. Roden yuxarı təbəqənin təmsil olunduğu ziyafətlərə nə qədər həvəsli idisə, Kamilla bir o qədər parıltılı həyat tərzindən qaçırdı. Kamilla Rodenin sənətdə onu manipulyasiyasına icazə vermirdi. Epizodlardan birində Roden Kamillanı sənətdə düzgün yol tutmamaqda qınayır. Yaradıcı müstəqilliyə an atan Kamilla “mənə canlı süjet lazımdır, səndən öyrənməyə ehtiyacım yoxdur” deməklə onun sənət qəliblərinə üsyan edir. Ayrı-ayrı epizodlarda Kamillanın əsərlərində yenilikçi yanaşmalara Rodenin qısqanclığı, kişi və sənətkar eqosunun onun ağlını üstələməsi təsvir olunur.

Gallery

Lakin əhvalatda müxtəlif konfliktoloji nöqtələrin olmasına rəğmən, əsas konflikt Kamillanın özüylə mübarizəsindədir. Ailəsindən, cəmiyyətdən, sevdiyi kişidən zaman-zaman basqı və təhqirlər görən qadın psixoloji müvazinətini itirir, özünə nəzarəti və insanlara inamını itirir, hər kəsə skeptik yanaşır, nəticədə istinad nöqtəsi tapa bilməyən qadın paranoya həddinə çatır. Və bu, onun ruhi xəstəxanaya yolunun əsasını qoyur.

Rejissor bir məqamı da vurğulayır: istər Kamilla, istər Roden üçün sənət, daha yaxşı əsər yaratmaq iddiası hər şeydən, sevgidən belə yüksəkdə dayanır. Və kompromis tanımayan sənət tutqusu bəzən hər ikisində iblisanə duyğulara səbəb verir, ali hissləri arxa plana atır.

Gallery

Ümumiyyətlə, film ənənəvi nəql təhkiyəsi üzərində qurulub. Ən çox diqqətəlayiq yanaşma- müəllifin Kamillanın bədənini və ruh halını heykəlləri ilə iç-içə vermək bacarığıdır. Bunun üçün dəqiq mizanlar, həssas rakurslar tapır, obrazın temperamentinə, ritminə uyğun montajdan istifadə edir. Misalçün, vaxtaşırı Kamillanın vəhşi istəklə, ac-susuz, dinclik bilmədən heykəllə işləməsini göstərir. Həmin təsvirlərdə Kamilla müəllif yox, gah heykəllərinə qarışaraq onlarda əriyən nəsnə, gah da onlarla sevişən biri təəssüratı bağışlayır. Başqa bir epizodda əsərlərinin əhatəsində Kamilllanın statik fiquru kompozisiyanı bütünləşdirir.

Berlin fesitvalında “Gümüş Ayı” mükafatına layiq görülən İzabel Adjani rolunu daha çox emosional səviyyədə ifa edir.

Kamilla Klodel haqda digər filmi 2013-cü idlə fransız rejissoru Bruno Dyumon ekranlaşdırıb: “Kamilla Klodel, 1915”. Jülyet Binoşun baş rol aldığı filmdə Kamilla Klodelin ruhi xəstəxanadakı dönəmi təsvir olunub. Kamilla xəstəxanada da onu daim kimisə zəhərləyəcəyindən qorxur, hər şeydə Rodeni günahlandırır. Qardaşı Pola (Jan Lyuk Vinsent) həkim Kamillanın ev mühitində olmasının vacibliyini desə də, qardaşı bunu qulaqardına vurur. O, soyuq, ifadəsiz üzüylə bacısına onun sağlamlığı üçün dua etdiyini deyir.

Gallery

Dyumon filmlərində adətən, uzun, statik planlarla işləyir, dramaturgiyaya xələl gətirən yersiz təmkinliliyə qaçır. Rejissorun tərzini, baxışını nəzərə alsaq, onun Kamillanın təklik, tərki dünyalıq dönəmini seçməsi tədadüfi deyil. Yəni müəllif Kamillanın içindəki boşluğunu, ümidsizliyini ifadə edən uzun, statik planlara, boş kadrlara üstünlük verir. Əhvalatını soyuq rənglərlə yükləyir. Real xəstəxanada çəkilən filmdə rejissor bəraət vermədən gerçək pasiyentlərə tez-tez fokslanır. Bu, epataj təəssüratı yaradır və etik görünmür. Daha çox müşahidə xarakteri daşıyan ekran əsəri bədii-estetik keyfiyyətlərdən uzaqdır.

Film aktrisanın gücü hesabına müəyyən anlam qazanır. Jülyet Binoşun interpretasiyasında Kamilla (Burada ona heykəl düzəltməyə belə icazə vermirdilər) sənətdən kənar, bitmiş, bioloji varlıqdır. Aktrisa roluna hazırlaşmaq üçün üç həftə psixi pozuntusu olan pasiyentlərlə görüşüb.

Dyumonun bu filmi çəkmək ideyası Binoşun onunla əməkdaşılq etmək təklifindən sonra meydana gəlib.

# 3989 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #