Dünyamızı gözləyən fəlakət: Robotlar azadlıq istəyir!

Dünyamızı gözləyən fəlakət: Robotlar azadlıq istəyir!
5 dekabr 2019
# 15:01

Kulis.az Simran Qədimin “Robotların işğalı” essesini təqdim edir.

İnsanın çox vaxt dünya-aləmdən təcrid olunub ətraf mühiti tamam unutduğu, büsbütün öz içinə çəkildiyi hallar olur. Belə məqamlarda xəyalən hər yerə getmək, nəinki Yer kürəsinin, hətta kainatın da sərhədlərini aşmaq mümkündür. Bir də ayılanda baxıb görərsən ki, fantaziyalarını genişləndirib təsvirəgəlməz dünyalar yaratmısan, oraları qarış-qarış addımlayıb, o yan-bu yana var-gəl edirsən. Təxəyyül adamı adamlıqdan çıxarıb hər şeyə döndərə bilər. İstəsən, Kafkanın “Çevrilməsi”ndəki böcəyə, ya Nitsşenin übermenşinə - fövqəlinsanına da çevrilərsən, poladdan-dəmirdən düzəldilmiş qüdrətli bir robota, ya mutanta da. Burada Şərə təslim olub dünyanı cəhənnəmə döndərmək imkanımız da var, superqəhrəmanlıqlar edib bəşəriyyəti Şər qüvvələrdən təmizləmək şansımız da.

Xəyal dünyasındakı maşınımızın rolunu burub daha başqa səmtlərə - gələcəyə yönəldək. Ömrünü bu mövzulara həsr etmiş filosofların, yazıçıların, rejissorların, ümumilikdə yaradıcı insanların çox maraqlı yanaşmaları var. Onlara qulaq verdikcə, gündəmə gətirdikləri ideyalar haqda fikirləşmədən dura bilmirsən. Söhbət elə bir gələcəkdən, elə bir dünyadan gedir ki, onun həyata keçməsi tək ehtimal deyil, dərindən baxanda bugünkü imkanlardan çıxan real fərziyyələrdir.

Futuristik, yəni gələcəyə yönəlmiş fərziyyələr haqda azacıq araşdırma aparanda, sanki adamın ayaqları yerdən üzülüb havadan asılı qalır. Lazım olan-olmaz hər şeylə maraqlansaq da, nədənsə bu mövzulardan uzaq qaçmağa çalışırıq. Ya inandırıcı gəlmir, ya da beyin yenilikləri qəbul etməyə alışıqlı olmadığından çətinə düşür. Tarixi öyrənib keçmişi bilməklə yanaşı, gələcək haqda məlumatlanıb, gələcək günə hazırlaşmaq da çox önəmlidir. Ən azından yaşayacağın mühitdə çaşıb qalmamaq, daim dəyişən dünyada dəyişikliklərlə ayaqlaşmaq üçün.

Gələcəyi təxəyyüldə canlandırmazdan öncə keçmişə, ayaq izlərimizi qoyduğumuz yola nəzər salaq. Adicə ocaq qalamaqda güclük çəkən insan, gör indi hardan haraya gəlib çıxıb. Dünyanı ovcuna alıb, o baş-bu başa hərlənən kim, dost-tanışla minlərlə kilometrlik məsafədən videobağlantılar quran kim, yeri ayaqlayıb, suda gəzib-dolanan, havada uçan kim. Bir anlıq başımızı qaldırıb dünyaya boylanaq: Kosmosa çoxdan yol tapılıb; Aya getmişik, Marsa, Günəş sisteminin bir çox yerlərinə cürbəcür aparatlar göndəririk, tək makro yox, həm də mikro aləmdə ağlasığmaz kəşflər edirik. Bəs onda kim deyə bilər ki, dənizləri-okeanları fəth etdiyimiz kimi, gələcəkdə qalaktikamızda, kainatda da öz cığırımızı salmayacağıq? Axı əsrlər öncə də bu günü təsəvvür etmək eyniylə çox fantastik idi.

Bəs indən sonra nələr olacaq? İnsanlıq hansı kəşfləri edib, nə cür dəyişikliklərlə üzləşəcək? Axırı, dünya necə bir hala gələcək? Ən maraqlısı odur ki, söhbət tək öyrəşdiyimiz anlamda elmi-texnoloji yeniliklərdən, kəşflərdən getmir. Gələcəkdə inkişafın yeni nəsil telefonlar kimi, tamam ayrı formaları yarana bilər. Belə deyək, insanlarla şimpanzelər arasındakı kiçik DNT fərqi bu qədər böyük zəka üstünlüyünə səbəb olub. Bəs insan DNT-sindən azacıq güclü varlıqlar yaratsaq necə? Onlar nələrə qadir olacaqlar? Yeni yaranan postinsanın qüdrətini indidən təsəvvür etmək çox müşkül məsələdir, sözsüz ki.

Götürək tez-tez səsləndirilən gen mühəndisliyi mövzusunu. İnsan genlərinə hələ doğulmamışdan kompüter proqramı kimi müdaxilə etmək, az-çox dəyişikliklər aparmaq artıq mümkündür. Bu təkmilləşdirilsə, necə də möhtəşəm olar? Ağıllı, güclü, xəstəliklərə davamlı bir insan yaratmaq! Amma hər şeydə olduğu kimi, burada da başgicəlləndirən məqamlar var. İlk baxışdan cəzbedici görünən gen mühəndisliyi sonradan böyük faciələrə yol aça bilər. Dəri rənginə, dilinə, dininə görə bir-birimizi öldürməkdən çəkinmiriksə, genetik fərqləri sakitcə qəbul edə bilərikmi? Bizdən genetik baxımdan üstün insan tiplərinə hansı münasibəti bəsləyərik? Tək bizim onlara yox, onların bizə baxışı necə olar bəs? Hər kəsin eyni anda bu texnoloji inqilabdan faydalanması heç də ağlabatan deyil.

Fikirləşəndə adamın içindən qəribə bir üşütmə keçir, tüklərimiz biz-biz dayanır. Bəzi şeyləri incəliklərinəcən təsəvvürdə canlandırmağa başladıqca isə, istər-istəməz, işə düşən beyin yerində durmur, elə hey səs-küy qoparır. Sükanın çarxını burub avtomobili idarə etdiyimiz kimi, gərək qlobal zaman kəsiyində də təkamülümüzü yönləndirək. Amma inkişafın sürəti artsa, hər şeyin tamam nəzarətdən çıxma ehtimalı da var.

Homo sapiensin əvəzinə yeni insan növünün yaradılmasından əlavə, robotlar mövzusu da çox aktualdır. Futuroloqların fikrincə, bir gün süni zəka o həddəcən təkmilləşəcək ki, insan ağlını üstələyəcək. Axı niyə də mümkün olmasın? Adicə kalkulyatorlar işıq sürətiylə bizdən daha tez hesablama aparır; sərt disklərin yaddaşı hədsiz güclüdür, teleskopların, ya mikroskopların “gözləri” insanla müqayisəyə belə gəlməz. Bir sıra göstəricilərinə görə insan sərhədlərini aşıb keçən cihazların sayı-hesabı yoxdur. Hamısı bir qırağa, süni zəka alqoritmlərinin analiz etmə qabiliyyəti də artmaqdadır. Bəs onda insandan qatbaqat üstün texnoloji varlığın yaranacağına niyə inanmamalıyıq ki?

Başqa bir məqam: Qədim nağıllarda-əsatirlərdə hər şeyi yadda saxlayan, qabağındakının fikirlərini oxuyan, sözlə adamda fiziki yara açan, göydə qaçıb-yerdə uçan varlıqlar, məxluqlar vardı. Görəsən, gələcəkdə bu miflər reallıqlara çevrilməyəcəkmi? Bəlkə, bu proses çoxdan başlanıb artıq, bizim xəbərimiz yox? Ətrafımızda baş verənləri görmürük, ya da ola bilsin, görmək istəmirik.

Bu mövzularda fəlsəfi suallara qapı açan, dəfələrlə izlənilməli bir sıra filmlər var. Stenli Kubrikin “Kosmik Odissey 2001”, Ridli Skottun “Ülgüc üzərində qaçan”, Ceyms Kemeronun “Terminator”, Pol Verhovenin “Robokop”, Vaçovskilərin “Matriks”, Kristofer Nolanın “Başlanğıc” və digərləri. Tək oxuyub öyrənmək, danışıb-eşitmək yox, həm də bu cür filmlərə baxmaqla təsəvvürü zənginləşdirmək olar.

Fərz edək ki, bir gün robotlar bizi ötüb keçdilər, süni zəka insan ağlını üstələyərək xəyali bir nöqtəyə - sinqulyarlıq anına çatdı. Bu zaman robotların öz azadlıqları, hüquqları olacaqmı? Ümumiyyətlə, onlara bunu tanımaq istəyəcəyikmi? İnsan kimi bir-birimizi başa düşmürüksə, çətin ki, öz yaratdığımız texnoloji varlıqları anlayaq. Bəs robotlarda empatiya hissi, vicdan, ədalət, mərhəmət olacaqmı? Birdən olmasa, başımıza hansı oyunları gətirə bilərlər görən?

Təbiətdəki bütün canlılar təkamül prosesindən keçib, bu gün də keçməkdədirlər. Robotlar da təkamül edib, özlərini təkmilləşdirə, hətta yeni texnologiyalar yarada bilərlər. Bir də gördün, qarşılarına ağlasığmaz hədəflər qoyub bizə qarşı çıxdılar, artıq bir-birimizlə yox, məhz müstəqillik tələb eləyən robotlarla savaşmalı olduq. Bəs həyatımızın bütün sahələrində yer alan texnologiyalar birləşsə, onlarla bacararıqmı? Manuallıqdan çıxıb avtonom qərarlar verən robotlarla necə mübarizə aparasan ki?

Simulyasiya nəzəriyyəsinə görə, insanlar kiminsə, ya da kimlərinsə yaratdığı kompüter oyununun bir parçasıdır. Yəni ki, hər şey - planetlər, Günəş sistemi, qalaktikalar, hətta biz özümüz də virtual gerçəkliklərik. İlon Maskın da üstündə dayandığı bu nəzəriyyəni başa düşmək çətin deyil əslində. Adicə bugünkü videooyunları - “PlayStation”ları göz önünə gətirək. Hazırkı imkanlar nə dərəcədə reallığa yaxındır? Bəs yüz il, beş yüz il, ya min il sonra bu oyunlar hansı səviyyəyə çatacaq? Reallıqla virtuallığı ayırmaq mümkün olacaqmı bu zaman?

Təsəvvürümüzün sərhədlərinə azca da güc gələk: Fərz edək ki, həmin o super-robotlar dünyanı ələ keçirib insanları əsir aldılar, videooyunlardakı kimi, simulyativ bir aləm düzəldib, bizi ora həbs etdilər. Onda zaman və məkan anlayışı da nisbi olacaq. Sonsuzluğa, bəlkə də heçliyə qovuşacağıq. Bəs ola bilərmi ki, bu proses çoxdan baş verib artıq? Min, milyon illər öncə robotların işğalına məruz qalmışıq, elə indi də virtual dünyadaca yaşayırıq? Bizə baxıb gülən robotların müşahidəsi altında hər şeydən xəbərsiz sadəcə simulyasiya zəncirinin növbəti halqasını qurmağa çalışırıq.

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
#
#
# # #