Müğənni Elnarə: “Xalq artisti adını alan yaşıdlarımı görəndə utanıram” - Müsahibə

 Müğənni Elnarə: “Xalq artisti adını alan yaşıdlarımı görəndə utanıram” - Müsahibə
27 noyabr 2019
# 08:57


Elnarə Xəlilova deyəndə tamaşaçıların ağlına ilk olaraq “W-Trio”, “Məhhəbbət Payım” və 4 uşaq anası gəlir. Hər zaman formada olan, öz üzərində daim çalışan, özünü müxtəlif istiqamətlərdə, musiqinin bir neçə janrında sınayan Dövlət Sərhəd Xidmətlərinin leytenantı Elnarə Xəlilova ilə yenicə yaratdığı “El Yaradıcılıq Mərkəzi"ndə söhbət etdik.

- Bir tərəfdən yaradıcılıqla məşğul olursunuz, bir tərəfdən efir, məcilislər, digər tərəfdən də 4 uşağa baxırsınız. Bu qədər işə necə yetişirsiniz?

- İnanırsınız, hərdən özüm də özümə təəccüb edirəm. Amma etiraf edim ki, uşaqlarıma yetmirəm. Çox çətindir mənə. Gün ərzində bu qədər qaçaqaçda bəzən həftədə iki-üç dəfə canlı efirə çıxıram. Bəzənib-düzənib mahnı oxuyuram, hamı da elə bilir Elnarə Xəlilova qlamur həyat yaşayır. Bəzən çəkilişdən gəlib mətbəxə girəndə az qalıram havalanım. Hər şey alt-üst, qablar qalaq-qalaq. Yəqin ki, heç kim ağlına belə gətirmir ki, mən canlı efirdən çıxandan sonra evə gəlib gec saatlara qədər qab yuyub, ev təmizləyirəm.

- Nə əcəb köməkçiniz yoxdur? Sənətçiyə bu işlərdə mütləq köməkçi lazımdır.

- Köməkçim yoxdur, amma indi çox istəyirəm ki, olsun. Gündəlik rejimim çox ağırdı. Etiraf edirəm ki, bəzən yemək bişirməyə vaxtım çatmır. Bir gün yemək bişirəndə o biri gün bişirə bilmirəm. Məcbur qalıb pizza sifariş edirəm. Neyləyim, uşaqları ac qoyası deyiləm.

Gallery

- Deyirdiniz ev versələr 5-ci uşağı da dünyaya gətirərəm.

- O qədər dedim, dedim, dediyim oldu. Bu il Dövlət Sərhəd Xidmətinin 100 illiyində Prezidentin sərəncamı ilə bizə ev hədiyyə olundu. Bu 15 il sonra baş verdi, amma əsas odu ki, oldu. Amma 5-ci uşaq dünyaya gətirmək istəmirəm.

- Bu gün mahnılar var ki, sözlərinin heç bir mənası yoxdur, amma trend olur və artıq cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, bir mahnı trendə düşübsə bu yaxşı mahnıdır. Bu barədə siz nə düşünürsünüz?

- Təbii ki, bu gün trend olan mahnıların çoxunun mətni məni qane etmir. Çünki mən mahnı sözlərinə xüsusi həssaslıqla yanaşan sənətçilərdənəm. Avtomobil idarə etdiyim üçün radio dinləyicisiyəm. Demək olar ki, bütün radio dalğalarını izləyirəm. Onu deyə bilərəm ki, radiolarımız televiziyalarla müqayisədə senzuranı daha çox qoruyub saxlayır. Giley etdiyimiz ara mahnıları, bir - iki günlük, pulların hesabına trendə düşən mahnılar necə olursa, radioya ayaq aça bilmir. Bu əslində sevindirici haldır. Ağız dolusu bəh-bəh ilə “trenddəyəm, nömrə birəm” deyənlərə sual vermək lazımdır ki, əgər dediyin kimisənsə, niyə radioda yoxsan? Yəni trendə düşmək, hələ ifaçının sənətçi, oxuduğu mahnının da ən yaxşı mahnı olması demək deyil.

- Sizinlə eyni dövrdə sənətə gələn həmkarlarınız bu gün fəxri ad alıb. Amma nədənsə siz hər il həmin siyahıdan kənarda qalırsınız.

- Əslində mən özümü heç vaxt xalqdan ayrı hiss etməmişəm. Mən artıq xalqın artistiyəm. Düşünürəm ki, Xalq artisti adını almaq üçün hələ çox gəncəm. Bu gün fəxri ad alan həmyaşıdlarımı görəndə fəxri ad almayan böyük sənətkarlarımıza görə utanıram. Hansı ki, onlar ömürlərini, həyatlarını bu sənətə həsr ediblər. Mənim nə yaşım var ki, onların yanında fəxri ad davası edim. Məndən 15-20 yaş böyük sənətkarlar var ki, bu gün onlara fəxri ad verilməyib. Vaqif Gərayzadə, Akif İslamzadə, Aybəniz Haşımova, Gövhər Həsənzadə, Nailə Mirməmmədli. Mən çox istəyərdim ki, bu insanlar Xalq artisti fəxri adını alsınlar. Bu gün məhz onlar layiqdir, bu fəxri ada.

Gallery

- Yəni sizə fəxri ad versələr imtina edərsiniz?

- Əlbəttə ki, yox. Mənə fəxri ad versələr, desəm ki, yox istəmirəm bu bir az qeyri-səmimi olar. Çünki yeri gələndə, mən də bu gün, nə vaxtsa, o adı almaq üçün çalışıram, əziyyət çəkirəm. Amma görək o ada layiq olasan. Amma mən də o böyük sənətkarlarımızın yolunu getdiyim üçün bilirəm ki, fəxri ad almağım asan olmayacaq. Bu arada fürsətim olmayıb bu yaxınlarda fəxri ad alan həmkarlarımı təbrik etməyə. Sizin sayt vasitəsiylə onları təbrik edirəm.

- Röya ilə aranızda yaşanan qalmaqala görə diqqətlər sizə yönəlmişdi. Yəqin indi düşünüblər ki, paxıllıq etmisiniz, ona görə təbrik etməmisiniz.

- Qətiyyən belə deyil. Sadəcə vaxt tapa bilməmişəm. Bu gün mən demək olar ki, arzuladığım hər şeyə sahibəm. Məsəl var, deyirlər “adın çıxınca canın çıxsın”. Amma məni çox yaxından tanıyanlar, ətrafımda olan insanlar yaxşı bilir ki, mənim paxıllıq kimi “keyfiyyətim” yoxdur. Uzaq başı qibtə edə bilərəm. Allah mənə gözü dolusu o qədər verib ki, indiki halda kiməsə qibtə etməyə belə haqqımın olmadığını düşünürəm. Hərisliyim tamahkarlığım olmayıb. Heç vaxt heç nəyin arxasınca qaçmamışam. Mənim olan nə vaxtsa gəlib özü məni tapır. Bu gün insanlar məni yolda saxlayıb deyirlər ki, “Elnarə xanım, siz layiqsiniz Xalq artisti adına. Bunu bir ayda mənə bəlkə yüz min adam deyib. Mən ki, xalqın sevgisini qazanmışam, inandırım sizi bu mənə bəs edir. Cavan-cavan oğlanlar yolda məni saxlayıb deyir ki, “Elnarə xanım, biz sizinlə fəxr edirik”. Sevinirəm ki, mən ailə həyatımla, sənətimlə, gördüyüm işlərlə cəmiyyətdə bir nümunəyə çevrilə bilmişəm. Hər zaman deyirəm ki, xalqın ucaltdığını heç kim alçalda bilməz. Onu da qeyd edim ki, özümü heç də dövlətin qayğısından kənar hiss etmirəm. Bu gün ola bilər ki, mənim Xalq artisti adım yoxdur. Amma mən bu gün Dövlət Sərhəd Xidmətinin baş leytenantıyam. Mənə elə gəlir ki, öz yaşıdlarım olan Xalq artistləri ilə müqayisədə mən daha şanslıyam. Çünki onların arasında bu rütbə bircə mənə nəsib oldu. Mən nə vaxtsa Əməkdar, Xalq artisti ola biləcəm, amma onlar bundan sonra yəqin ki, heç vaxt leytenant olmayacaqlar.

Gallery

- Bu acıq verməkdir, yoxsa təsəlli?

- Heç biri deyil. Mən bunu kiməsə acıq vermək üçün demirəm, sadəcə qürur duyuram və yenə də sözümü ora gətirirəm ki, özümü nə bu dövlətdən, nə xalqdan kənar hiss etmirəm.

- Son illərdə vətənpərvərlik hisslərinizi daha qabarıq şəkildə biruzə verirsiniz. Həyat yoldaşınızın sizə təsiri olurmu bu barədə?

- Bilirsiniz ki, Rövşən hərbi-vətənpərvər jurnalist kimi uzun illər televiziyada çalışıb. Vətənpərvərlik hisslərimin qabardılmasında haradasa onun təsiri də olub. Amma deyim ki, vətənpərvərlik mənim canımda var. Yadıma gəlir, Rövşən “Space” də çalışırdı. Biz də “W-Trio” gəlib verilişlərdə mahnı oxuyurduq. Onunla aramızda qəribə bir bağlantı yaranırdı. Təbii ki, o zaman ağlıma da gəlməzdi ki, bu adam nə vaxtsa mənim həyat yoldaşım olacaq. Maraqlıdır ki, bizim bütün söhbətlərimiz hərlənib-fırlanıb Qarabağ məsələsinə gəlib çıxırdı. Qarabağ dərdi bizim ortaq mövzumuz idi. Çünki Qarabağ bizim qanayan yaramızdı. İçimdə o qədər böyük vətən sevgisi var ki, onu sözlərlə izah edə bilmirəm. Əslən qarabağlı deyiləm, amma hər zaman düşünürəm ki, Qarabağ alınan günə qədər biz hamımız qarabağlıyıq. Nəticə etibarı ilə bu gün mənim gördüyüm bu işlərin hamısı Vətən üçündür.

- Açdığınız bu mərkəzdən danışaq bir az. Burda gənclər nə öyrənəcək. Əsas məqsəd nədir?

- Siz bayaq fəxri ad almaqdan danışdınız. Amma mən 2 ildir ki, bu mərkəzin xəyalı ilə yatıb-dururam. Amma nədənsə yol açılmırdı. Nəhayət ki, bu xəyalım reallaşdı. “El Yaradıcılıq Mərkəzi”i sırf yaradıcılıqla bağlı bir məkandır. Bura gələn insanlar, ancaq yaratmağa gəlirlər. Kimisi şeir yaradacaq, kimisi mahnı yaradacaq, kimisi rəsm çəkəcək. Burda tədrisdən daha çox təcrübələr paylaşılır. Yaş həddi 5 yaşdan 45 yaşa qədədir. Qrafikimiz tamamilə sərbəstdir. Ümumiyyətlə, düşünürəm ki, yaradıcı insanları heç bir halda çərçivəyə salmaq olmaz. Mən burada ustad dərsləri keçirəm. Dərs deyəndə söhbət təkcə musiqini tədris etməkdən getmir. Həm də onlarla qazandığım həyat təcrübələrimi bölüşürəm.

Gallery

- Yəni məqsədlərə qazanc əldə etmək daxil deyil?

- Təbii ki, məqsədlərimə bu da daxildir, amma hələki əsas məqsəd o deyil. Mən 15 ildir ki, bu dövlətə təmənnasız qulluq edirəm. Təkcə Dövlət Sərhəd Xidmətində deyil. Müdafiə Nazirliyinin elə bir qoşun növü yoxdur ki, desinlər, “biz Elnarəni hansısa tədbirimizə çağırdıq, iştirak etmədi”. Söhbət Bakı şəhərindəki tədbirlərdən getmir. Söhbət cəbhə bölgələrindəki hərbi hissələrdən gedir. Bu gün çox xoşbəxtəm ki, 15 il bunu təmənnasız etmişəm. Heç vaxt düşünməmişəm ki, görəsən, kimsə bunun qarşılığında mənə nə isə edəcək? Mən bunu əsgərlərimiz üçün etmişəm. 50 ildən sonra bunlar mədəni irsə çevriləcək. Məndən sonra mənim davamçılarım gələcək. Çalışıram ki, onlar mənə oxşasınlar.

- Yaxşı müğənni olmaq mümkündür, amma yaxşı pedaqoq olmaq çətindir. Yetirmələrinizi özünüzə oxşada biləcəyinizdən əminsinizmi?

- Ən azından çalışacam. Ona görə də mən burda təkcə sənət dərsi vermirəm, həm də həyat dərsi verirəm gənclərə. Sizin də qeyd etdiyiniz kimi müəllimlik çox çətin peşədir. Bu gün yaxşı səsi, sənəti olan müğənnilər var, amma onların hamısı yaxşı pedaqoqdurmu? Mən dinləmələrdən əvvəl gənclərlə yarım saat dialoqa girirəm.

Gallery

- Hər müəllim tələbələrinin ondan daha çox parlamasına geniş şərait yaratmaq istəmir. Sizdə necədir? Tələbələrinizin sizdən uğurlu olmasını həzm edə bilərsinizmi?

- Bu gün mənim tələbəm hardasa uğur qazanırsa, bu, mənim üçün sadəcə qürur mənbəyi ola bilər. Safura, Fərid mənim tələbələrim olub. Avroviziya yarışmasında ən yaxşı yerləri tutdular. Bütün media onlardan danışdı. Ulduza çevrildilər. Əlbəttə ki, bunlar məni sevindirməyə bilməz.

- Amma bu gün adını çəkdiyiniz hər iki tələbəniz sənəti yarımçıq qoydu. Fərid Nyu Yorkda kuryer işləyir. Safura da 3 uşaq anası olub sənətdən tamamilə uzalqaşdı. Bu sizi məyus edirmi?

- Buna görə çox heyfslənirəm. Amma yenə də onların bu vaxta qədər qazandıqları uğur mənim uğurumdur, mənim adım ölənə qədər onların üstündədir. Onların üzərində haqqım və əziyyətim var. Halal da edirəm.

- Sizcə bu gün Azərbaycan səhnəsində hansı janrda ifaçı az yetişir?

- Opera janrında demək olar ki, gənc nəsil yetişmir. Hazırda mənim 17 yaşlı bir tələbəm var. Onu səsini ilk dəfə dinləyəndə dəhşətə gəldim. İnandırım sizi, Azərbaycan səhnəsində belə bir səs yoxdur. Siz o qızı mütləq tanıyacaqsınız. 17 yaşında Gülçöhrənin ariyasını möhtəşəm ifa etmək, mənə elə gəlir ki, bu həqiqətən də Tanrı vergisidir. Gülçöhrənin ariyasını ifa etmək - özünüz bilirsiniz ki, çox çətindir. İnsanlar o ariyanı 40 yaşında oxuyur. Çünki ifa etmək yetərli deyil, gərək həm də sən onu hiss edəsən. Mən o qızdan bərk yapışmışam. Ona deyirəm, səndən heç bir təmənna güdmürəm, yetər ki, dərslərə gəl. Səhnəmizdə bu gün çox şükür Gülçöhrələrimiz, Asiyalarımız var. Amma gənc nəsil də yetişməldir.

Gallery

- Bu gün gənclik opera ifaçısı olmaq üçün heç bir səbəb görmür. Məsələn Gülçöhrənin ariyası günümüzdə müğənniyə pul qazandırırmı?

- Bu fakt da var. Amma düşünürəm ki, Opera və Balet Teatrının da boynuna məsuliyyət düşür. Bizim bir dənə Opera Balet Teatrımız va orda da uzağı repertuarda 15 -20 tamaşa var. O tamaşaları da “veteranlar”ın arasında bölüblər. Onlar da teatrda daşlaşıblar, yerlərinə heç kimi yaxın buraxmaq istəmirlər.

- Hətta 50-60 yaşında Leylini, Məcnunu oynayırlar...

- O sənətkarlara teatrda ustad kimi ehtiyac var. Amma ildə bir tamaşa oynasalar daha yaxşı olar. Opera və Balet Teatrına gəlib Məcnun oynamaq da asan iş deyil. Mənsum İbrahimov istəsə, öz yerinə onlarla Məcnun hazırlayar.

Gallery

- Azərbaycan səhnəsində “mənəm- mənəm” deyən sənətçilərin intellektual səviyyələri ürəkaçan deyil. Necə düşünürsünüz, müğənninin az da olsa savadının, intellektinin olması vacib deyilmi?

- Bu gün səhnədə olan ifaçıların intellektual səviyyələri, mən deyərdim ki, hətta sıfırın altındadır. Əgər məsələyə şou biznes nöqteyi-nəzərindən yanaşsaq, düşünürəm ki, müğənniyə mahnı oxumaqdan başqa bir şey oxumaq vacib deyil.

- Elementar bilgiləri bilmək lazım deyil? Məsələn bu günlərdə bayraq günü ilə bağlı sorğuda dünyanı 3 dəfə fırlanan sənətçilər 9 noyabrda Azərbaycanda hansı əlamətdar günü qeyd etdiyimizi bilmədi.

- Təbii ki, bu qədər bilgisizlik utancvericidir. Düşünürəm ki, bütün sənət adamları ən azından işğal tarixlərimizi, bayram günlərimizi bilməyə borcludur. Amma bizim şou-biznes nümayəndələrindən hansısa yüksək intellekt, savad gözləməyimiz absurddur. Bu vəziyyət bu gün bütün dünyada belədir. Məsələn Amerikada da şou-biznes nümayəndələri verilişlərə çıxanda iki cümləni bir-birinin ardına qoşub danışa bilmir. Mən ingilis dili bildiyim üçün oturub onlara qulaq asanda təəccüb edirəm ki, görəsən bu nə danışır? Bu gün Amerika mədəniyyəti demək olar ki, yoxdur. Ümumiyyətlə hal-hazırda orda olan heç nə Amerikanın deyil. Gəlin, tarixə nəzərə salaq Amerikanı ilk kəşf edən Kolumbu, ilk dəfə materiki kəşf edən Ameriqo Vespuççini xatırlayaq. Amerikada yaşayan yerli yerliləri yada salaq. Hal-hazırda Amerikanın yerli leqal torpaqları var ki, bilirsiniz sahibi İngiltərə Kraliçasıdır. Bütün bunları yada salanda bu gün Amerikanın adından başqa heç nəyinin olmadığını görürük. Hətta ənənəvi caz belə qara dərililərə məxsusdur. Onların heç nəyi olmadığına görə Amerikada bu gün müğənnilər çılpaq vəziyyətdə arxalarını oynadırlar səhnədə və bütün dünyada bunu təbliğ edirlər. Şəxsən mən Amerikanın şou-biznes nümayəndələrini sənətkar hesab etmirəm. Çünki onlar bu gün sənət adı altında yalnız pornoqrafiyanı, fahişəliyi, narkomaniyanı və digər neqativ halları təbliğ etməklə məşğuldurlar.

- Geriyə baxanda ən çox nəyə görə peşmanlıq hissi keçirirsiniz?

- Hərdən bəzi işlərimə baxanda deyirəm ki, gərək bunu belə etməzdim. Məsələn, gəlinlik şəkillərimə baxanda utanıram. Deyirəm gərək belə açıq geyinməzdim. Bu, bəlkə də yaşdan irəli gələn bir vəziyyətdir. Mən çox qorxuram ki, birdən gənclərə pis nümunə olaram. İnsan öz seçimini özü etməlidir, mən öz seçimimi artıq etmişəm. Bu gün kimsə məni bəyənsin, daha çox məşhur olum deyə soyuna bilmərəm. Bu gün çox şükürlər olsun ki, hər yerdə dilim uzun, alnım açıqdır. Həyatda nə qazanmışamsa, öz istedadım qabiliyyətim hesabına qazanmışam. Heç kim gətirib mənə maşın, ev açarı hədiyyə etməyib.

- Bir ara aktrisa, aparıcı kimi özünüzü sınadınız. Amma heç birində davamlı işləriniz olmadı.

- Mən özümü elə ki, başqa sahəyə verirəm, onda öz sənətimdən uzaqlaşmış təsiri bağışlayıram. Yaya qədər “Radio Antenn”də iki saat canlı veriliş apardım. Mən hər gün o verilişə quruluş verirəm, qonaq dəvət edirəm. Dəhşətli dərəcədə enerji itirirdim. Çünki canlı efirdir deyə ağzıma gələni danışmıram heç vaxt. Çox zaman da insanlar elə başa düşür ki, mən yaradıcılıqdan uzaqlaşmışam. Artıq mahnı oxumuram. Necə oxuyum, zamanım qalmır axı mahnı oxumağa. Gördüm belə alınmır, özümə “stop” qoydum ki, artıq ancaq öz sənətimlə məşğul olacam. Bu saat mən ayda bir mahnı, iki aydan bir klip çıxardıram. Hələ özümə söz vermişəm bu prosesi bir az daha intensivləşdirəcəyəm.

Gallery

- Bu qədər işlər görürsünüz, amma tamaşaçıların yaddaşında hələ də “Məhəbbət payım”ı oxuyan Elnarə kimi qalmısınız. Bu yaxşıdır, yoxsa pis?

- Özüm də məəttəl qalmışam ki niyə? Düzdür, o mahnı mənim sənətimdə uğurlu mahnılardan biridir. Mənim etirazım yoxdur, amma mən o mahnıdan sonra musiqiçi kimi özümü püxtələşdirmək üçün konservatoriyaya sənəd verdim, 3 ilimi ora sərf edib muğam öyrəndim. Muğam üçlüyü ilə bir müddət efirlərə çıxdım. Nədənsə sənət və incəsənət bizdə yeyilmir. Mən muğam oxudum, heç kim “sağ ol” demədi. Deyən olmadı ki, Elnarəyə bax ey, “Mahur” oxuyur, “Mirzə Hüseyn” segahı oxuyur. Bu qədər iş görürəm hamı yenə sual verir ki, “niyə “Məhəbbət payım” dan sonra mahnı yazdırmamısınız? Onda da yanıb tökülürəm. “ANS” də çalışdığım vaxtlarda ömrümün 2 ilini roka həsr etdim. O iki il ərzində 11 yeni mahnı yaranıb və o mahnıların müəllifi də özüməm. Amma insanlar yenə də elə bildi ki, mən “Məhəbbət payım”dan sonra heç bir iş görməmişəm. Məni ən yaxşı halda belə təqdim edirlər; çoxuşaqlı ana. Hamı elə bilir ki, mən ancaq uşaq doğub, uşaq saxlayıram. Halbuki elə deyil. Mən universitet bitirirəm, incəsənətlə, sırf sənətlə məşğulam. Amma mənim çəkdiyim bu əziyyətləri heç kim görmür.

- Ədəbiyyatla aranız necədir. Kimləri oxumusunuz, yeni nə oxuyursunuz?

- Ədəbiyyatla aram çox yaxşıdır. Sevirəm ədəbiyyatı. Evimizdə kiçik də olsa, kitabxanamız var. Amma bu aralar mütaliə ilə məşğul olmağa həqiqətən də zamanım qalmır. Bu il çap olunan bir ədəbi irsin adını çəkə bilərəm, Cavidanın müəllifi olduğu “Məhsəti” romanı diqqətimi cəlb edib. Amma etiraf edim ki, kitabı alsam da, hələ oxumaq imkanım olmayıb.

- Mütailəni sevən hər bir insanın oxuduqdan sonra həyatına, düşüncələrinə təsir göstərən əsərlər, kitablar olur. Sizin həyatınızda həyatımın kitabı dediyiniz kitab varmı?

- Mənim həyatıma təsir edən yeganə kitab “Quran”dır. Hər gün oxuduğum kitabdır. Hər dəfə oxuyanda da yeni bir şey öyrənirəm. Mən o kitabı oxumaqdan doymuram, bezmirəm.

- Yeni nəsil yazarlardan, şairlərdən kimləri oxuyursunuz?

- Gənc yazarların, şairlərin adlarını eşitsəm də yaradıcılıqlarını izləmirəm. Deyim ki, onların əksəriyyətinin də adını ancaq söylədikləri qalmaqallı fikirlərə görə eşitmişəm.

- Niyə maraqlandırmır sizi gənc qələm adamları?

- Bilmirəm bu nədən irəli gəlir. Yəqin ki, tez-tez klassiklərə toxunmaları, hay-küylə özlərini tanıtmalarından irəli gəlir. Baxırsan, Səməd Vurğunu tənqid edir. Açırsan, oxuyursan, maraqlı gəlir ki, görəsən bu kimdir, nə dərəcədə istedadlı adamdır, Səməd Vurğunu bəyənmir? Açıb baxırsan, hər şey qaydasındandır, amma nədənsə parlamaq üçün bu yolu seçirlər. Mən klassiklərimizi daha çox oxumuşam və oxuyuram da. Bəxtiyar Vahabzadəni, Süleyman Rüstəmi, Səməd Vurğunu heç kimə dəyişmərəm.

- Bildiyiniz kimi bu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bir neçə sənətçi Nəsimi qəzəllərinə müraciət etdi. Sizin belə bir cəhdiniz oldumu?

- Mən özüm Nəsimiyə toxunmadım. Çünki bu il onu məzarında çox fırlatdılar. Ümumiyyətlə Nəsimi elə bir mədəni irsdir ki, ona toxunmaq bir qədər cəsarət tələb edir.

# 11961 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #