Hamilə qalmaq üçün düşərgəyə göndərilən qadınlar

Hamilə qalmaq üçün düşərgəyə göndərilən qadınlar
2 noyabr 2019
# 09:00

Kulis.az “Əsl kino” layhəsində Cim Şeridanın “Ata uğrunda” və Folker Şlöndorfun “Qulluqçunun hekayəti” filmlərini təqdim edir.

İrland rejissoru Cim Şeridanın “Ata uğrunda” filmi 1993-cü ildə ekranlara çıxıb və Berlin kinofestivalının baş mükafatını alıb. Real hadisələr əsasında çəkilən bu ekran işi zamanında ictimai rezonans doğurmuşdu.

Süjet: Əhvalatın əsas qəhrəmanı Cerri (Deniel Dey Luis) sadə irland ailəsindəndir. O, dostları ilə xırda oğurluqla məşğuldur. Atası Cüzeppe (Pit Postletueyt) oğlunu Londona xalasının yanına yollayır ki, iş tapsın. Cerri dostu Pol (Con Linç) ilə Lonodona gəlir, hippilərə qoşulur, gününü əyləncələrdə keçirir. İrlandiya Respublikaçı Ordusu Gilford şəhərinin bir neçə barında terror aktı törədir. Təsadüf elə gətirir ki, Cerri dostu Polla həmin ərazidə olur. Heç bir günahı olmayan Cerri, Pol, Cüzeppe və daha bir neçə nəfər həbs olunur. Onlar həbsxanada fiziki, psixoloji təzyiqlərə məruz qalırlar. Məhkəmənin ədalətsiz qərarı həbsxanada Cüzeppenin ölümü ilə nəticələnir. İrlandiya Respublikaçı Ordusunun həbs olunmuş nümayəndəsi tutulanların günahsız olduğunu istintaqa desə də, onlar azad edilmir. Və 15 il həbsdə yatan günahsız adamlar vəkil Qaretin (Emma Tompson) sayəsində azadlığa çıxır.

...Yuxarıda dediyim kimi film real hadisələr əsasında çəkilib. 1974-cü ildə Gilford şəhərinin barlarında İrlandiya Respublikaçı Ordusu partlayış törədir. Tarixə “Gilford dördlüyü və Maquayr yeddiliyi” adı ilə düşən məhkəmə prosesi nəticəsində səhvən on bir adam tutulur. 1989 və 1991-ci illərdə isə onlar azad olunur.

Şeridanın əhvalatının mərkəzi motivi ata və oğulun münasibətləridir. Ədalətsiz istintaq, Britaniya məhkəməsinin qeyri-obyektivliyi, 1970-ci illərdə ölkədəki siyasi atmosfer fonunda ata və oğulun nahamar münasibəti araşdırılır, üsyankar, məsuliyyətsiz Cerrini həbs həyatı yetkinləşdirir, böyüdür və bundan sonrakı mövqeyinin, kimliyinin aydınlaşdırmasına zəmin yaradır.

Cerri rolunun ifaçısı Deniel Dey Luis çəkiliş vaxtı 13 kilo arıqlayıb, irland aksenti ilə danışıb və həbsxana kamerasında vaxt keçirib. O, təkid edirmiş ki, çəkiliş qrupu onu təhqir eləsin və soyuq su ilə islatsın. Bu roluna görə aktyor Oskara nominantlar sırasına düşür.

Reallıqda ata Cüzeppe və oğul Cerri cəzalarını eyni kamerda çəkməyiblər. Rejissor əhvalatın bədii məqsədindən, dramatizmi artırmaqdan dolayı belə bir fəndi uyğun görüb.

İnspektor Diksonun personajı (Korin Redqreyv) bu işi ədalətsiz aparan bir neçə zabitin ümumiləşmiş obrazıdır.

Alman rejissoru Folker Şlöndorfun “Qulluqçunun hekayəti” 1990-cı ildə Berlin kinofestivalında nümayiş olunub.

Süjet: Hadisələr uydurulmuş Gilead respublikasında baş verir. Teokratiyanın hökm sürdüyü Gilead Amerika ərazisində yerləşir və digər qonşu dövlətlərlə müharibədədir. Əsas qəhrəman Keyt (Nataşa Riçardson) ölkədən qaçmaq istəyəndə əri və qızı ilə sərhəddə ələ keçirilir. Onun əri qətlə yetirilir. Qızı isə əlindən alınaraq başqa ailəyə verilir. Gilead respublikasında gələcəkdə yalnız yüz qadından birinin uşaq doğa biləcəyi qənaətindədirlər və bu səbəbdən qadınlar xüsusi düşərgəyə göndərilir. Düşərgədəki qadınlar qırmızı qiyafət geyinir, dini ayinlər icra edir. Onlar, arvadları uşaq doğa bilməyən yüksək rütbəli məmurlarla cinsi əlaqədə olaraq, uşaq dünyaya gətirməlidirlər. Keyt Kommanderin (Robert Dyuval) evinə göndərilir. Amma sonsuzluq problemi qadında (Fey Danauey) yox, kişidədir. Əgər Keyt hamilə qala bilməzsə, onu təhlükə gözləyir. Bunun üçün o, sürücü Niklə (Eydan Kuinn) yatır və ondan hamilə qalır...

Şlöndorf sosial tənqidi, radikal sol baxışlı filmləri ilə fərqlənib. “Qulluqçunun hekayəti” filmində o, totalitar rejimin hər şeydən əvvəl insanların duyğularını, sevgi hissini məhv etməsini önə çəkir. Təsadüfi deyil ki, Kommander Keytlə yaxınlaşandan sonra onun duyğuları yenidən canlanır və o, insaniləşir. Müəllif eyni zamanda qadınların istismarı məsələsini də qabardır.

Final isə açıq qalır. Sonda totalitar rejimə mübarizənin hələ də davam etdiyi, Keytin üsyançılara qoşulduğu göstərilir.

# 4811 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #