Akif İslamzadənin atasının intiharı

Akif İslamzadənin atasının intiharı
16 oktyabr 2019
# 12:10

Həmişə bu fikirdə olmuşam ki, cəmiyyətdə baş verən hadisələr əslində milli kinoda janrları, estetikaları, ifadə vasitələri, üslubları və s. təyin edir. Yəni bizim gerçəklik qara komediya, absurd, sürrealizm, fars, qrotesk üçün münbit materialdır. Təbii ki, onlara dram, tragik elementlər də əlavə etməklə daha maraqlı filmlər çəkmək olar.

Misalçün, Goranboyda adamların qaloşu başlarına çəkərək, şəfa tapacağına inanan “Qaloş piri” hadisəsini xatırlayaq. Hadisə əsasında qara komediya çəkmək olar. Ki, ölkədə səhiyyə sahəsi yarıtmaz olduğundan, insanların həkimlərə inamı itdiyindən onlar etiraz əlaməti olaraq “Qaloş piri”nə inanır və bunu hərəkata çevirirlər.

Yaxud xəstənin sağlam ayağını kəsən həkimin səhvini toplum normallıq kimi qəbul eləyir. Cəmiyyət ondan qəhrəman düzəldir, heykəlini qoyur, hamı hadisədən sonra pasiyentləri çoxalan həkimlə şəkil çəkdirməyə can atır və bununla da əhvalat absurd-tragik qatda işlənir.

Bir neçə il öncə məni heyrətə salan xəbər oxumuşdum. Elə bir xəbər ki, yəqin ki, Luis Bunuelin, Aleks Van Varmerdamın ağlına gəlməzdi. Gecənin bir aləmi, kişi arvadını yuxudan oyadaraq möhkəm döyür, saçından yapışaraq sürüyür, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək qətlə yetirir. Məhkəmədə, reallıqla yuxu arasında sərhədi itirən kişi ona elan olunmuş ittihamda özünü qismən təqsirli sayır. O, ifadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edir və cinayətin səbəbini gördüyü yuxu ilə əlaqələndirir. Yəni bir müddət əvvəl o, arvadının başqa bir kişiylə münasibəti olmasında şübhələnir. Sonra isə yuxuda onların münasibəti olduğunu görür.

Haşiyə çıxım: xəbəri oxuyandan sonra ilk düşündüyüm şey bu olmuşdu ki, mentallğımızı nəzərə alaraq, yuxarı siniflərdə Freydi tədris etmək lazımdır. Yəni adətən düşüncələrimiz təhtəlşüura yığılır və zaman-zaman yuxularda əksini tapır. Belə bir gerçək əhvalat filmin freydist qatda işləməsini zəruri edir.

Bir neçə gün öncə isə çoxdan səhnədən getmiş, sözün həqiqi mənasında sevilən müğənni Akif İslamzadənin bir açıqlamasında xəbər tutdum. A.İslamzadə açıqlamasında televiziyanın mövcud durumu ilə bağlı iradlarında haqlıydı. Lakin onun “Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” fikirləri məndə yeni ideyalara yol açdı. Məsəlçün, belə bir film çəkmək mümkündür: əhvalatın qəhrəmanı məşhur müğənnidir. Günlərin birində onun paxıllığını çəkən kimsə cadu edib səsini batırır. O, getdikcə hamı tərəfindən unudulur. Həmişə göz önündə olmağa öyrəşən qəhrəman depressiyaya düşür, şəhərdən kənarda atasından miras qalan bağ evinə yerləşir, qapalı həyat tərzi keçirir. Bir gün zirzəmidən atasının gündəliyini tapır. Gündəlikdən bəlli olur ki, atasının ölümünə arvadı səbəb olub. Yəni atası əcəli ilə ölməyib, anasına görə intihar edib. Və növbəti gün yuxudan oyananda özünü cəhənnəmdə qadınların əhatəsində görür. Qadın travması alan qəhrəman cəhənnəmdə ağlasığmaz vəziyyətlərə düşür.

Qısası biz sürreal, absurd gerçəklikdə yaşayırıq. Sıravi insanlar öz altşüurunu, xaotik dünyasını maddiləşdirərək həyata keçirir və onların təxəyyülünün ifadəsi sənət, ədəbiyyat üçün bol, təkrarsız material verir.

# 10346 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #