Nobelli yazar: “Sinif yoldaşlarımın sevgi məktublarını yazırdım...”

Nobelli yazar: “Sinif yoldaşlarımın sevgi məktublarını yazırdım...”
5 oktyabr 2019
# 14:45

Kulis.az Mario Varqas Lyosa ilə müsahibəni ixtisarla təqdim edir.

Xuan Qabriel Vaskes: Mənim üçün burada olmaq böyük həzz və şərəfdir. Mario Varqas Lyosa fikirlərini çox bəyəndiyim və çox sevdiyim yazıçıdır. Lyosa ilə olan qiymətli zamanımızın bir saniyəsini belə itirməmək üçün dərhal söhbətimizə başlayacam. Əvvəlcə sənə xoş gəldin deyirəm.

Mario Varqas Lyosa: Çox sağ ol.

Xuan Qabriel Vaskes: İkincisi, istəyirəm ki, “Şəhər və İtlər” romanını nəşr etdirdiyin dövrün panoramasını xatırlayasan. Bu roman artıq əlli yaşını tamamlayıb və bizim çoxumuz üçün roman sənətinin bayraqdarına çevrilib. Çünki on il ərzində çoxlu gözəl kitablar dərc olunsa da, məsələn, 1958-ci ildə Karlos Fuentesin “Şəffaf zona”sı, sənin hekayələr kitabın, amma məhz “Şəhər və İtlər” həqiqətən də bu gün dünyada tanınan Latın Amerika romançılığının yeni dövrünü başlatdı. Sən bunun bizim ədəbiyyatımızda, dilimizdə baş verən vacib bir fenomen olduğunun fərqinə varırdın?

Lyosa: Əvvəla çox sağ ol, Xuan Qabriel. Yox, qətiyyən fərqində deyildim. Mən 1958-ci ildən bəri üç il idi Avropadayadım və xatırlayıram ki, Latın Amerikasında, xüsusilə, Peruda böyük ədəbi boşluq var idi. Gənc yazarlar redaktor tapmaqda çox çətinlik çəkirdilər, Peruda profesional redaktor yox idi. Çap olunan kitabların xərcini adətən yazıçılar özləri ödəyirdilər. Bu kitabları demək olar ki, heç dövriyyəyə buraxmırdılar, gərək qohumların, dostların arasında paylayaydın. Bundan başqa, Latın Amerikasında böyük mədəni ayrılıq da var idi. Peruda oturub Ekvadorda, Kolumbiyada, Çilidə nələrin yazıldığını bilmirdik, bizə Argentina və Meksikadan xəbərlər gəlirdi, belə deyək ki, hər ikisi aktiv nəşr mərkəzləri idi. Lakin 1961-ci ildə mən ilk romanımı bitirəndə heç güman etməzdim ki, növbəti illərdə oyanış olacaq. Latın Amerikasında artıq neçə illər idi ki, ədəbiyyat yaranırdı, amma xeyli məlumatsızlıq var idi. Məsələn, mən Alexandro Karpentiyerin yaradıcılığı ilə fransız qəzetlərinin birində tanış olmuşdum. Xatırlayıram ki, Kubalı bir yazıçının da əsəri fransız dilinə tərcümə olunmuşdu. Markesin yaradıcılığını 1961-62-ci illərdə Paris televiziyasında işləyərkən tanıdım. Fransa və Latın Amerikası haqqında bir veriliş hazırlamalıydım, bir gün əlimə Kolumbiyalı yazıçının fransız dilinə tərcümə olunmuş kitabçası düşdü. Fransızca adı yadımdadır: “Pas de lettre pour le colonel” –”Polkovnikə məktub yoxdur”. O vaxta qədər Markes haqqında eşitməmişdim, ilk oxuduğum əsəri fransızca ”Polkovnikə məktub yoxdur” oldu. Mənə balaca şedevr təəssüratı bağışladı, balaca ona görə deyirəm ki, həcmi az idi. Lakin əsər artıq-əskiksiz, gözəl struktura malik idi. Növbəti illərdə baş verənlər həqiqətən qeyri-adi idi, düşünürəm ki, o dövrü heç vaxt unuda bilmərik. Tezliklə fransız dilinə tərcümə olunan Latın Amerikalı yazıçılar meydana çıxdılar, 1963-cü ildə Borxes Parisə gəldi və bu, fransızlar üçün kəşf oldu. Borxes ilk dəfə YUNESKO-nun bir mərasimində Şekspir haqqında danışdı, yadıma gəlir, tədbirdə təqribən yüz nəfər var idi. Latın Amerikasından, yəni barbar dünyadan gələn bir nəfər Şekspirdən danışırdı, üstəlik, onun klassik, eleqant fransız dilində, orijinallıq və parlaqlıqla Şekspirin şeirlərindən, sonetlərindən əzbərdən sitat gətirdiyini görəndə hamının gözləri qamaşmışdı. Həqiqətən də Borxesin 1963-cü ildə Parisdə keçirdiyi üç-dörd konfrans Fransanın intellektual mühiti üçün gözqamaşdırıcı oldu. Yadımdadır ki, Sorbonnada keçirdiyi konfransda heç vaxt konfransa gəlməyən fransız yazıçıları da gəlmişdilər. Misal üçün, utancaq və qapalı insan kimi tanınan, heç vaxt ortalıqda görünməyən Reymon Kyeno birinci sırada oturmuşdu, Natali Sarrot, Allen Rob-Qriye heyranlıqla Borxesə qulaq asırdılar. Bu yaşlı, kor adam hekayələr danışırdı və bu hekayələr vasitəsilə, gözəl panorama fonunda fantastik ədəbiyyatın mahiyyətini izah edirdi. Həmin illərdə ilk dəfə məhz Fransada irəli sürülmüşdü ki, Latın Amerikasında bir sıra orijinal, eyni zamanda, nəsrin yeni formasından istifadə edən yazıçılar var. Həmin dövrdə Fransanın yeni ideyalar, sənət növləri və kitablar buraxmaq üçün hələ gücü var idi. Yəqin ki, İspaniyadan, İtaliyadan da təsirlənirdilər. Və birdən kəşf etdik ki, (kəşf etmək deyirəm, çünki məncə, mənim başıma gələn, Kortasarın, Markesin və xeyli başqa Latın Amerikalı yazıçının da başına gəlmişdi, belə ki, hamımız bir icmanın üzvüydük) biz Perulu, Kolumbiyalı, Argentinalı olmazdan əvvəl Latın Amerikasının üzvləriyik. Başqa şeylər də kəşf etdik: dil, tarix, problematikadan əlavə, həmçinin Latın Amerikasının mürəkkəbliyini, müxtəlifliyini ifadə edən yenilikçi ədəbiyyatın da varlığını. Latın Amerikasında təkcə siyasi və tarixi deyil, həm də mədəni və ədəbi reallıq olduğunu aşkarlamaq həqiqətən də gözəl təcrübə idi. Dostluq illəri idi, biz tanış olurduq, bir-birimizin yazılarını oxuyurduq, bir-birimizi bəyənirdik, çox istəyirdik, qardaşlıq dövrü yaşayırdıq ki, bu da çox gözəl idi.

Vaskes: Deyirsən ki, Fransa mühüm rol oynayırdı…

Lyosa: Hə, hə, düşünürəm ki, elədir. Misal üçün, Borxesin Parisə gəlməsi. Dərhal Fransanın ən prestijli jurnallarında Borxesə çoxlu nömrələr həsr olundu. Məsələn, “La-Nouvelle des Française”. Və Borxes kütləvi şəkildə tərcümə olunmağa başladı, kütləvi deyəndə, yəni mədəni elita üçün. Borxesdən dərhal sonra digər Latın Amerikalı yazıçılar tərcümə olundu, Kortasarın hekayələri, 1966-cı ildə yazılan “Xana-xana oyunu” əsəri böyük əks-səda doğurdu, analiz edildi, bir çox dilə tərcümə olundu. Daha sonra bu fenomen təkcə Avropada yayılmaqla qalmadı, həmçinin, Latın Amerikasında da öz qarşılığını tapdı. Xatırlatmaqda fayda var ki, Latın Amerikalılar özləri özlərini oxumurdular. Biz ingilisləri, fransızları oxuyurduq, öz ədəbiyyatımıza şübhə ilə yanaşırdıq, üstəlik, bir nəsil var idi ki, regional ədəbiyyatı, folkloru inkar edib yerli çalar axtarırdı. Həmin illərdə Latın Amerikası Avropa sayəsində öz ədəbiyyatı ilə tanış oldu. Dediyim kimi, həmin illər oyanış illəri idi. Parisdən sonra mərkəz, fikrimcə, Barselona idi. Kataloniyalı redaktorlara görə, biz Latın Amerikalılar yaşamağa Barselonaya gedirdik.

Vaskes: Gəl Parisdən uzaqlaşmayaq, Fransanın Latın Amerika ədəbiyyatının nüfuzunda göstərdiyi roldan danışarkən, dərhal Roje Kayua yada düşür.

Lyosa: Hə, hə, əlbəttə, onun Latın Amerikası ədəbiyyatından ibarət kolleksiyası var, Borxesi, Nerudanı, Oktatavio Pası ilk tərcümə edənlərdəndir.

Vaskes: Ona görə istərdim ki, onunla bağlı lətifəni danışasan, artıq başqa yerlərdə səslənib və nə qədər təəccüblü, necə də təsirlidir.

Lyosa: Bu, həm çox gülməli lətifədir, həm də mənə ədəbiyyatı öyrədib. Əsərlər yazılıb çap olunduqdan sonra öz ömrünü yaşayır, artıq müəllifin son söz haqqı olmur. Bu artıq oxucuların səlahiyyətində olur. Roje Kayua “Şəhər və itlər”i dərc etmək üçün tərcümə haqqında müqavilə imzalamışdı, beləcə, mən onun yanına getdim ki, təşəkkür edim. O vaxt Kayua YUNESKO-da mədəni işlər üzrə köməkçisi işləyirdi. Ofisinə getdim, tanış deyildik, dedim təşəkkür etməyə gəlmişəm. Cavab verdi ki, yox, dəyməz əsəriniz çox xoşuma gəldi və başladı əsərimə şərhlər verməyə. Dedi ki, ən çox xoşuma gələn şeylərdən biri o idi ki, Yaquar yoldaşları arasındakı liderliyini əldə saxlamaq üçün həyata keçirmədiyi cinayəti uydurur. Onda mən ona dedim ki, axı Yaquar qulu öldürdü. Deyir yox, yox, nə danışırsınız, əgər Yaquar qulu öldürsəydi, bu çox adi hekayə olardı, siz yazdığınız əsəri heç anlamamısınız ki. Burada maraqlı olan elə orasıdır ki, Yaquar qulu öldürmür, çarəsizlikdən, liderliyini itirdiyi üçün cinayətkarı oynayır. Onun səbəbləri mənə elə inandırıcı gəldi ki, o vaxtdan bəri məndən soruşanda ki, Yaquar qulu öldürüb ya yox, deyirəm ki, dəqiq bilmirəm. Çox vaxt yazıçılar nə etdiklərinin fərqinə varmırlar və bu zaman oxucular əsərin yaratdığı təəssürata görə çox güman ki, haqlı olurlar. Elə sənin də öz romanında aşkarladığın kimi yazıçılar yazdıqlarına tam nəzarət edə bilmirlər.

Vaskes: Sənin ikinci romanın “Yaşıl ev” bizi xüsusilə maraqlandırır, çünki Lituma ilk dəfə orada meydana çıxır. Sən onu müxtəlif kitablarında, eləcə də son romanında yenidən canlandırmısan. “Yaşıl ev”də təkcə Lituma deyil, həmçinin Manqaçeriya obrazı da var ki, onu da yenidən diriltmisən. Litumanın həyatını təsvir edən lətifə var, o mehmanxanaçı obrazıdır. Sənin onunla münasibətin necə oldu? O, birinci dəfə 1966-cı ildə “Yaşıl ev”də göründü, sonra “Palomino Moleronu kim öldürdü?” əsərində, “And dağlarında terrorda” romanında, hətta son əsərində də ondan istifadə etmisən. Bu obraz demək olar ki, artıq 50 ildir səninlədir.

Lyosa: Məncə, daha əvvəl yaranıb, “Rəhbərlər” kitabımdakı hekayələrdən birində var idi. Mənə elə gəlir ki, Piuradakı hekayələrdən birində yorğun və zalim obraz kimi ortaya çıxır. Maraqlıdır ki, mən obrazları hansısa bir hekayə üçün uydururam, hadisə başlayanda yaranır, bitəndə yox olurlar, amma Lituma və başqa bir neçə obrazımın vəziyyəti elə oldu ki, bu obrazlar yaddaşımın dərinliklərində qalıblar, hekayəyə başlayanda birdən meydana çıxırlar, sanki mənə deyirlər ki, mən hələ öz bacarıqlarımdan kifayət qədər istifadə etməmişəm, hələ daha çox işə yaraya bilərəm. Bu, personajın yaddaşımda hələ yaşadığını və tezliklə ondan bəhrələnə biləcəyimə işarədir. Ancaq bütün personajlarla belə olmur. Niyə Lituma? Bilmirəm, məntiqli açıqlamam yoxdur. Lituma layiqli polis obrazıdır, faciəvi hadisələr yaşayır, həyatında xüsusi heç nə yoxdur, düşünürəm ki, onda ədalət hissi var, nə cürsə, saflıqla, instinktiv olaraq ədalətə tabe olur, çox vaxt bunu bacarmır. Yəqin onda nəsə xoş şey var ki, məni cəlb edir, simpatiya yaradır. Yəqin həmin o nəsə sağlam şeydir ki, onu əsərlərimdə fırladır. Digər səbəb bu ola bilər ki, o Piuradandır, mən Piurada çox xoşbəxt idim. İkinci dəfə Piuraya gedəndə çox sevdiyim dayımgildə qalırdım, onlar da məni çox sevirdilər və ədəbiyyata olan marağıma dəyər verirdilər, mənim qəzetlərdə çap olunmağım, kiçik şeirlər yazmağım onun xoşuna gəlirdi, həmin il mənim pyesim ilk dəfə səhnələşdirilmişdi, özümü Piurada yazıçı kimi hiss etmişdim. Buna görə də mənim Piura ilə bağlı çox xoş xatirələrim var. Bəlkə də Lituma bunları simvolizə edir, o Piuralı kimi danışır. O həmişə doğma yurdunun mənzərələri, ifadələri, istiliyini xatırlayır. Əslində, bilmirəm niyə, amma Lituma elə bir obrazdır ki, mən heç vaxt ondan ayrıla bilmirəm, o məni müşayət edir. O adətən ikinci dərəcəli personaj olsa da, xeyli əsərlərimdə var.

Vaskes: Piurada olduğun illərdə sən ideal uşaqlıqdan və ədəbiyyatda nümayiş etdirdiyin azadlıqdan danışırdın, ancaq mən həmişə öz-özümə soruşurdum ki, on yaşın olanda atanla tanış olursan və artıq bilirsən ki, sənə dedikləri kimi vəfat etməyib və o sənin ədəbiyyat şövqünü söndürmək istəyir, aranızda sərt bir münasibət başlayır.

Lyosa: Maraqlı faktdır ki, atamı tanıyanadək mənim üçün yazmaq oyun kimi bir şey idi, ailəm də məni dəstəkləyirdi. Yazmaq bir oyun, əyləncə idi, mən yazırdım, oxuyurdum, anam, nənəm, babam mənə əl çalırdılar. Sonra atam bu meylimi görəndə çox qorxdu. O, ədəbiyyatı uğursuzluq, bohemiya kimi anlayırdı. Atam başa düşəndə ki, onun oğlu şair və ya yazıçı ola bilər, mənim bu şövqümlə mübarizə aparmağa başladı. Atamın hökmranlığından zəhləm gedirdi. Məni çox əzirdi, qorxudurdu. Və bu zaman ondan gizli şəkildə yazmaq, oxumaq bu hökmranlığa qarşı çıxmaq, atamın qarşısında yoxa çıxan suverenliyin müdafiəsi idi.

Vaskes: Amma sən həmişə demisən, işində də bunu göstərmisən ki, ədəbiyyatın işi üsyandır, yazmaq üsyan etməkdir.

Lyosa: Çox güman ki, atama görə üsyankaram.

Vaskes: Məhz bunu soruşmaq istəyirdim.

Lyosa: Məncə, elə bu hadisədən irəli gəlir. Mən atama iki şey üçün çox minnətdaram, anam, nənəm və babamla yaşadığım zaman fərqinə belə varmadığım azadlığa olan sevgi. Atamla yaşamağa başlayandan sonra bu azadlıq yox oldu və mən bütün qərarvermə hüququmu əldən verdim, hər şey artıq atamın səlahiyyətində idi. Mənim azadlığa olan sevgim onun mənim üzərimdə hökmranlıq etməyindən yaranıb. İkincisi, atamın sayəsində məni hərbi məktəbə qoymuşdular, düşünürdülər ki, bu məni ədəbiyyat xəstəliyindən sağaldar, əslində, bu mənim ilk romanıma mövzu verdi. Bundan başqa, Leonsiyo Prado məktəbi paradokslarla zəngin idi, mən həmin məktəbdə professional yazıçı oldum. Məktəb yoldaşlarımın sevgi məktubları mən yazırdım, yazmağı bacarırdım, üstəlik, bu çox xoşuma gəlirdi, çünki qarşı tərəfin də məktublarını oxumalıydım. Beləcə, onların intim həyatına daxil olurdum. Həmçinin, erotik ədəbiyyatla məşğul olmağa başladım, bu cür yazmaq məktəb daxilində kişilik hesab olunurdu.

Vaskes: Həm də hörmətli iş idi.

Lyosa: Hə, hə erotika yazırsansa, deməli əsl kişisən, maçosan. Həm də ki, bu pornoqrafik romancıqlara görə yaxşı qazanırdım.

Vaskes: Pul götürürdün, ya siqaret?

Lyosa: Mən əslində bunu xatırlamırdım, “Şəhər və itlər”in əlli yaşı olanda yoldaşlarımdan müsahibə götürmüşdülər, ən yaxın dostlarımdan biri (bu yaxınlarda vəfat etdi) Viktor Florez Fion dedi ki, mən Mario Varqas Lyosanın ilk ədəbi personajlarından olmuşam, yazdığı pornoqrafik romancıqlara, sevgi məktublarına görə gəlir əldə edirdi, adətən siqaret alırdı. Beləliklə, mən atamın sayəsində peşəkar yazıçı oldum.

Vaskes: 60-cı illərin üçüncü mühüm əsəri “Kilsədə söhbət”dir. İllər sonra çap etdirdiyin “Təkə bayramı” kitabı da əks-səda verdi. Diktatura dövründə yaşanan mənəvi imtahanlar və onların nəticəsi. “Təkə bayramı”nı uzun illər sonra, hadisələrdən 30-35 il sonra yazmısan, “Kilsədə söhbət” isə daha qədimdir, sənin keçmişindən bəhs edir, ancaq bu nisbətən yaxın keçmişdir. Sən bu əsərləri xüsusilə vacib olan yaddaşı qoruyub saxlamaq, baş verənləri unutmamaq üçün yazmısan?

Lyosa: Hə, “Şəhər və itlər” əsəri, üzr istəyirəm “Kilsədə söhbət” əsəri bu məqsədlə yazılıb, orada qeyd etdiyim illər diktatura illəri idi, belə deyək ki, səkkizlik illəri. Səkkiz il davam etmişdi, 48-ci ildən 56-cı ilədək. Bu həmin illər idi ki, mənim yaşıdlarım uşaqlığı tərk edib gəncliyə, yetkinliyə qədəm qoydular. Bu səkkiz ildə heç bir siyasi partiyası olmayan bir ölkədə yaşadıq, qanun siyasi partiyaları qəbul etmirdi, siyasətdən danışmaq riskli idi. Mənim oxuduğum San Markos Universiteti Rodrigist repressiyası üzündən basqına uğrayır, müəllimlər, tələbələr sürgün edilir, həbsə atılırdılar. Kommunist partiyası öz qrupunu yenidən qurmaq istəyirdi, çünki 52-ci ildəki diktaturaya qarşı etirazlarda tamamilə məhv olmuşdular. Çox solğun, pis illər idi, hamımız bilirdik ki, qəzetlərdə, jurnallarda, o zaman televiziya yox idi, yazılanlar hamısı yalandır, şaiyələr gəzirdi. Heç kim bilmirdi ki, fərziyyələr nə qədər davam edəcək. San Markosdakı yoldaşlarımıza etibar etmirdik, çünki diktatura tələbələri siyasi işlərə qatırdı. Cahillik və qorxu içində yaşayırdıq. O illər mənə o qədər təsir etmişdi ki, bir gün bu dövrün – yaşıdlarımın böyüdüyü mənəvi pozğunluq və rüşvətxorluq mühitinin tarixi haqqında yazmağı düşünürdüm. Yəqin ki, həmin illərin ən qəti yadımda qalan hadisəsi Peruluların ən çox nifrət etdiyi dövlət başçısı Alexandro Esparza Zanartu tanımaq idi. Mən onu hərbçi olduğum müddətdə tanımışdım, həbsdə yoldaşlar var idi, onlar döşəmədə yatırdılar, biz o vaxt pul yığıb onlara yorğan aldıq. Alexandro Zanartunun onları saxlatdırdığı panoptik həbsxanaya apardıq, həbsxananın müdiri bizə bu yorğanları onlara verə bilməyəcəyini söylədi, hökumət başçısının icazəsi yoxdur. Yadımdadır ki, biz öz bölməmizdə götür-qoy edib qərara gəldik ki, repressiya başçısını məhkəməyə verək, kimlərsə etiraz edirdilər, Van Rike adlı bir oğlan yadıma gəlir, deyirdi ki, biz saray xalçasına dırmaşa bilmərik. Sonda biz o saray xalçasına dırmaşmaq qərarına gəldik. Alexandro Zanartu bizim üçün bu məhkəməni San Markos Federasiyasında təşkil etdi, beş nəfər seçdilər və mənim bəxtim gətirdi ki, onlardan biri oldum. İtaliya meydanındakı Daxili İşlər Nazirliyinə getdik, əlbəttə, çox böyük qorxu içində ürəkbulandıran adamın kabinetinə daxil olduq. Daha əvvəl görmədiyim bu insanın görünüşünü heç vaxt unutmadım, cılız bir səhnəydi, dərisi kağıza oxşayırdı, nə yerindən qalxdı, nə də bizi salamladı. Artıq kimin danışacağını seçmişdik, nə istədiyimizi izah etdik, heç nə demirdi, eləcə bizə baxırdı. Biz danışdıq qurtardıq, o bizə baxmağa davam edirdi. Zəhmli idi, bu çox qəribə kontrast yaradırdı, nəhayət siyirməsini açıb Kahuide qəzetini çıxartdı, o qəzeti biz buraxırdıq, mimioqraf idi və əlbəttə ki, hər səhifəsində onu söyürdük, nömrələri havada oynatdı və soruşdu: Bəs bu? Bəs bu? Mən bilirəm siz harada toplaşırsız, bunu harada çap edirsiz, nələri müzakirə edirsiz, burada hansı təxəllüslərlə yazdığınızı da bilirəm. Birdən elə təəssürat yarandı ki, o hər şeyi bilir, bizim ən özəl həyatımızı, sirlərimizi. Düşünürəm ki, elə oradaca “Kilsədə söhbət” başlandı. Dəqiq bilmirəm, amma o an fikirləşdim ki, mən belə bir qəhrəmanı olan əsər yazmalıyam. Bu fikir beynimdə fırlanırdı, inkişaf edirdi və onu yazanda, təqribən 66-67-ci illər idi, o vaxtdan artıq kifayət qədər illər keçmişdi. Bu ən çətin yazdığım əsər idi, birinci ili Tinieblada işləyirdim, epizodlar yazırdım, bilmirdim bu situasiyaları necə əlaqələndirim, bu hadisəni cəmiyyətin nöqteyi nəzərindən qələmə almaq istəyirdim, diktaturanın necə olduğunu, Hökumət Evində yaranan rüşvətxorluğu, əhalini necə alçaldıb əzdiklərini, peruluların peşəkar və şəxsi həyatı kimi siyasətdən uzaq şeylər. Bir il bütün bunların içində itmişdim, kor-koranə işləyirdim, elə o vaxt ağlıma həmin görüş gəldi ki, bu da əsərin onurğasını təşkil etdi, müxtəlif məkanlara və cəmiyyətin müxtəlif təbəqələrinə hadisəni yayan digər söhbətlər oradan açılır və orada birləşirdi. Bu strukturu tapana qədər demək olar ki, kortəbii şəkildə işləmişdim. Məncə, bu mənə yazılması ən çətin başa gələn kitab oldu.

Vaskes: Həm də ən mürəkkəb. Bir məqalədə, daha doğrusu, Xose Migel Oviedonun nəsrində, “Həqiqətin Əksi”ndə sənin əsərin haqqında danışılır. Orada sənin “Kilsədə söhbət” əsərində istifadə etdiyin metoddan danışırdı, deyirdi ki, sən əsasən maqma tipli yazırsan, çalışırsan ki, heç bir ədəbi imkanı buraxmayasan, bu əsərdə isə üç min səhifə var.

Lyosa: Üç min olduğunu bilmirəm, ancaq çox böyük maqmadır, selvadır.

Vaskes: Bu metodunu dəyişmisən heç?

Lyosa: Yox, mən bu metodu “Şəhər və itlər”romanında kəşf etdim və ondan bəri bu mənim roman yazmaq metodum oldu. Həmişə qatmaqarışıq, selvanı xatırladan qaralamanı yazmaq mənim üçün çox əhəmiyyətlidir, bu mənə hər hansı bir hekayəyə başlayanda şübhələrimi qaçırmağa imkan verir. Həmişə əsəri yazmağa dərin pessimizmlə başlayıram, elə bilirəm ki, heç nə alınmayacaq, səhv etmişəm, o zaman yazmağa başlayıram, xaotik şəkildə, səhnələri təkrarlayaraq, bəzən bir səhnəni daha yaxşı alınana qədər iki-üç dəfə yazıram. Heç vaxt nə struktur, nə də dilə görə narahat olmuram, çünki maqmanı tapandan sonra hər şey dəyişir. Daha yaxşı alınır, böyük zövq alıram. Artıq əminliklə işləyirəm, hekayə hazırdır və indi məndən asılıdır. Selvanı aydınlaşdırıram, artıq-əskiyini ixtisara salıram, belə deyək, həm strukturunu, həm də dilini mükəmməlləşdirirəm. Və bu çox əsrarəngizdir, mən anlayıram ki, fərqinə varmadan şeyləri bir-birinə qarışdırmışam, bəzi personajlar daha vacib, bəziləri ötəridir, bəziləri qəhrəman olacaq obrazları söndürür və ya kiçildir. Həmişə təəccüblü şeyləri aşkara çıxarıram, məsələn, yazarkən təkcə şüurumuzda, ağlımızda olanları deyil, həm də qəribə instinktlərimizi, istəklərimizi yazırıq ki, bu da hekayəni tamamilə gözlənilməz istiqamətə aparır. Çox vaxt hekayədə yazılanlar həyat dərinliklərdən gələn bu elementlərdən yaranır və tabuya qarşı çıxaraq, çoxlarının qapalı saxlamaq istədiyi qapıları açaraq tarixə keçir. Düşünürəm ki, roman yazmaq öyrədici prosesdir, necə olduğumuzu, öz daxili aləmimizi görürük. Roman yazmağın ən sevdiyim hissəsidir bu. Üçüncü mərhələdə, xüsusilə, dilin üzərində işləyirəm, ixtisarlar edirəm. Raymundo Lire Xarbara həmişə İntibah Dövrü haqqında dərsə başlayanda öz şagirdlərinə deyirdi ki, yadda saxlayın, sifətlər onlardan istifadə etməmək üçün yaradılıb. Bu frazanı həmişə yadda saxlayıram. Bəzən ürək ağrısı ilə sifətləri silirəm. Mənim roman yazma qaydam təqribən belədir.

Vaskes: 60-cı illərin sonlarından başlayaraq sənin romanlarında məni maraqlandıran bir dəyişiklik gözə çarpır. Müsahibələrin birində demişdin ki, indiyə qədər yumora qarşı istəksiz olmusan, fikirləşmisən ki, hadisələrin ciddiliyini azaldır.

Lyosa: Bu Sartrın pis təsiri idi. Mən Sartrçı idim. Sartr ağıllı adam idi, amma yazarkən yumordan tamamilə uzaq düşürdü. Sartrın nəhəng əsərlərində bir dənə də olsun təbəssüm yoxdur. Həmişə çox ciddidir. O, Kortasarın dediyi kimi, yazmaq üçün paltosunu geyinib, qalstukunu taxan yazıçılardan idi. Ona görə düşünürəm ki, biz Sartrın davamçıları beynimizə yazmışdıq ki, yumorun ciddi ədəbiyyatda yeri yoxdur. Düşünürdük ki, yumordan istifadə etmək gerçək həyatla dərin əlaqə qurmalı olan ədəbiyyatı qeyri-real edir.. Məncə buna görə “Kilsədə söhbət”ə qədər yazdığım əsərlərdə yumora çox azdır. Ancaq sonra maraqlı və gözlənilməz bir şey baş verdi. Peru selvasına 58-ci ildə etdiyim iki səfərin təəssüratı əsasında bir əsər yazmaq istəyirdim.

Vaskes: “Yaşıl ev”in yazıldığı il.

Lyosa: Ədəbi nöqteyi nəzərdən ən məhsuldar olan səfərim idi, çünki orada “Yaşıl ev”, “Pantaleon və qonaqlar”, “Ünsiyyətcil”i yazdım. Qısa səfər idi, lakin zəngin iz buraxdı. 58-ci ildə selvaya ilk səfərim zamanı belə bir şeylə qarşılaşdım ki, sərhəd qarnizonu olan hər yerdə kəndlilər əsgərlərdən şikayət edir. Əsgərlər onların qadınlarına təcavüz edirlər, böyük narazılıq var idi. “Yaşıl ev”i yazıb bitirdikdən bir neçə il sonra həmin yerlərə yenidən səfər etdim və çox əyləncəli bir şey oldu, sanki hekayənin ikinci hissəsini eşidirdim. Yenə hamı hərbçilərdən şikayət edirdi, lakin bu dəfə səbəb başqa idi. Hərbçilər öz qadınlarını gətirib baraklara girirdilər, işlərini görəndən sonra kəndlilərin gözlərinin qabağından keçib kim bilir hara gedirdilər. Bu dəfə kəndlilər deyinirdilər ki, nəyə görə əsgərlərin bu qədər səlahiyyəti var, niyə bu qadınlar kəndlilərin istifadəsi üçün kənddə qalmırlar?! O zaman iki qütbü birləşdirib yeni hekayənin yarandığını gördüm. Hərbçilər ciddi problem kimi görünürdülər, zorakılıqlar, kəndlilərin narazıçılığı. Belə olduqda öküzü buynuzundan tutmaq qərarına gəldilər. Və xüsusi xidmət təşkil etdilər. O anda mənim ağlıma Leonsiyo Prado məktəbindən bir hadisə yadıma düşdü. Xüsusi xidməti təşkil etmək hərbidə necə olardı? Onda silahlı qüvvələrdəki bürokratik şeylər ağlıma gəldi. Öz-özümə soruşurdum, nə tip hərbçi seçərdilər? Yəqin ki, həmin kəs idarə heyətindən bir olmalı idi, ya artileriyadan, ya atlılardan. Əminəm ki, dürüst bir hərbçini seçdilər, çünki az da olsa günahı olan adam bu məsuliyyəti götürə bilməzdi. Beləcə, gördüm ki, bir hekayə uydurmuşam və roman yazıram. Lakin maraqlısı odur ki, mən bu əsəri əvvəlkilər kimi ciddi şəkildə yazmağa başlamışdım. Sonra başa düşdüm ki, bu mümkün deyil, heç kəs burada yazılanları ciddiyə alıb həzm edə bilməz. İnandırıcı olsun deyə bu əsər yumorla yazılmalı idi, böyük Y hərfi ilə. Balaca uşaq oyuncaq tapıbmış kimi, mən də tapdım ki, elə əsərlər var ki, onları gülüşlə yazmaq lazımdır. Ədəbiyyatda yumoru kəşf etdim, o vaxtdan yumor yazdığım bütün əsərlərdə yanımdadır. “Pantaleon və qonaqlar” əsərində bir daha başa düşdüm ki, bəzi əsərlər inandırıcı olsun deyə yalnız yumorla, təntənəli dildə yazılmalıdır.

Vaskez: Belə görünür ki, yumor sənin yaradıcılığında indi daha faydalı rol oynayır.

Lyosa: Daha gözəl. “Pantaleon və qonaqlar”dakı yumor mühitə uyğundur, obrazları yaxşı ifadə edir. Amma mənim üçün ən maraqlısı odur ki, əvvəllər yumorun ədəbiyyatdakı roluna şübhə ilə yanaşırdım, ancaq yumor bir obrazı, situasiyanı, yaxud lətifəni ən gözəl təsvir edən vasitədir, ciddi ədəbiyyatda isə oxucu üçün qəbulolunmazdır.

Vaskes: “Culiya xala və cızmaqaraçı”da melodram ruhu var.

Lyosa: Etiraf edirəm ki, mənim melodramalara meylim var. Yəqin elə buna görədir ki, “Malambo Varini” çox istəyirəm, o əsrin melodramasıdır. Məncə, məndəki bu gizli, dərin melodram şövqünü Meksika serialları üzə çıxarıb. Mən gənc idim, Meksika kinosunun böyük dövrü idi, Dolores del Rio ayaqyalın, saçları açıq selva boyunca qaçırdı, Alfonso Funko da xəncərlə onun dalınca. Məni bu dəhşətli vəziyyətlər, onları müşayət edə-edə mahnı oxuyan atlılar dərindən təsirləndirirdi. Və bir ədəbiyyat ki, bunu vaxtında yaşayıb ondan xilas olur (təkcə meksikanları demirəm, latın amerikalı, fransız, ingilis, alman, rus… hamısı üçün belədir), onda sentimentallıq zənginləşir, ona həqiqilik hissi əlavə olunur, onun insaniliyi artır və bu məni heyrətləndirir. Məsələn, Folkner buna nail olub, onun əsərləri dəhşətli melodramatik hadisələrlə zəngindir, bir dildə, strukturda yazır, bir məkandan digərinə, bir obrazdan o birinə elə keçir ki, bu adətən vulqar, banal kimi təqdim olunanı zənginləşdirir, nəcibləşdirir, qeyri-adiləşdirir, şərəfləndirir. Mənim yazılarımda da melodrama simpatiya, meyl sezilir, əlbəttə ki, onu zənginləşdirəcək şəkildə. Heç şübhəsiz ki, ədəbiyyat insanlardakı turbulensiyanı, melodrama uyğunluğunu əks etdirir, elə məndə də, bəlkə bir az da mübaliğəli şəkildə deyərdim ki, bu Latın Amerikası ədəbiyyatının əsas xəttidir. Hətta Borxes kimi incə, eleqant yazıçıda da bu var, qılıncoynadanlara, igidlərə, yaraşıqlılara olan məhəbbət. Borxesin əsərləri eleqantlıq, yeni ifadələr və konstruksiyalarla zəngindir, amma orada elə bir damar var ki, məhz bizi – Latın Amerikalıları təmsil edir.

Vaskes: Melodramla maraqlandığın dövrdə o cür kitablar haqqında yazılar çap etdirirdin.

Lyosa: “Boom” (“Bum”) adlandırılan çox parlaq illər idi. Latın Amerikasının yeni, orijinal, zəngin ədəbiyyatı hər yerdə tanınırdı və biz latın amerikalıların üzünə həmişə qıraqdan baxdığımız mədəni qapılar açılırdı. Əvvəllər bizim mövcudluğumuz haqqında heç nə bilmirdilər və bu mənada Borxesin rolu böyükdür. O, bütün dünyaya nümayiş etdirdi ki, bir Latın Amerikalı Şekspir, Hotorn və ya Stivenson haqqında hər hansı bir ingilis yazıçısı qədər orijinallıqla yaza bilər. O, bizə əyalət sərhədlərini aşmaq cəsarəti verdi. Borxes bizə hiss etdirdi ki, biz də Şekspirin və ya Servantesin sahibi ola bilərik, yaxud bəyəndiyimiz hər hansı bir ədəbiyyat nümunəsini məhəbbətlə, dərinliyinə vararaq oxuya və onun haqqında yaza bilərik. Yüz illiyini qeyd edən Oktavio Pas da buna nümunə ola bilər. Oktavio Pas dərin meksikan kökləri olan universal yazıçıdır, amma maraqlısı budur ki, o da borxesçidir. Pas da İngiltərə, Yaponiya, Şimali Amerika ədəbiyyatını, onların keçmişini, indisini, siyasətini, fəlsəfəsini – hamısını bilən həqiqətən də universal yazıçıdır. Bu nümunələr çoxlarını, o cümlədən məni yazmağa, fikir söyləməyə vadar edir. Fikirləşirəm ki, həmin illər Latın Amerikasının havasını dəyişdi. Mən hələ cavankən Latın Amerikası yerli üfüqlərlə çərçivələnirdi. Bəzi istisnalar var idi, təbii ki. Lakin o vaxtdan sonra artıq belə olmadı. Ondan sonra Latın Amerika ədəbiyyatı şəhər hüququ əldə etdi, bu da bədii yaradıcılığımız üçün müsbət hal idi.

Vaskes: Mən də səndən nəsr haqqında soruşmaq istəyirdim. “Bum” gözəl nasirlərin, tənqidçilərin dövrü idi. Sənin kitabların, “Ağ Tirant”, Karlos Fuentesin latın amerikan romanının yeni xəttini təyin edən esseləri, yəqin təkcə Qarsiya Markes esse yazmayıb, ancaq Kortasar, Fuentes, sənin kimi ədəbi tənqidi kitablar çap etdirmişdi. Sən bunu həmin dövr Latın amerikan ədəbiyyatında baş verən inkişafla əlaqələndirirsən?

Lyosa: Əlbəttə, bununla da əlaqələndirmək olar. Özümüzü kəşf etdik, anladıq ki, öz sərhədlərimizdən kənara çıxırıq, digər mədəniyyətlər və digər dillərə daxil oluruq. Beləcə, bir xeyli latın amerikalı bu mövzulara reaksiya verməyə başladı, bizim ədəbiyyatımızı daha geniş müstəviyə köçürdü. Həmin zaman üçün bu yenilik idi. Mənə elə gəlir ki, o zaman Latın Amerikasının düşüncəsi, bəzi istisnalar olmaqla, özü ilə məhdudlaşırdı. O illərdən başlayaraq bu vəziyyət köklü şəkildə dəyişdi. Yada salmaq lazımdır ki, həmin illər mövzusuna, lətifələrinə görə Latın Amerikası ilə bağlı sayılan köklü ədəbiyyatla “köksüz ədəbiyyat” arasında böyük müzakirələr gedirdi. Borxesə hücum edirdilər ki, o Argentinalı, Latın Amerikalı kimi yazmır, hər şeyi əcnəbiləşdirir, lakin bu gün heç kim bir latın amerikalı yazıçıya əsərindəki hadisələri Parisdə və ya Nyu-Yorkda cərəyan etdirdiyinə görə irad tutmaz. O zaman bu bizi siyasi, mənəvi dilemmaya salırdı. Əgər əsərdə fransız personajı vardısa, bu Latın Amerikasına qarşı dəhşətli xəyanət hesab olunurdu. Bu problemlər maraqlı müzakirələr doğururdu, bəzən də düşmənsayağı. Ancaq bütün bunlar indi dəyişib, məncə, hər birimizin köklü və köksüz ədəbiyyat haqqında esselərimiz mövcuddur. Argedas və Kortasar arasında olan polemikanı xatırlamaq labüddür. Bu polemika hər yerdə müzakirə olunan problemli məsələnin ilk qığılcımlarından idi və xoşbəxtlikdən arxada qaldı, reallıq sayəsində həll olundu.

/sim-sim.az/

İspancadan tərcümə: Günel Məmmədova

# 2305 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
#
#
# # #