“Bir şeir” yarışması davam edir – Yeni mətnlər

“Bir şeir” yarışması davam edir – Yeni mətnlər
26 sentyabr 2019
# 14:30

Kulis.az “Bir şeir” müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.

Roma Xosrov

Gözümün bulaq tərəfi

Sənə gələn yoluymuş,
Dünyanın uzaq tərəfi.
Sel olub ey, dayanmır,
Gözümün bulaq tərəfi.

Allah, qəlbim yaralandı,
Ruhum məndən aralandı.
Qələminlə qaralandı,
Alnımın varaq tərəfi.

Eh... bu da son görüşdü,
Son qucaq, son öpüşdü.
Neynədik, bizə düşdü,
Həyatın sınaq tərəfi.

Dua edir, əl açır,
Quş olur, göyə uçur.
Hər gün arxanca qaçır.
Könlümün uşaq tərəfi.

Ömür bir nazik sapdı,
Sən getdin, o da, qopdu.
Ha qaçdıq, bizi tapdı,
Sevginin yasaq tərəfi.

Ürək çoxdan sınıqdı,
Bu sevgidən yanıqdı.
Pintidi, dağınıqdı,
Saçımın daraq tərəfi.

Qəlbim oyuq-oyuqdu,
Dərd sinəmdə qayıqdı.
Sənsiz buzdu, soyuqdu,
Evimin yataq tərəfi.

Gözüm yola yol salıb,
Ürək bulud, göz dolub.
Sən gedəndən, boş qalıb,
Qolumun qucaq tərəfi.

Sənə gələn yoluymuş,
Dünyanın uzaq tərəfi.
Sel olub ey, dayanmır,
Gözümün bulaq tərəfi.

***


Saqif Zeynal

Səni xatırlayacaq qədər
Sərt yaddaşım qalmadı
Biləsən yəni

Xəyalımda üzün alatoranlıq
Saçların siqaret tüstüsü kimi
Bir az da buruq-buruq

Şuxuydumu qamətin
Səsin necə, gözəlmiydi?!

Səsin qulağımdakı səslərə
Qarışıb itdi
Qamətin...

Əllərini heç xatırlamıram
Kəpənək kimi uçub
Getdilər ovcularımdan

Amma ayaqların
Ayaqların hələ də
Çıxıb getmir yaddaşımdan

***


Mehti Namazov

Küsülü qalmayaq...

Yağış yağır... Havada eşq qoxusu...
Gəzmək üçün gör, nə gözəl məqam var.
Təsəvvür et, elə indi küçədə
Bircə çətir altda iki adam var.

İki adam – biri mənəm, biri sən!
Axı niyə bu gündən zövq almayaq?!
Sevgililər gah küsər, gah barışar,
Gəl, barışaq, biz küsülü qalmayaq.

Yağışdır ilk baxışların şahidi,
Bəs görəsən, düşməyirmi bu yada?!
Yenə yağır – dayanmadan, şırhaşır,
Yetirməkçün sevən kəsi murada.

***


Firəngiz Sabir qızı

Bir şəhid karvanının,
Yollarında yıxılıb,
sökülüb qalan izəm.

Bir ana fəryadının,
naləsində yol azan,
qurumuş bir cüt gözəm.

Bir şəhid dodağında,
öpülməmiş qocalan,
qanamış yarım sözəm.

Bu vətən torpağında,
Pərçimlənmiş daş kimi,
göyərmiş iki dizəm.

Özümdən sökün məni,
Özümə baş düzəldin.
Ayağımı çevirib,
Boyuma daş düzəldin.

Qoparın dırnağımı,
Ayağımdan, əlimdən.
Ağ qan damlalarından,
Gözümə yaş düzəldin.

Mən ölüm, mən dirilim,
Səni yaşadım, vətən.
Bir şəhid kürəyində,
Səni daşıyım, vətən.


***

Ariz Tarverdiyev

Bir gedişin əlamətləri

Yosun ətri verən
təkəbbürlü tənha qadın...

Qoynunda xumarlanır
sərxoş qayıqlar

Üşüyür
balıqçı torunda
sonuncu
rəqsini edən balıqlar...

Bu evdə hər bir əlamət
gedişini xatırladır:
Paltar dolabının mütləq boşluğu,
üzüqoyulu şəklimizin çərçivəsi,
fincan üzərindəki dodaq boyası
və getdiyin saatı hər gün yada salan
Mayak saatının əcaib səsi.

Hə, bir də masa üzərindəki
sənə aldığım bir cüt ayaqqabının çek nümunəsi.
Sən həmin ayaqqabılarla məni tərk eləmişdin!

İkinizin də bir gün hökmən
gələcəyinizi bilirəm.
Biri sənsən, biri əcəl.
Amma təvəqqe edirəm
Nəbadə, bir yerdə gələsiz!


***


Xələf Azər

Torpağın köksündə qanam bu gecə,
damcımsa, dünyanın kəsri boydadır.
Mənim səssizliyim azğın dəryalar,
ah naləm gilavar, xəzri boydadır.

Xalqın yaddaşında, elin dilində,
vətənin hər qarış çəmən-çölündə,
haqqın dərgahında, məhşər günündə,
Şəhidlik Allahın səbri boydadır.

Üstümə, bir bulud gələ bu axşam,
içimdə, bir dünya ölə bu axşam.
məni dindirməyin, elə bu axşam.
Ürəyim, bir şəhid qəbri boydadır.


***


Allahşükür Ağa

Ləpir

Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.

Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...

Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.

Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”

Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...


***


Leyla Sarabi

Göy üzünün körpələri

Mən bir daha doğulsaydım,
Ən özümdən quru heykəl yaradardım.
Dırnağımla kirpiyimlə, dişlərimlə,
Gündüz köpük, gecə sönük yer üzündə
laxta qanla azıb qalan damarımla
İçini də çölünü də bəzəyərdim.
Ürəyim də tələsməyə yeri,
gecikməyə vaxtı olmayan
can üstündə qoca nəbzi...
Həm quş kimi,
həm təmkinlə döyünərdi...

Ruhumu da körpə pişik azdıran
tək qaranlıqda itirərdim.
Artıq onu bəzəməyə vaxt getməsin,
İçim, çölüm bir-birini deşməsin.
Axı ruhun tökdüyünü bədən yığıb-yığışdırır...
Eşqə düşdüm, parılda!
Mən ayrıldım, sən ağla!
Bir müddət öləcəm, sən yaşa!
Mən çılpağam, sən geyin!
Burda yoxam, bildirmə...
Sevmədiyimlə seviş, sevdiyimə toxunma...

Ehsan paylayan dilənçi ruhum,
sən də dincəl əlimdən.
Məgər ruhsuz bədən daha rahat nəfəs alırmış.
Daşı pambıq kimi əridib çeynəmədən udarmış.
Aclıq qoxan nəfəslərin üfunəti onu
ilan kimi sancmazmış.
Bombaların yağış kimi
bu dünyanı yuduğunu düşünərmiş.

Vicdan, röya, görən yemək növüdür?
Bəlkə mahnı adıdır?
Yox, əzizim, ruhdan yetim quru vücud
Balıqqulağında da nəğmə səsi axtarmazmış.
Sözləri də zibil kimi səpələrmiş aləmə.

Quru bədən doğma ələ
toxunmağın həzzini də anlamaz.
Titrəmədən kimlə gəldi
vəhşi kimi sevişərmiş.
Zibillikdə eşələnən qarını düşünməzmiş.
İpək yataq tikan olub dərisini deşməzmiş.
Bu gedişlə haldan düşüb ölmərəm.

Xoş halıma əllərimlə
önümə ölümsüzlük səpmişəm.
Yaxşı bəs mən əbədiyyən diriyəmsə,
Atasının qucağında qırmızıya
bürünüb gözün yuman uşaq kimdi?
Qara pişik ölü canın qan iyinə
qaranlıqdan çıxıb gələr bir anda.
Tək nəfəslə içindəki
yatmış vulkan qaynayar.
Körpələrin al qırmızı köynəyinə
hönkür-hönkür ağlarsan.

Mən bir daha doğulsaydım,
saçlarımın əvəzinə
əllərimi uzadardım.
Dünya boyda qucağıma
milyon-milyon diri körpə sığdırardım.
Yox, mən bir də doğulsaydım...

***


Nərmin Məmmədova

Yalan

Yalan ayaq tutar yeriməz - amma,
İməkləyə - iməkləyə gah qalxdı,
Gah düşdü.
Ayaq da tutdu...
Yerimək azmış kimi yalan insan donu geyindi.
Harda doğru gördü əydi.
Hələ böyüməmişdi, hələ bələkdəydi....
Böyüdü yavaş - yavaş...
Bundan sonra başladı savaş...

Yalan doğanlar, bəsləyənlər,
Kənarda qaldı çaş - baş.
Yalan köks saldı, yalan yalan oldu
Adəmin günahının yanında,
Habilin haqsız axan qanının yanında,
Allahın Nuh ilə bağladığı əhdinin yanında,
Süleymanın taxtının yanında.
İlk yalan ilan oldu,
Həvva yanıldı...

O gündən bu günə yalan -
O qırmızı əlbisəli şeytan
Öz yalançı taxtında
Yaratdığı yalanlar səltənətinin
şahı sanıldı...


***

Cavid Nəcəfov

Bir mənəmmi?

Bir mənəmmi bu gecədə yalqız qalmış,
Sirdaş bilib ulduzlar qucaqlayan?
Bir mənəm mi daş ürəyə meyl salmış,
Dilənçi tək isti könül soraqlayan?

Bir mənəmmi sal sahilə lövbər salan
Gəmi kimi dəryalardan mədət uman?
Bir mənəmmi sübhə kimi ayıq qalan,
Al günəşin şəfəqinə gözün yuman?

Bir mənəmmi öz-özünə sual verib,
Özgələrdən cavab alan,
Uzaq yaxın insanların
Dərdlərilə gözü dolan?

Başın pozmuş,
yolun azmış
bir mənəmmi?
Tənhalığın yalqızlığın şerin yazmış
Bir mənəmmi?
Bir mənəmmi göz yaşında kürək çəkən?
Yatağında yorğanında
qəbir qazmış bir mənəmmi?

Nəfəsimdə sevgisizlik qoxusu var,
Ürəyimdə yalqız ölmək qorxusu var,
Bu dünyanın neçə qəbir oğrusu var,
Qəbrə dönmüş qəlbi viran bir mənəmmi?

Bu nə dərddi bitmək bilməz,
Ömür sona yetmək bilməz,
Vaxtı gəlmiş getmək bilməz,
Sona yetməz yolda duran bir mənəmmi ?

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

# 4647 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #