Siqaret çəkməyin, sevişin

Siqaret çəkməyin, sevişin
31 iyul 2019
# 12:01

Siqareti tərgitdim. Neçə gündür öskürəyin əlindən birtəhər olmuşdum. Elə indi bu sətirləri yaza-yaza da öskürürəm.

Gərək müsəlmanın başı daşdan-daşa dəysin axı. Normal şəkildə siqaretdən yaxa qurtarmaq mümkün olmur elə bil. İllah, bir hoqqa çıxmalıdır ki, ağlımız başımıza gəlsin.

Siqaretsiz həyata ilk addımlarımı atmaqdayam...

Düzü, siqaretdən ayrılmaq da çətin imiş, özüm ölüm. Qutuda qalan siqaretlər mənə küskün-küskün baxırdılar. Onları əzib bir qırağa tullamağa da əlim gəlmədi. Gör neçə ili mənimlə birgə yol gəliblər. Neçə yazı, neçə hekayə görüblər, nə qədər filmə baxıblar, çoxluca əsər oxuyublar. Ayrılmaq çətin idi. Ancaq vacib hal almışdı.

Bu qərarı verəndə sinif yoldaşımı xatırladım. Mənə siqareti daddıran o əclafı. Öskürəyimin şiddətli anlarında zəng edib onu söydüm də. Ürəyimdən tikan çıxarmalıyam, ya yox. Başladı yekə-yekə danışmağa. Kişi siqaret çəkərmiş, siqaretdən ölən olmayıb-zad. Dərhal “adboy” verdim. Dərhal! Onun siqaretə bulaşmış səsini eşitmək istəmirdim.

Lənətə gələsən, yeniyetməlik. Təzə-təzə hekayələr yazırdım, ədəbi mühitə düşmüşdüm, həvəsli vaxtlarım idi. Onda siqaretə də qurşanmamışdım. Son zəngimizdə bu əclaf ağzıma zorla soxdu (pis başa düşməyin) və mən eynən indiki kimi öskürə-öskürə bir-iki qullab vura bilmişdim. Düzü, çəkməzdim, sadəcə söyüş qoymuşdu və mən də yeniyetməliyin mənasız qüruruna sığınıb onun sözünə əməl eləmişdim.

Elə bilməyin, o gündən sonra siqaretə başladım. Qətiyyən. Yaxın adamlarımı itirəndə siqaret qutusu gəzdirməyə, damağımda tüstülətməyə başladım. Guya bu dərdi qovurmuş. Hələ çoxları da mənə qaz verirdi: belə çox romantik və cool görünürəmmiş. Zırt!

Əsgərlikdə daha da ağını çıxardım. Quruyub çöpə dönürdüm. Hərdən mənə elə gəlirdi ki, getdikcə siqaret nazikliyində olacam.

Yazmaq da mənim siqaret aludəçiliyimi artırırdı. Üstümdə axmaq bir şüar gəzdirirdim: “Yazıçı siqaret çəkər, içkinin küpünə girər”. Dadadam!

Və bu sözləri dəstəkləyən nə qədər adam vardı. İndi də yox deyillər. Hələ mənim bu sətirlərimi oxuyub ironik tərzdə gülümsəyənlər də olacaq. Əsasən də yazar dostlardan. İblisanə suallarını da gözlərindən oxumaqdayam: “Guya içməsən, çəkməsən, əla şeylər yazacaqsan?”

Halbuki yazmaq imtina deyilmi? Bizsə bir siqaretdən də imtina edə bilmirik. Sonra deyirlər, indiki yazarlar yaza bilmir, dünya səviyyəli deyillər. Haqlıdırlar da...

Siqaret məni tənbəlləşdirib. Dad hissimi itirmişəm. Gücsüzləşdiyimin fərqindəyəm. Elə cüssəli biri də deyiləm ki... Bir qucaqlıq canım var.

Həyatımı siqaret dumanı bürüyüb. İndi elə bir göy üzü istəyirəm ki, siqaret tüstülərindən çox, çox uzaq olsun.

Siqaretin romantikliyinə filan qətiyyən inanmıram artıq. Siqaretdən uzaqlaşmalıyam. Özü də birdəfəlik. Bir daha qayıtmamaq üzrə. Qayıtmamaq deyirəm, çünki bir dəfə başıma gəlib. Evdəkilər, sevdiklərim mənim bu hərəkətimi lağa qoyublar. Söhbət nə söhbət! 40 gün siqaret çəkməyəsən, sonra da qayıdıb təzədən damağına birini qoyasan. Etiraf edirəm, tərbiyəsizlikdir. Elə bil mənə xəyanət etmiş köhnə sevgilimə yalvarmışam ki, qayıt, sahmana sal bu kainatı. Hələ tarixdə bu qədər mundar qayıtmaq olmamışdı.

Bu sətirləri də ona görə yazıram ki, bəlkə mənimlə bərabər kimsə də bu zəhrimardan yaxasını qurtarar. Artıq havanın qoxusunu duymaq, yeməklərin dadını hiss etmək istəyirəm. Gecələr yata bilmirəm, mədəm öz-özünə seygah oxuyur, bədənimdə ağrılar hiss edirəm.

Bütün bunların səbəbini siqaretdə gördüm və dərhal onu cinayət üstündə tutub məhkəməyə çıxardım. Hakim insaflı davransa siqaretimə ömürlük həbs cəzası verər.

Həmişə siqaret çəkməyənlərə, ümumiyyətlə ağızlarının həndəvərinə belə siqareti yaxın buraxmayan adamlara heyrət etmişəm. Həm də paxıllamışam onları. Məncə, onlar seçilmiş adamlardı. Ömrü boyu siqaret çəkməmək nə böyük xoşbəxtlikdir.

Əziz, siqaret çəkən həmkarlarım! Bu yazını özümlə bərabər sizin üçün də yazdım. Qızım sənə deyirəm, gəlinim sən də eşit misalı. Siqaretə yox deyək! Azı 2 manat siqaretə verməkdənsə üst-üstə yığıb kitab alaq, kinoteatrda filmə baxaq. Lap bunu etməsəniz də, gəlin siqareti ataq. Nəyi çətindir? Buraxın bu söhbətləri: burda siqareti tərgitmək olmur zad. Boş söhbətlərdi. Bəhanədi. Sizi bilmirəm, mən hər səhər durub qaçacam. Düzdü, dostlardan biri saxlayıb deyəcək ki, hansı gününə qaçırsan, ay bədbəxt. Amma olsun. Ok. Qoy desinlər. Biz qalib gələcəyik. Siqaretdən canımız qurtulacaq. Siqaretdənsə, sekslə məşğul olaq. Ciddi. Ən yaxşısı budur.

P.S. Yazını bitirib siqareti ilk dəfə bəndənizə daddıran sinif yoldaşıma zəng elədim, yaxşıca söyüb ətəyini bükəndən sonra cavab gözləmədən adboy verdim.

# 4952 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #