Evimiz yıxılıb! – Bircənin Romanı

Evimiz yıxılıb! – Bircənin Romanı
24 may 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir

əvvəli burada

Bayramları saymasam gəlib-gedənimiz elə də çox olmurdu. Həftənin bir günü Telli mama gəlirdi, o biri həftənin bir günü də günortadan sonra mən Cavidi götürüb onlara gedirdim.

Evin iş-gücünü bitirəndən sonra qalırdım sərgərdan; əlimə kitab alammırdım, kənddən qırağa çıxammırdım. Səhərlər arabir evimizin arxasındakı boş düzəngaha adlayırdım. Orda da ürəkli gəzə bilmirdim – bir yanda ermənilər, bir yanda bizim əsgərlər. Otluğa qonmuş soyuq şehin üstündə ayaqyalın yeriyə-yeriyə cəhənnəm qazanında pörşələnmiş canımı sərinlədib evə qayıdırdım.

Rüfət hələ də Cavidi kəndlə rayon arasında qovmaqdaydı. Dayısına bir söz deyə bilməyən oğlum axşamlar ağzının odunu üstümə tökürdü:

- Oxumayacam, - deyirdi, - idman, şahmat, musiqi, dərslər... Çatdıra bilmirəm! Uşaqlara qoşulub oynamağa da qoymursuz.

Mən onun üzünə umudsuz-umudsuz baxıb soruşurdum:

- Bəs onda bizim axırımız necə olacaq, mənə kim baxacaq qocalanda? Sən oxumasan mən elə bu kənddəcə ölüb qalasıyam.

Cavid saçlarını alnından geri atıb üstümə şığıyırdı:

- Cəhənnəmə qal burda! Sən şəhərə gedəcəksən deyə mən oxumaqdan ölməliyəm?

Onu bağrıma basıb ətrini içimə çəkirdim, qayçılayıb ayağımın altına tökdüyü xəyallarımı tapdamaqdan qorxa-qorxa deyirdim:

- Oxumaqdan adam ölməz. Bir az da döz, dayına deyəcəm o məşğələlərin hamısını dayandırsın, ancaq dərslərini oxuyasan.

Axşamlar hələ yatmadığını, balaca vaxtının oyuncaqlarıyla oynadığını görəndə fürsəti fövtə vermirdim:

- Sən oyna, mən də sənə kitab oxuyum.

Cavid məni tərs-tərs süzüb:

- Allah o kitabı yazanı öldürsün, - deyirdi, - istəmirəm, oxuma!

Onda qol-qanadım sınıb yanıma düşürdü, gələcəyimiz mənə dumanlı görünürdü. Məndən ötrü sevdiyim hər kitabın üz qabığı cənnətə açılan bir qapıydı – tək balam o qapıları açmadan necə xoşbəxt olacaqdı? Başqa qapılar da vardımı – bilmirdim.

Kitabı qatlayıb işığı söndürəndən sonra məndən səs çıxmadığını görən Cavid qaranlıqda adımı çağırırdı:

- Bircə, Bəhruzgillə keçirdiyimiz gecələri istəyirəm ey, - deyirdi, - sən onda maraqlı kitablar, nağıllar oxuyurdun. Onda mən nağılların hamısına inanırdım. Qaranlıqda su üstünə gedəmmirdim, gedəndə də “oxxay” deməkdən qorxurdum, elə bilirdim desəm sudan bir kişi çıxıb məni aparacaq.

Cavid uşaqlıq xatirələrinə daldıqca mənim də içim pardaqlanırdı.

- Bircə, yadındadı Səməndər dayım məni Şaxta babayla neçə il aldatdı?

- Aldatmadı ey, qadan alım, sənə dadmadığın sevincləri yaşatdı. Kaş məni də kimsə elə aldadaydı.

- O tüklü torbadan ki Bəhruz çıxdı ha, bax o gecədən sonra mən Şaxta babaya inanmadım...

Səməndər hər il dekabrın son günü olan-olmazdan torba bağlayıb, içinə də Şaxta babanın adından bir məktub yazıb qoyub gətirib atırdı evimizin kandarına. Yeni il gecəsi gözü yolda qalan Cavid öz oyununa atamı da qoşurdu:

- Baba, bu il nə olur olsun Şaxta babanı tutmalıyıq.

Baba-nəvə dördgöz olub qapı-bacanı pusanda Rüfət Səməndərin əvvəlcədən verdiyi torbanı qapı dalına qoyub qaçırdı. Onda atam Cavidi haylayırdı:

- Durma gəl, ayaq səsi eşitdim.

Cavid qapını açıb həyəcanla sağa-sola baxınırdı, sonra da hədiyyəsini qucağına alıb peşman-peşman evə dönürdü:

- Ay baba, bu il də tuta bilmədik.

Atam ürəkdən gülə-gülə ona təsəlli verirdi:

- Kefini pozma, axır bir gün tutacağıq o qoca lotunu.

Sonra Kamilin qızları Şaxta babanın hər yeni il gecəsi göstərdiyi möcüzəni uşağın gözündən saldılar. Bir gün Cavid yelli-yelli üstümə gəlib:

- Sənin atan da, qardaşların da yalançıdılar, - dedi, - o hədiyyələri mənə Səməndər dayım gətirirmiş.

Neylədimsə uşağımı inandıra bilmədim. Növbəti bayrama az qala Cavid Səməndəri bir az da çətinə saldı, daha doğrusu, onu sınağa çəkdi:

- Əgər Şaxta baba doğrudan varsa, qoy bu bayram mənə torbasında Bəhruzu gətirsin.

Bacı-qardaş maddım-maddım baxışıb dillənmədik. Anam da qardaşım qızları kimi Cavidin xəyalplovuna su qatdı:

- Qadan alım, düz deyirlər, onların hamısını səni sevindirmək üçün dayın alır gətirir.

Səməndər bir söz deməyib getdi. Vaxt tamam olub bayram yaxınlaşanda Cavid yenə dirəşdi:

- Yox ey, Bircə, istəyirəm Şaxta baba gəlsin.

Mən yaxamı qurtarmaq üçün:

- Sən o boyda kişiyə inanmadın, - dedim, - daha çətin gələ, gözləmə.

Cavid fındıq burnunu sallayıb özünü verdi atamın yanına.

Dekabrın son axşamı Rüfətlə birgə həyətdə kabab çəkirdik. Rüfət bişmiş tikələrdən çörəyin arasına qoyub manqalın qırağındaca dil-dodağını yandıra-yandıra yeyirdi.

- Özünü doyurma, - dedim, - süfrədə yeməyə də yer saxla.

Rüfət qaynar tikəni ağzında hərləyə-hərləyə:

- Qadam, mən elə burda yeyib gedəcəm çayxanaya, - dedi.

Bu dəm açılan doqqazın səsinə ikimiz də dönüb darvazaya baxdıq: gələn Səməndər idi. Sevincək qardaşımın qabağına yüyürüb boynuna atıldım:

- Səni gətirən yollara qurban olum, nə yaxşı gəldin!

Səməndər əliylə ağzımı yumdu:

- Səs eləmə, Bəhruzu Maraldan alıb gətirmişəm. Mənə bir torba tap, uşağı salım içinə.

Gözüm kəlləmə çıxdı:

- Vallah sən uşaqdan betərsən, gecənin bu vaxtı özünü niyə belə əziyyətə salmısan?!

Rüfət doqqaza qaçıb Bəhruzu öpə-öpə gətirdi. İrilib kökəlmiş, qəşəngləşmiş uşağın üzündən-gözündən işıq yağırdı. Başına nə gətiriləcəyindən hələ xəbəri yoxuydu.

Sonra Rüfət hardansa bir torba tapdı, Bəhruzun əlinə şirni dolu kisə verib uşağı basdılar torbaya. Torbanın ağzını anamın bir tay corabıyla büzüb söykədilər evin qapısına. Rüfət qapını tıqqıldadıb gur səslə dedi:

- Dağlarda qurdum dəyə, gəldim sizi görməyə.

Cavid atamın üstünə atılıb bağırdı:

- Baba, dur ayağa, deyəsən Şaxta baba gəlib.

Atam qapının ağzındakı iri torbanı görəndə Caviddən betər sevindi:

- Ə, bu nə yaxşı Şaxta babadı, deyən mənə də pay gətirib.

Səməndərlə Rüfət hər şeydən xəbərsiz kimi manqalın qırağında kabab yeyirdilər. Atam torbanın ağzını açdı, Bəhruzun gülən iri qara gözləri üzümüzə işıq saldı. Cavid bir az duruxdu, sonra gah atama, gah da mənə baxa-baxa qışqırdı:

- Baba, yalan deyilmiş, bax, Bəhruzu gətirib, - deyin ev boyu aşağı-yuxarı oynaqlamağa başladı.

Atam torbanı sıyırıb Bəhruzu içindən çıxaranda Cavidin burnundan qan açıldı. Uşağı arxası üstə yıxıb burnuna dəsmal sıxdım. Bəhruz torbadan bir ayrı sifətdə çıxmışdı – tərtəmiz əyni-başı təpədən-dırnağa quş tükünün içindəydi. Deməyəsən Rüfət torba axtaranda anamın eşiyə atdığı köhnə yastıq üzü keçibmiş əlinə.

Gecənin yarısınacan Bəhruzun paltarlarını tükdən-lələkdən təmizlədim. Sonra Səməndər onu qaytarıb anasına təhvil verdi.

Bu, Cavidin nağıl dünyasına sonuncu səfəri oldu. Bununla da bizim Şaxta babayla əməkdaşlığımıza biryolluq son qoyuldu...

***

Anarın arzuları çin çıxmağa başlamışdı; ortancıl oğlunun toyundan üç gün sonra dayım evlərindən bir az aralı sahədə minaya düşüb həlak oldu. Özüylə birgə bu partlayışda dayımın əlliyə yaxın qoyun-quzusu, iki inəyi, bir atı, hətta iti də tələf olmuşdu.

Xəbər bizə çatanda anam çimib yatırdı, mən təndirə çörək yapırdım. Kündələri yapandan sonra təndirin ağzını bağladım, vaxtı yelə verməyim deyə çörək qızaranacan kəsdiyim beçələri yolmağa başladım.

Bu dəm Ziya əmimoğlu başını doqqazdan içəri uzadıb sağa-sola baxınandan sonra yavaşca məni hayladı:

- Nə var, nə yox, neylirsən?

- Görmürsən neylirəm? Sənin arvadının tayı deyiləm ey, çörək bişirirəm, çolpa yoluram.

- Qadan arvadımın ürəyinə. Bəs bibim hanı?

- Bibin isti yatağında buğlanır.

Təndirin yanına çatanda Ziya böyür-başına bir də baxınıb qulağıma sarı əyildi:

- Bircə, dayım ölüb, tez elə çörəyi təndirdən çıxar.

Əmim oğlu hərəyə bir lohara qoşan zarafatcıl oğlanıydı. Onun dayıları çoxdan ölmüşdü, odu ki, dediyini zarafata yozdum:

- Ay kirpi, sənin axırıncı dayının təpəsini beş il qabaq erməni odlamadımı, öləsi dayın qalıb?

- Mənim dayıma çox güldün, indi də sənin dayının təpəsini odladılar.

Duruxduğumu görəndə ciddiləşdi:

- Təhməz dayım (Musa əminin uşaqları ta uşaqlıqdan dayımızı dayı, xalamızı xala deyin çağırırdılar) minaya düşüb, bibimi durğuz gedək.

- Mən çörəyi təndirdən çıxaranacan qaç Kamilə də xəbər ver.

Ziya qardaşımgilə çatana kimi çörəkləri isti-isti evə daşıdım, beçələri yudum. İçəri-çölə vurnuxduğumu görən atam məni zənlə süzüb:

- Səndən ağlım bir şey kəsmir, - dedi, - bəd xəbər eşitmiş adama oxşayırsan. Ziya nəyə gəlmişdi?

Onun üzünə baxmadan:

- Sabah Anar gələcək, - dedim, - get əynini dəyiş, xanımı da durğuz.

Atam üşürgələndi:

- Niyə, nolub, ölən var?

- Təhməz dayı minaya düşüb.

Atam ayaq üstə quruyub qaldı, handan-hana:

- Qapısındakı toy mağarı sökülməmiş bu nə iş idi yazığın başına gəldi, - dedi. - Anar xalanın ərini qoymuşdu axı növbəyə.

Kişi öz-özünə danışa-danışa evə girdi, tez də bayıra çıxıb məni səslədi:

- Bircə, mən bu arvada heç nə deyə bilmərəm, gəl özün al dillə oyat.

Evdə-eşikdə hər şeyi yerbəyer elədim, atamı da geyindirdim, özüm də geyinib hazır durdum. Ziya qapıya toxtayanda anamı yavaşca silkələdim:

- Gözünü aç, sənə sözüm var.

Anam qalxıb yerinin içində oturdu:

- Səndən yönlü söz çıxmaz, de görüm nolub?

Arvadın xeyir-şər paltarını qucağına qoydum:

- Qalx geyin, Minə bibi rəhmətə gedib.

Anam udqunub doluxsundu, ipək yaylığını başına çaldı:

- Yazıq Minə, qardaşının dərdi yıxdı onu (dayım arvadının bir qardaşı cavan ölmüşdü, atam da üstündən xeyli keçməsinə baxmayaraq xalası oğlunun faciəsini bəhanə gətirib Sevilə qapımızda toy çaldırmamışdı), nə yaxşı balasının toyunu elədi.

Ziya bizi dayımgilə çatdıranda zimzimədən qulaq tutulurdu. Dayım qızlarının yanaqları qızıl qana bulaşmışdı. Böyüyü anamı görcək fəryad qopardı:

- Niyə indi gəlirsən, evimiz yıxılıb!

Anam ürəyində Minə bibini tutub şax yeriyirdi. Qardaşı qızını sinəsinə sıxıb dedi:

- Toxtaq olun, heç mən anamın üzünü əməlli görmədim.

Onu qızdan qoparıb içəri keçirdim. Meyidin baş ucunda üzü cırıq, saçı-başı dağınıq Minə bibini görəndə anam mənə tərəf çevrildi, qollarımdan tutub məni silkələdi:

- Budey, Minə əyləşib xan kimi. Kimdi ölən, niyə məni aldatmısan?

Bibimlə əmim qızı yanaşı oturmuşdular. Şəfaqət qalxıb anamı qucaqladı, arvadları yarıb meyidin baş tərəfində ona yer elədi, oturtdu, sonra əyilib qulağına:

- Təhməz dayım ölüb, - dedi.

Anamın səsi, naləsi, xınalı saçlarını yolub meyidin üstünə tökməsi min il keçsə yaddaşımdan silinməz. Arvad yaşıl xaranı qardaşının üzündən götürüb meyidin üstünə səriləndə mən əllərimi qaldırıb var gücümlə dizlərimə çırpdım. Tafta parçadan tikilmiş yubkamdan möhkəm bir şappıltı qopdu, səsindən özüm də səksəndim. Telli mama mənə sarı uzanıb əllərimi tutdu, anamı oturdandan sonra ayaq üstə qalmış Şəfaqət uşaq kimi qucağıma uzandı:

- Bircə, qadan alım, özünü döymə, nasazsan, burnundan qan açılar.

Onsuz da dizlərimə saldığım bir cüt qapazdan savayı ağlımda bir şey yoxudu. Baş-başa gəldiyimiz o bir anda üçümüzün də gözlərimiz toqquşdu. Telli mama yaylığını dodağına sıxıb gözündəki gülüşü gizlətməyə çalışırdı:

- Sən mənim ölmüşüm əlini bir də qaldırma, yubkanın səsi elə mina səsinə oxşayır.

Sonra bibim məni qaldırıb eşiyə çıxardı:

- Sən elə burdaca dur, gələni qarşıla içəri ötür...

***

Payızın gödək günündə toran çalmamış dayımı dəfn elədilər.

Kamil Səməndəri evinə buraxmadı, onu da götürüb ata evimizə getdi. Axşam anam qardaşının ölümünə yaxşı yanmadığımıza görə bizə məhkəmə qurdu. Birinci məndən başladı:

- Musayla yaşıd palıdlar çoxdan qurumuşdu, o öləndə özünü cırırdın. Amma mənim qardaşımı Telliyə, Şəfaqətə qoşulub araya qoydun. Elə bilirsən görmədim, Telli səni ağlamağa da qoymadı, itələyib çölə çıxartdı.

Məndən ötüb Kamili divara qısnadı:

- Musaya qədər sən bir ölü qıçı görməmişdin, ona Quran oxudun, çırmanıb meyidini yudun, kəfənlədin. Mənim cavan qardaşımın yuyat yerinə heç yaxın da düşmədin.

Sonra böyük oğluna sarı qayıtdı:

- Hələ bu Səməndər məni lap yandırıb tökdü. Gedib dayanmışdı həyətin o başında.

Atam arvadının hovunu almağa çalışırdı:

- İnsafsızın qızı, bilmirsən Səməndərə ağır şey olmaz, yazığın içalatının yarısı yoxdu?

Anam ona çəmkirdi:

- Ağır şey olmaz, eləmi? Bəs nə yaxşı Musanın tabutundan qırraşmışdı?

Rüfət əlindəki tikəni boşqaba qoyub güldü:

- Ay ana, bir toxta, mən qardaşlarımın yerinə nə lazımdı elədim axı. Görmürsən Kamil ayaq üstə güclə dayanır, gələn həftə əməliyyata gedəcək. Bilsəydim qardaşını qəbirdə üzü qibləyə döndərəndə uzanardım onun yanına, sən də rahat olardın.

Anam bizi tənbehləməklə yanğısını az da olsa söndürmək istəyirdi. Böyük qardaşlarım onu incitməmək üçün susurdular. Yenə mən çoxbilmiş çırmanıb çıxdım ortaya:

- Niyə elə deyirsən, Musa əmimin oğlanları az iş gördülər? Ziya kəndin cavanlarına qoşulub qəbir qazdı, Məsimlə Səfər yuyata girdilər, əmimin beş oğlu qardaşının cənazəsini yerdən qaldırdı.

Anam məni qanlı-qanlı süzüb:

- Sən ona-buna qahmar çıxma, - dedi, - elə bilirsən əziz-xələf mamanla baş-başa verib qımışdığını görmədim? Mənim boynumun dalında da gözüm var.

Bizlə qurtarıb atama hücum çəkdi:

- Sən qardaşını yerdən necə götürdünsə, eldoyar ehsanını necə verdinsə, mən də öz qardaşıma o qayda yas verəcəm.

Atam topamıza göz basıb dedi:

- Necə ürəyindən keçir elə, istəməyən kor olsun.

Anam yenə göyərdi:

- Nəylə eləyim? Sən pulunu verəcəksən, mən də eləyəcəm.

Səməndər ona qahmar çıxdı:

- Anamız düz deyir, dayımızın qapısında ehsanına kəsiləsi bir dırnaqlı qalmadı, biz də nəsə eləməliyik.

Dayım qızlarının xasiyyətinə yaxşı bələd olduğumdan anama dedim:

- Elə bilirsən o qızlar bizi irəli durmağa qoyacaqlar? Bığ yağını qoruyan ac, yekəxana kişilər kimi meydana atılıb sənin verdiyin ehsanı urvatsız eləyəcəklər.

Rüfət də mən deyəni dedi, di gəl, anamız dediyindən dönmədi, qoynuna xeyli pul yığıb gecəylə qardaşı evinə getdi. Uzun çəkişmədən sonra dayım qızları pulu bir şərtlə qəbul elədilər: bu işdən heç kim xəbər tutmayacaq, bizlərdən kimsə məsələni qohum-əqrəbaya sızdırsa, yardım qəpiyinəcən geri qaytarılacaq.

Qardaşı qızlarının hərəkəti anama toxunmuşdusa da üstünü vurmadı, qardaşına urvatlı ehsan verdirdi.

***

Dayımdan bir ay sonra xalamın əri öldü. Anarın bayramı bayrama qarışmışdı, ata-anasına, şəhərdə yaşayan dayılarına qoşulub o da kəndə gəlirdi, bir-iki gün yanımızda qalıb qayıdırdı.

Qardaşının faciəli ölümü anamı rəhmətliyin arvad-uşağından çox sarsıtmışdı, onsuz da hər saat üzü gülməyən, qonum-qonşuya yovuşmayan arvad bir az da codlaşmışdı.

Anamın qohum-əqrəbası, əzizi-doğması elə də çox deyildi – atası, əmiləri anam hələ körpəykən tələf olmuşdular, cavan-cavan dayıları sürgündə ölmüşdülər. İki xalasının uşaqlarını aclıq illərində elə anamın gözü qabağındaca torpaq udmuşdu. Bunun da olduqca kədərli, anamın heç vədə unutmadığı bir tarixçəsi vardı...

Ucqar dağ kəndində yaşayan xalaları müharibənin şıdırğı vaxtlarında yeməyə çörək tapmayan balalarını da götürüb bizim kəndə, bacılarının yanına gəlirlər. Nənəmin iki inəyi sağılırmış. Bacıları arpa unundan horra bişirib uşaqlarına verəndə nənəm onları xəbərdar eləyir:

- Neçə gün ac-susuz qalmış uşağı birdən-birə çox yedirtmək olmaz.

Bacıları nənəmin sözünü qıymazlığa yozurlar. İki bacının səkkiz uşağı bir gündə, elə gözlərinin qabağındaca partlamaya düşür, səkkiz uşaqdan bircə qız salamat qalır.

Anam o xalası qızını bacısından çox istəyirdi. Balış xala özü də çox mehriban, yanımcıl bir qadınıydı. Onun da növrağını erməni pozdu. Rayonları işğal ərəfəsində olanda Balış xalanı Bakıya apardılar. Bütün mahalın ürəkli, dizli kişilərindən biri kimi tanınan əri bəy İmran heç kimə qulaq asmadı, nişanlı oğlunu da yanında saxlayıb evindən, obasından çıxmadı. Onların öldüsü-qaldısı bu gün də bilinmir.

Şəhərdə anasını yanında saxlayan oğlu Balış xalanı dayısıgildə qoyub atasından, qardaşından xəbər bilmək üçün cəbhə bölgəsinə getmişdi. Radioda təsadüfən dinlədiyi bir xəbərdən yurdunun çoxdan işğal olunduğunu öyrənən arvad qardaşının evində özünü asmışdı. Beləcə, erməni müxənnətliyi bir qeyrətli nəslin də tifağını dağıtmışdı...

Anam adam yanında ağlamazdı, eltilərinin yanında heç ağlamazdı. Daldaya çəkiləndə dodağının altında bildiyi beş-üç bayatının altından-üstündən deyə-deyə gumuldanardı. Nənəm elə deyildi. Oturardı cəhrəsinin dalında, heç kimə məhəl qoymazdı, sürgün qardaşlarını, cavan ölmüş əzizlərini, sonradan-sonraya bibimin Fərhad balasını çağırıb həzin səslə ağlayardı.

ardı var

# 6203 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #