Qalatasarayın Hövsan söyüşləri

Qalatasarayın Hövsan söyüşləri
20 may 2019
# 10:43

Dünən axşam telefonumda sevimli komandam “Qalatasaray”ın 1:0 geridə olduğunu gördüm. Təəccüb, həyəcan qarışıq hisslər götürüldüm yaxınlıqdakı kafeyə...

Kafedə iynə atsan yerə dəyməzdi. Televizorun qarşısında hoppanıb düşən, söyüş söyən, qışqırmaqdan səsi tutulan kim. Tünlükdə özümə birtəhər yer tapdım. “Qalatasaray”ın hər hücumunda camaat ayağa qalxır, çığırır, “ax”lar, “vax”lar edir, sonra da rəqibi söyüş atəşinə tuturdu. Mənsə tanımadığım bu adamların içində özümü tənha hiss edirdim.

Kimsə kürəyimi barmağıyla itələdi. Qanrılıb qaranlıq kafedə kafe yiyəsinin siluetini gördüm: “Qaqaş, 2 manatdı baxmaq”. Cibimi eşələyib, iki əzik manat uzatdım ovcuna. Pulu alan kimi yoxa çıxdı. Birinci hissədən sonra sevimli komandamız geridə idi.

Cimbomlu azarkeşlər siqaret fasiləsinə çıxır. Kafenin kandarında ilk hissəni analiz edirlər. Özü də çığır-bağırla. Kimisi getdi bu çempionluq desə də, kimiləri nikbin notlarda idi.

İkinci hissə başlayan kimi “Qalatasaray” qol vurur. Hamı “qooool” deyə qışqırır. Qulağım səs-küydən cingildəyir. Elə bil “Ali Samiyen” stadionundayam kimi gəlir mənə. Az keçmir futbol dəliləri sakitləşir, bir nəfərdən başqa. Televizorun qabağında gözünü ekrana zilləyən bu adamın boğazı az qalırdı yırtıla. Bütün gücü ilə çığırır, söyür, cimboma sevgisini də emosional tərzdə göstərirdi. Hamı bir an susurdusa, o futbol manyakı susmurdu ki, susmurdu. Kafe getdikcə daha da dolub-daşırdı. Bu da ikinci qol! “Qalatasaray” oyunu çevirir. Yenə qışqırıqlar, sevinc nəğmələri.

Matç bitir və Cimbom qələbəsini, çempionluğunu yaşayır. Kafedən çıxan adamlar rəqs etməyə, mahnılar oxumağa başlayırlar. Hətta fişəng belə partladırlar. Yoldan keçən maşınlar saxlayır, bu bayrama təəccüblü qalırlar. Yəqin özlərinə sual verirlər ki, bu gün nə bayramıdı? Bəlkə Yeni ildi? “Qalatasaray”ın çempionluğu Hövsan qəsəbəsindəki futbol sevdalılarına həqiqətən bayram gətirmişdi. Onlara qarışıb sevincimi bölüşə bilməsəm də ürəyim onlarla bir döyünürdü...

# 2172 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #