Bakının dağılmış kilsəsində gördüklərim

Bakının dağılmış kilsəsində gördüklərim
6 may 2019
# 14:15

Ayxan Ayvaz

Dünən Malakan kilsəsində filmə baxdım. Qəribə səslənir, elə deyilmi? Növbəti abzasda buna aydınlıq gətirəcəm.

Deməli, bir qrup gənc "Salam Cinema" adı altında kino həvəskarları üçün tədbirlər təşkil edirlər. Başlıq isə iranlı rejissor Mohsen Mahmalbafın eyniadlı filmindən götürülüb. Film İran kinematoqrafiyasının tarixini dəyişən və kinematoqrafiya imkanlarını tərənnüm edən mütərəqqi bir yanaşmasına görə seçilirdi. Kinematoqrafiya haqqında çəkilmiş bir film idi “Salaam Cinema”.

“Salaam Cinema” yaradıcı filmlər, audiovizual və performans incəsənəti üçün məkana çevrilmək, bərabərlik, birlik və müxtəlifliyə həsr olunmuş sərgilər və maarifləndirici seminarlar keçirməyi hədəf qoyub. Buranın digər önəmli hədəfi yerli kinematoqrafiya və film tarixini araşdırmaq və dəstəkləməkdir. Kinoteatrın tamaşaçıları yeni Azərbaycan filmlərini kəşf etmək və Azərbaycan kino tarixini yazmış keçmiş filmləri bir daha nəzərdən keçirmək şansı əldə edəcəklər.

Gələk, yuxarıdakı sualımızın cavabına... “Salaam Cinema”nın film nümayişləri və sərgiləri daimi şəkildə 1913-cü ildə inşa edilmiş tarixi Malakan kilsəsində baş tutacaq. Gənclərin əlavəsinə baxın: “Yeni kəşf etdiyimiz bu məkanda keçirəcəyimiz davamlı tədbirlərin bu qədim, yaddaşlardan silinmiş binaya yeni ruh qatacağına ümid edirik”.

Malakan kilsəsi sökülmək ərəfəsindədir və gənclər tolerantlıq adı altında kilsəni qoruyurlar, bu sınıq-sökük kilsədə gecələyirlər.

Açığı, film məndə çox möhtəşəm duyğular oyatdı. Sözlərlə ifadə etmək qeyri-mümkünsüz...

Deməli, 1-15 may tarixlərində, Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Aİ Üzv Dövlətlərinin və Argentina, Kolumbiya, Meksika, Moldova, İsrail və İsveçrənin səfirliklərinin iştirakı ilə birgə növbəti Euro Tolerance Festivalını başladıb. “Salaam Cinema” festival çərçivəsində film nümayişlərinə və təlimlərə ev sahibliyi edir.

Festival filmlərindən biri də “MARICHIWEU” idi. Çili rejissoru Andres Lübbertin filmi...

Filmin bir digər adı isə belədir: “Biz əbədi qalib gələcəyik”.

Çilili musiqiçi Marçelo Moncada 10 ildir ki, Belçikada yaşayıb. O, öz etnik mənşəyini, Mapuçe yerli əhalisini tapmaq məqsədilə, doğma şəhərinə, Çilinin cənubundakı Pitrufquen şəhərinə qayıdır. Minlərlə kilometr məsafə qət edir və Çilinin cənubunu keçərək dünyanın ən cənubda yerləşən şəhərinə, Puerto Uilyamsa gedir. Bu səyahəti ərzində, Marcelo yerli əhalinin müxtəlif icmalarına baş çəkir və onlarla yaxınlaşmaq üçün öz musiqisini təklif edir. Bir növ ruhani səyahətə çıxır.

Marçelo saksofon ifaçısıdır. Uzun zaman Belçikada yaşasa da, bir gün qərara alır ki, öz köklərinə qayıtsın. Mapuçe icmasına gedib öz saksofonunu vəftiz etdirir və beləliklə, həm özü köklərinə qayıdır, həm də aləti bu torpaqların enerjisini içinə çəkir.

Bir-bir icmalara səyahət edən və bəzən yuxusuz qalan Marçelo yerli camaata saksofon ifası ilə keçmişi xatırladır. Bəziləri bu səsləri yağışa, küləyə, bəziləri isə keçmiş günlərinə bənzədir.

Orda bir icma vardı – təəssüf, adı yadımdan çıxıb – 15 min imişlər, indi cəmi 11 adam qalıblar. Və qəribədir ki, dillərini, mədəniyyətlərini qorumaq üçün dəridən-qabıqdan çıxırlar.

“Bir dostum var, onun bu günündən çox keçmişi var”.

“Biz də dünyanın insanlarıyıq”.

“İşğalçılar torpaqlarımıza gələndə əllərində İncil və qılınc vardı”.

“Bizi sülh və azadlığa aparacaq gəmini gözləyirik”.

11 nəfər qalmış bir icmanın bu cür duaları kədər oyadır, təbii ki. Və mən onların simasına baxanda qəribə bir doğmalıq hiss etdim. Marçelo onları sevindirmək istəyirdi, keçmişlərinə səyahət etdirirdi.

“Sən burdan gedəcəksən, amma bizə ötürdüyün musiqi qalacaq. Sən bizə xatirələrimizi xatırlatdın” – icmadakı kişilərdən birinin etirafı.

Onların xatirələrindən başqa heç nələri yoxdur. Artıq dilləri də sıradan çıxmaq üzrədir. İcma dilində bilən çox az sayda adam var. Bunun üçün uşaqlara həmin dilləri öyrədib yaşatmaq istəyirlər.

Marçelo da onları ibtidai vaxtlarına axtarır. Öz saksofonu ilə...

Təbiətlə baş-başa qalmış bu adamları ruhani səyahətə aparır.

Bəzən dağların, meşələrin əhatəsində kirimiş durmuş ağaclara, küləklərə və yağışlara ifa edir saksofonu. Sanki dünyanın yadından çıxmış bu torpaqların üstünə həmişə əbədi qalacaq nəğmə örtür.

Onun musiqisi bəzən “əziyyət çəkən donuzun səsi”nə, bəzənsə suyun gəlməsini müjdələyən şeypura bənzəyir.

Bir qadın dedi bunu: “Keçmişdə suyun gəlməsini bizə bu səslər xəbər verirdi. Bayram olurdu onda”.

Başqa biri: “Bu səs mənə balaca çöplərlə ev quran quşların səsini xatırlatdı”.

Marçelo vaftiz edilmiş və bu torpaqların ruhunu daşımış saksafonla – bir Qərb aləti ilə - onların ibtidailiyini, özünü xatırladır və onları dərin bir kədərə doğru itələyir.

O icma adlarının necə energetik olduğunu hiss etdim. Təbiətə qayıtmağımızın vacib olduğunu, bizi var edən sadə şeylərin yanında durmağımızı düşündüm.

Kilsədə baxdığımız film məndə silinməz izlər buraxdı. İçimdə anlaşılmaz kədər və eyni zamanda qəribə duyğular sayrışırdı...

# 2589 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #