writer1

Aliyə

Məqalə sayı

959
clock12:32 calendar-gray 01 May 2019 view-gray478 dəfə oxunub
view-gray478 dəfə oxunub

İş yerimizdə çarpayı olsun

Kulis.az Aliyənin “1 May” yazısını təqdim edir.

- Dayı, işə gecikirəm, körpünün yanına zəhmət olmasa.

- Başa düşdüm bala. Gecikəndə puldan tuturlar. Texnikabankda işləyirsən? Avtobus gecikəndə ora qızları aparıram burdan...

- Aha. Siz elə Texnikabankın qabağında saxlayarsız...

Taksi sürücüsü yaşı yetmişi keçmiş kişidir. Himə bənddir ki, sovet fəhləsinin gözəl günlərindən danışsın. Bir-iki mövzu açmaq istəsə də, yoldan yayınıb sürəti azaltmasın deyə qısa kəsirəm. Lal-kar yolu gəlirik. Vaxt qızıldır. Amma kapitalizm dünyasında bu ifadə vaxtın yox, qızılın dəyərliliyini vurğulayır. Vaxt isə müddətdir. Həyatdan təmizlənmiş müddət.

Sovet sosialist ittifaqının paradokslarını indi daha yaxşı anlamaq olur. Sosialist keçmişimizin bu paradoksları - əmək yarışları, keçici bayraqlar, proletariat bayramı, 1 may, zəhmətkeşlərin hökuməti, cəmiyyətə yad ünsür və s. – kapitalizmin paradokslarıyla aydınlaşır. Sosialist hökumət zəhmətkeşlərə dəyər verir, onların vəziyyətini nəzərə alır, bir növ onlar üçün işləyir, onların həyat keyfiyyətini düşünməyə məcbur olurdu. Çünki, bütün gücünü də bu sinifdən alır, daha düzü, aldığını nəzərə alırdı. Amma bu cəmiyyətdə sərbəst məslək arzulayan, az işləyib çox qazanmaq istəyən, ümumiyyətlə, bu əmək yarışlarına qoşulmaq istəməyənlər, keçici bayraq dərdində olmayanlar – “avaralar” - qınanılır, tənqidə məruz qalır, iclaslarda danlanırdı. Sovet kinosu ittifaqın son illərində bu qəhrəmanlara diqqət ayırdı (məs. “Afonya” filmi”)...

Bu quruluş insanın tərəfində idimi? Bu suala indinin gözündən baxa bilərik.

Bu günün sosializm cəmiyyətində yaşamayan insanı nə edir? Onu kimsə keçici bayraq almağa məcbur etmir. Amma cümləni başqa cür qurmaq da olar: bu günün insanı bayrağı özü götürüb, o, işləmək və yaşamaq mübarizəsində təkbaşınadır. Daha pisi, o, şərtlərin diktəsi ilə könüllü şəkildə özünü karyera pillələrinə qurbankimi atıb.

Əlbəttə, əmək məcəlləsini açıb danışmaq da olar. İşçilərin haqq və hüquqlarının qorunması məsələsində hər şeyin nəzərə alındığını da söyləmək olar. Amma real baxsaq, hətta müqavilədə nəzərdə tutulan şərtlərlə belə, insanın həyatını bütövlükdə iş zamanı tutur. Cəmi 8 saat işləsək, bunun üstünə tıxaclı yola sərf etdiyimiz 3 saatı gəlsək, onun da üstünə normal işgüzar vəziyyətə düşmək üçün 8 saat da yuxunu gəlsək, 19 saat edir. Sizin yaşamağa 4-5 saat yorğun vaxtınız qalır. Bu hələ ən yaxşı haldadır.

Bu yaxınlarda Yaponiya haqda izlədiyim sənədli filmdə orta statistik bir ofis işçisinin gününü tamamən işə həsr etdiyini gördüm. Yorğunluqdan gözü yumulan yaponların gərgin simasında həyat əlaməti görünmürdü.

Bəs həyat hara getdi? “Fəələləriyüy” deyib gülən həmyerlimi xatırlatmaq istəyirəm... Çünki, həyat o gülüşdədir.

Iş də həyata dair olsun deyə, həyatı işə daşımalıyıq. Madam günün çox hissəini bir yerdəyik, işimiz evimiz kimi, ailəmiz kimi olsun.

Yaponlar haqda olan o sənədli filmdə ofisdə gözünün acısını almaq, yəni, normal iş keyfiyyətinə qayıtmaq üçün 15 dəqiqəlik yuxu üçün çarpayılar qoyulduğunu gördüm.

Amma bu çarpayılar işi evə çevirməyib. Çünki məqsəd bu deyil.

Daha sonra operator axşam qatarlarında yatan işçiləri göstərdi. Yuxulu bədənini evə çatdıra bilməyənlər isə eynən enerji toplayan telefon kimi, gecəlik otel-kapsullarda gecələyirlər.

Texnika inkişaf edir, insan çalışmamaq üçün min dürlü yeniliklər icad edir, bunlar insanın həyatını yüngülləşdirməli ikən, daha da ağırlaşdırır. Görünəni, insan çabaladıqca daha çox tora düşür. Paltaryuyan maşınla onun artıq vaxtı qalmalıdır, amma o, indi bu artıq vaxtı, maşının kreditinə pul qazanmağa sərf etməlidir. Sanki daha çox qazansa, daha azad olacaq. Amma istehlak cəmiyyəti bitməz tükənməz ehtiyaclar istehsal edir. O da dövrə uyğun yaşamaq, geyinmək, yemək istəyir və sirk atı kimi manej boyunca qaçmağa başlayır. Sosializmin əmək yarışından fərqli olaraq o, bitməyən ehtiyaclarının başına dolanır. Bu sürətdə ətrafdakı həyatı fərq etmirsən. Və qazanılan məbləğin sürətə, mərkəzdən qaçma təcilinə dəxli yoxdur, təəssüf...

Bu günün azad olmaq istəyən qəhrəmanı imtina etməyi bacaran insandır. Bəlkə o, ehtiyac canavarının ağzından qurtulub, həyatdan bir dad alacaq. Övladına vaxt ayıra bilib heç olmasa ən sadə xoşbəxtliklərin fərqinə varacaq və 1 may ona bayram olacaq: “Şadlan, a quzum, maydır, may nə gözəl aydır...”

Paylaş

REKLAM

Yazarın digər yazıları