Allah ölməyibmiş! - Yanlış anladığımız 7 aforizm

Allah ölməyibmiş! - <span style="color:red;">Yanlış anladığımız 7 aforizm
3 aprel 2019
# 17:31

“Allah öldü”, “Düşünürəmsə, varam”, “Bir onu bilirəm ki, heç nə bilmirəm”… Filosoflar bu cümlələrlə əslində nə demək istəyiblər?

1. “Din xalqın tiryəkidir”

Müəllif: Karl Marks

Kontekst: “Din məzlum insanın nəfəsdərməsi, onun daşqəlbli dünyada çarpan ürəyi, ruhsuz qaragüruhun ruhudur - din xalqın tiryəkidir. Dini xalqın aldadıcı xoşbəxtliyi kimi aradan qaldırmaq istəmək xalqın əsl xoşbəxtliyini tələb etmək deməkdir. Xalqın özünü aldadan bu xəyallardan illüziyalardan (dindən) vaz keçməsini istəmək, onun bu illüziyalara ehtiyac yaradan vəziyyətdən imtina etməsini istəməkdir. Beləliklə, dinin tənqidi onun ətrafında halə yaradan gözyaşları vadisinin mənbəyini tapıb tənqid etmək anlamına gəlir” (“Hegelin hüquq fəlsəfəsinə tənqidi”ndən. 1843-cü il)

Adətən başa düşülən məna: “Din xalqın başını dumanlandırmaq üçün vasitədir və bununla da təhlükəlidir”

Müəllifin demək istədiyi: Marksın fikrincə, din müəyyən toplum və mədəniyyətlərdə insan tərəfindən yaradılan məfhumdur. Onun sosial orqanizmdə bəlli funksiyaları var. Marksın fikrincə, din məzlum, illüziyaya ehtiyacı olan cəmiyyətlərdə yaranır. Dinin "tiryək tüstüsü” insanların əzab-əziyyətlərini yüngülləşdirir, onları xoş xəyal dünyasında batırır, bu isə öz növbəsində onlara həyatlarını davam etdirmək üçün güc verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Marks bu mətni yazan zamanlarda tiryək bir zərərli narkotik kimi qəbul edilmirdi. Ondan əsasən arıkəsici kimi istifadə olunurdu.

Nəhayət, Marksın fikrincə, din ləğv edilməlidir, çünki o, yalnız illüziyalar yaratmaq baxımdan əhəmiyyətlidir və cəmiyyət dəyişdikdən sonra illüziyalar artıq lazım olmayacaq. Belə olan halda dini qadağan etməyin nə mənası var? Marks üçün bu mənasızdır, çünki dinin əsasını - kapitalist münasibətlər, əməkdən uzaqlaşma və bütövlükdə burjua tərzini- məhv etmədən onu tamamilə məğlub etmək mümkün deyil.

2. “Haqqı verilmir, alınır”

Müəllif: İfadə Pyotr Krapotkinin olsa da, deyimi çox vaxt Maksim Qorkiyə aid edirlər. İfadə yazıçının 1901-ci ildə yazdığı “Meşşanlar” pyesinin personajlarından birinin dilindən işlədilib:

“Pyotr: Kim, kim sizə bu haqqı verib?

Nil: Haqq verimir, alınır. İnsan özünə haqqı özü qazanmalıdır. Əgər öhdəliklər altında əzilmək istəmirsə...”

Deyim ifadə etdiyi mənaya ən yaxın olaraq ilk dəfə anarxizmin aparıcı nəzəriyyəçilərindən olan Pyotr Kropotkinin 1870-lərdə fransızca çap etdirdiyi “Siyasi hüquqlar” məqaləsində işlədilib: “Azadlıq ad günü hədiyyəsi deyil, onu qazanmaq lazımdır, bəxşiş kimi kiməsə verilmir”. Lakin məqalə rus dilində 1906-cı ildə çap olunub. Və Qorkinin bu deyimdən xəbərdar olması istisna olunur.

Kontekst: “Biz söz, mətuat sərbəst toplaşmaq azadlıı istədiyimizi senatdan soruşmalı, ya mərhəmət umaq kimi parlamentdən gözləməli deyilik. Haqqımızı tapdayanlara diş qıcamaq iqtidarında olan təşkilatlanmış güc olmalıyıq, güclü olacağıq və o zaman heç kim bizə toplaşmağa, danışmağa və yazmağa qadağa qoya bilməyəcək. Istismar olunanların arasında həmrəylik yaratdığımız gün öz haqlarını tələb etmək arzusu ilə birləşən bu susqun, amma güclü orduya meydan oxumağa kimsənin cəsarəti çatmayacaq. Hansısa konstutision hökümətdən on illərlə istəyəcəyimiz haqları yalnız və yalnız o zaman qazana biləcəyik. O zaman bu haqlar yazılı qanunlarda qorunmaq yerinə yalnız bizə aid olunacaqlar. Hüquqlar verilmir, alınır!” (“Siyasi hüquqlar”. 1906-cı il)

Adətən başa düşülən məna: Çox zaman bu ifadəni insanın öz haqları uğrunda mübarizəyə, daha geniş mənada azadlığa, inqilaba çağırış kimi başa düşürlər.

Müəllifin demək istədiyi: "Siyasi hüquqlar" yazısında Kropotkin müxtəlif növ siyasi hüquqları araşdırır: toplaşmaq azadlığı, mətbuat azadlığı, seçki hüququ və s. Essedə müəllif Avropa ölkələrinin, ilk növbədə Fransanın tarixinə əsaslanır.

Kropotkin ümidsiz nəticələr gəlib çıxır: Bəli, siyasi hüquq və azadlıqlar yaxşıdır, amma müasir dünyada burjuaziya onları öz xeyrinə istifadə etməyi öyrənib. Məsələn, mətbuat azadlığı yalnız mətbuatın siyasi tutarsızlıq nümayiş etdirdiyi ölkələrdə qanunların təməl prinsipi kimi mövcuddur. Birləşmiş Ştatlar, İsveçrə və İngiltərə kimi ölkələrdə həqiqətən mətbuatın azadlığı var - ancaq bunlar, kapitalizmin və istismarın xüsusilə inkişaf etdiyi ölkələrdir.Kapitalistlərin xalqın müxtəlif hüquq və azadlıqlarını tanımaa hazırdılar yalnız o vaxta qədər ki, bu hüquqlar onların maraqlarına toxunmasın. “Insanların yalnız mübarizə yolu ilə qazandıqları, uğrunda hər an əllərinə silah almaa hazır olduqları hüquqlar ayrılmazdır” deyə, Kropotkin qənaətə gəlir. Kropotkinə görə real siyasi hüquqlar yalnız özünü təşkilatlandırmaq və kütlələri silahlandırmaq yolu ilə təmin edilə bilər - institusional siyasi mübarizə yolu ilə əldə edilmiş hüquqlar heç vaxt əsl azadlığın təminatı ola bilməz.

3. “Düşünürəm, deməli, varam”

Müəllif: Rene Dekart

Kontekst: “Diqqətinizə çatdırım ki, ayıq vəziyyətimizdəki istənilən təsəvvürümüz yuxuda da bizə görünə bilər və həqiqi olmaz. Mən təsəvvür etdim ki, nə zamansa yuxuda gördüklərim, nə zamansa ağlıma gələnlərdən daha həqiqidir. Elə o anda da diqqət etdim ki, dünyadakı hər şeyin illüziya olması fikrinə əsaslandığım zaman belə mühakimə yürütmək üçün ilk növbədə mövcud olmalıyam. Fərqinə vardım ki, “Mən düşünürəm, deməli mövcudam” ifadəsi o qədər dəqiqdir ki, ağlını itirmiş skeptiklər belə onu təkzib edə bilməzlər.”

"Fikrinizi düzgün istiqamətləndirmək və elmlərdə həqiqəti axtarmaq üsulu haqqında söhbət" 1637-ci il.

Adətən başa düşülən məna: Çox vaxt bu ifadəni həmsöhbətini düşünməyə təşviq edərkən işlədirlər. İfadənin məğzinə yumorla yanaşılır: kim öz mövcudluğuna şübhə edir ki?

Müəllifin demək istədiyi: Dekart öz mövcudluğuna şübhəni istənilən mühakiməyə çıxış nöqtəsi hesab edirdi. Sözügedən əsərində filosof elmi bilik əldə etməyin yeni, universal yolunu təklif edir. Bu yeni metod mövcud elmi metoda alternativ olmalı idi. Çünki mövcud metod o yerə gəlib çıxarmışdı ki, avtoritet alimlərin elmi mülahizələri hətta təhsilsiz insanın belə dərk etdiyi obyektiv həqiqətləri üstələyirdi. Ona görə də Dekart dünyanın dərk olunması üçün belə bir metod təklif etdi: kiçikdən böyüyə doğru qaydalara əməl etməklə mühakimələr aparmaq.

Beləliklə, Dekarta görə, düşünmək məsələsi, dünya və ətraf aləm haqda istənilən mülahizələrin əsasında dayanırdı. Filosof üçün insanın mövcudluğu şübhəsiz aydın məsələ idi, zira, o düşünür və öz düşüncəsinə şübhə edirsə.

4. “Cəhənnəm başqalarıdır”

Müəllif: Jan Pol Sartr

Kontekst: Bu adamı gəmirən baxışlar... (birdən çevrilir) A! Siz ikicə nəfərsiz ki? Mən elə bildim çoxsuz... (gülür). Deməli, cəhənnəm bu imiş. Heç vaxt ağlıma gəlməzdi. Yadınızda: közlər, manqalda qovurulanlar. Bunlar hamısı cəfəngiyatmış! Nə qaynar qazan, nə manqal: Cəhənnəm Başqalarıdır...”

“Bağlı qapı arxasında” (1943)

Adətən başa düşülən məna: “Çox zaman bu sözlərlə başqa insanlarla münasibətimizin zəhərlənmiş olmasını, cəhənnəmi xatırlatmasını qəsd etdiyimi düşünürlər. Halbuki mən tamam başqa mənada yazmışam” deyə Sartr pyesin tamaşası zamanı çıxışında deyir.

Müəllifin demək istədiyi: Bu deyim Sartrın adını “Çıxış yoxdur” ya da “Bağlı qapılar arxasında” kimi çevirdiyimiz pyesində qəhrəmanlardan birinin dilindən səslənir. Yeri gəlmişkən, pyesin ilk adı “Başqaları” idi. Sartra xas absurdla dolu pyes publisist Harsenin cəhənnəmə düşməsi ilə başlanır. Cəhənnəmdəki ilk yer İkinci imperiya dövrü ruhunda bəzənmiş qonaq otaqdır, bu Qarseni çaşdırır: o, işgəncələr olan kameralar gözləyirdi. Az sonra qonaq otağında daha iki nəfər peyda olur; lesbiyan İnes Serano və öz övladını öldürmüş Estel Riqo. Tezliklə bu üçü arasında çəkişmə yaranır. Qarsen və Estel münasibət qurmaq istəyir amma İnesin varlığı onlara mane olur. Digər tərəfdən İnes də Estellə yaxınlığa pis baxmır.Onların üçlükdə cəhənnəmdə keçirməli olduqları müddət ərzində bu iki-üç saatlıq ünsiyyətin gərginliyi getdikcə artır, məşəqqətə çevrilir...

Pyesin tamaşası göstərilməzdən öncə Sartr nə demək istədiyini izah etmək məcburiyyətində qaldı: "Əgər başqaları ilə münasibətlərin pozulmuş olarsa, Başqası cəhənnəmə çevrilir. Niyə? Özümüzü düşündüyümüz zaman, özümüzü anlamağa çalışdığımızda, başqalarının artıq haqqımızda olan biliklərindən istifadə edirik. Özümüz haqqında Başqalarının bizə verdiyi vasitələrdən istifadə edərək qərar veririk. Hər qənaətimiz başqasınınkını istila edir, hiss edirəm ki, başqalarının mülahizələri işğal olunur." Bununla belə, bu deyimin Sartr tərəfindən izah edildiyi kimi, başqaları ilə ünsiyyətin mümkünsüzlüyü mənasını verdiyini demək olmaz. Əksinə, o, ünsiyyətin əhəmiyyətini vurğulayır.

Beləliklə, Sartrın fəlsəfi mövqeyinə əsasən, fikir və mülahizələrimiz hər zaman digərinə aiddir. Başqaları tərəfindən mənfi qiymətləndirilməkdən qorxuruq və buna görə də başqasının yanında özümüzə heç vaxt tam nəzarət edə bilmirik. Başqaları olmadıqda belə, hələ də başqalarının varmış kimi davranırıq.

5. “Qadın doğulmurlar, qadın olurlar”

Müəllif: Simona de Bovuar

Kontekst: “Qadın doğulmurlar, qadın olurlar. Nə biologiya, nə psixika, nə iqtisadiyyat insanın dişisinin cəmiyyətdəki simasını müəyyənləşdirməyə qadir deyil. Qadın adlanan, xədimlə erkək arasında orta bir varlıq yalnız sivil həyatın hərtərəfli təsiri nəticəsində ortaya çıxa bilər!”.

“İkinci cins”. 1948-ci il.

Adətən başa düşülən məna: Bəzən bu deyim kontekstdən çıxarılaraq “qadınlığ”a - qadın gözəlliyinə çağırış kimi anlaşılır. Guya qadın “özü özünü qadın kimi yaratmalıdır”. Məsələn, populyar saytlarda bu sitat model görünüşlü qadın fotoları ilə birgə verilir və “əsl” qadın olmaq üçün kosmetik səylər lazım gəldiyinə eyham vurur.

Müəllifin demək istədiyi: “İkinci cins” kitabı ABŞ-da ikinci feminist dalanın ən əhəmiyyətli işlərindən biri idi. Bovuar 1949-cu ildə onu nəşr edəndə kitab dərhal bestseller oldu. Bir il ərzində yalnız Birləşmiş Ştatlarda təxminən bir milyon nüsxə satıldı. Əvvəlcə Bovuar onu, qadınlar və qadın təbiəti ilə bağlı mövcud miflərin tədqiqatı kimi qiymətləndirdi, lakin tədricən iş daha çox fəlsəfi və sosioloji materialları özünə cəlb etdi.

Bovuar, araşdırmalarında, bir qadının tam mənada subyekt olmadığını iddia edir, o, hər zaman əsl subyektə - kişiyə münasibətdə O Biridir. O, ikinci cinsdir.

“Qadın doğulmurlar, qadın olurlar”la Bovuar qadının hər daim cəmiyyətin “qadın” dediyi olmaq yolunda müxtəlif davranış standartlarına uyğunlaşmaq üçün istiqamətləndiyini nəzərdə tutur. Bununla Bovuar “Bioloji cins” və “sosial cins” anlayışlarını ayırır, cəmiyyətin “qadın” kimi qəbul etdiyinin sosial təbiətini vurğulayır. Fransızca olan mətnində Bovuar qadın sözünü artiklsiz (Femme) yazır, bununla onun cəmiyyətdə qabaqcadan bəlli olan taleyinə vurğu edir.

6. “Allah öldü!”

Müəllif: Fridrix Nitsşe

Kontekst: “Hara gedirik biz? Bütün günəşlərdən uzağa? Dayanmadan düşmürükmü? Düşürüksə, hara düşürük: arxaya, yana yoxsa qabağa? Bəlkə, bütün istiqamətlərə? Ümumiyyətlə, hələ də aşağı və yuxarı varmı? İntəhasız heçlikdə azmamışıq ki? Boş məkan bizi nəfəsinə çəkmir ki? Soyuqlar düşübmü? Daha artıq bir sürətlə gecə düşməyə başlamayıbmı? Günün günorta çağı fənər yandırmaq lazım gəlməyib ki? Məgər Allahı dəfn edən məzarçıların səs-küyünü eşitmirikmi? Tüstüləyib yanmanın ilahi qoxusu burnumuza gəlmir məgər? Və Allah çürüyür! Allah öldü! Allah doğulmayacaq! Və Onu biz öldürdük! Biz, qatillərin qatili nə ilə ovunacağıq? Dünyada olan ən müqəddəs və qüdrətli varlıq bizim bıçağımızla qanına qərq oldu. Bu qanı kim yuyacaq?”

“Şən elm” 1882-ci il.

Adətən başa düşülən məna: Bəzən bu deyimin hərfi mənası başa düşülür: Allah fiziki mənada var idi və bir gün onun ölümü yetişdi. Belə hərfi mənada yozum hətta bəzi filosoflarda - məsələn Volter Haufmanda var. Belə bir oxunuşda problem Allahın kamilliyini və qüdrətini fərz edən bütün tərif və təyinlərindən kənarlaşmaqdadır.

Müəllifin demək istədiyi: “Şən elm” əsərində ortaya çıxan frazaya daha sonra kiçik bir dəyişikliklə “Belə söylədi Zərdüşt” əsərində də rast gəlinir.

Nitsşedə işlənmiş fəlsəfi sistem tapmaq çətindir. Onun yazı üslubu daha çox müxtəlif uzunluqda olan şərhlərdir. Onların bəziləri kifayət qədər dumanlıdır və çox geniş yozum spektri aça bilər.

Allahın ölümü haqda tezislər müəllifin xeyli sayda işinin mövzusu olan yəhudi-xristian əxlaqının tənqidi xəttinə aid olunur. O hesab edirdi ki, xristian əxlaqı növü zəiflər və qorxaqlar kultuna əsaslanır. Və o işlərində sağlam dəyərlərə (güclülük, cəsurluq) əsaslanan yeni əxlaq yaratmaq üçün bütün dəyərlərin yenidən dəyərləndirilməsini təklif edirdi.

Bu aforizmin iki yayılmış fəlsəfi yozumu var. Əsas tezisə görə bu ifadə Allaha inanca əsaslanan Avropa dəyərlərinin zamanının getdiyini nəzərdə tutur. Tanrı ölür, insanlar daha öz tale və dəyərlərini onun varlığına əsaslandırmırlar. O, ölüb, çünki heç nəyə təsir etmir. Allah konsepti Qərb mədəniyyətini əlaqələndirməməyə başlayıb. Bu yozuma Yaspers və Haydeggerdə rast gəlinir.

Digər bir yozumsa, Nitsşenin diqqətli oxunmasından ortaya çıxır. Onun üçün Allah insanın inandığıdır. Yozumdan kənarda hansısa həqiqət yoxdur, çünki həqiqət özü bir yozumdur. Belə çıxır ki, Allahın ölümü bir yozumun-interpretasiyanın ölümüdür, o, başqa bir yozumla mübarizədə uduzur.

Beləliklə, “Allah öldü!” ifadəsinin fəlsəfədə iki dominant yozumu var. Birincisi, Allahın tarixi konsept baxımından ölümüdür ki, uzun zaman Qərb mədəniyyətinin nüvəsi bu tarixə bağlı idi.

İkinci yozumsa, diqqətimizi Nitsşenin həqiqət konsepsiyasına yönəlir: istənilən bilgi interpretasiyadır. Tanrı ona görə “sağ” deyildi ki, haradasa mövcud olmuşdu, ona görə ki, dünyada bu interpretasiya yayğın idi və reallığı bu interpretasiya diktə edirdi.

7. “Onu bilirəm ki, heç nə bilmirəm”

Müəllif: Çox güman ki, Sokrata aiddir. Bizə bu ifadə onun şagirdi Platonun və Diogenin vasitəsilə gəlib çatıb.

Tam ifadə: “Bilirəm ki, heç nə bilmirəm, amma başqaları heç bunu da bilmir.”

Kontekst: “Oradan aralandıqca, öz-özümə düşünürdüm ki, mən bu adamdan daha müdrikəm, çünki ikimiz də mükəmməl heç nə bilmirik. O, bilməyə-bilməyə düşünür ki, nəsə bilir, amma mən bilmirəm və nəsə bildiyimi də düşünmürəm. Buradan belə bir nəticəyə gəldim ki, mən ondan daha müdrik olacağam; bilmirəm, amma bilmədiyimi dərk edirəm. Onun yanından müdrik sayılanların yanına getdim və onlarda da eyni şeyi gördüm. O vaxtdan bəri o da, bir çox başqaları da mənə nifrət etməyə başladılar”.

Platon “Sokratın Apologiyası” e.ə. 390-cı il.

Adətən başa düşülən məna: Bu ifadə tez-tez yumoristik tonda işlədilir. “Həqiqəti kimsə bilə bilməz” və ya “Bilməmək ayıb deyil” mənasına gətirilir. Hətta səfehliyə bəraət kimi də istifadə olunur.

Müəllifin demək istədiyi: Sokrat ömrü boyu heç nə yazmayıb. Onun haqqında bildiklərimiz Platonun və başqalarının sayəsindədir. Platon bu hissənin Sokratın məhkəmədəki özünü müdafiə çıxışından olduğunu yazır. Çıxışı zamanı o, həyatdan haşiyə çıxır və bunları deyir. Sokratın şagirdi Xerefon bir dəfə Orakuldan dünyada Sokratdan müdrik insan olub olmadığını soruşur və yoxdur cavabı alır. Allahlar Orakul vasitəsilə yalan söyləməzlər. Lakin Sokrat da özünü müdrik hesab etmirmiş. O, müdrik bildiyinin yanına gedir və düşünür ki, Orakulun səhv etdiyini, nəyisə qarışdırdığını ortaya çıxaracaq. Lakin bu müdriklə söhbətdən sonra Sokrat görür ki, müdrik nəsə bildiyini zənn edir, amma bildikləri bir şeyə dəyməz. Sokratsa heç olmasa, bilmədiyini bilir. Beləliklə, o, müdrik sandığından daha müdrikdir. Ən azı bir səhvi azdır. O başqalarının da eyni vəziyyətdə olduğunu görür.

Beləliklə, bu sitat əslində bunu deyənin səfehliyini yox, müdrikliyini təsdiq edir.

# 3588 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #