Ömür quş kölgəsi...

Ömür quş kölgəsi...
13 mart 2019
# 14:41

Kulis.az Şəlalə Göytürkün “Ömür quş kölgəsitək keçib getdi üstümdən” məqaləsini təqdim edir.

Musa Urudun metamorfoz poeziyası

Poeziyanı hisslərin musiqisi, düşüncənin qanadları adlandıranlar haqlıdır. Sirr deyil ki, şeir magiyası, könül dünyasının heç bir qüvvənin aça bilmədiyi ən gizli qapılarını açmağa qadirdir. İnsan özünü və sözünü dərk edən vaxtdan mənəvi aləmini həm də şeirlə zənginləşdirib. Buna görə ən qədim şeirin, obrazlı poetik düşüncənin yaşı insanlığın yaşı ilə eyni ölçülür.


Düzdür, bəzi futurist nəzəriyyələrə görə elmi-texnoloji inkişaf çağdaş dünyamızda ədəbiyyatın qüdrətini sarsıtmağa doğru gedir, bəzilərinə görə isə, bu proses artıq başlayıb. Futuristlərin aqressiv qanadı isə daha çox poeziyanı hədəfə alır.
Lakin gəlin, düşünək! Ədəbiyyatsız bir cəmiyyət təsəvvür edə bilirsinizmi? Texnologiyanın sürətli inkişafı ağıllı maşınların həyatımızdakı rolunu çox qabardır və sivilizasiyamız getdikcə mənəviyyat, mədəniyyət məsələlərini arxivə gömür. Bu fonda yaranan mənzərəni təsəvvür etmək belə, qorxuncdur. Fikrimizcə, ədəbiyyatsız insan toplumu deyil, robot cəmiyyəti oluşa bilər.

Bu günlərdə şair, millət vəkili Musa Urudun “Hər nə varsa” adlı şeirlər kitabını oxumağım bu yöndəki düşüncələrimi daha da yəqinləşdirdi. Musa müəllim bir şeirində etiraf edir ki, nə ilə məşğul olursa-olsun, hansı vəzifəni tutursa-tutsun, onun əsl obrazı içindəki şairdir. Şairlik ondan ötrü daha doğma, daha “öz” aləmdir.


Kitabda şairin müxtəlif illərdə yazdığı şeirləri yer alıb. Nəfis dizaynla tərtib olunan kitabda diqqəti cəlb edən maraqlı bir məqam, səhifələrin başlığında kardioloji dalğa rəsmlərinin verilməsidir. Bu rəsmləri şairin ürək döyüntülərinin simvolu kimi xarakterizə etmək mümkündür. İkinci mənasını isə müəllifin ixtisasca həkim olması ilə əlaqələndirmək olar. Musa Urud fitrən şair olduğu üçün yiyələndiyi ixtisas, tutduğu rəsmi və ictimai vəzifələr onun sözə aşiqliyini heç zaman üstələyə bilməyib.


Var-dövlət ötəri şeydi,
Şan-şöhrət sənə ögeydi.
Söz haqdır, sözə baş əy ki,
Sözün dünyada qalacaq.


Musa Urud yaradıcılığının önəmli cəhəti onun poeziyasında bədii kəşflərin rəngarəngliyi və müşahidə elementlərinin bolluğudur.


“Əllərim sinəmdə qıfıl”, “kədərimə söykənən dağ”, “günahımı yuyan bulaq”,

“dayanma, sinəmdə qıvrılan ağrı,

ilantək sıyrılıb düşər dalınca”,

“ömür bir qarışqa yolu”,

“düşdü sonuncu yarpaq

torpağın yanağına

görən,

ürəyi boşaldımı ağacların?”,

“balıqların gözləri qum,

ovmağa barmağı yoxdu”,

“heç olmasa dənizlərin sahil adlı ümidi var”


kimi obrazlı ifadələr şairin poeziyasına xas (eyni zamanda, bədii situasiyalar üçün çox vacib olan) əsas özəlliklərdəndir. Musa müəllimin poetik qavramı ədəbi estetikanın simvolist və realist qanadları arasında – maqnitvari iki əksqütblü sərhəddə var-gəl edir. O, poetik duyğularını həm klassik, simvolist, həm də realist, modern axınlarda eyni uğurla sənət əsərinə çevirməyi bacarır:


Mənim sevgim köz kimidi,
Saxlaya bilməyəcəksən ovuclarında,
Gizləyə bilməyəcəksən
əlindəki yanıq yerini!


Böyük bir romana sığmayan keşməkeşli ömür hekayətini üç-dörd kəlmə ilə belə sərrast, lakonik çatdıra bilmək bir şair kimi Musa Urudun üstünlüyüdür.

Image result for musa urud

Şairin yüksək bədii estetika ilə yazılmış bu tip şeirləri klassik yapon poeziyasının inciləri sayılan hayku və tanka janrına çox yaxındır. Yapon şeirinə xas olan zərgər dəqiqliyi, ruha işləyən epitet və metaforalara Musa Urud poeziyasında bol-bol rast gəlinir. Biz, şairin bu qəbildən olan kiçikhəcmli şeirlərini “metamorfoz”, yəni, reallığın duyğuya çevrilmə hadisəsi adlandırırıq.

Hər axşam-hər səhər

Qəlbimdə bir kədər

Gözləyəcəm səni.

Sahildəki bomboş oturacaq kimi...

Getsəm də, baxışların

tilova düşmüş balıq kimi

çəkib apardı ürəyimi.

Yerə basdırılmış mina kimiyəm,

Heç kəsi qoymaram keçib getsin üstümdən.


Musa Urudun sənətkarlığı həm də ondadır ki, o, real və orijinal cizgilərlə anın portretini çəkməyi bacarır. Bu şeirlər təkcə məna yükü və hissi təsiretmə qabiliyyətinə görə deyil, vizual baxımdan da gözəl estetik biçimə malikdir:


Ömür quş kölgəsitək

Keçib getdi üstümdən

Səssiz-səmirsiz.

Saralmış otlar qədər

İzim qalmadı yurdda!


Üstəlik bu ədəbi estetikanın kədəndirmə qabiliyyəti digərlərindən daha effektivdir:


Otları nə tez uzandı

Əsir torpaqların…

Uşaqları nə tez qocaldı

Qaçqın ataların?

Sərgərdən ruhumuztək

Yurdumuz darmadağın.

Ahımız -

Zülmət gecədə

Bayquş qışqırığı -

Tənha, qorxunc, dərdli, ağır…


Faciənin kino kadrları kimi canlı təsviri və idrakımızda oyatdığı təəssürat son dərəcə real və ağrılıdır.


Kitabda yer alan bu lakonik şeirlər silsiləsi ümumən, bədii-estetik keyfiyyətlərindən əlavə, qeyri-adi bənzətmələri, fəlsəfi naxışları ilə də digərlərindən seçilir. Məs:


Ömürsə sürüşüb gedir
Çay daşlarının arasından
üzüb gedən balıqlar kimi...


Didərginliyin, köçkünlüyün, yurdsuzluğun ağrı-acısını Musa Urud qədər ruhi zəlzələ ilə hiss etmək üçün şairin və onun doğma kəndi Urudun taleyini yaşamaq gərək. Təkcə yaşamaq yox, həm də bu nisgili ruhuna, şüuruna hopdurmaq, fiziki varlığınla bərabər, canında yaşatmaq lazım gəlir. Musa müəllimin poeziyasında biz o acıların izlərini, o yükün altında əzilən çiyinlərin ağrısını duyuruq. Fiziki ağrılara nə var, mənəvi dözümün tükənməyi dəhşətlidir!

Erməni millətçiləri tərəfindən xalqımızın başına gətirilən faciələrin sayı və miqyası o qədər çoxdur ki, onların hər biri ayrı-ayrılıqda qalın-qalın kitabların, çoxseriyalı filmlərin, sanballı televerilişlərin mövzusu olaraq işlənsə yenə də azdır.

Musa Urud həmin faciələri bu və ya digər formalarda görmüş, hər bir detalını ürək ağrısı ilə yaşamış adamdır. Şair 1988-ci ilin dekabrın 2-də erməni zülmündən baş götürüb qaçan 107 nəfər azərbaycanlının lüt-üryan, döyülmüş, donmuş vəziyyətdə qarlı-şaxtalı havada Zəngəzur dağlarını aşaraq, Naxçıvana pənah gətirməsi hadisəsini “Bu dəstə hara gedir” poemasında olduqca təsirl bədii dillə, həyəcanla təsvir edib.

Təkləndim, yal-quzey mənzilim oldu,
Arxalı bir itdən basılı oldum.
Məni bağışlamaz o xaraba yurd,
Şairi olmadım, əsiri oldum.
Daha bu taleyə inanmıram mən!

– deyən Musa Urudun ümumiyyətlə, vətən mövzusunda yazdığı bütün şeirlərinə yurd, torpaq, doğma ocaq qarşısında sanki bir günahkarlıq, övladlıq borcunu qaytara bilməmək duyğusu səpilib:


Kəhər dırnağında,
Quş caynağında
Eşilən yollarım,
Əlvida!
Sizi qoyub gəldim
bomboz pişik gözləri kimi
soyuq və bulanıq
havaların umuduna.
Toyumda oynamayan tut ağacları!
Vaxt gələndə, mənim ölmüş ürəyimi
Qoyarsınızmı tabutuma?!
Ağladığım uzaqlarım,
Ağlayarsınızmı məni?!

Yurd hər şeydən qutsaldır! Görün, şair nə deyir:

Nə bir əclafa əyil,
Nə bir nakəsə bükül.
Ölsən, öz içində öl,
Ya da yurdun içində!

Fotoğraf açıklaması yok.


Kitablarında, şeirlərində dəfələrlə dediyi kimi, yurd sevdası, əsirlikdəki məzarların nigaran ruhu, onu bir an da olsa rahat buraxmır. Düşmən əlində qalan doğma torpaqlar, izahedilməz mistik bir enerji ilə şairi daim özünə çəkir. Urudsuz xoşbəxt ola bilməyən Musa Urud əsir yurdunu bir daha görmək üçün bütün vasitələrə baş vurur və nəhayətdə, doğma torpağı ziyarət etmək xoşbəxtliyinə nail olur. Bu müqəddəs ziyarət şairin “Uruda iki səfər” kitabında ətraflı təsvir olunub. Yeri gəlmişkən, Musa müəllimin Urud səfərnaməsi haqqında ayrıca geniş yazımız olacaq.


Musa Uruda görə vətən torpağı Tanrıya ən yaxın olan yer, ən qutsal ziyarətgahdır. Dostu professor Həsən Mirzəyə yazdığı şeirində dediyi kimi:

Həsənin qibləsi Dərələyəzdi,
Neynirsən bir özgə Kəbəni, Mirzə!


Musa Urudun obrazlı “mən”i həyatın gərdişini, taleyin hökmünü gənc yaşlarından anlayan və insan iradəsindən asılı olmayan bu sonsuz kosmik axına qarşı üzməyin mənasızlığını dərk edən bir müdrikdir. Şairin həyat, təbiət, varlıq və yoxluq barəsindəki duyğuları sanki, dünyaya bir neçə dəfə gəlmiş, onun hər ölçü-biçisinə bələd olmuş bir məbəd müdrikinin düşüncələri kimi sakit, hədəfyönlü, dəqiqdir:

Musa Urud, qəm eləmə,
Səbr elə, başın sağ olsun.
Bir dost da daş atdı sənə
Dost atan daşın sağ olsun.


Bu misralar oxucuya İsa Məsihin “bağışlaya biləcəyin qədər bağışla!” təlimindən doğan ali mərhəmət, gözəl əxlaq aşılayır.


Musa müəllimin bir çox şeirlərində türkün islamaqədərki mədəniyyətinin elementləri, Zen-Buddizm təliminin öyrətdiyi yollarla daxili təlatümləri sakitləşdirmək, özünün və ətraf aləmin dərki, iç burulğanların durulması kimi meditasyon yöntəmlərlə qarşılaşırıq:

Bir yaxşı yoldaşın yoxsa,
Heç evindən çölə çıxma.
Öz içində var-gəl elə,
İçində mürgülə, çıxma.


Yaxud:

Yandır məni gilə-gilə,
Basdır məni gülə-gülə.
Keç üstümdən belə-belə,
Yolun yumşaq, hamar olsun!


Sözsüz, bu cür sufiyanə alçaqkönüllülük, yalnız mənəvi təkamülün üst pillələrinə qalxmış bir qəlbə məxsus ola bilərdi.


Musa Urud qədər insanı və təbiəti bir bütöv, tam halında duyan həssas qəlbli, duyumlu insanların, xüsusən, söz sənətkarlarının sayı azdır. Təkcə, bu kiçik parçadakı insan və təbiətin vəhdətindən doğan təbii enerji axını hər şeyi izah edir:


Mən bir tənha ağacam,
üstüm nədi, yanımda da
yoxdu bir ağac kölgəsi,
bir yarpaq xışıltısı.
Nə daşlayanım yox,
nə barımı yolan.
Mən bir tənha ağacam.
meyvəsini quzğunlar aparan.

Şairin məhəbbət və təbiət lirikası mövzusunda qələmə aldığı şeirləri də ictimai əhəmiyyətlilik və yüksək sənətkarlıq baxımından fərqlənir, oxucunu müəllifin zəngin iç dünyasının poetik dərinliklərinə aparır. Sərrast deyilmiş qanadlı fikirlər, ustalıqla işlənən bədii boyalar, oxucunu poetik dərinliklərə aparır:

Qayıdarsan, ocağımın, ocaq daşımın
Hənirinə sığınarsan çöl quşu kimi,
Bəlkə yuva qurarsan da çör-çöp daşıyıb
Sinəm üstdə, qarağacın koğuşu kimi.

Ağacdələn kirpiklərin”taq-taq” döyəcək,
Odu sönmüş ocaq altda isti qəbrimi.
Daha dara çəkməyəcək başsız inadın
Min illərin sınağından çıxmış səbrimi.

Deyəcəksən:- “qayıtmışam, salam, əzizim”
Aç gözünü, bəsdi yatdın, bir ölü mənəm”.
Deyəcəksən:- “bax gör necə şaxım əzilib,
Üşüyürəm, qucağında yer elə mənə”.

Image result for urud kəndi


Musa Urudun köçü


Ümumdünya mühacir ədəbiyyatının ünlü nümayəndələrindən olan Nobel mükafatı laureatı İosif Brodskinin "Mühaciət haqqında" adlı essesində yurddan köçürülmə aktını bir yazıçı üçün maraqlı psixoloji və sosial eksperiment kimi qiymətləndirir:

“Əgər deportasiya ilə bağlı yaxşı bir şey varsa, o da insana alçaqkönüllülüyü, təvazönü öyrətməsidir. Deməliyəm ki, sürgün - təvazökarlıq məsələsində ən nəcib, ən effektli dərsdir. Və bir yazıçıya geniş dünyagörüşü qazandırmaq baxımından olduqca qiymətlidir”.

Analoji məntiq elə Brodski kimi mühacirət həyatı yaşamağa məcbur olmuş məşhur şərqşünas Edvard Səidin əsərlərində də davam etdirilir:

“Mühaciət - şairin, yazarın məcburi təyinatı, ədəbiyyat insanının bir növ müəllimidir, bu mənada o, intellektin fikri və ruhi dünyasının şəkilləndiricisidir” – deyən Edvard Səid, vətəndən kənarda yaşamağın bu maarifləndirici və psixoloji dözümlülük formalaşdıran istiqamətinə fərqli bir baxış gətirir. E. Səid mühacirət həyatının yaratdığı şərtləri və mühacir şəxsin yaşamaq məcburiyyətində qaldığı ruhi vəziyyəti müxtəlif aspektlərdən araşdırır. Alimin gəldiyi aşağıdakı qənaət isə bir milyondan çox qaçqın və məcburi köçkünləri olan bizə də doğma bir hiss kimi yaxşı tanışdır. Əslən Fələstindən olan ABŞ-lı araşdırmaçı yazır:

“Deportasiyanın ağırlığı, təkcə, doğma yuvadan uzaqda yaşamaq sıxıntısından ibarət deyil. Bizi əzən reallıq, əslində, doğma yurda əlimizin çatmasının mümkün olduğu bir zamanda, qəriblikdə ömür sürməyimizdir. Evimizin lap yaxında olduğunu xatırladan əşya və xatirələrlə birlikdə yaşamağımız bu əzabı qat-qat artırır”.


E. Səidin şərh etdiyi bu situasiya, mühacirin beynində yeni və köhnə, vətən və qürbət, mən və başqaları kimi kəskin dilemmalar əmələ gətirir. Ruhi rahatsızlığa yol açan geriyə dönüş istəyi mühacir şəxsdə ümidsizlik hissi ilə qarışan diskomfort yaradır. Cudi Herman isə bu vəziyyəti psixoloji olaraq belə yozur:


"Yurdundan qovulmuş travmalı insan özünü daxilən tənha və ilahi qoruma sistemindən tamamilə kənara atılmış hiss edir".


Sitat kimi verdiyimiz həmin hiss və yaşantılar Azərbaycan yazıçılarının, xüsusən, erməni terroru nəticəsində doğma yurd-yuvasından didərgin düşən Musa Urud kimi fikir və qələm adamlarının yaradıcılığında bütün acıları ilə iz qoyub. Təbii, bu taleyi yaşayan bizim ziyalılar, yuxarıda sitat gətirdiyimiz xarici müəlliflərdən fərqli olaraq, öz vətənlərində ömür sürürlər, lakin doğma kəndin qoxusunu, uşaqlığının keçdiyi o həyət-bacanı, ev-eşiyi bir daha görməməyin acısını heç nə unutdurmur.


Tarixdən bilirik, türkün başından köç dramı heç vaxt əskik olmayıb. Ümumtürk xalqlarının ortaq ədəbi xəzinəsi sayılan, genetik yaddaşımızın dərinliklərində yaşayan “Köç”, “Ergenekon” kimi qədim eposlarımız da başıbəlalı türklərin bir eldən digərinə, bir yurddan başqasına, bir torpaqdan ayrısına yol alması, köç salması lövhələri ilə zəngindir. Əslində, gerçəklik budur ki, türkün köçü əbədi deyil, o, hər hansı bir səbəbdən qopmağa məcbur olduğu yurd yerinə sonradan mütləq qayıdır. Nəyin bahasına olursa-olsun, yüz il, beş yüz il, min il, yüz min il sonra olsa belə, qayıdır!


Tarix boyu türk xalqlarının köç hadisəsi özünü iki formada göstərib: müvəqqəti və uzunmüddətli. Müvəqqəti köç, heyvandar həyat tərzi ilə bağlı olub, yaylaq-qışlaq yaşam formasını əks etdirir. İkinci, uzunmüddətli (və ya daimi) köç isə güclü düşmənlə savaşda uduzaraq, ana yurdu məcburiyyət üzündən tərk etməyə deyilir. Şübhəsiz, ikinci köçün mənəvi ağırlığı, əzabları birinci ilə heç cür müqayisə oluna bilməz.


Yuxarıda qeyd etdiyimiz kimi yurddan zorla köçürülmək Musa Urudun da tale yazısıdır. Onun poeziyası bu köçkünlüyün ağır travmaları, zədələri ilə doludur.


Qədim türk soyundan olan Avşar tayfaları vaxtilə, Osmanlı dövlətində yaşayan köçəri tayfaların oturaq həyata keçməsi barədə sultanın verdiyi rəsmi qərarı qəbul etməmiş və mübarizəyə qalxmışdı. Həmin tayfaya mənsub böyük türk ozanı Dadaloğlu, yaratdığı bütün poeziya nümunələrində yurd həsrətini, vətəndə yaşaya-yaşaya, vətən ağrısı çəkməyini dilə gətirirdi. Ozan “Qalxdı, köç eylədi Avşar elləri” misrası ilə başlayan məşhur qoşmasını da həmin gərgin olayların təsiri ilə yazmışdı.


Dadaloğlunun da, Qaracaoğlanın da, Pirsultan Abdalın da, Aşıq Ələsgərin də, Məmməd Arazın da, Söhrab Tahirin də, Musa Urudun da yaradıcılığının batinində bir qurd kimi yuvanı qoruyan, bir ağac kimi ana torpaqda bitən, bir ocaq kimi yurdda alışan psixoloji-dramatik bir qəhrəman obrazı, bir Qazan xan xarakteri var. Bu obraz, bütün el-obanın simvolik qəhrəmanı və həmin şairlərin lirik “mən”idir. Məhz, o “MƏN” köç etsə də, yaralansa da, uduzsa da məğlub olmayan və bir gün mütləq geri dönəcək tayfanın, millətin ümumiləşmiş rəmzidir. Musa Urud bilərəkdən və ya bilməyərəkdən, həmin qəhrəmanı ədəbiyyata gətirərək, əbədiyyətə çevirib.


Musa Urudun köçkünlüyü yuxarıda adları çəkilən xələflərinin hamısından ağır, əzablıdı. Musa Urudun köçü növbəti dönüşünün vaxtı bilinməyən, torpaq itirsə də, ruhən yenilməyən, nəhayət, qisası qiyamətə qalmayan köçdür. Kim bilməsə də, haqq bilir:

Yurd itirdim, el itirdim bu yaşda,
Körpü saldım, yol itirdim bu yaşda.
Çəmən tapdım, gül itirdim bu yaşda,
Mən bilirəm, kim bilməsə, haqq bilir!

# 2818 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #