“Qadın feminizmə gedəndə qadınlığını itirir” – MÜSAHİBƏ

“Qadın feminizmə gedəndə qadınlığını itirir” – <span style="color:red;">MÜSAHİBƏ
4 mart 2019
# 12:59

Mart ayının 1-də “Art club” qalereya restoranında Mehriban Atakişiyevanın “Bahar əhvalı” adlı fotosərgisi açıldı. 50 yaşı adlamış qadınların gözəlliyini, özünə inamını və sevgi dolu olmasını vurğulamaq istəyən fotoqraf bu fotolayihəyə onlardan ilhamlanaraq başladığını söyləyir. Müəlliflə fotosərgi haqqında söhbətimiz uzanıb, kiçik bir müsahibə formatına keçir...

Kulis.az Mehriban Atakişiyeva ilə müsahibəni təqdim edir.

- Mehriban xanım, bu sizin ilk sərginizdir...

- Elədir. İlk sərgidir.

- İdeya nədən və nə zaman yarandı?

- Bilirsiniz, mən portret janrında fotolar çəkirəm. İdeya birdən-birə yarandı. Bir ara düşündüm ki, 50 yaşdan yuxarı xanımların gözəlliyini vurğulayan bir layihəyə başlayım. Niyə 50 yaşdan yuxarı? Çünki gənclikdə gözəllik haqda danışmaq, təsvir etmək asandır. Gənclik özü gözəllikdir, gəncliyin gözəlliyi təbiidir, tanrıdan gəlir. Yaşlı zamanında isə gözəllik özünün yaratdığındır, həyat təcrübən, münasibətin, yaşantılarındır. Yəni 50 yaşdan yuxarı gözəllik fərqlidir. Orada həm də bir eleqantlıq var. Mən istəyirdim həm də kişiləri çəkim, amma sonra qarışdırmaq istəmədim. Mən layihədə fotoya sevgimdən başqa bu xanımlara olan sevgimi çatdırmaq istədim. Bildiyiniz kimi, 9 qəhrəmanımın 45 fotosu nümayiş olunur.

- Bu xanımları necə seçdiniz?

- Onların hamısını çoxdan tanıyırdım, onlar heyranlıq duyduğum xanımlardır. Heç biri peşəkar fotomodel deyil. Müxtəlif peşənin sahibləridir. Məsələn, Liana Vəzirova Muzey Mərkəzinin direktorudur, Xalq Artisti Şükufə Yusupova teatr və kino aktrisasıdır, Yelena Haqverdiyeva rəssamdır, mərhum Ucal Haqverdiyevin həyat yoldaşı olub, Miryana Madiqan psixoloqdur, Mett Andre və Rüxsarə Rəsulova pedaqoqdurlar. Və ya Yeganə Abbasova həkimdir, anestezioloqdur. Bəziləri ilə dostluq edirəm, bəziləri ilə tanışlıq var. Bəziləri tanışların tanışlarıdır. Görüşdük, niyyəti izah etdim və razılaşdıq.

- Siz dediniz ki, fotolarını çəkdiklərim heyranlıq duyduğum xanımlardır. Onların hansı cəhəti sizi heyran edir?

- Qadın məlahəti. Gözəllik. Onlar problemlərinə, qayğılarına baxmayaraq, qadın kimi qalıblar. Bu zəmanədə qadınlıqlarını itirməyiblər. Kaprizdə də, gözəllikdə də, güclülükdə də, qürurda da qadın kimi qala biliblər. Mən onların hamısını tanıyıram. Hər birinin öz problemləri var, öz hekayələri var, amma gözəlliyi qoruya biliblər.

- Bəs eyni fotolayihədə kişilər olsa qəhrəmanlarınız, onlar kimlər olardı?

- Bilmirəm. Çünki kişinin gözəlliyi fərqlidir. Qadının gözəlliyi fizikidir. Kişidə isə daha çox xarakterdir. Məsələn cəsurluq, güc, ağıl, dərinlik, xarizma kimi kişi gözəlliyini artıran cəhətləri olan qəhrəmanlar olmalıdır yəqin ki.

- Bəs qəhrəmanlarınız, fiziki gözəlliyə diqqət edə bilməyən, baxımsız, adi işlərdə çalışan, məsələn tarlada işləyən kəndli qadın ola bilərmi?

- Əlbəttə. Sadəcə bu layihə belə seçilib. Belə bir layihə də etmək olar.

- Xanımlar, xüsusən də, gözəl və baxımlı, olğun xanımlar kaprizli olur. İş prosesində narahatlıq yaşanmadı ki?

- Yox, belə şey olmadı. Siz haqlısınız, mən də bunları nəzərə alıb, fotoları onlara əvvəlcədən göstərmədim. Bildim ki nəyisə bəyənməyə və ya nə iləsə razılaşmaya bilərlər. Onlar fotolarını sərgidə gördülər və çox bəyəndilər.

- Kimin fikri sizin üçün vacib idi - peşəkar fotoqraflardan və ya iştirakçılardan?

- Anamın fikri çox əsas idi. Bir də iştirakçılardan biri narahatlıq keçirirdi. Onun necə qəbul edəcəyini düşünürdüm.

- Bu layihəyə nə qədər zaman sərf etdiniz?

- Ötən ilin yayından bu ilin yanvarınadək bu işlərlə məşğul oldum. Jurnal çağı da buna aiddir. O fotoların yanında onların fikirlərini topladım.

- Yalnız portret janrında işləyirsiniz, yoxsa peyzaj və ya başqa janrlarda da işləriniz var?

- Yox, mən portret janrında işləyirəm. İnsanlarla ünsiyyətdə olmağı, onları müşahidə etməyi sevirəm.

- Fotoqrafiya sizin üçün hobbidir yoxsa ...

- Mən başqa işdə, sığorta sahəsində çalışıram, düzdür. Amma 20 ildir ki, fotoqrafiya ilə maraqlanıram. Siz bir az sualı kəskin seçim kimi qoydunuz - peşəkarlıq yoxsa hobbi... (gülür) Uşaqlar balaca olanda, elə sonra da bir müddət ailə albomu üçün çəkirdim. Amma bir azdan başqa layihələr də etdim. Məsələn, xaricdə yaşayan zaman rus şair-yazıçıların əsərlərini teatr formatında təqdim edirdim. Ona da hobbi kimi yanaşırdım.

- Foto müsabiqələrlə maraqlanırsız?

- Deyə bilmərəm ki, çox ciddi yanaşıram bu işə. Amma hobbidən də bir qədər artıqdır mənim üçün fotoqrafiya. Aleksandr Kalyagin, Aqdes Bağırzadə, Fərid Xayrulinin işlərini izləyirəm.

- Sosial şəbəkədə rəngkarlıq işlərinizin fotosunu da gördüm...

- Yox, bunlar bir-iki, evdə özüm üçün etdiyim işlərdir.

- Mehriban xanım, sizin layihəniz qadınlara həsr olunmuşkən, bir məsələyə toxunmaq istəyirəm. Feminizmə münasibətiniz necədir?

- Pisdir.

- Niyə?

- Bu, mənim şəxsi fikrimdir. Məncə qadın feminizmin dalınca gedəndə öz qadınlığını itirir. Zəriflik, incəlik yoxa çıxır. Məncə, qadının yanında bir güclü kişi olmalıdır ki, o, qadın olduğunu hiss etsin. İndi belə geyimlər çıxıb - Unisex. Baxanda bilmirsən, qadın yoxsa kişidir. Məncə, belə olmamalıdır. Qadın qadın kimi, kişi kişi kimi geyinməlidir. Mən klassik formada qadın və kişi geyimlərini sevirəm. Necə indi deyirlər, köhnə kişilər... (gülür)

- Fotoqrafiya ilə bağlı nə plan layihələriniz var?

- Qabaqcadan danışmaq istəmirəm. Amma eynən bu ideyada olduğu kimi ortaya bir şeylər çıxacaq yəqin ki. Bu foto sevgisi olduqca layihələr də olacaq...

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #