news-inner
clock17:33 calendar-gray 18 İyul 2018 view-gray600 dəfə oxunub
view-gray600 dəfə oxunub

Saatlar da ölür - Yeni İmza

Kulis.az "Yeni imza" layihəsindən gənc yazar Orxan Həsəninin “Saatlar da ölür” adlı hekayəsini təqdim edir.

Deyirsən, nəsə danış. Nə deyə bilərəm ki, bala? Bütün günüm burda – bu saat dükanında keçir. Az qala səksən yaşla çiyin çiyinəyəm. O yuxarıdakı hündür binanı görürsənmi? O binanın aşağısında köhnə bir məhlə var. Bax o məhlədə qalıram. Düz qırx ildir hər səhər gözümü ovxalayıb gələrəm bura. Nə ərinərəm, nə də bezərəm. Niyə ərinim ki, bala? Adam öz ev-eşiyindən, öz işdən ərinərmi? Azarlı olduğum vaxtlarda başımın üstündə həmişə bir saat saxlaram. Elə bilərəm ki, bu dükana gəlməsəm bax o divarda gördüyün saatlar vaxtdan üz döndərər. İşləməz.

Günə iki, iş yaxşı olanda beş adam gəlir. Əvvəl saatın orasına- burasına baxıram, əməllicə yoxluram, görsəm ki, işin ömrü uzundur, çox tutmuram, deyirəm get, sabah gəlib götürərsən. Yox, xırda işdirsə, onda bir çay qoyaram. Gördüyün bu dükan ki var, ata yadigarıdır, bala. Ağlım kəsənə qədər bura atamla gəlib getmişəm, ağlım kəsəndə isə artıq atam yox idi.

Jurnalistsənmi, bala? Yaman həvəslisən. Görürəm dilimdən söz qoparmamış gözünün istisin almayacaqsan.. Əvvəl çayından nuş elə. Bax çayı bəyənməsən heç nə danışası deyiləm.

Yaxşı, yaxşı ! Otur. Danışacam. Amma gərək diqqətlə dinləyəsən. Əvvəldən deyim ki, axırda sual vermək olmaz. Bilirsən, bala, nə bu xatirəni ikinci dəfə danışmağa gücüm var, nə də o xatirə haqqında danışmağa.

Mən özüm metroya çox minən adam deyiləm. Tərim topuğumdan çıxana kimi piyada yeriyərəm, amma o yerin altına girmərəm. Nə bilim, ay bala, lap əvvəldən hürkü var üstümdə. Bu hürkü də elə mərəzdir ki, bir dəfə canına düşdüsə, bir də çətin yaxanı buraxa. Nətər deyim, elə bil divarlar üstümə gəlir. Başım hərlənir. Gözüm beş addımlığı görmür. Amma bir dəfə özümü sıxıb girdim metroya. O metroya ki, o vaxt biz “Baksovet” deyirdik, indi adını dəyişib “İçərişəhər” eləyiblər.

Birdə nə görsəm yaxşıdı, bala?! Mənim Səfurəm. Elə bil içimdəki gölə yekə bir daş atdılar. Sümüklərim səksəndi. Durduğum yerdə öz içimdən uçundum.

Səfurəylə univerisitetdə tanış olmuşduq. Eyni kursda oxuyurduq. Onu ilk dəfə görəndə ürəyim ovcumun içinə yumalanmışdı. Həyacandan nəfəsim var-gəl eləmişdi. Dilimdəki sözlər göyərçin olub düz Səfurənin saçlarına qonmuşdu. Elə bil dünyanın bütün rəngləri birdən üstümə cummuşdu və mən dünyanın bütün rənglərinin içində Səfurənin sarımtıl, qıvırcıq saçlarını, şabalıdı gözlərini, bənövşəyi paltosunu ayırıb həmişlik bir qırağa qoymuşdum. Elə bil onun da gözlərində məni görən kimi hansısa şəkillər axıb gedirdi. Bir könüldən min könülə aşiq olmuşduq. Gözəl günləriydi, bala, gözəl. İndi ömrün laxlayan yaşındayam. Bir də gördün çürük diş kimi qopub düşdüm, heç kimin də xəbəri olmadı.

Təbriz Xəlilbəyli küçəsində yerləşən o mübhəm kafedə görüşürdük. Görüşürdük, ancaq eləcə susmaq üçün. Bir zamandan sonra anladım ki, danışmasaq da bir-birimizi asanlıqla başa düşürük. Bir də görürdün qəfil küləklər əsir. Bakı belə küləklərə öyrəncəlidir. Həm də Səfurənin nazik ayaqları şəhərin beton döşəmələri , ciyərlərə vərəm kimi hopan ağac kökləri qədər torpağı möhkəm qucmamışdı. Elə fikirləşirdin əməllicə bir külək əssə alıb aparacaq. Ona görə nə vaxt külək əssə əllərindən yapışırdım. Elə möhkəm tutmurdum. Elə bil ki, əlində göyərçi saxlayırsan. Bir az möhkəm sıxsan ölə, bir az boş saxlasan uçub gedə bilərdi. O bir söz var e biz görüşən günə daş yağmalıydı, yağış yağdı, aşıq olduq. Bax, biz də nə zaman görüşürdüksə külək əsirdi. Bakıya hələ də minnətdaram, küləyinə bircə dəfə də icazə vermədi ki, Səfurənin əlindən əl çəkəm. İndi nə vaxt külək əssə elə fikirləşirəm ki, daha bir qızın əlləri göyərçinə çevrilib sakitcə öz yuvasında uyuyur.

Bax, gör yadıma nə düşdü, bala. Yenə həmin kafedəyik. Səfurə gözümün qabağında gün kimi par-par işıq saçır. Bir-birimizə əyilmişik. Onun qıvırcıq saçları tez-tez üzünə düşür, mən də həmişəki yorğun adam, başımı ovuclarımın arasına almışam. Birdən Səfurənin üzündəki işıq artdı, gülümsəyib indi heç xatırlamadığım bir kitaba başladığını dedi. Mən də çoxdanın şitəngisi.Yavaş-yavaş kitabın sonunu dedim. Əvvəl qulaqlarını tutdu. Eşitməsin. Sonra həmin əlləri üzünə çəkdi. Hönkürtüylə ağladı. Əlini çantasına apardı, kitabı çıxarıb uzun-uzun qucaqladı, qıvırcıq saçları salavat kimi üzünə çəkildi. Mən də daş kimi Səfurənin üzünə dikilmişəm. Təəccüblənmişəm, amma, nə deyim, bu təəccübdə həm də heyranlıq vardı. Durdum və uzun-uzun Səfurənin üzünə düşən qıvırcıq saçlarına baxdım.

Univerisiteti illərim Səfurənin sarımtıl, pişpişə saçları, şabalıdı gözləri, bənövşəyi paltosu ilə yoldaşıq edərək keçdi. Sonra heç bilmirəm nə oldu. Univerisiteti bitirəndən sonra ayrıldıq. Niyə ayrıldıq, bütün bunlar niyə baş verdi ağlım kəsmir. Həmin ayrılıqdan sonra Səfurə də o gedən getdi. Yolumuz haçalandı. Uzun zaman sonra bildim ki, evlənib, iki də qızı var. Bilmirəm, bu xəbəri eşidəndə sevinmişdim, yoxsa nəsə kədər qarışıq bir hiss keçirmişdim. Bircə onu bilirəm ki, həmən günün axşamı əməllicə içdim və elə bil həmin gündən sonra dünyanın bütün rəngləri gözümdə bomboz oldu.

Onu əvvəl pişpişə saçlarından tanıdım. Sarmaşıq kimi çiynindən aşağı sallanırdı. Ətri üstümə daraşdı. Qəfil elə bil vaqon balacalaşdı Şüşələr əksindəki adamları yığıb üstümə gəldi. Çıxmaq istədim. Ayağım daş kimi bərkidi. Tərpənmədi. Səfurə dizimin dibindəydi.

Çiyninlərimiz tanış heykəllər kimi qoşalaşmışdı. Çaşıb ayağına toxundum. Sonra çevrilib üzr istədim. Bilmirəm nə qədər ilişib qalmışdım onda. Elə o da karıxmış kimiydi, tezcənə qolundakı saatı axtardı, tapmadı, əli çantasına uzandı, qeyri-iradi nəsə gəzdi və bu an hiss elədim ki, çantasının qıvrım saçaqları yüngülcə telləndi.


Bilirdim ki, çantasında heç nə yoxdur. Lap olsa belə nə fərqi? Yox, bala, ehtimallarım yerinə düşmədi. Köhnə qol saatı çıxardı. Hə, o qol saatı. Zamanı iki əlli qucaqlayıb dayanmışdı. Düz 12:36. Qırx ilin söhbətidir, bala. Amma bircə yeri də yadımdan çıxmayıb. Təkcə bilmirəm, martın sonuydu, yoxsa aprelin əvvəli.
Gözlərinin içindən cənnətə aparan əbədi magistiral keçirdi. Mən bu qadında çox üşümüşdüm, çox qızınmışdım, çox gecələmişdim, başımı çiyninə qoyub çox yuxulamışdım. Bir tərəfdən də isti. Alnından aşağı bir topa çiskin asılmışdı. Qaşları saat əqrəbləri kimi dümdüz olmuşdu və mən Səfurənin saat ərqəbləri kimi dümdüz olan qaşlarındakı vaxtı çoxdan, düz qırx il bundan əvvəl itirmişdim. İndi həmin qaşlardakı vaxt dayanmışdı. İndi həmin qaşlarındakı vaxt 12:36-nı göstərirdi.
Salam verdim. Çevrilib üzümə dikildi. Aha, elə həmənki adamdır. Amma mən bu qeyri-iradi baxışları gör nə qədər yadırğamışam. Onu öz içimdə gör nə vaxtdır itirmişəm. Mənə elə gəldi ki, bir az əvvəl çaşıb ayağına toxunduğum adamla indi daş kimi üzümə dikilən adam eyni deyil. Bir dəqiqənin hökmünə bax da. Tutaq ki, bir vaqon o birisinə minə bilərdim. Onda nə baş verərdi? Heç nə. Hər şey olduğu kimi davam edərdi. Həyat da ki, həmişəki bozluğunda. Bəs indi? O baxışlarda həyatımın çoxdan sovrulub gedən rəngləri bir anlıq gözlərimin qabağına gəldi və nədənsə gözlərimin qabağına gələn bu rənglərdə Səfurənin şabalıdı gözlərini asanca seçib çıxara bildim. Düzü çox baxmadı. “Aleykum salam”. Başqa nə deməliydi ki? Yox ha. Durub voqunun içində, bu qədər adamın arasında boynuna hoppanmalıydı? Yox. İkimiz də nədənsə hürkürdük və bu hürkü ikimizi də əməlli-başlı sıxma-boğmaya salmışdı.

“Necəsən?” Əşşi, heç bu sualın yeriydi? Görürsən qatar stansiyada dayanıb. Adamlar bir-birinin tapdalaya-tapdalaya özgə bostanına girən kimi vaqona doluşur. Belə vəziyyətdə adam necə olar?

O yaxşıydı. Yəni, “Yaxşıyam” dedi. Eləydimi? Daha orasın dəqiq bilmirəm. Üzündəki hərflər pozulmuşdu. Tez-tez gözlərini qaçırır və mən tez-tez özgə yerlərə sürüşən gözlərini tutub saxlaya, çəkib özmümə sarı çevirə bilmirdim.

Düz qırx ilin söhbətidir, oğul, düz qırx il. Martın sonuydumu, aprelin əvvəliydimi? Vallah ağlım kəsmir. Bircə onu bilirəm ki, hava günəşliydi. Hardan bilirəm? Çünki həmin gün necəsə söhbətimiz tutdu. Birdən danışmağa, gülümsəməyə, dalğın-dalğın harasa baxmağa başladı. Düzü, elə mən özüm də bu söhbətdən xoşhal oldum. Qaranlıq dünyayla işıqlı dünya arasında uzun, geniş bir pilləkan vardı. Günəş qıpqırmızı top kimi havada dayanmışdı. Çıxdıq parklardan birinə, o ki var söhbət elədik.



Dəyişmişdi. Gözəlləşmişdi. Qarşımdakı əvvəlki uşaq saflığı yerini qadın müdrikliyinə vermişdi. Səfurənin üzü yaddaşımda adı çoxdan qaralanıb pozulmuş yurd yeriydi. Mənim gəncliyimin bütün alovlu ehtirasları həmin yurd yerində bir dəfəlik sovrulub sönmüşdü. Səfurənin içimdəki boşluğu qaramat bağlamışdı.

Bu təsadüfi görüşə heç hazır deyildim. Bu uşaq saflığının üzərindən çox adamlar ötüb keçmişdi. Elə mən də əvvəlki dəlisov deyildim. Hər şey, elə sevgi də öz rəngini itirmişdi. Nə yalan deyim, ürəyim ovcumun içinə düşmədi. Həyacandan nəfəsim var-gəl eləmədi. Eləcə ayaqlarımı qabağıma qatıb yeridim. Bir neçə zarafatdan, bir para ehyamdan, köhnə günlərin rəngini, nəfəsini itirmiş xatirəsindən danışdıq. Sonra? Sonrası adilik. Həyat da yenə həmənki bozluğunda. Saatı çantasından çıxarıb göstərdi. “Bax,” – dedi. – “Bu sabah dayanıb”. Deməli saatlar da ölür. Yenidən həmin çantanın qırçınları gözümün qabağında telləndi. Düz 12:36. Saat bir addım da irəli getmək istəmirdi.
Bu an hiss elədim ki, təkcə adamlar, çiçəklər, duyğular ölmür. Saatlar da ölə bilər. Səfurənin cibində saxladığı saat kimi.

O saat üçün həyat bircə dəqiqədən ibarət idi. Diri saatlar harda 12:36-nı göstərirdisə, o saat da bircə dəqiqəlik yaşayırdı. Lap ümid kimi. Bu ümid o saatı birdəfəlik ölməyə qoymurdu.
Parkdakı skamyalardan birinə əyləşdik. Gözlərini qıyıb göy üzünə çəkdi. Bayaqkı təbəssüm dodaqlarında acı bir duyğuya dönmüşdü. Birdən hiss elədim ki, o, bir anda gözləriylə bütün səmanı öz içinə çəkə bilər. Bütün dünya bir cüt gözün içində özünə rahatca yer eləyər. Onda bu baxışların üzərindən qağayılar da uçar və onda bu bir cüt durbinlə hansısa münəccim səmada öz taleyinin sorağına çıxar. Kim idi o münəccim? Bəlkə, mən, bəlkə, başqa, tamam özgə birisi. Amma həmin durbin baxışlarda bütün adamlar oxşardı. Ümid, bala, ümid bütün bədənlərdə eyni cürədir.


“Necə?”

Birdən çevrildi. Bu sərt hərəkətlərinə heç vaxt alışa bilməmişdim. Ətim ürpəşdi. Amma elə bilmə ki, dinsindim. Xırdaca çiyinlərim qalxdı, elə bu. “Heç nə,” – dedim. – “Danışıram da özüm üçün”. Gülümsədi. Bir də gülümsədi. Sonra çevrilib ikinci dəfə göy üzünə baxdı.

Görüş yarımca saat çəkmişdi. Nə aşağı, nə yuxarı. Martın sonuydumu, aprelin əvvəliydimi? Vallah, ağlım kəsmir. Bircə günəş sapsarı top kimi göydən asılmışdı. Bütün ayrılıqlar bir-birinə bənzəyir. Elə bil o saf, təmiz sevgidən yarımca saat artıq qalmışdı və tale bizə bu yarımca saatı yaşatmaq üçün illər sonra həmin metroda görüşdürmüşdü.

Elmlər Akamdeiyasından paypiyada bax bura – bu dükana yeridim. Gəlib dükanı açdım. Somavarı qaladım. Bu divardakı saatları görürsənmi, bala? Bir anlıq içəri girib boş-boş bu saatlara baxdım. Həmin an düşündüm ki, elə indi Səfurənin cib saat diridir, yaşayır. İndi nə vaxt bu divardakı saatlar 12:36-nı göstərsə, yadıma Səfurə, birdə onun zamanın yaxasından yapışıb duran qol saatını xatırlayaram. Day nə deyim, bala. Həmin gün nə nömrəsini aldım, nə ünvanını götürdüm. Onu birdə görmədim.

Bax bu olmadı ha. Hələ çayından bircə qurtum da almamısan...

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020